Ayağı yuxarıda saxlamağın 13 faydası



 22:36 25.10.2022     1393

Ayaqlarınızı yuxarıda tutmaq bir çox sağlamlıq problemlərinin sadə həllidir. Bu duruş yoqada tez-tez  tövsiyə edilir. Çox adam bədənin yüklənməsi ilə bağlı anlayışsızdır və onlar bilmir ki, ayaqları yuxarıda saxlamaq bədəni tonuslaşdırır, bədən quruluşunun ideallığına xidmət edir.  Bu metod bir çox xəstəliklərin profilaktikasında istifadə edilir. 

Artıq çəkidən xilas olmaq istəyənlər bu duruşu yerinə yetirməkdə çətinlik çəkir. Amma bədəniniz imkan verdikcə ayaqlarınızı yuxarı tutaraq orqanizminizə dəstək ola bilərsiniz. Qeyd edim ki, ayağınızı yuxarıda tutmaq üçün sizə xüsusi idman qaydaları, yaxud ekspert tövsiyəsi lazım deyil. Sizə lazım olan bircə şey var: DİVAR! Hər gün ayağınızı yuxarıda saxlasanız fiziki və emisional vəziyyətinizdə yaxşılaşmanı özünüz də görəcəksiniz.  Prosesi səhər, ya da axşam həyata keçirə bilərsiniz. Axşamlar yuxarı qaldırılan ayaqlar yorğunluğunuzun azalmasına, səhərlər isə fiziki aktivliyə hazır olmasına kömək edəcək.  Prosesin faydasını tam görmək üçün divarın dibinə-döşəməyə arxasıüstə uzanın, ayaqlarınızı 900-lik  bucaq altında yuxarı qaldırın və divara söykəyin. Çiyinlər eyni səviyyədə və rahatlamış, ovuc içləriniz üzüyuxarıya doğru və açıq olmalıdır. Siz əzələlərinizdəki gərginliyin azalmasını anbaan hiss edəcəksiniz.  Bu vəziyyətdə  əhval-ruhiyyənizdən asılı olaraq, 20 dəqiqəyə qədər qala bilərsiniz.   Ayağa qalxmaq üçün ayaqlarınızı asta-asta aşağı salın, dərindən və nizamlı şəkildə nəfəs alın, aram-aram ayağa qalxın.  

Prosesi yatmazdan qabaq həyata keçirirsinizsə, çalışın ki, çarpayıda uzanın. Sonra da ehmalca ayağınızı uzadıb yatın. 

