Dümdüz mədə üçün bu 10 qidadan UZAQ DURUN!
Hamımız dümdüz mədəyə sahib olmaq istəyirik, amma yağlar bu arzumuzu gözümüzdə qoyur.
Əgər pəhriz prosedurlarından keçəndən sonra da yağlı mədəniz yerində qalırsa, günahkar bu 10 qidadır.
Alkoqollu içkilər. Bəzi alkoqollu içkilər əsl kalori mənbəyidir. Bu içkilər, həmçinin, iştahı açır və doymaq hissi ilə bağlı beyini aldada bilir. Əlinizə aldığınız hər pivə şüşəsinin yanında atışdırmalıqlar, çərəzlər də olur, düzdürmü? Razıyam, bəzən elə yığıncaqlar olur ki, içməmək üçün şans qalmır. Bu vaxt da çarə var: yalnız şərab və yanında heç bir çərəz olmadan pivə içə bilərsiniz. Kokteyllərdən isə uzaq durmağınız məsləhətdir. Təsəvvür edin, 100 ml kokteyldə 7 çay qaşığı şəkər var. Bu da o deməkdir ki, kokteyl içərkən metabolizmanın sürəti azalır. Digər deyimlə, kalorilər daha ləng yanır. Ona görə də, kokteyl içməzdən əvvəl 2 dəfə düşünün və özünüzə sual verin: “Bu kokteyli içmək mənə lazımdır?”
Qazlı içkilər. Bilirəm, qazlı içkilərdən birdəfəyə üz döndərmək asan deyil. Amma siz yağlı mədədən xilas olmaq istəyirsinizsə, iradəniz qazlı içki vərdişinə qalib gələ bilər. Hətta dietik kolalar belə sizin metabolizmanızı yavaşladır. Bir qutu qazlı içki 150 kaloriyə malikdir. Hər dəfə siz dəmir qutudakı qazlı içkilərdən birini içəndə orqanizmə xeyli miqdarda karbon qazı da daxil olur. Bəi, bəli! Yoxsa bilmirsiniz qazlı sudakı qaz hardan gəlir? Nə isə...Əgər videoya bura qədər baxıb, məhz indi özünüzə: “Bundan sonra yalnız şirə içəcəyəm!”-cümləsi ilə təsəlli verirsinizsə, yenə yanılırsınız. Qablaşdırılmış şirələrin əksəriyyətinin tərkibində heç bir faydalı birləşmə və ya vitamin yoxdur. Amma onlar qarğıdalı siropu və şəkər baxımından çox zəngindirlər. “Qazlı içkinin əvəzində nə içmək olar?” sualı ətrafında çox düşünməyə gərək yoxdur: adi su və ya şəkərsiz, amma limonlu soyuq çay qazlı içkilərin yerini doldurmaqda sizin köməyinizə çatacaq. Beləcə, sizin orqanizminiz lazımsız kalorilərdən azad olacaq.
Saqqız. Siz saqqız çeynəyəndə beyniniz və mədəniz siqnal alır ki: “İndicə yemək gələcək!” Mədəniz şirə ifraz etməyə başlayır ki, bunun ardınca da siz aclıq hiss edirsiniz. Amma ən pisi bu deyil. Ohayo Universitetinin alimləri müəyyən edib ki, saqqız təkcə əlavə yeməyə məcbur etmir; həmçinin, yediyinin şirin olmasını tələb edir. Saqqıza əlavə edilən kimyəvi dadlandırıcılar ağız dadını da dəyişməyə qadirdir.
Natrium ilə zəngin olan qidalar. Yağlı mədənin səbəbi təkcə şəkər deyil. Dümdüz mədə üçün duzlu yeməklərlə də ehtiyatlı olmaq lazımdır. Xüsusilə, yüksək təzyiqdən əziyyət çəkənlər duzu ölçülü şəkildə qəbul etməlidirlər. Duz orqanizmdə susuzluq yaradır, eyni zamanda, mədə şirəsindəki turşuluğu artırır. Gün ərzində 1500 milliqram duz qəbul edilməsi gərəklidir, amma araşdırmalar göstərir ki, çağdaşlarımız bu miqdarı xeyli artırıblar. Belə ki, mütəxəssislərin müşahidələrinə əsasən, yetkin insanların çoxu gün ərzində 3400 milliqram duz qəbul edir. Söhbət duz qabındakı duzdan yeməyinizə əlavə etdiyiniz miqdardan getmir. Unutmayın ki, gün ərzində yediyiniz əksər qida məhsullarının tərkibində duz var.
