Möcüzəvi faydaları olan TƏRƏVƏZ: Həftədə 1 dəfə...



 22:33 03.11.2022     993

Müasir dövrümüzdə bütün dünya ölkələrinin mətbəxində badımcandan hazırlanan yeməyə rast gəlmək mümkündür. Bu tərəvəzi sobada, közdə, tavada, qazanda bişirmək olur. Hətta turşusu da qoyulur.

Bizim bəzi regionlarda isə badımcan mürəbbəsinə də rast gəlmək olur. Göyərtilərlə, mövsümi tərəvəzlərlə, ətlə yaraşdırılan badımcanın özünəməxsus dadı yeməkləri qeyri-adi edir. 

Badımcanın tərkibində orqanizmə faydalı olacaq maddələr də az deyil. Həzm sisteminin işini yaxşılaşdırır, metabolizmanı sürətləndirir. Dietik qida sayılan badımcanın kartof və pomidorla birgə bişirilməsi artıq dünya mətbəxində ənənə halını alıb. 

Badımcanın vətəni Şərqi Hindistan sayılır. Zamanla Asiya, Cənubi Avropa və Afrika ölkələrinə yayılıb. İlk vaxtlarda avropalılar badımcanı elə də xoş qarşılamayıb.  Qədim Yunanıstanda və Roma İmperiyasında belə bir düşüncə vardı ki, badımcan  adamı dəli edir. Tərəvəzi “çılğınlıq alması” adlandırırdılar. Spesifik dadı və qoxusuna görə,  badımcan xalq təbabətində dərman sayılıb. Podaqranın müalicəsi və diş ağrısını kəsmək üçün badımcan istifadə etmək əsrlər boyu davam edən ənənə olub. Təbabətdə badımcanı yağla qızardaraq, yaxud qurudub toz kimi əzərək istifadə ediblər. 

Kulinariyada populyarlaşması orta əsrlərə təsadüf edən badımcan yavaş-yavaş sevilib. Qida kimi dəyərləndirildikdən sonra müxtəlif növləri yetişdirilib.  Badımcanın tərkibində orqanizmə lazım olan mineral və vitaminlər boldur. Nasunin maddəsini xüsusi qeyd etmək lazımdır. Hüceyrələri qidalandıran, onların zərər görməsinin qarşısını alan, toksinlərin orqanizmdən atılmasını təmin edən  badımcanın tox tutmaq qabiliyyəti də var. Xüsusilə, baş beyin hüceyrələrini və sinir sistemini qoruyur, alzeymer xəstəliyinin profilaktikasında istifadə olunur.  Badımcan damarların divarlarını möhkəmlədir, qan dövranını sürətləndirir, qanda pis xolesterolun səviyyəsini aşağı salır. Bir sözlə, mütəmadi olaraq yeyilən badımcan orqanizmin sağlamlığını dəstəkləyir. 

Badımcan bir çox xəstəliklər zamanı müalicəvi əhəmiyyətə malikdir.  Bayaq da qeyd etdim ki, qədimdə badımcan dərman kimi istifadə olunub. Çünki badımcan vitamin xəzinəsidir. Dövrümüzdə belə, həkimlər və dietoloqlar qida rasionuna badımcan daxil etməyi məsləhət görür. Alimlər badımcanın tərkibindəki əsas maddələrdən biri olan nasuninin tədqiqinə son illərdə başlayıblar. Bu antioksidant hüceyrələri sərbəst radikallardan qoruyur. Başqa sözlə, xərçəng və alzeymer xəstəliklərinin inkişafının qarşısını alır.  Hazırda badımcanın qanda pis xolesterola təsiri öyrənilir. Ehtimal olunur ki, bu tərəvəzin mütəmadi qəbulu xolesterolun səviyyəsinin nizamlanmasında əhəmiyyət kəsb edir. 

Şəkərli diabet zamanı badımcan yeməyə icazə verilir. Fərqi yoxdur, I tip olsun, yaxud II tip olsun, şəkər xəstələri bu sevimli tərəvəzi cəsarətlə rasionlarına daxil edə bilərlər. Bilirik ki, şəkər xəstələrinə tərkibində şəkər bol olan qidalardan uzaq durmaq tövsiyə edilir. Badımcanın qlikemik indeksi 15-dir. Məhz bu göstərici diabetdən əziyyət çəkənlərin ürəyini arxayınlaşdıra bilər.  Tərəvəzin tərkibində B qrupu vitaminləri və faydalı minerallar var. Bunlar damarları möhkəmləndirir, sinir sistemini gücləndirir, beləcə, diabet orqanizmə çox xəsarət yetirə bilmir. 

