Boğazımızda bəlğəm varsa, NƏ ETMƏLİYİK? - Araşdırma
Bu gün sizə bəlğəmdən yaxa qurtarmağın yolları haqqında danışacağam. Boğaza yığılan bəlğəm, adətən, nəfəs almağı çətinləşdirir.
Bəs, bəlğəm nədən yaranır? Boğazdakı və ya tənəffüs yollarındakı soyuqdəymə bəlğəmin ən ilkin səbəblərindəndir. Lakin bu orqanların travmaya məruz qalması da bəlğəmin meydana çıxmasına stimul verə bilir. Virus və ya bakteriyalar da bəlğəm əmələ gəlməsində öz rollarını oynayır. Bütün hallarda öskürək və nəfəs darlığı müşahidə edilir.
Əslində, bəlğəm boğazın soyuqlaması zamanı orqanizmin verdiyi müdaifə cavabıdır. Sağalan kimi diskomfort yoxa çıxır. Bəzən proses xroniki şəkildə davam edir və bu, bərabərində uzunmüddətli narahatlıqlar gətirir. Tibbdə “burunarxası sindrom” deyə bir termin var. Bu sindrom boğazdakı daimi diskomfort hissidir. Burunla boğazın kəsişmə nöqtəsində-gənzik dediyimiz yerdə yığılan bəlğəm sindromun əsas əlamətidir. Bu sindrom orqanizmə böyük zərər vura bilər. Çünki mövcudluğu dövründə qida borusuna bir çox “patogen casus” göndərir. Nəticədə isə bəzi narahatlıqlar yaranır:
-boğazda diskomfort və böyük ölçüdə bəlğəmin olması hissi;
-arzuolunmaz qıcıqlanmalar;
-boğazda və burunda qaşınma;
-təngnəfəslik;
-tez-tez boğazı təmizləmək istəyi;
-tutulan burun;
-arabir meydana gələn səbəbsiz baş ağrıları;
Boğazda bu narahatlıqların artmasının sirri nədədir?
Qida klapanlarının düzgün işləməməsi. Mədə ilə bağlı olaraq boğazda diskomfort hiss edilməsi nadir rast gəlinən hadisə deyil. Mədədə həzm prosesi gedərkən qapanmayan qida klapanı mədə turşusunun boğazı qıcıqlandırmasına səbəb olur. Bu zaman boğazda yaranan bəlğəm orqanizmin özünü müdafiəsidir.
Allergiya. Orqanizmin müxtəlif allergenlərə qarşı reaksiyaları sırasında bəlğəm də var. Ev heyvanları, bitkilər, evlərin özünəməxsus qoxuları, küçədə yeriyərkən qəfil qalxan toz və s. kimi allergenlər boğazı qıcıqlandırır. Orqanizm də bu “yad”ların içəri daxil olmasının qarşısını almaq üçün bəlğəmlə “silahlanır”.
Bronxial astma. Bu xəstəlik daim bəlğəmlə müşahidə edilir. Astma 2 növə ayılır: a) allergik astma; b) qeyri-allergik astma; Daha çox birinci halda, yəni, allergik astmada bəlğəm yaranır.
İnfeskiya. Burundan və ya boğazdan orqanizmə daxil olan mikroorqanizmlər soyuqdəymə səbəbilə inkişaf edir, çoxalırlar. Orqanizm bu “dəvətsiz qonaqların” çoxalmasının qarşını almaq üçün bəlğəm istehsal etməyə başlayır. İnfeksiya burundadırsa sinusit, qırtlaqdadırsa larengit, boğazdadırsa farengit, bronxlardadırsa bronxit adlanır. Amma bütün hallarda nəfəs darlığı, boğazda qıcıqlanma, keçməyən öskürək, bəzən şişkinliklər də müşahidə olunur. Sinusit zamanı burundan nəfəs almaq, demək olar ki, mükünsüzdür. Tonzillit zamanı dəhşətli ağrılar və şişkinliklər olur. Boğazda daim qıcıqlanma hissinin olması, öskürək və təngnəfəslik larengit haqqında düşünməyə əsas verir. Ağciyərdəki bədxassəli və ya xoşxassəli şişlər də boğazda bəlğəm yaranmasına səbəb olur. Əgər bəlğəm yaşıl rəngdə və pis qoxuludursa, həkimə müraciət etmək mütləqdir. Çünki bu əlamət ağciyərdə, tənəffüs borusunda, yaxud bronxlarda xərçəng olmasından xəbər verir. Duru və şəffaf bəlğəmlə rastlaşmaq yuxarı tənəffüs orqanlarında poliplərin varlığı və ya burun çəpərinin əyilməsi kimi anomaliyalar anlamına gəlir.
