Qara sabunun inanılmaz faydaları - Araşdırma
Qarayağlı sabun dermatologiyada və kosmetologiyada istifadə olunan ənənəvi vasitədir. Onun ikinci adı “qara sabun”dur. Tərkibindəki qarayağın verdiyi rəngə görə, belə adlanır. Müasir zamanda kosmetik vasitələrin çeşid çoxluğuna baxmayaraq, təbii vasitələrə üstünlük verənlər üçün qara sabun əvəzsizdir. Qarayağlı sabunun tərkibində ağcaqayın ağacının qətranı var. Termik üsulla əldə olunan qətran təbii antiseptikdir. Xalq təbabətində geniş istifadə edilir və bir çox dərman vasitələrinin tərkibində var. Məsələn; “Vişnevskiy maz”.
Kosmetologiyada bu qətran antibakterial və dezinfeksiyaedici sayılır. Bir qayda olaraq qara sabunun tərkibi 10% qətrandan, 90% isə təbii sabundan ibarətdir. Əmin ola bilərsiniz ki, qara sabuna sintetik əlavələr, rəngləndiricilər qatılmır. Qətran güclü və təsirli vasitə olduğundan qara sabunun istifadəsində ehtiyatlı olmaq labüddür. Qətran quruducu xassəyə malikdir ki, bu da həssas dəridə quruluğa və çatlamalara gətirib çıxarır. Mütəxəssislər qara sabunun tətbiqində paralel olaraq nəmləndirici kremlərdən istifadəni tövsiyə edir.
Qədimdən qətranlı sabun dərinin və saçın sağlamlığına xidmət edən vasitə kimi tibbi ənənələrdə öz yerini alıb. Dəridəki sızanaqları, səpkiləri yox edən qara sabun açıq yaraların sağalmasına, infeksiyanın yox olmasına da kömək edir. Qara sabunla yuyulan başda kəpək olmur, saçlar isə həcm qazanır. Bəzi həssas saçlar qara sabunla yuyulduqdan sonra codlaşır və daramaq çətinləşir. Bu zaman saçı sirkə ilə yaxalamaq, yaxud qidalandırıcı balzam çəkmək lazımdır.
Mütəmadi olaraq tətbiq edilən qara sabun dəridə qan dövranını yaxşılaşdırır. Bu da öz növbəsində epidermisin zədələnmiş hissələrinin bərpasını sürətləndirir. Keyləşdirici qabiliyyətə malik sabun, həmçinin, parazitləri yox edir. Qaşınma və neyrodermit kimi dəri xəstəliklərini, dəridəki çatları, donma və yanma zamanı əmələ gəlmiş xəsarətləri sağaldır. Göbələk xəstəliklərində də effektivdir; göbələkləri öldürür, beləcə, dəri sağalır və göbələklərin yaratdığı qoxular yox olur.
İndi isə keçək qara sabundan istifadə qaydalarına:
Göbələk xəstəliyi zamanı. Sabun köpüyünü zədələnmiş hissələrə sürtün, 10-15 dəqiqə saxlayın. Sonra isə ilıq suyla yuyun. Proseduru 1-2 həftə təkrarlayın. Müsbət nəticənin fərqinə varmaqda gecikməyəcəksiniz. Əgər xəstəlik ilkin mərhələdədirsə, daha tez sağalacaq.
Dermatit zamanı. Sabun köpüyünü dərinin zədələnmiş hissəsinə nazik qatda yaxın. Nəzərə alın ki, dermatit zamanı sabun köməkçi vasitədir. Yaralarda irin axıntısı varsa qara sabunun tətbiqi tövsiyə edilmir. Birbaşa dərman vasitəsinə keçin.
Qaşınma zamanı. Eqzema, neyrodermit və s. kimi dəri xəstəliklərinin yaratdığı qaşınmanı aradan qaldırmaq üçün sabun köpüyünü hazırlayın və qaşınan nahiyəyə çəkin. Bir neçə dəqiqə saxlayıb ilıq suyla yaxalayın. Problemin tam həlli üçün qara sabundan sonra nəmləndirici kremdən də istifadə edin.