Fast-foodlar. Hamımız bilirik ki, ayaqüstü yeməklər kalori ilə zəngindir və sağlamlığımız üçün təhlükə yaradır. Di gəl, o ləziz dadları unutmaq qeyri-mümkündür. Dümdüz mədəyə sahib olmaq arzusu isə belə demir. Bəzi ölkələrdə fast-foodlara “zibil yeməklər” demələrinin səbəbi yüksək miqdarda yağ, şəkər, kimyəvi dadlandırıcılarla zəngin olmalarıdır. Fast-foodların həzm olunması uzun çəkir. Bu da mədədə narahatlıq yaradır. Tərkibindəki şəkər isə, əksinə, birbaşa bağırsağa yollanır. Fast-foodları daim “arzulanan yeməklər” siyahısında saxlayan kimyəvi dadlandırıcılar da şəkərin ardınca bağırsağa üz tutur və orda faydalı mikrofloranı zədələyir. Ayaqüstü yeməkləri asanlıqla meyvə-tərəvəzlə əvəzləmək olar.
Mayonez. Mayonez sevənlərdənsinizsə, yəqin, bilirsiniz ki, onun tərkibinin 80%-i yağdır. 1 çay qaşığı mayonezdə 100 kalori var. Xəmirdən hazırlanmış atışdırmalığın üstünə yaxdığınız 2 çay qaşığı mayonezin orqanizminizə nəyi əlavə etdiyi haqqında düşünməyə dəyər. Yaxşı olar ki, mayonezi meyvə püreləri və təbii tərəvəzlərdən hazırlanmış souslarla əvəzləyəsiniz.
Qızardılmış yeməklər. Dümdüz mədəyə sahib olmaq istəyirsinizsə, qızardılmış yeməklərlə, o cümlədən, kartof qızartması ilə də sağollaşmalısınız. Qızardılmış yeməklər doymuş yağlarla zəngindir. Beyin üçün zərərli olan doymuş yağlar doymaq hissinin yaranmasına mane olur. Məhz buna görə, kartof qızartması “yedikcə yeyilən” qidalardandır.
Dondurmalar. Bəli, qəribə görünsə də, yağlı mədənin səbəblərindən biri məhz dondurmalardır. Bundan əlavə, dondurma asılılıq yarada bilir. Razı deyilsiniz? Rəylərdə dondurma sevginizdən, yedikcə əl çəkmək istəməməyinizdən cəsarətlə bəhs edə bilərsiniz. “Clinical Journal of Gastroenterology” elmi dərgisi öz məqalələrindən birində vurğulamışdı ki, dondurma narkotik kimi asılılıq yaradır. Nə qədər çox yesəniz də, ondan doymaq olmur. Üstəlik, yedikcə orqanizminizi kalorilərlə yükləyirsiniz. Əgər həyatınızı bu soyuq desert olmadan təsəvvür edə bilmirsinizsə, evdə özünüz hazırlamağa çalışın. 1 ədəd orta ölçülü bananı blenderdən keçirin. Qaymaq qatın, dondurun. Satılan dondurmalara nisbətən bu desertdə kalori daha az olacaq.
Köp yaradan qidalar. Bəzən arıq adamların da mədəsi şişkin görünür. Çünki onlar köp yaradan qidalar qəbul edirlər. Belə hallarla üzləşsəniz, həmən əlinizi yeməkdən çəkin və fiziki hərəkətlər edin ki, həzm sisteminizdəki qazlar bədəndən xaric olsun. Məsələn; süd məhsulları 65% insanda həzm probleminə səbəb olur. Baxmayaraq ki, kalsium və zülalla zəngindirlər, yenə də, laktoza problemi yaşayan insanlarda ishal, qaz, köp kimi hallar baş verə bilir. Heyvan mənşəli süd məhsullarını rasionundan çıxarmağı bacaranlar üçün ən yaxşı alternativ bitki mənşəli südlərdir. Alma da köp yaradır. C vitamini, liflərlə zəngin olan bu meyvənin tərkibindəki fruktoza bəzən yoğun bağırsaqda problem çıxara bilir. Alma yeyərkən narahatlıq yaşayan insanlar meyvəni bişirib yeyə bilər, yaxud almalı şirniyyatları seçər. Hər iki halda da almadakı faydalı maddələr orqanizmə daxil olur. Lobya, paxla kimi bəzi bitkilər də liflərlə zəngin olmalarına baxmayaraq, mədədə köp yaratmaq qabiliyyətinə malikdir.
“Şəkərsiz” məhsullar. Bəzən mağaza rəflərində qarşımıza “şəkərsiz”, yəni, şəkərin əvəzedicisi vurulmuş qidalar çıxır. Bunlar yalnız diabet xəstələri üçün effektiv qida sayılır. Üstəlik, bu qidalar mədənin həcminin böyüməsinə səbəb olur. Bir özünüz fikirləşin: “dietik kola” alırsınız, amma dadı əsl kola ilə eynidir. Deməli, şəkəri alternativi ilə əvəzləyiblər. Bu cür əvəzləmək yağlı qidalara da aiddir. Kimyəvi dadlandırıcılar iştahı açır və sizi daha çox yeməyə məcbur edir. Nəticədə isə, artıq çəkilər yığılır. Kolanı misal çəkməyimə baxmayın, əvəzləmələr bütün dietik qidalara aiddir.
Bahadur Seyidov / Demedia.az