Ayağı yuxarıda saxlamağın 13 faydası: 
Bağırsaqların işini sürətləndirir. Ayaqları yuxarıda saxlamaq mədə-bağırsağın fəaliyyətinə müsbət təsir edir. Bu orqanların qan dövranını yaxşılaşdırır ki, bu zaman da onlar öz funksiyalarını yüksək  səviyyədə həyata keçirirlər. Qidalar sürətlə həzm olunur, orqanizmin ehtiyacı olan maddələr yaxşı mənimsənilir. Qazlar asanlıqla orqanizmdən xaric olur. Bağırsaq yumşaldıcı dərmanlara ehtiyac qalmır. Ayaqları yuxarıda tutmaq iştahı da yaxşılaşdırır. 
Ayaqların şişməsinin və oynaqlara su yığılmasının qarşısını alır. Ayaqları yuxarıda saxlamaq istənilən səbəbdən yaranan ayaq şişkinliyini yox edir. Yerin cazibə qüvvəsi şişkinliyin içindəki mayenin qan dövranıyla  sorulmasına və hüceyrələr arasında bərabər paylanmasına səbəb olur. Şişkinlik bir neçə səbəbdən yarana bilər: 
Ürək-damar xəstəlikləri;
Damarların genişlənməsi;
Qaraciyər xəstəlikləri; 
Bədənin bəzi dərman preparatlarına reaksiyası; 
Oturaq həyat tərzi;
Artıq çəki; 
Ayaqların aşağı salınması, xüsusilə də, bir  ayağın digərinin üstünə aşırılması aşağı oynaqlarda  limfatik sistemin zədələnməsinə səbəb olur. Ekspertlər deyir ki, ayaqları yuxarıda saxlamaq şişkinliyi azaldır və ayaqlarda qan dövranını yaxşılaşdırır. Yorğun iş gününün sonunda şişmiş ayaqlar nadir rast gəlinən hal deyil. Bu, demək olar ki, adi hala çevrilib.  Cəmi br neçə dəqiqə ayaqlarınızı yuxarıda saxlamaq bəs edir ki, yorğunluğunuz azalsın. 
Ayaqdakı ağırlıqdan qurtulmağa kömək edir. Günü ayaqüstə keçirən insanların əksəriyyəti: “Ayağımdan, elə bil, daş asılıb.”- deyirlər. Cəmi 20 dəqiqə ayaqları yuxarıda saxlamaq ayaq əzələlərində və toxumalarında gərginliyin yox olmasına bəs edir. 
Qan dövranını sürətləndirir. Ayaq üstə duranda artıq həcmdəki maye ürəyə güc salır. Elə ki, ayaqlarınızı yuxarı qaldırırsınız, ürək gücə düşmür. Ürəyimiz gün ərzində böyük miqdarda qan pompalayır. Və o, uzun illər  yorulmadan öz funksiyasını yerinə yetirir. Ancaq bəzi faktorlar onun fəaliyyətinə təsir göstərir. Bunlara aiddir: 
Artıq çəki;
Zərərli vərdişlər (siqaret çəkmək, alkoqollu içkilər);
Genetik ürək-damar xəstəlikləri;
Uzunmüddətli statik yük;
Ayaqlarınızı mütəmadi olaraq yuxarıda saxladıqda bütün hüceyrələrinizə oksigen çatır. Bu duruş arterial təzyiqi və damar problemləri olan insanlara faydalıdır. 
Stressi yox edir. Stress halında dərindən nəfəs alırsınız ki, rahatlayasınız. Özünüz hiss edirsiniz ki, baş ağrılarınız azalır. Təbii ki, fiziki yüngüllük əsəbi gərginliyinizin də aradan qalxmasına  gətirib çıxarır. Ayaqlarınızı mütəmadi olaraq, yuxarıda saxlasanız daxili harmoniyanızı balanslaşdıra biləcəksiniz. 
Bel ağrılarını xəfiflədir. Bu simptom müxtəlif yaşlı insanların  şikayət mövzusudur. Bel ağrılarının səbəbləri çoxdur. Ən geniş yayılmışı osteoxondrozdur. Onurğa yırtığı və damarlarda bərkimə də bu ağrıları yarada bilər. Bel ağrıları insanın gündəlik fəaliyyətini məhdudlaşdırmaq gücünə malikdir. Təbii ki, ilk tövsiyəmiz həkimə müraciət etməyinizdir. Amma daimi baş qaldıran bel ağrılarının səbəbini bilirsinizsə və onun sizinlə “ömür yoldaşı” olduğu qənaətindəsinizsə, ayaqlarınızı yuxarıda saxlamaqla özünüzə kömək edin. Ombanızın altına bərk nəsnə qoyaraq belinizə düşən yükü azalda bilərsiniz. 