Quruluq. Burun və boğazda həddindən artıq quruluq hissinin meydana gəlməsinin səbəbi bir az daha dərindədir. Deməli, orqanizmi nəmləndirməyə məsul olan hüceyrələrdə nəsə problem var. Hüceyrələrdəki problemlər isə xarici qaynaqlıdır:
-evdəki istilik sistemində baş verən nasazlıqlar;
-gündəlik normadan daha az maye qəbul etmək;
-tünd çay, kofe və ya alkoqol qəbulu;
-sidikqovucu qəbul edilməsi;
Siqaret çəkmək. Bu zərərli vərdiş tənəffüs yollarının “düşmənləri”ndəndir. Hər kəs siqaret çəkmək qabiliyyətinə malik olsa da, hər orqanizm nikotini qəbul edə bilmir. Əksər siqaret çəkənlər ömür boyu boğazındakı bəlğəm hissi ilə yaşamağa məhkumdur. Siqaret çəkənlərin digər insanlara nisbətən bronxit, pnevmaniya, hətta ağciyər xərçəngi olması riski böyükdür.
Qidalar. Bəlğəm əmələ gətirən qidalar da var. Təəccübləndiniz? Elə mən də... Bəli, rasionumuzda elə qidalar var ki, onların müntəzəm qəbulu quru bəlğəm yarada bilir, yaxud öskürəklə müşayiət edilən yaş bəlğəmin əmələ gəlməsində iştirak edir. Yağ-süd məhsulları qida siyahısında birinci yerdədi.
Hormonlar. Hamiləlik zamanı gələcək ananın hormon bazası yenilənir. Bu zaman boğazda bəlğəmin olması hissi diskomfort olsa da, normal sayılır.
Uçucu kimyəvi maddələr. Bəzi kimyəvi maddələr uçucu xarakterə malikdir. Onlar burunda, boğazda və qırtlaqda qıcıqlanmalar yaradır. Siyahıda divar boyası, ayaqqabı mazı, hətta gündəlik istifadə üçün nəzərdə tutulmuş gigiyenik vasitələr də var. Bütün hallarda orqanizm özünümüdafiə sisteminə keçir və ilk addım olaraq bəlğəm istehsal etməyə başlayır. Buna görə də, çalışın ki, bəzi işləri görərkən maska taxasınız.
Bəs, bəlğəmdən necə yaxa qurtarmaq olar?
Duzlu su ilə qarqara. Duzlu suyun təmizləyici xüsusiyyəti burda da orqanizmin köməyinə çatır. Yetər ki, hər şeyi düzgün qaydada edəsiniz. 1 stəkan suya 1 çay qaşığı dəniz duzu, qaşığın ucunda bir çimdik soda əlavə edin. Yaxşıca qarışdırın və boğazınızı qarqara edin.
Buxarda nəfəs almaq. Bu metod bəlğəmgətirici üsulların ən yaxşısı sayılır. Boğazınızın təmizlənməsinə, varsa, nahiyədəki soyuqdəymənin aradan qalxmasına kömək edir. Qaynar suyu bir qaba tökün, azca gözləyin. Yoxsa tənəffüs yollarını yandıra bilərsiniz. Elə ki, suyun temperaturu 500C -700C oldu, başınızı dəsmalla örtün və buxarla nəfəs alın
Nəzərə alın ki, burnunuzla su arasındakı məsafə minimum 10 sm olmalıdır. Əgər suya efir yağı, yaxud evkalipt yağı əlavə etsəniz, bu üsul boğazdakı mikrobların da axırına çıxacaq.
Duzlu məhlul ilə burnunuzu yuyun. Bu metod gənzikdəki xoşagəlməzliklərdən və burun tutulmalarından yaxa qurtarmağa kömək edəcək. Duzlu məhlulu aptekdən hazır şəkildə də ala bilərsiniz. Amma evdə özünüzün də hazırlamaq şansınız var. Sizə dəmlik və iynəsiz şpris lazım olacaq. 1 çay qaşığı duz və 300 ml su götürün. Elə qarışdırın ki, duz suda tamamilə həll olsun. Başınızı 900 bucaq altında əyin. Burnunuza məhlulu elə yeridin ki, gənziyinizə çatsın. Sonra başınızı irəli əyin, burnunuzu, boğazınızı təmizləyin.
