Diqqətli olun: Bunlar beynimizə mənfi təsir edir



 21:31 03.11.2022     967

86 milyard... Bu, beynimizdəki hüceyrələrin sayıdır. Bütün bədənimizin idarəsi ilə məşğul olan beynimizə daha çox qayğı göstərməyə borcluyuq. Amma niyəsə, bəzən bu haqda heç fikirləşmirik də. Faktiki olaraq, insanların əksəriyyəti beyinin də qayğıya ehtiyacı olduğunu bilmir.

Sürətli və texnologiya ilə iç-içə keçmiş həyat neyronlarımız arasındakı bağların qopmasının, beynimizin yavaş işləməsinin, ideyalarımızın anlıq olmasının əsas səbəbidir. Bundan əlavə, beynimizə mənfi təsir edən bir neçə amil də var. 

Hərəkətsizlik. Müasir dünya, sanki, bizim hərəkətsizliyimizə xidmət edir. İş, istirahət, ünsiyyət-hamısı eyni məkanda, hətta belə demək olarsa, bir stolun arxasında baş tutur. Yeməyimizi belə sifarişlə qapımıza gətirə bilirik. Amma bir faktı dərk etməliyik: “Hərəkət həyatın əsasıdır.” Hərəkət zamanı endorfin ifraz edilir. Bu da bizim özümüzü yaxşı hiss etməyimizi təmin edir.

Həmçinin, endorfin ürəyin fəalyyətini dəstəkləyir, beyinin işləmə sürətini artırır. Uzun müddət oturmaq qan dövranına da pis təsir edir. Kompüterdə yazı yazarkən, az qala, nəfəsimizi tuturuq. Bunu özünüz də müşahidə edə bilərsiniz. Bu da orqanizmə daxil olan oksigenin miqdarının azalmasına səbəb olur. Oksigensiz bədəndə yorğunluq və diqqət dağınıqlığının olması labüddür. Bəs, bunun öhdəsindən necə gələk? Bunun üçün gün ərzində 20-30 dəqiqə idman eləmək, yaxud 7000-10000 addım yerimək lazımdır. Bütün dahi  ixtiraçılar, məsələn, Nikola Tesla və Çarlz Darvin, habelə, ən məşğul insanlar, məsələn, Cek Dorsi və Mark Zuckerberg  gəzintiyə üstünlük verənlərdir. Ən yaxşı üsul yeriyə-yeriyə danışmaqdır. Bütün vacib zənglərinizi bir saatın içinə sığışdırın və həmin müddəti də küçədə gəzinin. 

İnformasiya yükü. Gün ərzində rastlaşdığımız informasiyanı düşündükcə, adamın tükü biz-biz olur. San-Diyeqodakı

Kaliforniya Universitetinin əməkdaşlarının apardığı bir araşdırma maraqlı nəticələrlə yadda qalıb. Müəyyən edilib ki, gün ərzində bir insan, təxminən, 300 giqabayt informasiyaya məruz qalır. Bu da son 30 ildə informasiya qəbulunun 300 dəfə artması deməkdir. Əlimizdəki ağıllı telefonlar bizi gündəlik qayğılarımızdan, hər mənada, uzaqlaşdırır. Gördüyümüz işin mahiyyətinə belə, vara bilmirik bəzən. Əgər tələbatlarımızı sistemləşdirməsək informasiya yükü altında əzilməyimiz an məsələsidir. Kiçik bir informasiya belə sizi fokuslandığınız məsələdən ayıra bilər. Məsələn; siz hansısa araşdırma ilə məşğulsunuz. Amma beyninizin bir küncündə e-mailinizdəki oxunmamış məktub var. Bu, sizin İQ-nüzün aşağı düşməsinə səbəb olur. Elə bir cədvəl qurun ki, yaxud, elə bir chazdan istifadə edin ki, informasiya yükünüzü hesablaya biləsiniz. Beləcə, məruz qaldığınız informasiyanı minimuma endirərsiniz. Müəyyən saatlarda sosial şəbəkə hesablarınızı bağlamaqla, e-mailinizi gün ərzində cəmi  2 dəfə (səhər-axşam) yoxlamaqla rahatlığınızı təmin edə bilərsiniz.

