“Yaşma” Arazın sahilində - İranın təhdidlərinə CAVAB



 11:32 03.11.2022     745

Xüsusi Təyinatlı Qüvvələrinin cənub sərhədlərində təliminin İranın hərbi təlimlərinə cavab olduğu məlumdur.

Demedia.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.

O bildirib ki, burada diqqətçəkən məqam başqadır:

"İranın indiyə qədər Azərbaycana qarşı irəli sürdüyü bütün təhdidlərə rəğmən, rəsmi Bakı barışdırıcı mövqe tutur və diplomatik gedişlər edirdi, indi ilk dəfədir ki, hərbi təhdidə qarşı hərbi müstəvidə cavab verilir.

Və bunun birdən çox səbəbi var:

Birincisi, İranın mövcud rejimi Azərbaycanın bütün xoşniyyətinə rəğmən təhdid ritorikasından əl çəkmir, əksinə, barışdırıcı, uzalaşdırıcı mövqeni “geriçəkilmə” kimi qəbul edərək, Bakının üzərinə gəlməyə davam edir.

İkincisi, İranın Azərbaycan ərazisinə qarşı mümkün müdaxilə perspektividir: 44 günlük müharibədən sonra İranın təhdidləri artan xətt üzrə inkişaf edir, lakin bu təhdidlərin bölgədəki şərtləri dəyişdirməyəcəyi də məlumdur və bunun fonunda molla rejiminin müdaxilə etməsi ssenarisi də nəzərə alınmalıdır; İran rəsmiləri və siyasətçilərinin çağırışlarının bu istiqamətdə olması da təsadüfi deyil.

Bakı mümkün təhdidlərə və risklərə qarşı hərbi müstəvidə hazırlıq aparır.

Və bu həm də o deməkdir ki, Azərbaycan İranın təhdidləri qarşısında öz maraqları və strateji xəttindən geri çəkilməyəcək.

Araza “körpü atan”lara qarşı Vətən müharibəsində döyüş sənətini yenidən yazan XTQ-nin kazarmalardan çıxarılması da adekvat “əzələ nümayişi”dir: İran “Yaşma”nı tanımaq istəyirsə, qardaşı Ermənistandan soruşa bilər".

Xəyalə Məmmədova / Demedia.az