Zəncəfil. Qaynar zəncəfil çayı boğazı təmizləyir. Bunun üçün təkcə zəncəfili dəmləmək mütləq deyil. Dəmlədiyiniz qara çaya zəncəfil əlavə etmək də yetərlidir. Zəncəfilin dadını sevmirsinizsə, çayınıza limon, yaxud bal əlavə edə bilərsiniz.
Sarıkök. Ədviyyatın mikrob əleyhinə vasitə olduğunu bilməyən yoxdur. Həmçinin, o, soyuqdəymənin sürətlə yoxa çıxmasına təkan verir. 1 çay qaşığı sarıkökü və yarım çay qaşığı duzu 1 stəkan isti suya qatın. Qəşəng qarışdırın və alınan qarışımla boğazınızı sutkada bir neçə dəfə qarqara edin. Proseduru öskürəyiniz bitənədək və bəlğəm gəlməyənədək davam etdirin.
Bal və limon. Hər iki inqridient öskürək və boğaz qıcıqlanmasının aradan qaldırılmasında effektivdir. 1 xörək qaşığı bal, 2 xörək qaşığı limon suyu, 240 ml su götürün. Hamısını qarışdırın. Boğazınızdakı daimi “bəlğəm var” hissi yoxa çıxanadək hər gün bu qarışımdan hazırlayıb için.
Acı bibər, istiot... Bilirəm, acılığın boğazı qıcıqlandırdığı fikrindəsiniz. Amma bununla belə, acı yedikdən saniyələr sonra boğazdakı diskomfort hissi yoxa çıxır.
Alma sirkəsi. Bəlğəmdən yaxa qurtarmağın ən yaxşı üsullarından biri də alma sirkəsi qatılmış sudur. 1 xörək qaşığı sirkəni 1 stəkan suya qatın. Qarışımla boğazınızı qarqara eləməklə yanaşı, onu içə də bilərsiniz.
Lazımi qədər maye içməyi unutmayın! Quru bəlğəmin əmələ gəlməsinin qarşısını almaq üçün orqanizmin maye balansını nəzarətdə saxlamaq lazımdır. Bir də, bütün ümumi tövsiyələrə baxmayaraq, hər bir insan orqanizminin yeganə olduğunu nəzərə alın. Bu da o deməkdir ki, hər orqanizmin maye ehtiyacının ölçüsü fərqlidir.
Ucadan mahnı oxumaq. Qəribə səslənsə də, mahnı oxuyan zaman yaranan səs titrəmələri bəlğəmin əmələ gəlməsinə mane olur. gündə, ən azı, 1-2 dəfə sevdiyiniz mahnıları ucadan oxuyun.
Bəzi kiçik sirlər var ki, onlar da bəlğəmdən yaxa qurtarmaqda sizə kömək edəcək. Yataq otağınızdakı səthləri həftədə bri neçə dəfə nəmli əski ilə silin. Siqaret çəkirsinizsə, bu zərərli vərdişi tərgitməyə çalışın. Rasionunuzdakı duz, acı və turşu miqdarını azaldın. Ürəyiniz haçan istədi, su için.
Profilaktika. ƏXəstəliyin qarşısını almaq müalicə etməkdən daha yaxşıdır. İmmunitetinizi möhkəmləndirməyə çalışın. Mütəmadi olaraq, gün ərzində, ən azı, 2-3 saat piyada gəzin. Soyuqdəymədən qaynaqlanan, yaxud mövsümi xəstəlikləri qısa müddətdə müalicə edin ki, onlar xroniki formaya keçməsin. Zərərli vərdişlərdən əl çəkin. Stressdən və əsəb gərginliyindən qaçın. Bu faktorların hamısı immunitetinizi zəiflədir.
Bayaq da qeyd etdim ki, bəlğəm orqanizmin özünü müdafiə üsullarındandır. Bəlğəm varsa, demək, hardasa problem var. Bir də, bəlğəmdən yaxa qurtarmaqçün sadaladığım üsullarla birgə vitamin kompleksi, immuniteti möhkəmlədəcək qidalar qəbul etsəniz, daha effektiv olar.
Bahadur Seyidov / Demedia.az