Xoşbəxtlik qapını döyəndə gülər üzlə açmaq lazımdır... -
Anar mühəndis işlədiyi tikinti şirkətində istedadı və məsuliyyəti ilə seçilirdi. Cəmi iki ildi burda işləməsinə baxmayaraq, kollektivin hörmətini qazanmışdı. Çoxlarının arzuladığı kimi, 24 yaşında yaxşı maaşlı işə, şəxsi avtomobilə və ikiotaqlı mənzilə sahib idi. Ata-anası, qohum-əqraba çoxdan dilə gəlib evlənmək yaşına çatdığını deyirdi. Amma, Anar ona məsləhət görülən, üzdən xoş təsir bağışlayan qızlardan heç biri ilə evlənmək istəmirdi. O, həyatında əsl sevgini dadmaq, bütün həyatını da bu sevgiyə həsr etmək istəyirdi. Nə sirrdisə, tale onun qarşısına əsl sevgini çıxarmırdı... Beləcə, iki il də keçdi.
Anar 26-cı yaşını da subay qarşıladı. Ad günü şənliyinin axşamı qonaqların səs-küyündən, deyilən sağlıqların pafosundan yaxa qurtarmaq üçün həyətə çıxdı, avtomobilinə əyləşib telefonuyla facebook`a girdi. Gün ərzində facebook dostları da ona təbriklər yazmışdı. 11 il bir sinifdə oxuduğu Gülnarın yazdığı təbrik daha maraqlıydı. Oxuduqca Anarın üzü gülürdü:
“Qardaşım qədər çox istədiyim Anar! Hamımız evli-eşikli, oğullu-uşaqlıyıq. Bircə sən subay qalmısan. Facebook`dakı bütün subay xanım dostlarımın adını tag edirəm. heç olmasa, bunlardan birini bəyən, gələn il ad günündə sən də bizim kimi oğul-uşaq dərdi çək”.
Anar gülə-gülə Gülnarın adlarını tag etdiyi qızların səhifələrinə baxmağa başladı. Leyla adlı bir qızın profil şəkli çox maraqlıydı. 20 yaşlarında bir qız əlində kağız tutub gülümsəyirdi. Kağızda “Matruşka” şəkli vardı. Qızın təbəssümündənsə elə bil kədər tökülürdü. Anar bu şəklə nə qədər baxdı, bilmədi, bir də anası zəng edib evə çağıranda özünə gəldi. Yuxarı çıxıb yatağına uzananda da qızın şəkli gözlərinin önündən getmirdi.
Bir neçə gün daha qızın şəklinə baxaraq keçirəndən sonra anladı ki, nəhayət, tale onu yada salıb, əsl sevginin nə olduğunu anlatmağa qərar verib. Bütün cəsarətini toplayıb öncə qıza dostluq atdı, sonra da mesaj yazıb niyə əlində “Matruşka”nın özünü yox, şəklini tuduğunu soruşdu. Həmişə facebook`a yalnız axşamlar girən Anar indi demək olar ki, telefonu əlindən qoymurdu. Leyladan cavab gəlib-gəlməyəcəyini həyəcanla gözləyirdi. Axşam yatağına uzananda təzədən Leylanın profilinə girib başqa şəkillərinə də baxmağa başladı. Fərqinə vardı ki, Leyla onun dostluğunu geri çevirib. Mesajını da oxuyub, amma, cavab yazmayıb. Həyatında ilk dəfə ürəyini dərin kədər bürüdü, yuxusu qaçdı. Ayağa durub kompyuterin qarşısına keçdi, başını qatmaq üçün yeni layihənin çertyojlarını incələdi. O gecə səhəri dirigözlü açdı. Özlüyündə anlayırdı ki, ürəyini sıxan eşq ağrısıdı...
Həmin gün, nəhayət, məsələni Gülnarla müzakirə etmək istədi. Nahar fasiləsində Gülnara zəng edib Leyla haqqında soruşdu. Gülnar onun Leylayla maraqlanmasına sevindi, bütün suallarına ətraflı məlumat verməyə çalışdı. Anar öyrəndi ki, Leyla Gülnarın qızının getdiyi bağçada müəllimədi, 22 yaşı var. Anasını uşaqkən itirib, atası da ikinci dəfə evlənməyib, ömrünü qızını və oğlunu böyütməyə həsr edib. Oğlunu evləndirsə də, Leylanın həyat yoldaşını özünün seçməsini istəyir. Leyla isə heç kimə ürək qızdırmır. Gülnar Anara söz verdi ki, axşam uşağı bağçadan götürəndə onun barəsində Leylaya söz açacaq.
