Akkuyu AES hərbi obyektə çevrilir - Açıqlama
Rusiya Türkiyənin Mersin vilayətində (Gülnar ilçəsi, dənizə 30 km məsafədə) inşa etdiyi Akkuyu AES-i hərbi obyektə çevirir.
Demedia.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib.
O bildirib ki, AES-də ruslar tərəfindən radar sistemi qurulması Türkiyə müxalifətinin etirazına səbəb olub:
"İş o yerə çatıb ki, hətta "Akkuyu Nuklear AŞ"nin İdarə Heyətinin Türkiyədən olan yeganə üzvü (digər üzvlər və sədr Rusiya nümayəndələridir), AK Parti qurucularından olan Cüneyd Zapsu da bu məsələyə etirazını bildirib. C. Zapsu alternativ rəy açıqlayaraq Mersində Rusiyaya məxsus radar sistemi qurulmasının Türkiyənin milli təhlükəsizliyi baxımından problem yarada biləcəyini vurğulayıb. Zapsu şirkət rəhbərliyinin aparılan işlər barədə onu məlumatlandırmadığı barədə məhkəməyə şikayət ərizəsi də verib.
Bu Akkuyu məsələsi indiki hökumət tərəfindən Türkiyənin altına yerləşdirilən dinamitlərdən biridir və növbəti hökumətlərin başını ağrıdacaq. Heyrətləndirici məqam ondan ibarətdir ki, prezident Ərdoğan Sinopda tikintisi planlaşdırılan AES layihəsini də Rusiya ilə birlikdə həyata keçirmək istədiklərini söyləyir.
Yəni Ağdənizdə (Aralıq) Rusiyanın hərbi obyekt yaratması yetmədi, birini də Qara dənizdə qurmasına şərait yaradacaqlar".
Xəyalə Məmmədova / Demedia.az