Bu şəxslərə soğan yemək olmaz - Araşdırma



 21:34 01.11.2022     1080

Bu gün sizə soğanın faydalarından və ziyanlarından danışacağam. Həmçinin, siz onu da biləcəksiniz ki, hansı soğan ziyansızdır. 

Müasir dövrümüzdə, demək olar ki, hər bir insan sağlamlığını qorumaq haqqında düşünür və sağlam qidalanmağa çalışır. Amma onlar fərqinə varmır ki, bəzi meyvə və tərəvəzlərin düzgün qəbul edilməməsi fayda yox, ziyan verə bilər.  Bu cür –həm xeyirli, həm də ziyanlı tərəvəzlərdən biri soğandır. Müqayisə etsək, təbii ki, soğanın faydası ziyanından çoxdur.  Amma  elə xəstəliklər var ki, onların mövcudluğunda soğan yemək qadağandır. 

Soğanın faydalılığı tərkibində bol miqdarda vitamin və mikroelementlərin olmasındadır. Məsələn; dəmir, kükürd, flüor (ftor), kalisum və flavanoidlər soğanı faydalı qidalar siyahısına daxil edir. 

Hələ 6000 il əvvəl insanlar bu tərəvəzi tanıyırdılar. Qədim Yunanıstanda soğan dərman bitkisi kimi istifadə edilirdi. Romada döyüşçülər hər gün soğan yeyirdilər. Belə düşünürdülər ki, o, qorxmazlıq və güc verir. Amma getdikcə insanlar soğanın müdriklik və gümrahlıq mənbəyi olduğu qənaətinə gəldilər və onu gündəlik qida rasionuna əlavə etdilər. 

Qədimdə olimpiadalarda iştirak edən idmançılar uzunmüddətli məşqlərə sinə gərməyin yolunu soğan yeməkdə görürdülər. Düzdü, müasir dövrümüzdə soğan sırf bu məqsədlərlə istifadə edilmir. Amma o, hər bir mətbəxin yaraşığıdır. Soğansız keyfiyyətli yemək hazırlamaq mümkün deyil. Bundan əlavə, soğanı həm dərman bitkisi, həm də kosmetoloji vasitə saymaq olar. 
Soğanın faydaları bunlardır: 