Anar həmin günü axşamı həyəcanla gözlədi. Gülnar zəng vuranda sevindi. Gülnar Leylayla onun haqqında danışdığını dedi. Əlavə etdi ki, Leyla onun yazdığı mesajdan çox kədərlənib. Ona görə də cavab yazmaq istəməyib. Anar Gülnardan Leylanın mesaja görə niyə kədərləndiyini də soruşdu. Gülnarın cavabını eşidəndə isə qəhərini güclə boğub sağollaşdı. Sən demə, Leyla birinci sinifdə oxuyanda anasıyla birgə məktəbdən gələndə oyuncaq dükanının qarşısından keçir. Hər dəfə də iri, qırmızı “Matruşka”nı istəyir, anası da bu oyuncaq üçün azca səbr etməyi, böyüməyi söyləyir. Bir gün yenə həmin oyuncaq dükanının qarşısından keçərkən Leyla “Matruşka”nı istəyir, ağlamağa başlayır. Anası onu kiritməyə çalışır, aşağı əyilir, əlini qızının başına çəkir. Qəfildən də rəngi ağarır və yerə yıxılır. Leyla ağalamağına, oyuncağı istəməyinə davam edir. İnsanlar başına toplaşır, anasını təcili yardım maşını aparır, Leylanı da satıcı qız axşama kimi oyuncaq mağazasında saxlayır. Axşam atası gələndə gözündəki yaşı silə-silə satıcı qıza deyir: “Yazığın ürəyi dözməyib, partlayıb...” Həmin gündən Leyla anasının ölümündə özünü günahlandırır, elə bilir ki, hər gün oyuncaq üçün ağlayaraq anasının ürəyini yükləyib...
Ondan sonra atası da, qardaşı da dəfələrlə Leylaya “Matruşka” almaq istəyib. Amma, Leyla istəməyib... Böyüdükcə də özünə söz verib ki, “Matruşka”nı yalnız onu bir ömür boyu kədərdən qoruya biləcək adamdan hədiyyə kimi götürəcək... O adamsa, hələ Leylanın qarşısına çıxmayıb...
Anar bütün bunları düşündükcə özünü ağlamaqdan güclə saxlayırdı. İşdən evə gələrkən də fikrində Leyla və onun “Matruşka” arzusu vardı. Evlərinə çatanda avtomobildən düşməzdən qabaq oyuncaq mağazalarının internet səhifələrinə baxdı. Mağazaların birində iri, qırmızı “Matruşka” cəmi iki dənə qalmışdı. Anar elə bu dəqiqə sifariş vermək istədi. Amma, baxdı ki, neçə gündü başı qarışıb, kartına pul vurmağı unudub. Hədiyyə almaq üçün sabahı gözləmək istəmirdi. Ya sabaha iki “Matruşka”nın ikisi də alınarsa? Anar avtomobilindən düşüb binanın baş tərəfindəki MilliÖn aparatına yollandı və kartına pul yüklədi.
Qalırdı “Matruşka”nın hansı ünvana gedəcəyini öyrənmək... Anar təzədən Gülnara zəng vurdu və Leylanın yaşadığı ünvanı öyrəndi. Sonra da “Matruşka”nı sifariş verib, evə getdi. Nədənsə, elə bilirdi ki, ürəyinin üstündəki kədər yükü xəfifləyib... Düzdü, Leylanın onun hədiyyəsini qəbul-etməyəcəyi naməlum idi. Amma, o, yenə də özünü azca rahatlamış hiss edirdi...
Səhəri gün nahar fasiləsinədək Anar facebook`a girmədi. Fasilə zamanı telefonu əlinə alanda isə Leyladan gələn mesajı gördü. Baxdı ki, qız yazıb: “Gülnar sizin haqqınızda danışdı... “Matruşka” da gəlib çıxdı... Çox sevindim! Bir ömür boyu sizə böyük sevinc arzulayıram...” Anar tələsik cavab yazdı: “Mən də bir ömür boyu bu sevinci səninlə yaşamaq istərdim...”
Leylanın növbəti mesajında gülümsəyən smaylik və ikicə söz vardı: “Birlikdə sevinək...”
Belə, dostlar, hekayədən də gördüyünüz kimi, ata-ananın, ətrafdakı insanların sözlərini dinləyib, “amandı, yaş keçir, evlənmək lazımdır” kimi cümlələrə qulaq asıb, küyə düşmək lazım deyil... Tanımadığınız, iki kəlmə söhbət edə bilmədiyiniz insanlarla evlənmək sonda insanın faciəsinə çevrilə bilər. Əsl xoşbəxtlik hər bir insanın haqqıdır və tale də o xoşbəxtliyi bizə ömrümüzdə bircə dəfə göndərir. Sadəcə, səbrlə gözləmək və xoşbəxtlik qapını döyəndə gülərüzlə, ürəklə açmaq lazımdır...
Bahadur Seyidov / Demedia.az