Dünyanın ən qeyri-adi 16 REKORDU - Araşdırma



 21:33 02.11.2022     1217

Bu gün sizə “Ginnesin Rekordlar Kitabı”na düşərək məşhur ola biləcəyinizi demək istəyirəm. Özünüz də görəcəksiniz ki, bəzən məşhur olmaq an məsələsi olur və ya şansın üzə gülməyindən asılıdır. 

Yəqin, elə fikirləşirsiniz ki, “Ginnesin Rekordlar Kitabı”na düşmək üçün “seçilmiş” olmaq lazımdır. Bəs, sizə desəm ki, evinizdən çıxmadan bu kitaba adınızı yazdıra bilərsiniz, inanarsınızmı?

Beləliklə, yeniləyə biləcəyiniz 16 rekord! 

Stəkana döyəcləmək. Stəkana nağara kimi vurmaq əyləncəlidir. 21 may 2017-ci ildə Çinin Şian şəhərində məhz bu əyləncə ilə “Ginnesin Rekordlar Kitabı”na düşənlər oldu. Həmin gün 2398 insan bir yerdə stəkana döyəcləyib və “Pursuing” mahnısını “ifa ediblər”.  Onun müəllifliyi Du Tianlu`ya məxsusdur.  Əyləncəli stəkan döyəcləmə 6 dəqiqə 5 saniyə davam edib.  Heyrətamizdir, hə? Əgər sizinlə birgə stəkan döyəcləməyə hazır olan dostlarınız, tanışlarınız varsa, bu rekordu təzələyə bilərsiniz. 

İnsanlardan domino düzəltmək. Bu dəfə də yolumuz Çinədir. 2010-cu ildə Çinin Ordos əyalətinin sakinləri və əyalətdə təhsil alan tələbələr “İnsanlardan ibarət ən böyük domino”nu hazırladılar. Uzunluğu 7,2 km olan “domino cərgəsi”ndə 10267 insan iştirak edirdi.  İnanmaq çətin gələ bilər, amma iştirakçılar 69 dəqiqə 43 saniyə içində son nəfərinə kimi yıxılmış, domino effekti yaratmağa nail olmuşdular.  Düzdür, bu rekordu evdə təzələmək olmaz.  Lakin sizin yaşadığınız  yerdə geniş çəmənlik varsa, niyə də cəhd etməyəsiniz? 

Yaşıl noxudu hərəkətə keçirmək. Nə vaxtsa yaşıl noxud dığırlamaq kimi bir əyləncəni seçmisiniz? Cavabınız “hə”dirsə, ABŞ-dan olan Kobi Kottonun rekordunu təzələmək şansınız var. O, öz nəfəsiylə noxudu 8 m irəlilətməyə nail olub. Bu qəribə nailiyyət 2018-ci ilin 13 fevralında baş verib.  Rekordun sirri güclü üfürə bilməkdə və  ideal yumruluğa malik noxud tapmaqdadır. Nəfəsinizə və ağciyərlərinizə güvənirsinizsə, üstəlik, əlinizə yupyumru yaşıl noxud keçibsə, dünya rekordçusu  olmağa tələsin. 

İpəzorları üzünüzə taxın. İtaliyadan olan Silvio Sabba maraqlı olduğu qədər də ağrılı bir metodla rekordçu olub. 27 dekabr 2012-ci ildə o, üzünə 51 ipəzor taxıb. Bunun üçün ona, cəmi, 1 dəqiqə lazım olub. Ağrıya dözümünüz və bir vedrə dolusu ipəzorunuz varsa, rekordu təzələməyi sınaqdan çıxara bilərsiniz. 

Düzgün zərbə. Kanadanın Waterloo  şəhərindən olan Silvana Şa-Muon insanların başı üstündəki 59 predmetə 1 dəqiqə ərzində düzgün zərbə endirməklə rekordçu olub. O, bunu 2016-cı ildə bacarıb. 6 ildi ki, kimsə bu rekordu təzələyə bilməyib. Öz gücünüzə və dəqiqliyinizə güvənirsinizsə, buyura bilərsiniz.  Sadəcə, bilməyinizi istərdim ki, bu rekordu əldə etmək üçün Silvana 19 il məşq edib. 

