Uyğun yatağı, çarpayını necə seçmək olar? - Araşdırma
Yataqdan qalxmaq ən çətin işlərdən biridir. Bununla belə, alimlərin hesablamalarına görə, insan ömrünün yarıya qədəri, demək olar ki, yuxuda keçir. Rahat yuxunu firəvan həyatın açarı sayanlar da var. Bəs, uyğun yatağı, çarpayını necə seçmək olar?
Bəziləri üçün çarpayının rahatlığından çox, qeyri-adiliyi vacibdir. İnanmırsınız? Onda videonu sonadək izləyin və sizi inandırıb-inandırmadığımı rəylərdə yazın.
Kitab-çarpayı. Bu, Yusuke Suzuki`nin ideyasıdır. Kitab-çarpayı şəhərdə yaşayanlar üçün nəzərdə tutulub. Çünki yaponların mənzillərində çox yer tutmur. Böyük kitab formasında hazırlanan yataq qatlana bilir. Nağıl oxuyanlar üçün əsl macəra olar bu çarpayıda yatmaq.
La Montana Rusa. Kubalı dizaynerin yaratdığı bu çarpayı “Amerikan atraksionu”na bənzəyir. Uzun və nahamar olan çarpayı elə də rahat deyil. Çünki dizayner onu yatmaq üçün yox, incəsənət nümunəsi kimi yaradıb. Çarpayı Nyu-Yorkdakı qalereyalardan birində 2008-ci ildən bu yana sərgilənir.
Kinoteatr. “İnox” adlı Polşa şirkəti bu məhsulu “ən qabaqcıl çarpayı” adlandırır. Çünki uzanaraq film izləmək üçün hər bir şəraiti var: jalüzləri avtomatik örtülür, lampası daxildən yanır, səs sistemi mövcuddur, ən əsası isə, hərəkətli ekrana malikdir.
Ağcaqanadlardan qoruyan nənni. Yayda çox adam açıq havada, ağacların altında yatmağı sevir. Di gəl, ağcaqanadlar onların bu istirahətinə mane olur. “Hammacher Schlemmer” (Hammaxer Şlemmer) firmasının hazırladığı bu nənni ağacaqanadlardan yaxa qurtarmaq üçün ən yaxşı vasitədir.
Furqon-çarpayı. “Circu” fabrikinin istehsalı olan bu məhşur çarpayı “Bun Van” adlanır. Uşaqların arzularını reallaşdıran çarpayının hazırlanmasında əsas xammal kimi plastik şüşə götürülüb. Furqon-çarpayıda televizor, masa, soyuducu və divan var. Furqonda, həmçinin, “dəniz qızı” üçün də yataq var. Dayağı daşdan olan yatağın qapaq hissəsi də plastik şüşədəndir. Üstəlik, daxili işıqları da var.
Stul-yataq “FAZ”. Günorta yatmaq, yaxud belini dikəldərək kitab oxumaq üçün ideal vasitədir. Di gəl, qiyməti çox bahadır: 10 min dollar. “FAZ” Bluetooth`a və səs sisteminə malikdir. Üstündəki örtük isə stul-yataqda uzananı soyuqdan, qızmar günəşdən, hətta, sudan da qoruyur.
Öz-özünə səliqəyə düşən çarpayı. Yəqin ki, səhər yuxudan durandan sonra yatağını səliqəyə salmağı çox adam sevmir. Siz də bu cür insanlardansınızsa, “Smartduvet” ala bilərsiniz. Çünki bu yataqlar yorğanın içindəki qabarcıqlar sayəsində öz-özünə səliqəyə düşür. Bunu malik olduğu avtomatik nasos sayəsində bacarır.
Flottua. Adama elə gəlir ki, çarpayı havada durur. Çarpayını italyan dizayner Daniel Lago 2004-cü ildə hazırlayıb. Divara bərkidilən çarpayının cəmi bir ayağı var. Onu da işığın köməyilə gizlətmək mümkündür.