-Ürək və qan-damar sisteminin sağlamlığını qoruyur; Tərkibindəki antioksidantlar ürək divarındakı soyuqdəyməni aradan qaldırır. Soğan atresklerozun irəliləməsinin qarşısını alır, pis xolesterolun səviyyəsini yüksəlməyə qoymur, qan təzyiqini  stabilləşdirir. Mütəxəssislərin fikrincə, gün ərzində 40-50 qr soğan yemək pis xolesterolun və trigliseridin səviyyəsini aşağı salır. Damarlarda soyuqdəymə səbəbilə baş verən iltihablanmanı yox edir, beləcə, tromblaşmanın qarşısını alır. İnsultun, infarktın və arteriyada yarana biləcək ən təhlükəli trombların risk faizini minimuma endirir. Alman alimləri müəyyən edib ki, hər gün bu möcüzəvi tərəvəzi yemək arterial təzyiqi 7% aşağı salır.  Amma bir şeyi vurğulamaq istəyirəm ki, əgər ürək və qan-damar sisteminizdə problem varsa, soğan təkbaşına o problemin öhdəsindən gəlməyə bilər. Odur ki, həkimə müaciət edin və  soğanla yanaşı müəyyən edilmiş dərmanlardan da istifadə edin. 
-Qrip, soyuqdəymə, rinit zamanı ən yaxın köməkçidir; Uşaqlığımızın resepti: tutulan buruna soğan iylədilməsi. Soğan qoxusu nəfəs yollarını açır, soyuqdəymədən əmələ gələn virus və bakteriyaları yox edir. Məsləhətdir ki, soyuqdəymənin və burun tutulmasının ilk etapında təzə soğan götürün, doğrayın, onun qoxusunu gah burundan, gah da ağızdan içinizə çəkin.  Narahatlığınız, təxminən, 20 dəqiqəyə yox olacaq. Bu proseduru gün ərzində 3-4 dəfə təkrarlasanız, daha yaxşı olar. 
-Böyrək xəstəliklərinin müalicəsində effektivdir;  Soğan, xüsusilə,  kəskin və xroniki pielonefrit, aşağı sidik  yollarının iltihabi xəstəlikləri (sistit) və uretrit zamanı faydalıdır. Resept sadədir: 3 çay qaşığı soğan qabığı götürün. 400 ml suda, təqribən, 1 dəqiqə qaynadın. Sonra ağzı bağlı qabda 30 dəq soyumağa qoyun. İlıq halda gündə 3-4 dəfə, hər dəfə də  yarım stəkan içə bilərsiniz. 
-Boğaz ağrısını kəsir; Angina və soyuqdəymə əleyhinə ən yaxşı vasitələrdən biri bal qarşdırılmış soğan şirəsidir. Gündə 4 dəfə, hər dəfə də 5 ml həcmində dərman vasitəsi kimi qəbul edilməlidir. Ballı soğan suyu soyuqdəyməni aradan qaldırır, boğazdakı ağrı və qıcıqlanmaları yox edir və antimikrobial effekt göstərir. Qeyd edim ki, “başımda, elə bil, damarlarım atır” dediyiniz vəziyyətdə də, gündə 3 dəfə, hər dəfə də 1 xörək qaşığı ballı soğan şirəsi içə bilərsiniz.  
- Soğan ayaqlardakı spazmlar zamanı da köməyə çatır; Bir ovuc soğan qabığını blenderdən keçirin, 1 çay qaşığı götürüb suya qatın. 10-15 dəqiqə  dibinə çökməsini gözləyin. bu qarışımı yatmazdan qabaq için. 
-Dırnaqlardakı göbələkləri yox edir; Belə hallarda ayağınızı hər gün soğan qabığı ilə vanna etməlisiniz. Yenə soğan qabığını  suda qaynadın, həmin suda ayaqlarınızı, ən azı, 20-30 dəqiqə saxlayın. 
-Bişmiş soğan öskürəyə qarşı; Bronxitə qalib gələn ən güclü vasitələrdəndir. Soğanı hətta mədəsində soyuqdəymə olan insanlar da qəbul edə bilər.  Şərab şüşəsini doğranmış soğan ilə doldurun. Tıxacla ağzını bərk-bərk bağlayın. Üstünə xəmir yaxın və sobanın içinə qoyun. Qırmızı rəng alana qədər orda saxlayın. Sonra çıxarın və soyumasını gözləyin. Gündə 4 dəfə, 2 xörək qaşığı olmaqla, yeməkdən sonra qəbul edin. 
-Xərçəngin əmələ gəlməsinin qarşısını alır; Hər gün soğan qəbul edən insanların, xüsusilə də, mədə və bağırsaq xərçənginə tutulma riski azalır. ABŞ alimləri müəyyən ediblər ki,  mütəmadi olaraq, soğan yemək mədə xərçəngi riskini 22%,  bağırsaq xərçəngi riskini isə 15% aşağı salır.  Onkoloji xəstəliklərin müalicəsi zamanı da mikroelementlər və antioksidantlarla zəngin olan soğan faydalıdır. Soğanın tərkibindəki maddələr bədxassəli şişin böyüməsini əngəlləyir. 
-Qanda şəkərin miqdarını aşağı salır; Gün ərzində 100 qram bu möcüzəvi tərəvəzdən qəbul etmək  növbəti 4 saat ərzində qanda şəkərin səviyyəsini aşağı salır. Yəni, soğan şəkərli diabet zamanı da orqanizmin dostuna çevrilir. Bu, heyvanlar üzərində aparılan bir təcrübə zamanı alimlər tərəfindən təsdiqlənib. Soğan piylənmənin də qarşısını alır. Və piylənmənin II tip şəkərli diabetin əsas səbəblərindən biri olduğu artıq sirr deyil. 
-Sümükləri möhkəmlədir; Çin alimləri sübut edib ki, hər gün 100 ml soğan suyu qəbul etmək sümüklərdəki mineralları zənginləşdirir. Xüsusilə, qadınlarda daha çox rast gəlinən osteoparoz zamanı soğan suyu müalicəvidir. Qadınlarda 50 yaşdan sonra menopauza başlayır. Bu da osteoparozun əmələ gəlməsini sürətləndirir. ABŞ alimlərinin fikrincə, gündəlik soğan yemək sümükdəki mineralların 5% zənginləşməsi deməkdir.  Soğan yemək sümüklərdəki qırılmaları 20% azaldır. 
-Kişilərin sağlamlığının keşiyindədir; Soğan sonsuzluqla mübarizədə effektivdir və  spermatozoidlərin aktivliyini artırır. İddia etmək olmaz ki, soğan təkbaşına  sonsuzluğa son qoymağa qadirdir. Amma o, alınan müalicə ilə paralal olaraq qəbul edilsə, nəticəyə tez çatmaq olar. Soğan prostat xəstəliklərinin əmələ gəlməsinə mane olur. Əgər xəstəlik varsa, müalicəsində effektivdir. Xüsusilə, 40 yaşından sonra kişilər soğanı daha tez-tez yeməlidir. Gündəlik yeyilən soğan orqanizmi toksinlərdən təmizləyir, damarların elastikliyini artırır, sidik yollarını təmizləyir. 
-Qadın orqanizminin qoruyucusudur; Tərkibindəki B qrupu vitaminləri, xüsusilə, fol turşusu ilə soğan qadınlarda hormon balansını dəstəkləyir. Süd vəzi  xərçənginin profilaktikasında önəmlidir. Metabolizmanı sürətləndirir. Aybaşı vaxtı ağrıları azaldır. C qrupu vitaminləri dərini təravətləndirir, saç və dırnaqların bərpasına kömək edir. 