Saça bit və sirkə düşəndə. Ağcaqayın qətranı parazitlərin məhvinə də kömək edir. Allergik reaksiyalar yaratmır. Sadəcə, proses bir az uzunmüddətlidir. Yəni, sağlamlığınız üçün heç bir təhlükə olmadığından əmin ola bilərsiniz. Bitdən yaxa qurtarmaq üçün qara sabuna və isti suya ehtiyacnız var. İsti suya qatılmış sabun köpüyünü başınıza yaxın, saç köklərinə yedirin, üstündən polietilen ilə bağlayın. 40-60 dəqiqə bu maska saçınızda qalsın. Sonra qəşəngcə yuyun. Günaşırı bu proseduru təkrar edin. 5-10 dəfədən sonra başınızda bitdən, sirkədən əsər-əlamət qalmayacaq. Arada saçınıza qidalandırıcı balzam çəkin ki, çox quru olmasın.
Sızanaqlar zamanı. Mütəmadi olaraq qara sabunla yuyulan dəridə soyuq səbəbiylə yaranan sızanaqların sayı azalır. Ağcaqayın qətranı sulu və ya irinli sızanaqların qurumasına, yerinin təmizlənməsinə kömək edir. Növbəti etap isə dərinin qan dövranını yaxşılaşdırmaqdır ki, bu da təmiz və sağlam dəri deməkdir.
Resept I: Gündə iki dəfə qara sabun köpüyüylə üzünüzü masaj edin. Bu masajın müddəti 20-30 saniyə olmalıdır. Sonra üzünüzü ilıq suyla yuyun. Bu proses dərinin parıldamağına da səbəb olur.
Resept II: Qara sabun köpüyünü 10-15 dəqiqə üzünüzdə saxlayın, əvvəlcə, isti, ardınca da soyuq suyla yuyun. Bu, yara yerlərinin və çatların tez sağalmasına kömək edəcək. Prosesdən sonra üzünüzə nəmləndirici lasyon və ya krem çəkməyiniz məsləhətdir. Proseduru normal dəriyə gündə 1 dəfə, problemli dəriyə isə 2 dəfə tətbiq edin. Quru dəri üçün bu maska ayda 3-4 dəfə tövsiyə edilir.
Quruluq səbəbiylə yaranan qaşınma zamanı. Quruyan, qızaran, qaşınan dəriyə tətbiq etmək üçün sabunu sürtgəcdən keçirin və azca ilıq su qatıb məlhəm hazırlayın. Məlhəmi nahiyəyə kompres şəklində qoyun. Yatmazdan öncə qoyulan kompres bütün gecəni qalsın, səhər götürün. Müsbət yöndə irəliləyişi özünüz görəcəksiniz. Ardınca isə nəmləndirici krem çəkin ki, dəriniz çox qurumasın.
Zərərləri və əks-təsirləri
Qara sabunun zərəri çox azdır. Sevilməməyinin əsas səbəbi qoxusudur. İlk dəfə istifadə edənlər ehtiyatı əldən verməməlidir.
-Gündə bir neçə dəfə tətbiq etməyin ki, dərinizi qurudar.
-Qara sabunla başınızı yuduqda suyu çox qaynar eləmək olmaz; sabunun faydalılıq dərəcəsi azalar. Nəticədə, saçlarınız codlaşacaq, rəngi solğun görünəcək.
-Qara sabun saç boyalarını da yuyur. Saçı boyalı olanlar həftədə cəmi 1 dəfə bu sabunla baş yuya bilərlər.
-Təsadüfən mədəyə düşsə mədədə yanma hissi yaradar. Miqdarı çox olsa, mədədə kəskin ağrılar baş qaldırar.
-Yaxşı olar ki, sabunu tövsiyə edilən həcmdə istifadə edin. Sürətli nəticə əldə etmək üçün daim istifadə etsəniz, sağlamlığınıza təhlükə yaranar.
-Problemdən asılı oaraq, müalicə prosesini 2-3 həftədən artıq eləmək olmaz.
Bahadur Seyidov / Demedia.az