Tennis topunu tutmaq.  Bədən balansınızı qorumağı və tennis topunu başqa toplardan ayırd etməyi  bacarırsınızsa, Silvio Sabba`nın başqa bir rekordunu təzələməyə də  cəhd göstərə bilərsiniz. Deyəsən, bu Silvionun da boş vaxtı çoxdur ha! Nə isə... İtalyan bir əliylə 26 tennis topu tutmağı bacarıb. “Burda nə var ki?!”-deyirsiniz? Onda buyurun, rekordu təzələməyə cəhd edin. 

Stikerləri sıra ilə düzmək. 2017-ci ildə “LG Electronics İndia” PVT LTD  stikerlərlə dünya rekordu qazandı. Şirkətin əməkdaşları “ən uzun stiker cərgəsi” yaratdılar. Cərgədə 114741 stiker vardı. Uzunluğu 8,3 km olan stiker cərgəsini bir addım qabaqlamaq üçün hobbi marağınız və bolluca boş vaxtınız olmalıdır. Baxın də... 
“Əlifba şorbası”.  Etiraf etməkdən çəkinməyin; siz də hərfli makaron şorbası yeyəndə boşqabın dibində qalan makaronlardan söz yaratmağa çalışmısınız?  Təsəvvür edin, bu makaronlar da rekorda gedən yolda vasitədir. Əgər şorbadakı “hərfləri” 3 dəqiqə 21 saniyədən az müddətə sözlərə çevirə bilsəniz,  dünya rekordunu təzələyəcəksiniz. Bir də, sonda “qalib” sözünü yazmağı unutmayın. Belə daha maraqlı olar. 

Həmkarları divara yapışdırmaq. İş yoldaşınızı hansı sürətlə divara yapışdıra bilərsiniz? Bəli, yapışqan bantdan söhbət gedir! Bunu heç vaxt təcrübə eləməmisiniz? Darıxdırıcı keçir ki, iş gününüz... Nə isə... ABŞ-dan olan Ashrita Furman (Aşrita Förman) mütəmadi olaraq, iş yoldaşlarını divara yapışdırır. İndiyədək o, 6 dəfə dünya rekordçusu olub. 2015-ci ildə gənc oğlanı divara yapışdırmaq üçün Furman`a cəmi, 26,69 saniyə lazım olub.  Bir söz deyim: rekordu təzələmək üçün xoşunuz gəlməyən adamları da divara yapışdıra bilərsiniz. 

“Ayda gəzmək”. Hə, burada, gərək, “Ay gəzintisi” haqda sizə qısaca məlumat verim. İngiliscə “Moonwalk” adlanan bu hərəkət geriyə addım atarkən, sanki, irəliyə süzülürsənmiş kimi görünən illüzionik rəqs hərəkətləridir.  16 may 1983-cü ildə “Motown” musiqi şirkətinin 25 illiyi məqsədilə keçirilən gecədə Maykl Cekson məhz bu cür rəqs etmişdir. Bundan sonra onu yamsılayanların sayı günbəgün artıb. Amma Maykl özü dəfələrlə etiraf etmişdi ki, hərəkəti küçədə oynayan qaradərili uşaqlardan öyrənib. Gələk rekordumuza. Nədir, evinizdə “Ayda gəzmək” üçün yer yoxdur?  Problem deyil, eşik də sizin üçün rekord təzələmək meydançası ola bilər. Çünki sonuncu rekordçu 5,7 km yol qət edib.

Xorvatiyalı Krunoslav Budiseliç  Zaqreb şəhərindəki bir  stadionda “Ay gəzintisi”nə çıxıb. O, 12 dəfə stadionu dolanıb  və hər dəfə 455 metr yeriyib. Sonuncu qısa dairəsi isə 240 metr olub. Düşünürsünüz ki, asandı? Mayklı da, Krunoslavı da YouTube`dan izləyə bilərsiniz. 

