Pygmalion təsiri: Umacaqlarımız qarşımızdakı insana necə təsir edir?
Uşaqlarınızı, dostlarınızı, işçilərinizi, ya da müdirinizi yaxşı-yaxşı analiz eləmək, onlara təsir göstərmək istəyərsinizmi? Bizim umacaqlarımız qarşımızdakı insana necə təsir edir?
Gəlin, “ Ağıllı (Clever) Hans”ın hekayəsi ilə tanış olaq. Sonra da psixologiya tarixində ən çox sitat gətirilən və müzakirə edilən araşdırmalardan birinə göz ataq.
Bəzi insanlar ev heyvanlarının və uşaqların qeyri-adi zəkaya sahib olduqlarına, söylənilən hər şeyi anlaya bildiklərinə inanır. Bu mövzu ilə bağlı bəzi insanların inanılmaz hekayələri var. Bu cür-anormal və inanılmaz sayılacaq hekayələrdən biri 19-cu əsrin sonlarında ortaya çıxıb. Həmin vaxt bir adam iddia edirdi ki, onun atı qeyri-adi zəkaya sahibdir və bunu sübut etmək üçün əlində dəlillər var. Bu adam William Von Osten idi. O, müəllim və at təlimçisi işləyirdi. Heyvanların oxumağı və saymağı öyrənə biləcəyinə inanırdı. Bunu sübut etmək üçün Von Osten itlər və ayılar üzərində araşdırmalar apardı. Amma ilk cəhdləri uğursuzluğa düçar oldu. Amma o, bir at üzərində araşdırma aparmağa başlayanda psixologiya haqqındakı anlayışları dəyişdirdi. “Ağıllı Hans” adlı atın dırnağına toxunanda, verilən sualların 90%-nə cavab verə bilirdi. At saatı və təqvimi də anladırdı.
İnsanlar hər gün bu atı görməyə gəlirdi. Qısa zaman ərzində bu hadisə elm ictimaiyyətinin diqqətini çəkdi. Araşdırmaçılar atı tədqiq etdilər. At sahibinin yalançı olduğunu sübut etmək üçün dəlillər axtardılar, amma tapa bilmədilər. At təkcə Von Ostenin deyil, istənilən adamın suallarını cavablandırırdı. Bir müddət dünya atın, həqiqəən, “ağıllı” olduğuna inandı.
Bir gün psixoloq Oskar Pfungst “Ağıllı Hans”ı tədqiq etməyə gəldi. Bir araşdırma heyəti qurdu, bir-birinə zidd iki məqamı kəşf etdi. Gözünü qırpanda, yaxud bir pərdənin arxasında olanda at suallara cavab verə bilmirdi. Eyni zamanda, sual verən cavabı özü bilirdisə, at onun sualını cavablandırırdı. Bu müşahidələrdən sonra Pfungst “Ağıllı Hans”ın zehni hesablamalar aparmadığı qənaətinə gəldi. At danışılanları və saymağı insan məntiqi ilə anlamırdı.
Bu, o demək deyildi ki, Von Osten insanları aldadır. Yox, o, heç kimi aldatmamışdı. Bəs, nə baş vermişdi? At sualları necə cavablandırırdı? Əvvəlcə, onu deyək ki, Hans sözəbaxan at idi. Amma bizim üçün önəmli olan onun hekayəsinin psixologiya tarixindəki izidir. “Ağıllı Hans” insanların hərəkətlərini diqqətlə izləməyi, onların sözlərindən və davranışlarından ipucuları çıxarmağı öyrənmişdi. Bir adam ata sual verəndə, at poker oyunçularının həsəd aparacağı dərəcədə bir qabiliyyətlə bədən dillərini “oxuya bilirdi”. Məsələn; biri atdan nəyisə hesablamasını istəyəndə onun dırnağına toxunurdu. Doğru cavaba yaxınlaşanda sual verənin hərəkətində çəkincənlik yaranırdı. Pfungst bu nöqtəyə çatanda insanların çoxunun başlarını əydiklərini gördü. “Ağıllı Hans” insanların bu davranışını öyrənmişdi və insanlar başlarını əyəndə dayanırdı.
