Hər gün qarabaşaq yesək orqanizmdə nə baş verər?
Qarabaşağın faydaları haqqında eşitməyən adam qalmayıb. Xoşbəxtlikdən, qarabaşaq ən əlçatan və uyğun qiymətə olan qidalardandır. Qarabaşağın tərkibində yüksək miqdarda mikronutrientlər var. Buna görə də, qarabaşağın “dənli bitkilərin kralı” adlanmasına təəccüb etmək lazım deyil. Qədimdə qarabaşaq “igidlərin yeməyi” sayılırdı. Dünyanın bir çox yerinə qarabaşağın yunanlar vasitəsilə yayıldığı ehtimal edilir. Bu faydalı bitkinin vətəni isə Himalaylar hesab olunur. Bəs, hər gün qarabaşaq yesəniz, orqanizmdə nə baş verər? Dəyişiklik möhtəşəm olacaq!
Araşdırmalar göstərir ki, qarabaşağın tərkibində 50-dən artıq faydalı element var. Tərkibindəki zülalın miqdarına görə, yalnız yaşıl noxuddan geri qalan qarabaşaq bir çox faydalı amin turşuları ilə də zəngindir. Məsələn; lizin və triptofan. Bunlar orqanizmdə zülal sintezi üçün çox vacib elementlərdir. Qarabaşağın tərkibində dəmir də var. Bu xüsusiyyətinə görə, bütün dənli bitkiləri geridə qoyur. 100 qr qarabaşaqda gündəlik normamızın 37%-i qədər dəmir var. Dəmir isə öz növbəsində qan dövranımızı yaxşılaşdırır və hemoqlobin sayını artırır.
Qarabaşağın tərkibindəki növbəti faydalı element kaliumdur. 1 boşqab qarabaşaqda gündəlik normamızın 50%-i qədər kalium var. Kalium qan-damar sisteminin yaxşılaşmasına, damarların möhkəmlənməsinə və orqanizmdə maye balansının qorunmasına kömək edir, arterial təzyiqi aşağı salır. Qarabaşaqda olan liflər də onun faydalılıq dərəcəsini artırır. Hər bir yetkin insan gün ərzində 30 qr lif qəbul etməlidir. Liflər həzm prosesini sürətləndirir, bağırsaqların işini asanlaşdırır, xolesterinin səviyyəsini azaldır, qanda şəkərin miqdarını aşağı salır.
Qarabaşaqdakı unikal flavonoidlər damar divarlarını möhkəmlədir. Xüsusilə, kversetin və rutinə (P vitamin) görə, qarabaşaq hamilələrə tövsiyə edilir. Həmçinin, cərrahi əməliyyatdan sonrakı dövrdə və onkoloji xəstəliklərin profilaktikasında da qarabaşaq yemək lazımdır.
Artıq çəkidən yaxa qurtarmaq üçün də qarabaşaq insan orqanizminin “dostu” sayılır. Rasionunuzdakı bir çox qidanı qarabaşaqla əvəzləsəniz, bu, çəki atmağınıza kömək edəcək. Xüsusi “qarabaşaq pəhrizləri” də var ki, bu zaman insan daha sürətlə arıqlayır. Amma qeyd etməliyəm ki, mütəxəssislər “mono diet”i məsləhət görmür. İnsan orqanizmi müxtəlif qidalar qəbul etməyə proqramlaşdırılıb. Qarabaşağın qlikemik indeksi yüksək deyil. Tərkibindəki liflər sayəsində insanı tox saxlayır. Məhz bu iki səbəbdən də qarabaşaq arıqlamaq istəyənlərin sevimlisidir. Müxtəlif şirniyyat məhsullarını, yağlı və ətli yeməkləri ürəklə qarabaşaqla əvəzləyə bilərsiniz.
Qarabaşağı bişirmə üsulları da fərqlidir. Çalışın, dənələri bölünmüş qarabaşaqları almayın. Çünki, onların faydalılıq dərəcəsi bütöv dənələrə nisbətən daha azdır. Qarabaşaq ununu isə evdə hazırlamağa üstünlük verin.
Qarabaşağın tərkibindəki amin turşularından xüsusi danışmaq lazımdır. Orqanizmi zülalla təmin etmək üçün ən asan üsul ət yeməkdir. Siyahıya süd məhsullarını, məsələn, yağsız şoru da əlavə etmək olar. Amma vegeterianlar və ya rasionunda müxtəliflik axtaranlar da var. Bir şeyi vurğulayım ki, çeşidli qidalanma sağlamlığın təməllərindəndir. Qarabaşaq ətin alternativi sayılır. Çünki tərkibi zülal və amin turşuları ilə zəngindir. Ən əsası isə, onlar yaxşı balanslaşıb və orqanizm tərəfindən olduqca asan mənimsənilir. Ət məhsullarını, xüsusilə, emal edilmiş məhsulları mənimsəmək üçün orqanizm artıq güc sərf edir. Qarabaşaqdakı 20 amin turşusunun 8-nə başqa yerdə rast gəlmək mümkün deyil. Bunlar triptofan, lizin, metionin, valin, treonin, leysin, izoleysin, fenilalanin`dir.
Hazırda yetkin insanların əksəriyyətində 3 amin turşusunun çatışmazlığını müşahidə etmək olar. Bunlar triptofan, lizin və metionindir. Yaxşı xəbər odur ki, bunları qarabaşaq sayəsində təmin etmək olar. Əgər biz qarabaşağı paxlalı bitkilərlə müqayisə etsək, yanılmarıq. Baxmayaraq ki, paxlalılarda da zülal çoxdur, onlar da tox saxlayır, amma qarabaşaqla müqayisədə bir mənfilikləri üzə çıxır. Qarabaşaq onlara nisbətən daha tez həzm edilir.
Bəs, qarabaşağın düzgün hazırlanma qaydaları necədir?
Əlbəttə ki, qaynar suda qaynatmaq, ya da buxarda bişirmək məsləhətdir. Buxarda bişən qarabaşağın tərkibində faydalı maddələrin əksəriyyəti yerində qalır. Elə bir düşüncə mövcuddur ki, qaynayanda bütün faydalı elementlər yoxa çıxır. Hərçənd, bu da doğrudur. İstənilən termiki emalda qidalar tərkibindəki faydalı elementlərin bir hissəsini itirir. Amma bu, o demək deyil ki, biz qarabaşağı çiy halda yeməliyik. Müəyyən edilib ki, 20 dəqiqədən artıq termik emaldan sonra qarabaşaq tərkibindəki xeyirli maddələri əhmiyyətli ölçüdə itirir. Buna görə də, mütəxəssislər qarabaşağı 20 dəqiqədən az müddətdə qaynatmağı tövsiyə edirlər. Qarabaşağın bütün faydalarını görmək istəyənlər onu 5 dəqiqə də qaynada bilərlər. Bir şərtlə ki, saat yarım dəmləmədə qalmalıdır.
Bu yaxında öyrənmişəm ki, sən demə, qarabaşağı qaynatmadan da yemək mümkün imiş. Qaba tökdüyünüz qarabaşağın üstünə su əlavə edin. Bu halda, ən azı, 12 saat saxlayın. Eynən qaynadılmış qarabaşaq kimi dadır. Sadəcə, əvvəlcədən qarabaşağı qəşəng-qəşəng yumalısınız.
Dadlı, keyfiyyətli və faydalı qarabaşağı sevməyənlər də var. Ümid edirəm ki, bu videodan sonra fikirlərini dəyişəcəklər və rasionlarına qarabaşaq əlavə edəcəklər.
Bahadur Seyidov / Demedia.az