Orqanizmin tanımadığınız 8 SİRLİ NÖQTƏSİ
İnsan orqanizmi xaotik nizamı və açılmamış sirləri ilə kainatın özüdür. Heç burnumuzla üst dodağımızın arasındakı o kiçik çökəkliyin niyə var olmasını düşündünüzmü? Bu hissənin adı filtrumdur. Və mövcudluğunun bir səbəbi var. Orqanizmdə bu cür sirli nöqtələrin sayı 8-dir. İndi onlarla tanış olacağıq.
8. Anatomik tütün qutusu (Anatomical snuffbox). Baş barmağınızı bir azca gərin, onun kökündə kiçik, üçbucaqlı şəkildə bir çuxur əmələ gələcək. Bu, tibb işçilərinin “anatomik tütün qutusu” dediyi bölümdür. Terminin yaranma səbəbi keçmişdə insanların tütün iyləmə adətlərinin olmasıdır. Nəbz nə qədər zəif olsa da, bu üçbucaqlı çuxura basaraq ön qol damarının atdığını hiss edə bilərsiniz. Burdakı arterial damar, sadəcə, dəri və bağ toxuması tərəfindən qorunur.
7. Ayaq baş barmağı. Bəli, barmağımızı tanıyırıq. Amma onun bu hissəsinə bədənimizdəki önəmli bir funksiyanın verilməsindən bixəbərik. Ayaq baş barmağımızın özünəməxsus quruluşu sayəsində ayaq üstə dayana bilirik. Ayaq baş barmağımızın xüsusiliyi insanlarla digər məməlilər arasındakı əsas fərqliliklərdən biridir.
6. Glabella. Mərc gələrəm ki, qaşlarınızın arasındakı bu kiçik hissənin bir adı olub-olmadığını heç düşünməmisiniz. Bəli, bu nahiyənin bir adı var: glabella. Bu nahiyə reflekslərinizi nəzarətdə saxlamağı təmin edən nöqtədir. Barmağınızla qaşlarınızın ortasına bir neçə dəfə vurun. Əgər refleksləriniz yaxşıdırsa, gözlərinizdə xəfif gərginlik hiss edəcək və göz qırpmaq istəyəcəksiniz.
5. Dil gəmciyi. Dilinizin altındakı bu kiçik qıvrımın önəmli funksiyası var. Dili ağızda sabitləməklə daha az əsnəməyinizi təmin edir. Bu xüsusilik glosoptozun, yəni, dilin udulmasının qarşısını alır. Orqanizmini nəzarətdə saxlaya bilməyən azyaşlı körpələr üçün bu funksiya həyati önəm daşıyır.
4. Tragus və antitragus. Qulağımızdakı bu kiçik çıxıntının adı “tragus”dur. Tragus latınca “keçi” deməkdir. Tragus arxadan gələn səsləri daha yaxşı eşitməyimizi və səsin mənbəyini müəyyən etməyimizi təmin edir. Antitragus da eyni işi görür; onun sayəsində ön tərəfdən gələn səsi yaxşı eşidirik və mənbəyini müəyyən edirik.
3. Badamcıq. Əksər insanlar uşaq yaşlarında badamcıq əməliyyatı keçirərək ondan qurtulurlar. Bu da badamcığın apendisitə bənzəməsi kimi yanlış bir yanaşma yaradır. Guya badamcıq da tam inkişaf etməmiş, lazımsız orqandır. Amma bu, doğru deyil. Badamcıqlar limfositləri daxilinə alaraq bizi bakteriya və viruslardan qoruyan ilk maneədir. Bəzən iltihablanır və bu zaman cərrahi yolla götürülməsi qaçınılmaz olur. Düzdür, orqanizmdə bakteriyalarla və viruslarla savaşan orqanlar, nahiyələr çoxdur. Amma badamcıqların yeri ayrıdır.
2. Dırnaq ətləri. Dırnağın kənarındakı qalın dəri parçalarını manikür zamanı təmizləmək çoxdan dəbdədi. Əlləri gözəl görünsün deyə insanlar onlardan yaxa qurtarmağa çalışır. Amma bu, riskə getməkdir. Dırnaq ətlərinin önəmli funksiyaları var. Əllərimizi zərərli bakteriyalardan qoruyurlar. Əgər dırnaq ətinin kəsildiyi yerdən kiçik bir bakteriya orqanizmə daxil olsa, əllərinizi yumağın da, dezinfeskiya etməyin də heç bir faydası olmaz.
1. Filtrum. Bu kiçik çuxurun lap qədimlərdə əmələ gəldiyini və iybilməni gücləndirdiyini ehtimal edənlər də var. Müasir insanın buna ehtiyacı olmaya bilər, amma o, milyon illər əvvəlin bir yadigarı da sayılır. Əlavə olaraq, onu qeyd edim ki, ana bətnindəki dölün səhhətindəki problemləri öyrənmək üçün həkimlər məhz filtruma baxırlar. Yanlış formalaşmış filtrum autizm və digər bu kimi xəstəliklərin əlamətidir.
Bahadur Seyidov / Demedia.az