Sual verən gözünü qırpdığında, yaxud sualın cavabını bilməyəndə at heç bir ipucu tapammırdı. Beləcə, həmin sallara cavab verəmmirdi. Von Osten 1909-cu ildə öldü və “Ağıllı Hans” yavaş-yavaş unudulmağa başladı. Amma at təlimçisinin və atın psixologiya elminə qoyduğu miras hələ yaşayır.
Keçən illər ərzində psixoloqlar başqa insanların umacaqlarının bizə necə təsir göstərdiyini çox araşdırdılar. Əgər insanlar “Ağıllı Hans”a öz umacaqları ilə təsir edərək onun düzgün cavablar verməyini təmin edirdilərsə, insan da belə təsirə məruz qala bilirdimi? Onilliklər boyunca aparılan araşdırmaların nəticəsində qəti bir cavab ortaya qoyuldu: BƏLİ!
Self-Fulfilling Prophecy- özünü həyata keçirən öncəgörmə. Yəni, bir şeyin sırf umulduğu üçün nəticələnməsi.
UMACAQ=NƏTİCƏ
Ən geniş yayılmış adıyla Pygmalion təsiri! Bu vəziyyətin detallarını açıqlamadan öncə terminin hardan yarandığı haqqında məlumat alaq.
Pygmalion adı qarşımıza mifologiyada çıxır. Pygmalion adlı bir heykəltaraş bir gün xəyalındakı qadının heykəlini yonmağa qərar verir. Dərin səbirlə və fədakarlıqla fil dişindən hazırlanan heykəl bitir. O qədər gözəl olur ki, heç bir qadının bu qədər gözəl ola bilməyəcəyi rəvayət edilir. Pygmalion get-gedə düzəltdiyi heykələ aşiq olduğunun fərqinə varır. Heykəl cansız olduğu üçün sonsuz eşq kədəri yaşayır. Qurbanlar deyir, niyyətlər tutur. Əfsanəyə görə, Afrodita Pygmalionun verdiyi nəzirləri qəbul edir, onun diləyini gerçəkləşdirir və heykəl canlanır. Beləcə, heykəltaraş xəyallarının qadını ilə evlənir və ömür boyu xoşbəxt yaşayırlar. Bu mifoloji rəvayətdən adını götürən “Pygmalion təsiri”, yaxud “özünü həyata keçirən öncəgörmə” insanın umacaqlarına uyğun davranmasına deyilir. Bu təsir, əslində, bizə nəyi çox istəsək, nəyi umsaq, onun reallaşma ehtimalının o qədər yüksək olduğunu anladır.
Ətrafımızdakı insanların necə olmaları və necə davranmaları haqqındakı umacaqlarımız onlara təsir edir. Yeni tanış olduğumuz insanlarla davranma şəklimiz onların soyuqqanlı, yaxud səmimi olacaqlarına dair umacaqlarımıza əsaslanır. Adətən, səmimiyyətinə inanmadığımız insanlara umacaqlarımız sayəsində məsafəli davranırıq. Nəticə etibarilə, onlar da bizim soyuqqanlılığımızdan inciyir, bizə də elə bu cür qarşılıq verirlər. Beləcə, onlarla bağlı umacaqlarımız onların davranışını istiqamətləndirir. (Madran, 2004)
İş yerində özünə hörmət edilmədiyini düşünən insan iş yoldaşlarının daim onun haqqında pis fikirləşdiklərini ehtimal edir, şübhəylə yanaşır. Bu düşüncələrin davranışında əks olunmamasına çalışsa da, ətrafa mənfi enerji yayır. Beləcə, insanlar da təsirlənir və ona qarşı məsafəli davranırlar. Başqa bir misal çəkək. Bir sağlam insana: “Sən şizofrenik xəstəsən, ömür boyu sağala bilməyəcəksən.”-desəniz, o, həyatının sonuna qədər şizofrenlər kimi davranacaq.
Merton`un araşdırmalarından sonra Rosenthal və Jacobson 1968-ci ildə Pygmalion təsirini sinif şəraitində tətbiq ediblər. Araşdırmanın adı “Sinifdəki Pygmalion” idi. Bu maraqlı araşdırmada tədqiqat obyekti şagirdlər olub. Şagirdlərə qabiliyyət testləri verilir. Məqsəd şagirdlərin və müəllimlərin umacaqlarını müşahidə etmək idi. Müəllimlərə şagirdlərin 20%-nin cavabları verilir. Amma bu, şagirdlərin qabiliyyət göstəricisinin tam inikası deyildi. Tamamilə təsadüfi seçimlər edilib. Amma bu seçim müəllimlərə açıqlanmayıb. Yəni, müəllimlər, əslində, əvvəlcədən zəkalı hesab etmədikləri uşaqların yüksək İQ-ülü uşaqlar olduğunu zənn ediblər.
