Acqarına isti su içməyin İNANILMAZ FAYDALARI



 22:37 04.11.2022     1063

İnsan orqanizmi susuz yaşamağı bacarmır. Bir neçə gün acqarına isti su içmək yuxunu normallaşdırır, ayaqdakı şişkinlikləri yox edir, dərini elastikləşdirir.  

Suyun gün ərzində çox içilməsi ilə bağlı məsləhətlər çoxdur. Amma bir məsələ var ki, suyun hansı miqdarda içilməsinin orqanizmə təsiri fərdidir. Yəni, içilən 2 litr su 2 ayrı orqanizmdə eyni effektə malik olmur. 

Acqarına isti su içməyin faydaları.  Yuxudan duran kimi, 1 stəkan su, 1 fincan çay, yaxud kofe içmək, bunun ayılmağımıza kömək etdiyini güman etmək hər birimizin sahib olduğumuz fərdi vərdişlər siyahısına daxildir. Adətən, insanların çoxu səhər acqarına soyuq su içirlər. Amma boş mədəyə içilən 1 stəkan isti suyun orqanizmə faydaları daha çoxdur. Acqarına içilən isti su: 
-Həzm sisteminin işini normallaşdırır;
-Toksinlərin və digər zərərli maddələrin orqanizmdən atılmasına kömək edir;
-İmmuniteti gücləndirir; 
Ekspertlər vurğulayır ki,  günə 2-3 dilim limon əlavə edilmiş isti su ilə başlamaq daha faydalıdır. Bu, sərbəst radikalların aktivlik sürətini aşağı salır, bir çox xəstəliklərin əmələ gəlməsinin qarşısını alır. Amma hər su da içilməməlidir.  Təmiz, filtrlənmiş, həmçinin, qaynamamış  su orqanizmin sağlamlığına zəmanət verir. Yəni, suyu odun üzərinə qoyun, isidin, amma qaynatmayın. Səhər yeməyindən yarım saat əvvəl 1 stəkan için. 

Səhər acqarına çay, yaxud kofe içmək vərdişi də pis deyil. Amma hər iki içki maye balansının tənzimlənməsində orqanizmə isti su qədər kömək etmir. Bədəndə su əksikliyi varsa, daxili orqanların fəaliyyətində gecikmələr baş verir. 
İsti su qazlarla da müabrizə aparır.  Gün ərzində qəbul etdiyimiz qidaların çoxu çətin həzm olunur. Beləcə, həzm prosesində yaranan qazlar bağırsaqlara və mədəyə yığılır, köp əmələ gətirir. Bu da insanda diskomfort hissi yaradır. Acqarına 1 stəkan isti su içmək vərdişi sizi bu cür narahatlıqlardan azad edəcək.  İsti su mədə-bağırsaq traktatında axşamdan qalan qazları bağırsaqlara daşıyacaq və onların orqanizmdən xaric olunmasını təmin edəcək.  Acqarına içilən soyuq su isə əks təsirə malikdir;  mədə-bağırsaq sistemində şok effekti yaradır, mədədə spazmların meydana çıxmasına stimul verir. 

Qocalmanı ləngidir. Əgər orqanizm toksinlərlə yüklənibsə, o, sürətlə yaşlanır.  Acqarına isti su içmək vərdişi orqanizmin təmizlənməsinə zəmanət verir. Üstəlik, maye balansının qorunmasını təmin edir ki, bu da dərinin daim nəm və elastik qalmasının səbəbidir. Xüsusən, orta yaşlı insanların bədəni suya daha çox ehtiyac duyur. Çünki məhz bu dövrdə həyat tsikli dəyişməyə başlayır. 

Həzm prosesini yaxşılaşdırır. 1 stəkan isti suyun boş mədəyə daxil olduqdan sonra gördüyü işlər sırasında zərərli maddələrin və toksinlərin orqanizmdən atılması ilə bərabər, onların orqanizm daxilindəki fəaliyyətinin məhdudlaşdırılması da vardır.  Həzm prosesi normal şəkildə başlayıb sona çatmasa orqanizm lazımi maddələrlə təmin oluna bilməz. Məhz buna görə də, həzmin yaxşılaşmağı üçün faydalı vərdişlərə yiyələnmək labüddür.  Mütəmadi olaraq, qəbul edilən isti su mədə fermentlərinin ifrazını nizama salır, mədə şirəsindəki turşuluğu azaldır; başqa sözlə, mədənin qayğısına qalır. Yeməkdən sonra içilən buzlu isə baş verənləri tərsinə çevirir. Yəni, mədə problemlərinin daha da artmasına gətirib çıxarır.  İsti suyun köməyilə yumşalan və həzmə gedən yağlar soyuq suyun təsirilə bərkiyir, dəri altına, yaxud daxili orqanların ətrafına yığılmağa başlayır. Bağırsaq divarına yapışan və orda bərkiyən yağlar isə həzm prosesini iflic vəziyyətinə salmağa qadirdir.  İsti su içmək, həmçinin, damar divarlarına yığılan lipidlərin də  yumşalmasına və damarların təmizlənməsinə kömək edir.   Yeməkdən sonra da isti su içmək yaxşıdır. Bu zaman ağız boşluğundan başlayaraq mədəyədək  yığılıb qalan kiçik qida qalıqları bağırsaqlara ötürülür.  

