Qəddafi Liviya əhalisinə nə vermişdi? - Araşdırma



 20:34 28.10.2022     1340

Tarix heç vaxt olduğu kimi yazılmır... Ya da başqa cür deyək: tarix, sadəcə, yazılanlardır və təbii ki, yaşanılanlar hamısı yazılmır... 

Məktəbdə bizə “Qədim dünya tarixi” adlı dərs keçirdilər. Və biz böyüdükcə, Qədim Roma tarixini belə müxtəlif versiyalarda oxuduq... Yenə ona “keçmiş” deyib keçdik, amma “Yeni dünya tarixi”ndə baş verənləri nə anladıq, nə də olduğu kimi anladan oldu. Bütün baş verənləri, ən azı, iki versiyada eşitmək, nəticədə, olayların adiləşməsinə gətirib çıxarır. Bəli, hər şey adiləşir insan üçün; faciə də... 

Yaxın tarixin müxtəlif versiyalı olaylarından biri də Qəddafinin  ölümüdür. Bəli, hamınızın tanıdığı Qəddafinin. Tanımayanlar üçün qısa məlumat verəcəyəm. 

Muəmmər Qəddafi 1942-ci ildə anadan olub.  XX əsr Liviyasının tarixində onun adı 1969-cu ildə peyda olur. Həmin il Qəddafi monarxiya quruluşunu devirərək Liviya Ərəb Respublikasını yaradır və idarəetmədə “Üçüncü dünya nəzəriyyəsi”ni –“Cəmahiriyət”i irəli sürür.  Bəs, nə idi bu “üçüncü nəzəriyyə”? 

Qəddafi nə kapitalizmi, nə də kommunizmi qəbul edirdi. O, islamla sosializmin qarışıq növü olan bir yolu seçməyə meyilliydi və bunu tətbiq etməkdə israrlıydı.  Üç cilddə yazdığı “Yaşıl kitab”da Qəddafi ərəbcə “xalq kütlələrinin dövləti” kimi tərcümə olunan “Cəmahiriyət”in konsepsiyasını açıqlayır. 

Əhalinin kütləvi etirazları ilə devrilən Qəddafi həm Şərqdə, həm də Qərbdə təzadlı şəxsiyyət kimi tanınmışdı. O, Ərəb Dövlətləri Liqasının sammitinə qadın mühafizəçilərlə gəlir, xarici səfərləri zamanı öz bədəvi çadırında gecələməyə üstünlük verirdi. Dəfələrlə ərəb dünyasının lideri olmaq iddiasına düşüb. Amma elə öz ərəb qandaşları tərəfindən rədd edilib. Ömrünün son illərində isə o, Afrika birliyi yaratmaq fikrindəydi. 

ABŞ-la dost olan digər ərəb liderlərinə lağ edən Qəddafi tez-tez təkrar edirdi ki: “ABŞ göründüyü kimi möhkəm deyil”. Qərbdə baş verən bir çox terror hadisələrində günahkar bilinən Qəddafi 2003-cü ildə kütləvi qırğın silahından imtina edir və  Qərbdə, az da olsa, rəğbət qazanır. 

Nəhayət, Qəddafinin sonu olan tarix səhifəsi-2011-ci il gəlib çatır. Benqazi şəhərində bir qrup insan həbsdə olan  bir vəkilin azadlığını tələb etmək üçün mitinqə başlayır. Liviya hökuməti dərhal tələbi yerinə yetirir. Amma aksiyaçılar evlərinə qayıtmaq əvəzinə, yaxınlıqdakı mağazalara, polis məntəqələrinə, digər ictimai-iaşə obyektlərinə hücuma keçirlər. Hökumət onları sakitləşdirmək üçün güc tətbiq edir. Qərb mətbuatı hökumət qüvvələrinin dinc əhaliyə hücumu barədə bar-bar bağırır. Amma müstəqil KİV-lərin məlumatına görə, qarşıdurmalarda hər iki tərəfdən də ölənlər vardı və ölənlərin sayı 250-ni keçmirdi. 

Qərb mətbuatı Qəddafini “dinc” aksiyaçıları  təyyarə bombardmanına məruz qoyduğunu yazmaqdan da çəkinmədi.

Onların yalanını üzə çıxaran isə Rusiya kəşfiyyatı oldu. Bəli, Rusiya kəşfiyyatı kosmosdan çəkilən şəkillərin köməyilə  bu ittihamın əsassız olduğunu sübut etdi. 