Ayaqqabı düz xətti.  “Ayaqqabını yan-yana qoymaq nə çətin işdir ki?”-sualını eşitdim. Bunu kimin dediyini axtarmadan qeyd edim ki, söhbət 10513 idman ayaqqabısından gedir. “National Geographic Kids” jurnalı 2008-ci ildə bu çağırışı edib. Beləcə, dünyanın “ən uzun ayaqqabı düz xətti” yaranıb. Xəttin uzunluğu 2,7 km idi.  Rekord qeydə alınandan sonra jurnal bütün ayaqqabıları xeyriyyə məqsədilə paylayıb.  İdeya xoşunuza gəldi? Qonum-qonşuda, tanış-bilişdə nə qədər idman ayaqqabısı varsa toplayın və öz “ayaqqabı düz xəttinizi” yaratmağa elə bu gün başlayın. 

Yumurta sındırmaq.  Yumurta sındırmağın özü bir incəsənətdir. Əlbəttə, kimsə qayğanağının içindən yumurta qabığı tapmaq istəməz! Əgər siz yumurtaları tez-tez və səliqəli şəkildə sındırmağı bacarırsınızsa, daha bir dünya rekordunu təzələmək şansınız var. 2011-ci ildə ABŞ-dan olan Ross MakKardi tək əliylə 32 yumurta sındırmışdı.  Və bunun üçün ona 1 dəqiqə vaxt lazım olmuşdu. Ən sevimli yeməyiniz qayğanaqdırsa, rekordçu olmaq fürsətindən istifadə edin. Bir şərtlə ki, qayğanağın içinə kiçik bir qabıq hissəsi də düşməsin. 

Telemarafon.  Saatlarla televizorun qarşısında oturmağa hövsələniz çatırsa, bunu bacaracaqsınız.  Bəli, dünyada ən sevdiyiniz şeyi etməklə şöhrəti də yaxalaya bilərsiniz. Digər tərəfdən, bu, o qədər də sadə iş deyil.  Sonuncu telemarafon rekordçusu ekran qarşısında 87 saat oturub.  Bu, 3 gündən artıq bir müddəti divanda keçirmək deməkdir.  Rekordu yeniləmək fikrinə düşməzdən əvvəl bir həqiqəti dərk edin ki, bütün vaxtınızı televizorun önündə keçirməlisiniz. 

Ayna silmək. Aynaların həmişə təmiz olmasını istəyirsiniz? O zaman indidən məşqə başlayın ki, dünyanın “ən sürətli aynasiləni” rekordunu təzələyə biləsiniz. Sonuncu rekord olduqca heyrətamizdir: 3 ofis aynası və 9,14 saniyə! Hələ indiyədək kimsə 2009-cu ildə göstərilən bu nəticəni keçə bilməyib.  Aynasilən rekordçu olmaq üçün xüsusi vasitələrə və ya geyimə tələbat yoxdur. Ürəyiniz hansı formada istəyirsə, sizə necə rahatdırsa, aynaları o cür silə bilərsiniz. 

Susuzluğunuzu yatırın. Yarım litr suyu 1,75 saniyədə içmək olar. İnanmırsınız? Hadisə Londonda XFM Breakfast Show`da baş verib. 2014-cü ilin 9 dekabrında Tim Cocker`in içdiyi su qazsız, adi içməli su olub. Rekordu təzələmək fikrinə düşərkən bir şeyi də yadda saxlayın ki, sürətli su içmək orqanizmə ziyandır. 

Duş qəbul etmək.  Duş kabinəsində nə qədər vaxt keçirirsiniz? Razıyam; nə qədər az vaxt keçirsəniz, həm vaxta, həm də cibə qənaət etmiş olursunuz. Amma dünyanın “ən qısamüddətli duşu” rekordunu yeniləmək niyyətiniz varsa, 33,18 saniyəyə çimməyi bacarmalısınız. Çünki sonuncu rekordun müddəti məhz belədir. Bu vaxt ərzində bütün bədəninizi sabunlamalı və durulamalısınız. Saç da yaddan çıxmasın. Tələskənlikdən yıxılmağı bir kənara qoydum; siz çimərkən saniyəölçəni tutacaq adamı da diqqətlə seçmək lazımdır.

Bahadur Seyidov / Demedia.az