Putin Paşinyanı hədəf taxtasına qoydu - Şahin Cəfərli



 14:31 28.10.2022     598

Əvvəla, onun dediklərindən anlayırıq ki, həqiqətən də Azərbaycan-Ermənistan sülh müqaviləsi ilə bağlı ABŞ tərəfindən təklif olunan (Avropa Birliyi tərəfindən də dəstəklənən) "Vaşinqton variantı" mövcud imiş. Putin bildirib ki, "Vaşinqton variantı" Qarabağ üzərində Azərbaycanın suverenliyini nəzərdə tutur. Onun "əgər Ermənistan da belə düşünürsə, buyursunlar, biz erməni xalqının istənilən seçiminə dəstək verəcəyik", - sözlərində narazı ton açıq hiss olunur. Aydındır ki, Rusiya Qərbin təklif etdiyi sülh anlaşmasına dəstək verməz. Həmin cümlənin bəsit dilə tərcüməsi budur ki, əgər siz - ermənilər bütün Qarabağ üzərində Azərbaycanın hakimiyyətinə razısınızsa, onda özünüz bilərsiniz, qərar sizindir, bu halda Moskvadan bir şey gözləməyin. Yəni "günah bizdən getdi..."

Demedia.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib.

Onun sözlərinə görə, Rusiyanın mövqeyi isə belədir ki, Qarabağın "özünəməxsus xüsusiyyətləri" var və sülh müqaviləsində bu xüsusiyyətlər əksini tapmalıdır:

"Putin Azərbaycanın maraqlarını nəzərə aldıqlarını, lakin əhəmiyyətli dərəcədə məhz müttəfiq Ermənistanın nə təklif edəcəyinə diqqət edəcəklərini söyləməklə Paşinyanı hədəf taxtasına qoyur. O, erməni xalqına mesaj verir ki, əgər ortaya sizi qane etməyən sülh variantı çıxacaqsa, bunun günahkarı Paşinyan olacaq, ondan hesab sorun, biz Rusiya olaraq sizə dəstək verməyə hazır idik.

İndi böyük ehtimalla Ermənistan müxalifəti Putinin sözlərinə istinad edərək Paşinyanı Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin tanınmasını (və təbii ki, ərazi iddialarından rəsmən imtina olunmasını) ehtiva edən sülh müqaviləsinə imza atmaqdan çəkindirmək üçün ona basqı quracaq. Putinin mövqeyi fərqli alternativin də mümkünlüyü ilə bağlı ermənilərdə ümid yaradır. Bu, şübhəsiz ki, Paşinyanın işini çətinləşdirəcək.

Şübhə yoxdur ki, "Vaşinqton variantı"nda Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı müddəlar da var, bunsuz zatən sülh müqaviləsi olmaz. Muxtariyyət statusu Azərbaycan üçün qəbulolunmazdır, amma yerli hakimiyyət orqanları çərçivəsində özünüidarəetmə modelinə (təbii ki, bütün ölkə miqyasında) və Qarabağ erməniləri üçün müvəqqəti beynəlxalq təhlükəsizlik təminatlarına razılaşmaq olar".

Xəyalə Məmmədova / Demedia.az