Tolstoyla bağlı MARAQLI FAKTLAR - 82 yaşında evini tərk edir...



 22:32 31.10.2022     1380

Tolstoyun müsəlman olduğuna dair ehtimallar var. Amma yenə də, həqiqət bir olan Allaha agahdır. Məşhur rus yazıçı Tolstoyun Məhəmməd  peyğəmbərin hədislərini təfsir etdiyi  məqaləsinin olduğu ortaya çıxdı. Tolstoyun bu əsərinin  rus xalqında islama maraq oyandırmaması  üçün kommunizm dövründə gizlədildiyi bildirildi. 

“Məhəmməd hər zaman Vəhyçilərin (xristianların) önünə keçir. O, insanı Allah saymır və özünü də Allah ilə eyniləşdirmir. Müsəlmanların Allahdan başqa ilahı yoxdur və Məhəmməd Onun peyğəmbəridir. Burada heç bir müəmma və sirr yoxdur”.

Bu sözlər Tolstoyun həmin məqaləsindəndir. 

Tolstoy bu məqaləsini 1909-cu ildə nəşr etdirdi. Amma kitabça rusları təsir dairəsinə salmasın deyə, dövlət tərəfindən aparılan siyasət nəticəsində diqqətdən kənarda qaldı. Sovetin dağılması ilə əsərin yenidən nəşr olunması bir oldu; kitabça 1990-cı ildə yenidən rus dilində çap  edildi. Tolstoyu bu kitabçanı yazmağa yönəldən hadisə isə 1908-ci ildə baş verib. Həmin il hindistanlı alim Abdullah Əl Sührəvərdinin “Həzrəti Məhəmmədin hədisləri” adlı kitabını oxuyan Tolstoy çox təsirlənir.  Seçdiyi hədisləri bir yerə qeyd edir. Daha çox Allaha inam, kasıblıq, bərabərlik, ölüm və  əməlisaleh insan olmaq kimi mövzuları əhatə edən hədisləri seçmişdi. Tolstoyun seçdiyi hədislərdən bəziləri bunlardır: 
“Həqiqət insanlar üçün nə qədər acı olsa da, həqiqəti söyləyin.”
“Heç kim qəzəbini udmaqdan daha gözəl bir içki içməyib.”
“İşçinin haqqını alnının təri qurumadan verin.”
“Sizdən biriniz özü üçün arzu edib istədiyi şeyi din qardaşı üçün də arzu edib istəmədikcə həqiqi imana sahib olmaz..”.

“Məhəmməd peyğəmbər” məqaləsini Karakutu Yayınları üçün türkcəyə tərcümə edən Arif Arslan Toltoyun Tatarıstanda fəaliyyət göstərən nəqşibəndi təriqətinə mənsub dərvişlərlə görüşdüyünü deyir. O, həmçinin, bu məlumatı təsdiqləyən sənədlərin Tatar ədəbiyyatı tarixi ilə bağlı kitablarda yer aldığını söyləyir. Həmin məlumat belədir: 1860-cı illərdə Tatarıstanda çox qəribə bir sufi təşkilatı meydana gəlir. Banisi Bahauddin Vaisov nəqşibəndi təriqətinə mənsub idi. Bahauddin Vaisov Tolstoy ilə fikir mübadiləsi aparıb və ona təriqət hqqında ətraflı məlumat verib. Tolstoy da öz məktublarında onların dünyagörüşlərini dəstəklədiyini yazır. Bu yazışmalarda Tolstoyun özünün tərcümə etdiyi hədislərdən də misal çəkilir. Tolstoy ərəbcə bilmirdi, buna görə də, ehtimal edilir ki, o, islamla ilk dəfə rus missonerlər vasitəsilə tanış olub. 

Tolstoyun müsəlman kimi dəfn edilməsi iddiası 

“Məhəmməd peyğəmbər” kitabçasını ruscadan dilimizə  çevirən professor Telman Xurşud oğlu Əliyev kitabda  ərəblə evlənərək islamı qəbul etmiş Valeriya Poroxova  adlı bir rus qadınının xatirələrinə də yer verib. 11 il  əriylə Səudiyyə Ərəbistanında yaşayan Poroxova “Quran”ı rus dilinə tərcümə edib. Poroxova məşhur yazıçı Tolstoyun  ömrünün son illərində islamı qəbul etdiyini və müsəlman kimi dəfn olunmasını vəsiyyət etdiyini iddia edir. Tolstoyun islam  qaydalarına uyğun dəfn edildiyini iddia  edən Poroxova yazıçının məzar daşında xristianlığın simvolu sayılan xaçın olmamasını da deyir. 

