Soçi görüşünün nəticələri ölkəmizin maraqlarını özündə əks etdirir - Şərh



 18:00 04.11.2022     566

Oktyabrın 31-də Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın arasında keçirilən üçtərəfli görüşün nəticələri ölkəmizin növbəti diplomatik qələbəsidir.

Demedia.az xəbər verir ki, bunu politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, çünki dövlətimizin başçısı hər zaman olduğu kimi budəfəki görüşdə də milli maraqlarımızı qətiyyətlə qorudu:

"Prezident İlham Əliyevin Vladimir Putinlə görüşdə Qarabağ məsələsinin iki ildir ki, həll olunduğunu xatırlatması, “Bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur” deməsi dövlətimizin prinsipial mövqeyindən xəbər verir. Hazırda gündəmdə olan məsələ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması olmalıdır. Sülh müqaviləsinin imzalanması üçün artıq qarşı tərəfə beş bənddən ibarət təkliflər paketi təqdim olunub. Həmin təkliflər beynəlxalq hüquq normalarına əsaslanır.

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan dünən parlamentin iclasında Soçi görüşü haqqında erməni deputatlara məlumat verib. Üçtərəfli görüşdə regionda sülhün bərqərar edilməsi istiqamətində irəliləyiş olub. Paşinyan deyib ki, Soçidə keçirilən üçtərəfli görüşdə Praqada əldə olunan razılaşmalar təsdiqlənib: “Biz razılıqları təsdiqləmişik, Rusiya və Azərbaycandan da etiraz olmayıb”. Ermənistanın baş naziri görüşdə Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının mandatının uzadılması barədə təkliflə çıxış etdiyini deyib. Amma bu təklif rədd edilib. Bununla belə, Paşinyan sülhməramlıların mandatının uzadılması məsələsinin gündəmdə qalacağını iddia edib.

Nikol Paşinyan Soçi görüşü ilə bağlı ölkəsinin daxili auditoriyası üçün izahatverici açıqlamalar yayıb. Soçi bəyanatına nəzər yetirdikdə, Praqada əldə olunan razılaşmalarla bəzi oxşarlıqlar görünür. Lakin Rusiya təbii ki, regiona öz maraqları çərçivəsində yanaşır. Eyni zamanda N.Paşinyan bildirir ki, üçtərəfli görüşdə Rusiya sülhməramlılarının mandatının uzadılmasını aktuallaşdırmağa çalışsa da, buna nail ola bilməyib. Çünki əldə olunmuş razılaşmalar üçtərəfli əsasda qəbul edilir. Və görünür, Azərbaycan tərəfi bizi qane etməyən məsələlərə qarşı çıxır. Bu da çox doğru yanaşmadır. Nəzərə almaq lazımdır ki, ötən dövr ərzində sülhməramlıların fəaliyyətinda qüsurlar olmuşdu ki, bu da cəmiyyətimiz tərəfindən etirazla qarşılanmışdı. Bu, heç kimə sirr deyil. Soçi Bəyanatında qeyd olunur ki, sülhməramlılar regionda sabitləşdirici rol oynayırlar. Lakin onların mandatının uzadılması haqqında heç bir müddəa yoxdur. Əlbəttə ki, Moskva sülhməramlıların mandatının uzadılmasını istəyə bilər. Ermənistanın baş naziri bu təklifi verməklə Rusiyaya yarınmaq istəsə də, nəticə vermədi. 

Soçi görüşünün nəticələri və əldə olunan razılaşmalar ölkəmizin maraqlarını özündə əks etdirir. Çünki bəyanatda Qarabağla bağlı, “status” haqda hər hansı müddəa yoxdur. “Əminliklə söyləmək olar ki, bu da Prezident İlham Əliyevin diplomatiyasının uğurudur. Baxmayaraq ki, erməni baş nazir hazırda daxili auditoriyaya məsələləri çatdırmaqda manipulyasiyalar edir. Bu da Paşinyana xas taktikadır. Ermənistan bilməlidir ki, Rusiya sülhməramlıları regionda müvəqqəti olaraq yerləşdiriliblər. Onların fəaliyyət dövrü beş il müddəti ilə məhdudlaşır və tərəflərdən birinin mövqeyi kifayət edir ki, onlar beş ilin tamamında regionu tərk etsinlər. İndiki şəraitdə Rusiya sülhməramlılarının mandatının uzadılması aktual deyil. Ümid edirik ki, onlar beş ilin tamamında regionu tərk edəcəklər”.

Xəyalə Məmmədova / Demedia.az