Süzülən nənni-çarpayı. Bu gördüyünüz nə çarpayı, nə də nənnidir: hər ikisidir. Konstruksiya “süzülən nənni-çarpayı” adlanır. Yüngülcə yellənən yataq həm yuxunu normallaşdırır, həm də bədəni, sanki, asta-asta masaj edir.
Yuva-çarpayı. Çarpayı öz adına layiqdir. Əsl quş yuvasını xatırladır. Müxtəlif ölçüləri var. Ən böyüyünə 16 adam eyni anda uzana bilər. Yumurta formasındakı yastıqlar və döşəkçələr olduqca yumşaqdır. Çarpayını israilli dizaynerlər hazırlayıb. Onlar yatağı sərgi üçün nəzərdə tutmuşdular. Amma get-gedə yuva -çarpayıya maraq çoxalmaqdadır.
Deluks oturacaqlar üçün sistem. Bu konstruksiyanı “Google”, “EA”, “L`OREAL” da kompaniyaları alıb. Məhsul satışa çıxandan sonra o qədər sürətlə alınıb ki, anbarda qalmayıb. 20-dən çox yumşaq kürənin yan-yana düzülməsindən hazırlanan bu məhsul ilk dəfə satışa oturacaq kimi çıxarılmışdı. Amma sonra adı dəyişdirildi. Çünki üstündə 5 adam rahatca yan-yana yata bilir.
“İn-Yan” çarpayı. Bu çarpayı iki nəfər üçündür. İtalyan dzayner Alessio Pappa tərəfindən hazırlanan çarpayı eyni yataqda yan-yana yata bilməyən cütlüklər üçün nəzərdə tutulub. Hərçənd, taxta çərçivə o qədər də rahat görünmür.
Hamburger-çarpayı. Yemək və günəşlənmək insanların ən sevimli məşğuliyyətlərindəndir. Əvvəl-axır kimsə bu iki məşğuliyyəti birləşdirməliydi. Bunu Kayla Kromer etdi. O, yumru döşək aldı və geriyə qalanını özü tamamladı. 2007-ci ildə satışa çıxan çarpayı sonra əldən-ələ keçdi. Nəhayət, sonda çarpayını “Hamburger muzeyi” aldı.
Vertikal çarpayı. Vertikal vəziyyətdə yuxuya getmək o qədər də populyar deyil. Amma braziliyalı Ernesto Neto məhz bunun üçün çarpayı hazırlayıb. Çarpayı insanı böyük marşmello kimi sarır. İnsan yuxuya getsə də, bədəni vertikal vəziyyətdə qalır.
Geometrik çarpayı. Bunun çarpayı olmadığını iddia etsəniz, sizi anlayaram. Amma bu çarpayı mövcuddur. Jakob və MacFarlane tərəfindən hazırlanıb. Dəmir çərçivələr döşəyin üstündə iç-içə keçib.
Le Beanock. Bu nənni-çarpayı unikaldır. Otağı təmizləmək, yaxud özünüzü təcrid etmək istəyirsinizsə, yatağı yerindən açıb istədiyiniz yerə daşıya bilərsiniz. İstənilən vaxt divan və ya kreslo kimi də işə yarayan nənni-çarpayı aktrisa Gvinet Peltrou`unun da sevimlisidir.
Letto Zip. İtalyanların hazırladığı daha bir asan səliqəyə salınan çarpayı. Sadəcə, zəncirbəndlə ağzını bağlayırsınız, vəssəlam! Bu yataq üçün əlavə yorğana da ehtiyac duyulmur.
Maqnitli çarpayı. İki maqnitin bir-birini itələməsi sayəsində döşək havada durur. Ən maraqlısı da odur ki, döşəyin üstünə 900 kq yükü asanlıqla yığmaq olar. Kiçik versiyası isə 80 kq üçün nəzərdə tutulub.
Seyf-çarpayı. Döşəyin altında pul saxlamaq adətinin tarixi qədimdir. Bu çarpayının istehsalçıları qədim ənənəni müasirliklə birləşdiriblər. Belə ki, yatağın altında seyf gizlədiblər.
