İmmuniteti möhkəmlədirir, xərçəngə faydalıdır... - Möcüzəvi BİTKİ



 19:29 10.11.2022     1188

Hələ qədimdən balqabaq insanların rasionunun bir hissəsi olub. O, təbiətin insanlara hədiyyəsidir. Doyurucu, yumşaq, xoş ətirli və dadlı tərəvəzdən hazırlanan yeməklər də növbənövdür. Yetişdirilməsində xüsusi təyinata ehtiyac olmayan balqabaq, demək olar ki, ölkəmizin hər bir regionunda əkilir. Marketlərdə, bazarlarda, istənilən meyvə-tərəvəz satılan yerdə balqabaq tapmaq mümkündür. Qiyməti də çox baha olmur. 

Mütəxəssislərin ehtimalına görə, balqabaq ilk dəfə Meksikada, bizim eradan 5 min il əvvəl meydana çıxıb. “Mərkəzi Amerikanın ən qədim tərəvəzi” adlandırılmasının səbəbi budur. Qədim hindular balqabaqdan boşqab kimi istifadə ediblər; bişirdikləri yeməkləri oyulmuş balqabağın içində yeyiblər. Bir qrup araşdırmaçı isə düşünür ki, Peruda qarğıdalı balqabaqdan sonra yetişdirilib. 

Balqabağın faydaları bunlardır:

Ürək-damar xəstəlikləri riskini aşağı salır. Balqabağın tərkibində ürəyin işləməsi üçün vacib olan mikroelement, yəni, kalium var. İtaliyalı alimlər sübut ediblər ki, arterial hipertenziyanın profilaktikasında balqabağın istifadəsi faydalıdır. Arterial hipertenziya zamanla insulta və infarkta gətirib çıxara bilir. Almaniyadan olan araşdırmaçılar balqabağın xolesterol səviyyəsini aşağı saldığından əmindir. Nizamlanan xolesterol səviyyəsi isə aterosklerozun qarşısının alınmasıdır. Həmçinin, balqabaq sayəsində damarlar təmizlənir ki, bu da miokard kimi bəzi xəstəliklərin önlənməsi deməkdir. 
Antioksidantlarla zəngindir. Balqabağın tərkibindəki antioksidantlar sərbəst radikalların hüceyrələrə olan mənfi təsirinin qarşısını alır. Orqanizmin  mikroblarla, viruslarla, yad cisimlərlə mübarizəsini dəstəkləyir. İrandan olan mütəxəssislərin fikrincə, sərbəst radikallar orqanizmdə stress yaradır. Stress isə bərabərində saysız xəstəliklər gətirir. Antioksidantlar sərbəst radikalları bədəndən xaric etməklə sağlamlığın keşiyində durur. Almaniyalı alimlər balqabağın tərkibindəki antioksidantların dərini ultrabənövşəyi şüalardan qoruduğunu deyirlər. Həmçinin, antioksidantlar bədxassəli şişləri yaradan zərərli hüceyrələri böyüməyə qoymur.  Qida rasionuna balqabaq əlavə etmək görmə qabiliyyətini yaxşılaşdırır, sinirləri sakitləşdirir, damarları təmizləyir. 

Xərçəng xəstəliyinin profilaktikasında faydalıdır. Xərçəng şişləri nəzarətsiz şəkildə böyüyür və sağlam hüceyrələri zədələməyə davam edir. İsveçrəli elm adamları aşkarlayıb ki, xərçəng hüceyrələri sərbəst radikallarla qidalanırlar. Yəni, orqanizmdə nə qədər çox sərbəst radikal varsa, şiş o qədər sürətlə böyüyür. Balqabağın tərkibində karotenoidlər var. Karotenoidlər sərbəst radikalların hərəkətini məhdudlaşdırmaq, xərçəngli hüceyrələri neytrallaşdırmaq qabiliyyətinə malikdir. Çindən olan mütəxəssislər balqabağın mədə xərçənginə qarşı müalicəvi təsirini araşdırıblar. Məlum olub ki, bu tərəvəz nəinki mədə xərçəngi, həmçinin, mədəaltı vəz, süd vəzi xərçəngi zamanı da orqanizmin ən yaxın köməkçisinə çevrilir. 