Pankreatit xəstəliyinin kəskin dövrlərində xəstəyə aclıq tövsiyə edilir. Üstəlik, bəzi qidaların az-az da olsa qəbulu mütləq şəkildə dayandırılır ki, xəstəlik irəliləməsin. Badımcan isə asan həzm olunması və orqanizm tərəfindən rahat mənimsənilməsi səbəbilə qadağan olunmuşlar siyahısına düşmür. Yəni, pankreatit zamanı badımcan yemək zərərli deyil.

Çünki o, mədəaltı vəzə güc salmır. 
Yaxşı bişmiş badımcan qastritdən əziyyət çəkənlərin menyusunda da öz yerini tapır.  Sadəcə, badımcandan hazırlanan yeməklərə duz, istiot, yaxud başqa ədviyyatlar əlavə edərkən əvvəlki normanı azaltmaq lazımdır. Mütəxəssislər qastrit xəstələrinə gün ərzində 200 qr badımcan yeməyi tövsiyə edirlər.  Amma səhər yeməyində yox, naharda, ya da şam yeməyində. 

Badımcanın tərkibində lif də boldur. Liflərin bağırsaqlara faydası haqqında indiyədək bir çox videoda məlumat vermişik. Xüsusi olaraq onu qeyd edim ki, liflər bağırsaqların təmizlənməsində böyük rola malikdir. Badımcan, həmçinin, bağırsaqdakı qazları və şişkinlikləri də aradan qaldırır, faydalı maddələrin bağırsaqlar tərəfindən mənimsənilməsinə kömək edir. Mədə xorası və yaxud bağırsaq yaraları zamanı isə badımcandan uzaq durmaq məsləhətdir. 

B qrupu vitaminləri və C vitamini ilə zəngin olan badımcan immunitet və mərkəzi sinir sistemi üçün də faydalıdır.  C vitamini orqanizmi müxtəlif bakteriya və viruslara qarşı möhkəmlədir, soyuqdəymə ilə mübarizə zamanı kömək edir. 
Qarın boşluğunda yaranan qazların aradan qaldırılmasında da badımcanın öz yeri var. Tərkibindəki liflər sayəsində bu tərəvəz mədə-bağırsağın fəaliyyətini yaxşılaşdırır, sistemin təmizlənməsini dəstəkləyir. Qaz problemi yaşayan insanlar həftədə, ən azı, 4 dəfə badımcan yeməlidir. 

Podaqranın yaranma səbəbi maddələr mübadiləsinin pozulması nəticəsində bədəndə sidik turşusunun miqdarının artmasıdır. Bu isə sonradan damarların soyuqlamasına, kəskin ağrılara gətirib çıxarır. Podaqra zamanı ciddi pəhrizə riayət edilməlidir. Məsələn; podaqradan əziyyət çəkənlər ətdən uzaq durmalı, bacardıqca çox badımcan yeməlidir. Badımcan maddələr mübadiləsini tənzimləyir, urat duzlarının orqanizmdən xaric olunmasını təmin edir. 

Yoğun bağırsaq xəstəliyi sayılan kolit  də ciddi pəhriz tələb edir. Xüsusilə, qızardılmış və emal edilmiş qidalar, acı ədviyyatlar menyudan kənarlaşdırılır.  Amma suda bişmiş badımcan kolit zamanı tövsiyə edilən qidalar siyahısındadır. Ümumiyyətlə, kolit elə xəstəlikdir ki, onu özbaşına müalicə etmək olmaz. Çünki ən birinci, patalogiyanın səbəbi müəyyən  edilməlidir. Buna görə də, yaxşı olar ki, əvvəlcə, həkimə müraciət edəsiniz. 

Badımcan şiş əleyhinə vasitədir. Tərəvəzin xəstə hüceyrələrə təsiri də hazırda alimlər tərəfindən öyrənilməkdədir. Tərkibindəki antioksidantlar sayəsində badımcan hüceyrələrin genetik tərkibinin qoruyucusuna çevrilir. Belə ki, hüceyrə mutasiyasının qarşısını alır, xərçəngli hüceyrələrin sağlam hüceyrələrə mənfi təsir göstərməsinə mane olur. Onkoloji xəstəlikdən əziyyət çəkənlər badımcan yedikcə, xəstəliyin inkişafı ləngiyir. 