Səsli çarpayı. Bu çarpayı yataq otağı mebeli kimi yox, uzanıb musiqi dinləmək üçün hazırlanıb. Müxtəlif funksiyalara malik yataqda həm əylənmək, həm də dincəlmək mümkündür. Çarpayının ətrafı müşahidə altında saxlayan videokamerası da var.
Hörgü-çarpayı. Əgər ipdən nəsə hörmək, toxumaq sizin sevimli hobbinizdirsə, bu çarpayını da sevəcəksiniz. Çünki yataq yarımçıq qalan bir hörgünün parçası kimi görünür.
İT-çarpayı. Əgər çarpayınızı daim özünüzlə gəzdirmək istəyirsinizsə, bu da mümkündür. Çünki İT-çarpayı (ayti-çarpayı) adi kartondan hazırlanır... İstənilən yerdə qurun, yatın, sonra qoltuğunuza vurub gəzməyə çıxın.
İkimərtəbəli divan-çarpayı. Hamımız açılan divanlar haqqında məlumatlıyıq. Bəs, iki mərtəbəli yatağa çevrilən divan haqqında nəsə bilirsiniz? Kompakt və rahat olan bu konstruksiya evdə də çox yer tutmur.
Embrion formasında çarpayı. Əgər siz embriona bənzər formada yatırsınızsa, sevinməyə haqqınız var. Bu çarpayı məhz sizin üçündür! Arxasıüstə yatanlar üçünsə bu çarpayı heç də uyğun deyil.
Fırça-çarpayı. Diş fırçasına oxşayan bu çarpayının dizayneri Ron Arad`dır. Onu heç yerdən ala bilməzsiniz, yalnız şəklinə baxmaq şansınız var. Belə də ki, neyləyirsiniz ey?! Onsuz da, onun içində rahat yatmaq olmaz.
Sükunət üçün çarpayı. Qeyri-adi görünməynə baxmayaraq, bu çarpayı faydalıdır. Onu insanların rahat yuxuya getməsi məqsədilə hazırlayıblar. Yuxusuzluqdan əziyyət çəkənlər üçün ideal vasitədir. Çarpayının ətrafındakı səs buraxmayan pərdələr avtomatik şəkildə açılıb-bağlanır.
Rahatlıq kapsulu. Sakitləşdirici işıq, rəng, səs, asta-asta yırğalanma... Kapsul içində yatan insana məhz bunları təmin edir. Kənar səslərin 90%-ni batıran kapsul müxtəlif ölçülərdədir. Çarpayının bir başqa versiyasını isə Britaniya şirkəti hazırlayıb və adını “yuxu kapsulu” qoyub.
Çəllək-çarpayı. Pivə sevənlərin gözləri parıldadı, hə? Çəlləyin içində yatarkən özünüzü pivə anbarında hiss edə bilərsiniz. Çünki çarpayı XIX əsrdən qalmış bir pivə çəlləyindən hazırlanıb. İkinəfərlikdir.
Sudakı çarpayı. Su çarpayısı haqqında eşitmiş olarsınız. Bu isə su ilə əhatələnmiş çarpayıdır. Sakitcə yuxuya getmək və ayılarkən də yataqdan birbaşa hovuza tullanmaq olar. Bircə yuxuda gəzənlər bu çarpayıdan almasın!
Buzlu çarpayı. İsveçdəki “Buz otel”də bütün çarpayılar buzdandır. Buz dağlarından əllə kəsilən, forma verilən çarpayılar buzdan hazırlanmış heykəllərlə əhatələnib. Və qeyd edim ki, bu oteldə buzlu çarpayıda yatmaq yalnız bir gecəliyinə təklif olunur. Təbii dəri və su keçirməyən materialdan hazırlanan yataq qonaqların üşüməməsi üçün nəzərdə tutulub. Həmçinin, qonaqlara İsveçə məxsus olan qış paltarları da verilir.
Bahadur Seyidov / Demedia.az