Moskva təşəbbüsü yenidən ələ alır - Soçi görüşünün nəticəsi



 11:32 01.11.2022     661

Soçi görüşünün yekun bəyanatını üç istiqamətdə dəyərləndirmək olar.

Demedia.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.

O bildirib ki, birincisi, Rusiyanın əldə etdiyi nəticədir:

"Moskva təşəbbüsü yenidən ələ alır;

- Sülh sazişinin imzalanmasına hazırlıq prosesində özünə yer edir;

- Həm iki ölkənin ictimaiyyəti, həm parlamentləri arasında, o cümlədən, humanitar məsələlərdə vasitəçilik etməklə rolunu gücləndirir;

- Vasitəçilik etdiyi 10 noyabr, 11 yanvar və 26 noyabr üçtərəfli bəyanatlarının icrasını bir daha aktuallaşdırır;

- Və bölgədə Qərbin önünə keçmək addımı atır;

İkincisi, Azərbaycanın əldə etdiyi nəticədir: Bakının gündəliyi aktuallığını qoruyur;

- Bəyanatda Qarabağ və “status”a dair heç bir ifadənin yer almaması ilə bunun daxili məsələsi olduğunu bir daha qəbul etdirir: bu, xüsusilə Xankəndidəki mitinq və separatçıların gözləntiləri fonunda daha çox əhəmiyyət qazanır;

- Görüşdən öncə Paşinyanın Azərbaycanın qəbul etmədiyi “15 bəndlik rus planı”nı masaya gətirmək cəhdlərinin qarşısını alır, beləliklə, sülh müqaviləsi ilə bağlı özünün təqdim etdiyi 5 bəndlik prinsipinin fundamentallığını qoruyur;

- Üçtərəfli razılaşmaların icrası məsələsini bir daha aktuallaşdırır: bu, erməni qoşunların Azərbaycan ərazisindən tam çıxarılması, o cümlədən, Naxçıvana “maneəsiz keçid”in (Zəngəzur dəhlizi) verilməsi öhdəliyinin yerinə yetirilməsinin arxa plana keçmədiyi deməkdir;

- Ərazi bütövlüyü və sərhədlərin qarşılıqlı tanınması ilə Qərbdə qəbul edilən mövqeyini Rusiya masasında bir daha təsdiq edir;

Üçüncüsü, Ermənistanın əldə etdiyi nəticə, daha doğrusu, İrəvanın görüşdən qazancsız qayıtmasıdır, xüsusilə Paşinyanın prosesləri Bakının əleyhinə çevirmək gedişlərinin işə yaramaması fonunda.

Sənəddə Praqa bəyanatında əksini tapan məqamın - “bütün problemli məsələlər BMT Nizamnaməsi və Alma-Atı bəyannaməsinə uyğun həll etmək” qeydinin təkrar vurğulanması diqqət çəkir. Və Ermənistan Alma-Atı bəyannaməsinin üzərində “iki ölkə ərazi bütövlüyünü 1991-ci ildə qarşılıqlı tanıyıb” iddiasını davam etdirmək, “sərhədi SSRİ dağılanda mövcud inzibati xətlərlə müəyyən etmək”, “Qarabağı hüquqi məsələ” kimi saxlamaq məqsədilə dayanır, hərçənd, BMT Nizamnaməsinin - ərazi bütövlüyünün ön planda olması, eləcə də “Alma-Atı bəyannaməsinin formal xarakter daşıması” bunu sual altına salır. Bu məqamın qeyd olunması Paşinyanı “nəticəsiz yola salmamaq” məqsədi də daşıya bilər.

Lakin “BMT Nizamnaməsi və Alma-Atı bəyannaməsi” qeydi ilə Bakı ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin önə çıxarılması, Brüssel formatının alternativ kimi qalması və sülh müqaviləsinə beynəlxalq zəmanətin əldə edilməsi hədəfinə də oynayır;

Bəynatın yekun nəticəsi Azərbaycanın maraqlarına uyğundur, xüsusilə ərazi bütövlüyünün tanınması və Qarabağ məsələsinin arxa plana keçirilməsi baxımından".

Xəyalə Məmmədova / Demedia.az