ADY-nin sərnişindaşıması böhran içərisindədir - Osman Gündüz 



 15:31 27.10.2022     691

Ötən gün Prezidentin sərəncamı ilə Rövşən Rüstəmov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. ADY-də isə son illər ciddi problemlər özünü göstərməkdədir. Yükdaşımada müəyyən uğurlar olsa da dəmir yolu ilə sərnişindaşıma demək olar ki, iflic vəziyyətdədir.

Demedia.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, əksər daxili xətlər, Bakı-Balakən, Bakı- Qazax, Bakı –Yalama, Bakı-Astara və s. istiqamətlər üzrə qatarlar 3 ildir ki işləmir:

"Bununla bağlı indiyədək ağlabatan bir açıqlama da ortada yoxdur.

Qatarlar almağa çalışdıqlarını, dəyişən cərəyanı sabit cərəyana çevirdiklərini , infrastrukturu düzətlməyə çalışdıqlarını bildirblər.

Qurum heç Bakı –Sumqayıt, Bakı ətrafı və Gəncə istiqamətlərində də sərnişindaşımanı normal reallaşdıra bilmir.

Gah bir istiqamətdən qatarı çıxarıb digərinə calayır, gah da yük qatarlarının lokomativini sərnişin qatarlarına calayır və s.

Görəsən yeni Sədr təyinatından sonra vəziyyət necə olacaq ?

Real vəziyyət onu göstərir ki, ADY-nin sərnişindaşıması böhran içərisindədir. Börandan çıxmaq üçün quruma ya ciddi investisiya yatırılmalı , yaxud da özəlləşdirilməyə hazırlanmalıdır. Yəni, daxili sərnişindaşımanın təşkli üçün xarici şirkətlər dəvət olunmalıdır.

Bu xidmət baha başa gəldiyindən güman ki, subsidiyalara ehtiyac olacaq.

Ən doğrusu o ola bilər ki, ADY-nin yeni rəhbəri hökumətdən Prezidentin ADY-nin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanına dəyişikliklər edilməsi ilə bağlı 7 fevral 2019-cu il tarixli Fərmanının icrasını tələb etsin.

Düşünürəm ki, yeganə çıxış yolu yalnız bu ola bilər.

Bu fərmana görə NK dəmir yolu nəqliyyatı infrastrukturunun saxlanılması və dəmir yolu nəqliyyatı ilə sərnişindaşımanın SUBSİYALAŞDIRILMASI qaydalarını hazırlamalıydı.

Maraqlıdır ki, az qala 4 il olur ki, Prezidentin bu fərmanı icra olunmayıb.

Hazırda büdcə ilə bağlı məsələlər müzakirə olunur. Görəsən ADY rəhbərliyi dəmir yol infrastukturunu qurmaq üçün, yeni qataralar almaq üçün hökumətdən vəsait əldə edə biləcəkmi ?

Ümid edirəm Rövşən müəllim bunun öhdəsindən gələcək və sərnişindaşımanı böhrandan çıxara biləcək".

Xəyalə Məmmədova / Demedia.az