Siqaret çəkənlər də orqanizmlərinin qayğısına badımcanla qala bilərlər.  Tərəvəz siqaretin orqanizmə vurduğu zərərin həcmini azaldır. Siqareti tərgitmək istəyənlər  hər hansı dərman vasitəsindən istifadə etmədən, sadəcə, badımcanın köməyilə məqsədlərinə nail ola bilərlər. 

Bayaq qeyd etdim ki, badımcan həzm olunarkən mədə-bağırsağa güc salmır. Bu, qaraciyərə də aiddir. Ağır həzm olunan qidalar əvəzinə badımcan yemək qaraciyərin işini də azaldır. Beləcə, orqan dincələ bilir. Tərəvəzin tərkibindəki kobalt qaraciyər hüceyrələrinin bərpasına xidmət edir. Qaraciyər xəstəliklərinin profilaktikası zamanı faydalı olan badımcan ürək-damar problemlərində də orqanizmin köməyinə çatır. 

Qanda pis xolesterolun səviyyəsini aşağı salır, damarların divarlarını möhkəmlədir, damar divarlarında yığılan yağları yox edir. Tərkibindəki maqnezium və kalium isə ürəyin fəaliyyətini normaya salır. 

Qədimdən badımcan babasilin müalicəsində istifadə olunub. Bağırsaqların elastikliyini dəstəkləyən, onları yumşaldan badımcan babasil səbəbilə yaranan ağrıları azaldır. 

Xolesistit zamanı badımcan yeməkləri yalnız müəyyən şərtlər daxilində yeyilməlidir. Çünki ödqovucu xüsusiyyəti olan badımcan öd kisəsində bərkiməyə səbəb ola bilər. Xolesistitdən əziyyət çəkənlər həftədə yalnız  1, uzağı, 2 dəfə badımcan yeməlidirlər. 

Aşağı kaloriyə malik olan badımcan bədən quruluşunun qeydinə qalan qadınlar üçün əsl tapıntıdır. Düzgün bişirilmiş tərəvəz maddələr mübadiləsini sürətləndirir və arıqlamağa kömək edir.  

Badımcanın kişi orqanizminə də faydası çoxdur. Hələ qədim zamanlarda inanırdılar ki, badımcan kişilərin gücünü artırır. Qırmızı istiot, zəncəfil və pomidor əlavə edilmiş badımcan kürüsü qədim təbabətdə geniş istifadə edilirdi. 
Zərərləri və əks təsirləri.  Təkrarlayıram ki, badımcan orqanizm tərəfindən asan mənimsənilir. Amma  xroniki xəstəliklərlə ömür yoldaşı olan insanlar onun qəbulunda bir az daha ehtiyatlı olmalıdırlar. Bəzi hallarda isə rasionda badımcanın miqdarı azaldılmalıdır: 

-yoğun bağırsağın soyuqdəyməsi zamanı; 
-öd kisəsinin soyuqdəyməsi zamanı;
-dəmir çatışmazlığı səbəbiylə yaranan anemiya zamanı;
-öd daşı olarsa; 
-badımcana qarşı allergiya varsa; 
-artrit zamanı; 

Badımcanı nə kal vaxtı, nə də tam yetişmiş halda yeyin. Çalışın ki, əsl vaxtında süfrənizin bəzəyi olsun. Çünki kal badımcanda 0,8-3,7% nişasta olur. Həddən artıq yetşmiş tərəvəzdəki solanin qlükozidi isə nisbətən çoxalır.  Hər iki halda da badımcan orqanizmi zəhərləyə bilir. Bir də, unutmayın ki, faydasını görmək üçün tərəvəzi düzgün şəkildə bişirmək lazımdır. Əgər badımcandan zəhərləndiyinizi güman edirsinizsə, mütləq həkimə müraciət edin. Badımcan zəhərlənməsi nadir hallarda olur. Əlamətləri bunlardır: ürəkbulanma, qusma, ishal, başgicəllənmə, qızdırma. 

Bahadur Seyidov / Demedia.az