Professor Telman Əliyev qeyd edir ki, SSRİ hökuməti uzun illər bu faktı gizləməyə çalışıb.  Ehtimal budur ki, Tolstoyun müsəlman olmasını öyrənən rus xalqı islama yönəlməsin deyə SSRİ rəhbərliyi bu addımı atıb. 

Professor Telman Əliyev kitabda  milliyətcə rus olan  Yelena Vəkilovanın Tolstoy ilə  oğulları barəsində məktublaşmasına da yer ayırıb. Azərbaycanlı general İbrahim Ağa ilə evli olan Yelena Vəkilova biri universitetdə, digəri də hərbi məktəbdə oxuyan iki oğlunun atalarının dininə-islama meyl etdiyini görür. Tolstoya məktub yazaraq bu vəziyyətdə nə edə biləcəyi barədə ondan məsləhət istəyir. Tolstoy ona bu cavabı yazır: “Məhəmmədin dininə xristianlıqdan daha çox önəm vermələrinə gəlincə, mən bütün qəlbimlə bunu dəstəkləyirəm. Bunu söyləmək nə qədər qəribə görünsə də, mənim üçün Məhəmmədin dini xaça tapınmaqdan müqayisə edilməyəcək qədər üstündür.” Məktubun davamında Tolstoy bu cümlələri də yazır: “Əgər insan seçmək haqqına sahib olsaydı, ağlı başında olan hər bir xristian və hər bir insan şübhə  və tərəddüd etmədən Məhəmmədin dinini, tək Allahı və Onun peyğəmbərini qəbul edərdi.”

1828-ci ildə anadan olan Tolstoy, əvvəlcə, anasını,  sonra da atasını itirir. 9 yaşından etibarən bibisinin nəzarətində böyüyür. Zadəgan və varlı bir ailənin uşağı olan Tolstoy uşaq ikən fransız və alman dillərini də öyrənir. 1844-cü ildə Kazan Universitetində Şərq dilləri üzrə təhsil almağa başlayır. Amma yaşadığı meşşan həyatına olan düşkünlüyü səbəbilə təhsilini yarımçıq qoyur.  19 yaşında ailəsindən qalan mirasın sahibi olur. 1851-ci ildə Qafqazda hərbi təlimlərə qatılır. 2 il sonra Osmanlıya qarşı savaşda cəbhəyə yollanır. 1856-cı ildən ordudan ayrılır. Uşaqlıq xatirələrini yazdığı “Uşaqlıq” adlı əsərini 1851-ci ildə yazmağa başlamışdı. Qafqaz xalqlarının həyatından bəhs edən “Hacı Murad” və “Kazaklar” romanlarını 1852-ci ildə, Krım müharibəsindən bəhs edən “Sevastopol  hekayələri”ni 1855-ci ildə nəşr etdirib. Bunun ardınca Fransa, İngiltərə və Belçikaya səyahətə çıxdı. 1862-ci ildə evləndi. Bir il sonra “Hərb və sülh”ü yazmağa başladı. Tolstoy bu əsəri 6 ildə yazıb; 1869-cu ildə tamamlayıb. 1873-cü ildə “Anna Karenina”nı qələmə almağa başlayır və bu romanını da 3 ilə bitirir. “Diriliş”i 1899-cu ildə bitirib. 1870-1899-cu illər ərzində “Din nədir?”, “Ölüm manifesti”, “Üç ölüm” kimi insan, Yaradan, ölüm mövzulu hekayə və romanlarını yazıb. 

Tolstoy 82 yaşında uşaqlığından bəri yaşadığı Yasnaya-Polyanadakı evini tərk edir. Səbəb isə onun arvadı ilə yola getməməsi idi. 20  noyabr 1910-cu ildə Odessa-İstanbul yolu ilə Bolqarıstana getməyə çalışarkən sətəlcəm olur və Astapovodakı kiçik bir qatar stansiyasında gözlərini yumur. Vəsiyyətinə əsasən,  Yasnaya-Polyanadakı ərazisinin sakit  və kölgəli bir yerində dəfn edilir. 

Bahadur Seyidov / Demedia.az