Bir müddət sonra araşdırma təkrarlanıb, uşaqlara təkrar test paylanıb. Araşdırmanın sonunda maraqlı bir şey ortaya çıxıb. Müəllimlərin əvvəllər zəkalı saymadıqları uşaqlar indi irəliləmə göstəriblər. Rosenthal və Jacobson`un fikrincə, bu, müəllimlərin beyinlərində yaranan umacaqdan qaynaqlanmışdı. Bəzi uşaqların üstün zəkaya malik olduğu iddia edilirdi, əslində isə, onlar da adi uşaqlar idi. Sadəcə, müəllimlərin daim onlardan yüksək gözləntiləri olduğundan, onlar digərlərindən fərqlənirdi.
Rosenthal`ın qənaətləri bunlar idi:
Müəllimlər daha yaxşı nəticələr göstərən şagirdlərə qarşı daim mehriban davranıb, onları tərifləyib. Üz ifadələri, səs tonu ilə onlara müəyyən mesajlar ötürüb. Səhvləri olduqda, onlara qarşı daha bağışlayıcı tərzdə davranıb. Və bütün bunları şüurlu şəkildə deyil, instinktiv eliyir. Şagirdlər də onlara istiqamətlənmiş duyğuları qəbul edir və ona qarşılıq verirlər. Yəni, müəllimlər dedikləri ilə, davranışları ilə həmin şagirdlərə onlardan nə gözlədiklərini “xəbər verirlər”.
Bu araşdırmada müəllimlərin şagirdlərlə keçirdiyi vaxtda heç bir dəyişiklik eidlməyib. Amma umacaqların istiqaməti dəyişdirilib. Əldə edilən nəticələr umacaq-performans əlaqəsini müəyyən edir. Bir uşağa gələcəkdə uğurlu insan olacağına əmin olduğunuzu desəniz, o, daim buna cəhd edəcək. Cəhdlər də uğurun əldə edilməsi ehtimalını artırır. Başqa sözlə, Pygmalion təsiri reallaşır.
İş yerinizdə də Pygmalion təsirini həyata keçirə bilərsiniz. Misal üçün; müdirlər iş potensialını yüksək hesab etdikləri işçiyə, istər-istəməz, çox iş tapşırırlar. Yəni, ondan umacaqları yüksəkdir. Sonra da başlayırlar öz zehinlərindəki umacaqlarla həmin işçini motivasiya etməyə. Xətalarını gördükdə, asanlıqla: “Eybi yoxdur...”-deyə bilirlər. Bu da işçinin məhsuldarlığını artırır və o, qeyri-ixtiyari olaraq, daha yaxşı işləməyə çalışır.
Bunun əksinə, umacaqlar aşağı olduqda, həmin işçidən yüksək nəticələr gözləməyə dəyməz. Necə deyərlər, olan-qalan hünəri də yox olacaq.
Gördüyünüz kimi, umacağınızla, gözlədiklərinizlə həyat oxunun istiqamətini dəyişə bilərsiniz. Umacaqlarımızın qarşımızdakı insanın davranışına təsir edəcəyini unutmamalıyıq. Bu, inkaredilməz bir həqiqətdir. Ancaq burda da balansı qorumaq lazımdır. Bir insandan bacardığından artığını ummaq olmaz. Bu, əks təsir göstərə bilər. Həmin adamı stressə düşürə bilərsiniz. Həyatın hər guşəsində olduğu kimi, burda da nizamlı olmaq lazımdır.
Bəs, Pygmalion təsiri özümüzə də yönələ bilərmi? Bəli. Fərq etməz; özümüz, yaxud başqası: inandığımız, umduğumuz nə varsa, davranışlarımıza və həyat tərzimizə təsir edir. Henry Ford`un dediyi kimi: “İstər edə biləcəyinizi, istərsə də edə bilməyəcəyinizi düşünün. Hər iki halda da haqlısınız.”
Bahadur Seyidov / Demedia.az