2023-cü ildə ən gəlirli peşələr BUNLAR OLACAQ!



 20:28 03.11.2022     1224

150-dən çox ölkədə, 700 ofisdə işləyən 312 min personalı ilə dünyanın ən böyük mühasibatlıq, analiz, vergi və idarəetmə ilə bağlı tövsiyələr paketi təqdim edən  beynəlxalq firmalardan biri olan “Deloitte” qarşıdan gələn 2023-cü ilə aid raport yayımlayıb. 

Raportda verilən məlumata görə, növbəti ildə Kanadada işsizlik problemindəki durğunluq davam edəcək, ev qiymətləri ucuzlaşacaq, qidaların bahalaşması isə özüylə bərabər restoranlarda qiymət artımını da gətirəcək. Və bütün bunlar, uzağı, 2023-cü ilin yazında müşahidə ediləcək. “Deloitte” mütəxəssisləri vəziyyətin dünyada da eyni templə dəyişəcəyindən əmindir. 

Beynəlxalq qurumun raportu bütün dünyada insanların düşüncəsində “xaos” düyməsinin basılmasına bir daha nail oldu: “2023-cü ildə hansı məsləklər yüksək gəlir gətirəcək?”  

Gələcəyi parlaq və yüksək gəlir vəd edən işdə işləmək müasir insanın ən böyük arzularındandır.  O romantik “sevdiyin işi görmək” fəlsəfəsi yerini çoxdan “gördüyün işi sevmək” düşüncəsinə verib. Və burda işi sevməyin ən əsas səbəblərindən biri, hətta birincisi belə, yüksək gəlirdir. İndi elə bir dövrdəyik ki,  hansısa gənc internetdən qazandığı pulla özünə “Tesla” avtomobili ala bilir. Yaxud yaşı 30-a çatmadan  ikiotaqlı mənzilin açarını cibinə qoyur. Necə? İnternet, avtomatlaşdırma və yeni texnologiyalar işlərimizi də, iş görmək üslubumuzu da kökündən dəyişə bilir. Hansısa iş yerində həftədə 40 saat işləyərək qazandığımız pulu  avtomatlaşdırma sayəsində evimizdən çıxmadan, həm də, sadəcə, 15 saat işləyərək qazana bilirik. 

Dünyanın müxtəlif ölkələrində gənclər arasında aparılan anonim sosial sorğunun nəticələri bir yerə toplanarkən məlum olub ki, gənclər özlərinə məslək seçərkən aşağıdakı 3 şərtə köklənirlər: 
Bu iş məni milyonçu eləmək potensialına sahibdirmi? 
Seçəcəyim işin gələcəkdə populyarlaşma və böyümə potensialı nə qədərdir? 
İşim avtomatlaşdırma prinsipinə uyğun olmalıdır ki, istəyəndə evdə, lap elə, yataqda uzanarkən işləyə bilim. 

Mütəxəssislər isə 2023-cü ildə ən gəlirli olacaq məsləkləri belə sıralayır: 

Məlumat analizi. “Big data” dövründəyik  və əksər şirkətlər müştəriləri, rəqibləri və özləri haqda böyük məlumat mərkəzlərinə malik olmağa, bu məlumatlardan da yararlanmağa çalışır. Xüsusilə, satış və istehsal sahələrində məlumat analizinin yaxın gələcəkdə önəmli yeri olacağı gözlənilir. 

Kompüter mühəndisliyi. Bu gün bir çox proqramlar Hindistanda, Çində çox ucuz qiymətə hazırlanır. Buna baxmayaraq, bütün dünyada işinin mütəxəssisi olan kompüter mühəndisinə böyük ölçüdə ehtiyac var. Maliyyə və sərmayə sahələrində sürətli, etibarlı həll yolları təqdim edəcək bacarıqlı kompüter mühəndislərinə olan ehtiyacın həcminin 2023-cü ildə daha da artacağına şübhə yoxdur. 

Asteroid mədənçiliyi.  Elmi-fantastik filmdən bir replika kimi səslənsə də, yaxın gələcəkdə mədən sektorunun kosmosa daşınacağı gözlənilir. Onsuz da, planetimizdəki mədən qaynaqları getdikcə tükənir. Buna görə də, kosmosdakı daşlardan və kiçik planetlərdən mədən qaynaqları kimi istifadə ediləcəyi həll yolu kimi görünür. Bu fikrə inanan sərmayəçilərin sayı da az deyil... 

Orqan istehsalı.  Kök hüceyrələri toxumaya çevirmək, laboratoriyada qol və ya ayaq istehsal etmək  biologiya elminin və tibbin yaxın gələcəkdəki hədəflərindəndir. Məsələn; ABŞ-ın Konnektikut ştatındakı bir şirkət hazırda bu hədəfi reallaşdıracaq texnologiyaya sahib olduğunu açıqlayıb. Şirkətin laboratoriyasında orqanizmdəki hər hansı bir xəsarətin bərpa edilməsi mümkündür. Məhz bu fakt sosioloqlarda əminlik yaradır ki, orqan istehsalı növbəti ildən bəşəriyyətin həyatına bahalı məslək kimi daxil olacaq. 

Ailə psixoloqu. Ruhi sağlamlığın da fiziki sağlamlıq qədər etina tələb  etdiyi, paralel olaraq, ailə dəyərlərinin erroziyaya uğradığı bir dünyada və dövrdə yaşayırıq. Başqa sözlə, milli-mental dəyərlərin kölgəsində hamımızın ürəyindən, heç olmasa, bir dəfə keçir ki, ailə psixoloqu müəyyən məqamda köməyimizə çatar...ABŞ Statistika Qurumunun proqnozuna görə,  2023-cü ildə ailə psixoloqlarına və evliliklə bağlı tövsiyə verən sosioloqlara olan ehtiyacın həcmində 41% artım olacaq.  

Tərcümə xidmətləri. Gündən-günə qloballaşması intensivləşən  dünyamızda ölkələrarası ünsiyyətin asanlaşmasının əsas yolu tərcümə xidmətlərindən keçir. Və tərcümə xidməti bəribaşdan sərmayə tələb etmədən gəlir gətirmək  qabiliyyətinə malik işdir. Qeyd edim ki, son illərdə hərfi tərcümələr yetərsiz sayılmağa, bədii tərcümələr daha çox önə keçməyə başlayıb. Bunun səbəbi də, savadlı, işgüzar  insanların nəzakətə, etiket qaydalarına daha çox etina etməsidir. 
Dizaynerlik. Bir az yaradıcı düşüncə, sahib olduğun istedadın fərqinə varmaq... Düşüncə və istedadın birləşərək pul gətirdiyi sahələrdən biridir dizaynerlik.  Hazırda dizaynerlərin əksəriyyəti freelance-yəni, heç bir quruma, təşkilata bağlı olmadan da, evdən işləyə bilir. Və dizayn xidmətlərinə artan ehtiyacın həcmi günbəgün böyüməkdədir. Məhz buna görə də, son 3 ilin “populyar məslək siyahısı”ndan düşməyən dizaynerliyin 2023-cü ildə çox gəlir gətirəcək məsləklərdən olacağı şübhəsizdir. 

Əgər önümüzdəki 2 ayı –noyabr və dekabrı dəyərləndirərək 2023-cü ilə yaxşı qazancla girmək  istəyirsinizsə,  seçəcəyiniz məslək haqqında daha ətraflı araşdırmalar aparmanız şərtdir. Çünki bir məsləkə sırf qazanc naminə yiyələnirsinizsə, onun davamlılığı da nəzərə alınmalıdır. 

Bahadur Seyidov / Demedia.az