18 mart 2011-ci ildə BMT “Liviyanın dinc əhalisini qorumaq üçün bombalanmasını” nəzərdə tutan qətnaməni qəbul edir. Martın 19-da NATO təyyarələri Liviyaya ilk avia zərbələri endirməyə başlayır. 

Şərq isə Qərbin Liviya əhalisini deyil, Liviya neftini düşündüyü qənaətində idi. Qəribədir ki, edilən hücum xalq ilə lideri daha da birləşdirir. İyulun 10-da Liviya əhalisinin 28%-i Qəddafini dəstəkləmək üçün Yaşıl meydana axışır. Amma buna baxmayaraq, üsyançılar zaman keçdikcə irəliləməyə,  son nəfəsinə qədər ölkəsini tərk etməməyə söz vermiş Qəddafiyə yaxınlaşmağa başladılar. Nəhayət, 2011-ci il oktyabrın 20-də üsyançılar Qəddafini qətlə yetirdilər... 

Üstündən illər keçdi... Və vaxtilə Qəddafiyə qarşı üsyana qalxan Liviya əhalisi indi onun dövründəki sosial rifahın həsrətini çəkməyə başladılar. Qəddafi Liviya əhalisinə nə vermişdi? 
Bütün Liviya vətəndaşlarına işıq pulsuz idi. 
Kredit faizləri yox idi, banklar dövlətin idi və öz vətəndaşlarına krediti 0%-lə verirdi. 
Qəddafi söz vermişdi ki, “Liviyada  hamının evi olmayınca, valideynlərinə ev almayacaq”. Bu, bir faktdır ki, Qəddafinin atası oğlunun səltənəti əsnasında bir çadırda öldü... 
Yeni evlənənlər hökumətdən 60 min  dinar hədiyyə alırdılar ki, bu da onlara ikiotaqlı mənzil sahibi olmaq imkanı verirdi. 
Liviya əhalisinə təhsil və tibbi xidmət pulsuz idi. Qəddafidən əvvəl Liviya əhalisinin 25%-i təhsilli idi. Qəddafinin hakimiyyəti dövründə bu  göstərici  83% oldu. 
Kimsə fermada yaşamaq, kənd təsərrüfatı ilə məşğul olmaq istəyirdisə, ona  bütün mexanikalar, toxumlar, mal-heyvan dövlət tərəfindən pulsuz verilirdi. 
Əgər  hansısa xəstənin müalicəsi ölkə daxilində mümkün deyildisə, dövlət onun xaricdə müalicə almasını təmin edərdi. Üstəlik, o xəstə ilə gedən varsa, otel və yemək xərcləri də ödənirdi. 
Bir Liviya vətəndaşı avtomobil almaq istəyirdisə, pulun 50%-ni hökumət ödəyirdi. 
Benzinin 1 litri 0,14 dollar idi. 
Liviyanın xarici borcu yox idi və  büdcə ehtiyatı 150 milyard dollar idi. İndi bu hesablar da dondurulub... 
Kimsə təhsilini bitirib ixtisası üzrə iş tapmırdısa, dövlət ona orta  aylıq ixtisas maaşı ödəyirdi. 
Neft gəlirlərinin bir qismi vətəndaşların bank hesablarına yatırılırdı. 
Hər uşağa görə ana 5000 dollar alırdı. 
Çörək ucuz idi... 
Təhsillilərin 25%-i doktorluq dərəcəsi ala bilmişdi. 
Qəddafi səhra ölkəsində suyun tapılması və insanların su ilə təmin olunması üçün “Böyük süni çay layihəsi”nə imza atmışdı... Və bu layihəsini “dünyanın səkkizinci möcüzəsi” sayır, gələcəkdə su savaşlarının olacağı proqnozu ilə çıxış edirdi... 
Və bütün bunlar Qəddafinin hakimiyyətdə olduğu 42 il ərzində Liviya Ərəb Respublikasında yaşananlar idi...  Amma yaxın tarixi anladan mətbuatı vərəqlədikcə, Qəddafiyə “diktator” deyənlərin çoxluğunu da görmək olar... Qəddafi diktator idimi? Bax, biz bunu, yəqin ki, heç vaxt bilə bilməyəcəyik... Bəs, onun proqnozunu verdiyi su savaşları baş verəcəkmi? Bu barədəki araşdırmam da yaxında kanalda olacaq. 

Bahadur Seyidov / Demedia.az