Uzun məqalələrin oxunmasını asudə vaxtlarınıza saxlayın. Sosial şəbəkədəki gəzinməyinizin isə  3-5 dəqiqədən artıq olmamasına diqqət edin. Unutmayın, sosial şəbəkə kitab deyil. Sakitliyə çəkilib kitab oxumağa çalışın. Kitabın verdiyi informasiya yüklü olmamaqla bərabər, pərakəndə də deyil. Sükunət beyni də, ürəyi də, bədəni də rahatladır. 
Eyni anda bir neçə işi görmək. Bu halda ən birinci sizin diqqətiniz dağılır. Özünüzə verdiyiniz tapşırıqların paralellik qabiliyyəti artdıqca siz də bir neçə yerə bölünməyə cəhd edirsiniz. Amma eyni anda bir neçə işi görə bilmək qabiliyyəti insanın təbiətində yoxdur. İki işi eyni anda görmək olar, amma diqqətinizi iki yerə bölə bilməzsiniz. Bu da paralel görülən işlərin keyfiyyətinin aşağı olmasına səbəb olacaq.

Stenford Universitetinin professoru Clifford Nass deyir: “Biz elə bilirik ki, eyni anda bir neçə iş görməklə vaxta qənaət edirik. Araşdırmalarım bunun yanlış olduğunu göstərdi. Bir əllə iki iş görməyə çalışmaq, əksinə, vaxtımızı boş yerə sərf eləməyimizə gətirib çıxarır.” Adətən, eyni anda bir neçə iş görənlər cəmiyyət tərəfindən “qoçaq” kimi dəyərləndirilirlər və onlar çox sürətlə nüfuz sahibi olurlar. Amma araşdırmalar hər şeyin tamamilə tərsinə olduğunu deyir. Eyni anda bir neçə işi görənlər, sadəcə, riskli oyunçulardır.  Bir də, onlar lazımi yerdə bazarlıq eləməyi bacarırlar. Başqa sözlə, uduzmağı qəbul edənlərdir. Bunu da belə izah edirlər: “Faydalı olanı seçdim.” Əslində isə, paralel olaraq ik, üç işlə məşğul olanlar  nəyin faydalı, nəyin faydasız olduğunu dəyərləndirə bilməyənlərdir. Dəyərləndirməyə vaxtları da qalmır heç.  

Tibbi araşdırmalar bu cür insanların beyninin yavaş-yavaş tənbəlləşdiyini üzə çıxarıb. Hər şeyə səthi yanaşmağa vərdiş edən beyin uzunmüddətli plan qura bilmir, qursa belə, o planın sonuna dair heç bir hesablama aparmır. Üstəlik, empati bacarığını və  emosinal nəzarəti itirir. Eyni anda bir neçə işi görmək sosioloqların “pis vərdiş” siyahısındadır. Onlar məsləhət görür ki, bu vərdişdən əl çəkmək üçün qəddar olmaq-əsas məqsəddən kənardakı bütün planları düşüncə tablosundan amansızcasına silmək lazımdır. Bu zaman  həmin işləri görmək üçün beyinə edilən təzyiq də azalır. Üstəlik, əylənməyə, sevdiyiniz işlərlə məşğul olmağa vaxt da qalır. 

Şəkər. Bəli, beyinin düşmənləri sırasında şəkər də var. Elə bir dünyada yaşayırıq ki, hər tərəfimizdə şəkər var. İstənilən emal olunmuş məhsulda bu və ya digər formada şəkər mövcuddur. Qidaları dadlı edir, əhvalımızı yüksəldir, hətta ünsiyyət vasitəmizə də çevrilir.  Amma yediyimiz şəkərin miqdarına nəzarət etməsək, o, qan dövranımıza mənfi təsir göstərəcək. Nəticədə isə beynimizə lazımi qədər qan çatmayacaq. Şirniyyat depressiyadan çıxmaq üsullarından biridir.  Məsələnin dərinliyində isə hər şey əksinədir. Qanda yüksələn şəkər miqdarı depressiya yaradır, yaddaşın itməsinə səbəb olur, diqqəti dağıdır,  beyin hüceyrələrinin qocalmasını sürətləndirir. Bacardığınız qədər az şəkər yeyin. Təkcə şirniyyatlardan deyil, yarımfabrikatlardan da uzaq durun. Zamanla özünüz də beyninizdəki dəyişikliyi hiss edəcəksiniz. 

Beyin orqanizmin idarəedicisidir. Onu qoruyun və qayğısına qalın. 

Bahadur Seyidov / Demedia.az