Soğanın ziyanları və əks təsirləri. 

-Ağızdan gələn pis qoxu; Soğan yeməyin yan təsiri özünü pis qoxu şəklində büruzə verir. Bunun qarşısını almaq üçün soğandan sonra cəfəri, yaxud qoz ləpəsi yeyin. 
-Mədə-bağırsaqda pozğunluqlar; Bir qayda olaraq, soğanı normadan artıq yedikdə, xroniki qastriti, yaxud pankreatiti olan insanlarda mədə-bağırsaq sistemində pozğunluqlar baş verir. Aritmiya yaradır. Xroniki ürək çatışmazlığı zamanı yaxud ürəyin işemik xəstəliyi zamanı soğan qəbulunun azaldılması məsləhət görülür. Soğan damarları təmizləyir və qan dövranını sürətləndirir, bu da ürəyin işemik xəstəliyi zamanı ziyandır. Hamilə qalmaq üçün də soğan köməyə çatır. Dediyimiz kimi, soğan fol turşusu ilə zəngindir, bu da dölün inkişafı üçün vacibdir. Tərkibindəki B9 vitamini dölün sinir sisteminin düzgün formalaşmasında faydalıdır. C vitamini körpənin immunitetini möhkəmlədir. Hamilələrə və gənc analara məsləhət görülür ki, gündə, ən azı, yarım soğan yesinlər. 

Necə eləmək olar ki, soğanın heç bir ziyanını görməyək? Düzgün istifadə edilərsə, hər şey faydalıdır. Gündə 150 qram soğan yeməklə orqanizmin A və C vitamininə olan ehtiyacını ödəyə bilərsiniz. Kalium, selen, maqnium, kalisum, fosfor ehtyaclarını da soğanla ödəmək mümkündür. 

Bahadur Seyidov / Demedia.az