Depressiyaya düşməyə qoymur. Bizim həyat keyfiyyətimizi sinir sistemimiz tənzimləyir; yuxu rejimimizi nizama salır, daxili rahatlığımızı təmin edir. Ayaqları yuxarıda tutmaq isə sinir sistemimizi normallaşdırır. Bu durumda siz stresslə mübarizədən qalib çıxacaqsınız və emosional yükünüz azalacaq. Müasir dünyada istənilən orqanizm istirahətə möhtacdır. Evdə orqanizmin istirahətini təmin etməyin ən sadə üsulu ayaqları yuxarıda saxlamaqdır. Bu vəziyyətdə parasimpatik sinir sistemi aktivləşir ki, öz növbəsində, bu da bütün orqanların rahatlaması deməkdir. Dolayısı ilə, sizin fiziki və ruhi dincəlməyinizin zəmanətidir. 
Yuxunun keyfiyyətini yaxşılaşdırır. Ayaqları yuxarıda saxlamaq meditasiyadır. Dərindən nəfəs almaq isə yuxunun normallaşmasına doğru atılan bir addımdır. Orqanlar qanla lazımınca təmin olunur və öz funksiyalarını yüksək səviyyədə həyata keçirirlər. Bu da dərin və uzunmüddətli yuxu yatmanıza kömək edir. 
Qadınlarda aybaşı ağrılarını azaldır. Çoxları xəbərsizdir ki, ayaqları göydə saxlamaq gərgin günlərdə ağrıkəsici effekti verir. Bu zaman əzələlər tonuslaşır, orqanizm rahatlayır. Ayaqları göydə saxlamaq qadınları ovuc-ovuc həb içməkdən xilas edir. Həkimlər aybaşı zamanı fiziki əməklə məşğul olmağı məsləhət görmür. Ayaqları göydə saxlamaq isə fiziki əmək-dolayısı ilə orqanizmin fiziki gərginliyi deyil. Əksinə, rahatlamasıdır. 
Maddələr mübadiləsini sürətləndirir. Ayaqları göydə saxlamaqla qan dövranını yaxşılaşdırmaq bütün toxuma və orqanlarda hüceyrələrin həyat tsiklini hərəkətə keçirir. Bu da orqanizmin zədələnmiş nöqtələrinin regenerasiyasının əsasını təşkil edir. Xüsusilə, damar əməliyyatından çıxan insanlara bu, daha faydalıdır. Təbii ki, əvvəlcə, həkimlə məsləhətləşmək lazımdır. Ayaqları göydə saxlamaq keyiyən əzələləri işləməyə  məcbur edir. 
Vətərləri elastikləşdirir. Ayaqları göydə saxlamaq, xüsusilə, beldəki əzələlərin dartılmasını və vətərlərin elastikləşməsini təmin edir. Divara nə qədər yaxın olsanız, əzələləriniz o qədər dartılacaq və rahatlayacaq. Amma unutmayın ki, həddən artıq dartılma əzələlərinizi yora bilər. 
Çanaq nahiyəsinə qanın sürətli axınını təmin edir. Ayaqları yuxarıda saxlamaq çanaq nahiyəsində qan dövranını yaxşılaşdırır. Ayaqlarınızı korsetlə  bağlayaraq bir-birinə yaxınlaşdırsanız nəticə daha  uğurlu olacaq. 
Babasilin profilaktikasında effektivdir. Babasil uzunmüddətli oturma və ağır yük qaldırmaq nəticəsində damarlarda qanın yığılmasıyla yaranır. Ayaqları yuxarıda saxlamaq bu nahiyədə qan dövranını yaxşılaşdırır və damar tıxanıqlığını azaldır. Bu da ağrıların yox olmasına və həyat keyfiyyətinin nisbətən yaxşılaşmasına səbəb olur. 

“Yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır...”-deyiblər. Yəni, bütün tövsiyələrdən daha yaxşısı özünüzün sınaqdan keçirməyinizdir. Biz sizi əmin etmirik ki, ilk dəfədən müsbət irəliləyişi görə biləcəksiniz. Uğurlu nəticə zamanla özü qapınızı döyəcək. Əgər, azı, 20 dəqiqə ayaqlarınız yuxarıda dayanmaq sizi darıxdırsa, bu vəziyyətdə kitab oxumaq, musiqi dinləmək və televizora baxmaq şansınızı dəyərləndirin. 20 dəqiqədən artıq ayaqlarınızı yuxarıda saxlamayın ki,  sonra ayaqlarınızda hər hansı problem yaranmasın. 

Bahadur Seyidov / Demedia.az