Ağrıkəsici effektinə malikdir.  Xüsusilə, qadınlarda aybaşı ağrılarını və ya xroniki baş ağrılarını  xəfiflətmək üçün isti suyun içilməsi vacibdir. Əzələlərin və qarın boşluğunun rahatlaması, ürək-damar sistemindəki gərginliyin azalması da isti su içmək vərdişinin faydalarındandır.  Çünki isti su qan dövranını yaxşılaşdırır, bu da növbəti etapda əzələlərdə spazmların yox olmasına gətirib çıxarır. 

Qan dövranını normallaşdırır.  Qanda pis xolesterinin səviyyəsini aşağı salmaqda mahir olan isti su, eyni zamanda, qanın təmizlənməsinə də xidmət edir.  Hər gün acqarına isti su içməklə orqanizmdəki yağ artıqlarının xaric edilməsini dəstəkləmiş olarsınız.  Bu artıqlar toksin xarakterinə malikdir və sinir sisteminə mənfi təsir göstərir. 

Arıqlamağa kömək edir. Hər gün içilən isti su artıq çəkidən azad olmağa kömək edir. Çünki isti su içərkən orqanizmin temperaturu artır, bu da öz növbəsində, metabolizmanın sürətlənməsinə səbəb olur.  Beləcə, orqanlara da, toxumalara da oksigen  və digər qidalandırıcı maddələr vaxtında çatır. Bu proses kalorilərin yanması ilə nəticələnir. Başqa sözlə, çəki artımının qarşısı alınır. 

İmmuniteti möhkəmlədir. Acqarına isti su içmək limfa əmələ gəlməsini də dəstəkləyir. Həmçinin, orqanizmi infeksiya və viruslara qarşı müqavimətli edir. 

Saçları canlandırır, dərini təravətləndirir. Səhərlər içilən isti su dərinin də köməyinə çatır. Yəni,  orqanizmi həm daxilən, həm də zahirən sağlamlaşdırır. Elə zərərli maddələr var ki, daxildə mövcud olsa da, dərinin qırışmasına, dəridə tünd ləkələrin əmələ gəlməsinə səbəb olur.  Əsasən, orqanizmdə soyuqdəymənin həcmi çox olduqda qan dövranında problemlər yaranır ki, həmin problemlər özünü dəridə büruzə verir. İsti su toksinləri  bədəndən xaric etməklə yanaşı, soyuqdəymə əleyhinə vasitə kimi də öz işini görür. Bədən daxildən təmizləndikcə, dəri gözəlləşir. İsti su saçların həcmi və böyüməsi üçün də müəyyən əhəmiyyətə malikdir. Araşdırmaçılar əmindir ki, acqarına içilən isti su saçların gün ərzində ehtiyacı olan qidanın  böyük qismini təmin edir. Saçların və dərinin sağlamlığı üçün  sutkada, ən azı, 1-1,5 litr  isti su içmək lazımdır. 
Orqanizmi toksinlərdən arındırır. Biz yuxuda olarkən orqanizmdə müəyyən bərpa işləri gedir. Təbii ki, bərpa prosesində lazımsız maddələr, yəni, toksinlər də seçilir və bir tərəfə depolanır. Acqarına içilən isti su məhz bu qalıqların orqanizmdən atılması baxımından əvəzsizdir.  Əgər indiyədək acqarına isti su içmək vərdişiniz yoxdursa, narahat olmayın. Günü sabahdan başlaya bilərsiniz. İlk dəfə içilən isti su mədədə rahatlıq hissi yaradır.  Hər öynədə  süfrədən qalxmamış içilən isti su həzm prosesini  o qədər asanlaşdırır ki, insan özünü yüngül və enerjili hiss edir. “Yedim, yoruldum”, yaxud “yedim, yuxum gəldi” kimi cümlələrin qurulması, sadəcə, pis xatirə kimi dünəndə qalır... 

Yuxu rejimini nizama salan, nevroza səbəb olacaq gərginliyi azaldan, sinir sistemini rahatladan isti su əhval-ruhiyyəni də yüksəldir. 

Zərərləri və əks təsirləri. 

İsti suyun faydalılığı şübhəsizdir. Amma bəzi hallarda acqarına isti su içməyi təxirə salmaq lazımdır.  
-Hipertoniya zamanı;
-Ürək-damar sistemində bariz şəkildə görünən hər hansı problem varsa; 
-Ayaqlarda mütəmadi olaraq şişkinlik yaranırsa;
-Öd kisəsində daş olduqda; 
-İsti suya əlavə etdiyiniz bal, limon dilimləri, nanə yarpaqları kimi inqridientlərə qarşı allergiyanız varsa; 
Bu hallarda isti su içməzdən əvvəl həkimlə məsləhətləşməyiniz mütləqdir. 
Bayaq da qeyd etdim ki, çalışın, suyu qaynatmayasınız.  Həddən artıq isti su mədə divarını zədələyə bilər.  

Bahadur Seyidov / Demedia.az