İmmuniteti möhkəmlədir. Balqabağın tərkibində yüksək miqdarda A vitamini var. İngilis ekspertlərin fikrincə, A vitamininin yağda həll olma qabiliyyəti orqanizmin infeksiyalara qarşı savaşmasına kömək edir, soyuqdəyməyə tez-tez yaxalanmaq kimi halları aradan qaldırır. Koreyalı alimlər isə A vitamininin makrofaq olduğundan əmindir. Məlumat üçün qeyd edim ki, makrofaqlar bakteriyaları, məhv olmuş hüceyrə qalıqlarını, orqanizm üçün yad,  zəhərli hissəcikləri fəal surətdə tutur və həzm edir.  İmmunitetin güclənməsi üçün lazım olan əsas faktorlardan biri də C vitaminidir. Zədələnmiş hüceyrələrin yenidən bərpası və antitellərin yaranması üçün C vitamini çox vacibdir. Balqabağın tərkibində immunitetin möhkəmlənməsinə kömək edəcək digər faydalı elementlər sırasında E vitamini, dəmir, fol turşusu da var. 

Görmə qabiliyyətini yaxşılaşdırır. Zaman keçdikcə, yaş artdıqca görmə qabiliyyətimiz zəifləyir. Bu, qocalmanın əlamətlərindən biridir. Alimlər əmin edir ki, A vitamini çatışmazlığı gözlərin zəifləməsini sürətləndirir. Çinli mütəxəssislər gündəlik rasionuna balqabaq əlavə edənlər üzərində araşdırma aparıblar. Onlar balqabağın görmə qabiliyyətini yaxşılaşdırdığını, kataraktanın qarşısını aldığını müşahidə ediblər. Gözün retinasında iki karotenoid var: zeaksantin və lutein. Bunların əksikliyi də gözdə problemlərin yaranmasına səbəb olur. Balqabağa payız rəngini verən məhz luteindir. Yəni, gözlərin sağlamlığı üçün lutein vacibdir, o isə balqabaqda mövcuddur. 

Arıqlamağa kömək edir. Balqabaq dietik qidalardandır. Doyurucu xüsusiyyəti sayəsində insanı saatlarla tox tutur. Bədən quruluşunun qeydinə qalanlar  menyu hazırlayarkən balqabağı yaddan çıxarmamalıdırlar. Həzm yollarını təmizləmək qabiliyyətinə malik olan balqabaq  toksinlərin orqanizmdən atılmasında da mühüm rol oynayır. Balqabağın enerji dəyəri də çox yüksək deyil; yəni, bu tərəvəzdən hazırlanan yeməklər sizə artıq kalorilər qazandırmayacaq. Arıqlamaq üçün balqabaq əvəzedilməz köməkçidir. 

Baş beyin üçün faydalıdır. Balqabaq, daha doğrusu, balqabaq yağı doymamış yağ mənbəyidir. Onlar beynin fəaliyyəti üçün faydalıdır.  Sağlam beyin nizamlı yuxunun və yaxşı əhvalın səbəbidir. Ruhi-əsəb pozğunluqları, depressiya zamanı balqabaq yemək əhvalı düzəldir. 

Qadın orqanizminə faydaları. Balqabaq saçlar, dırnaqlar və dəri sağlamlığının da zəmanətidir. Saçların parlaq və möhkəmlənməsini təmin edir, saç tökülməsinin qarşısını alır.  Saçların tökülməsi, dərinin qırışması, dırnaqların çatlaması qocalığın əlamətlərindəndir. Bu əlamətlərin qarşısını alan balqabaq, bir növ, qocalmanı da ləngidir. Tərəvəzin tərkibindəki antioksidantlar hüceyrələrin sağlamlığına xidmət edir. Sağlam hüceyrələrin uzunömürlülüyü də qocalığın gecikməsinə səbəb olur. Balqabaq tərkibindəki dəmir sayəsində üz dərisinin canlılığını qorumasına da kömək edir. Payızın sevimli tərəvəzi hamilələr üçün də faydalıdır. Adətən, hamiləlik zamanı anemiya, dəmir çatışmazlığı kimi hallar artır, toksikoz müşahidə edilir. Balqabaq hər iki istiqamətdə də qadın orqanizminin köməyinə çatır. 

Kişi orqanizminə faydaları. Yaxın tarixdə alimlər müəyyən etdilər ki, balqabaq kişi orqanizminin kompleks sağlamlığı üçün əvəzedilməzdir. Məsələn; prostat vəzinin xoşxassəli hiperplaziyası, prostatit  zamanı balqabaq  müalicəvi əhəmiyyətə malikdir. Qızılı tərəvəzin faydalarını saymaqla bitməz. Soyuqdəymə riskini aşağı salır, immuniteti möhkəmlədir. Sidik yolları genişlənir, beləcə, onların fəaliyyəti yaxşılaşır. 

Zərərləri və əks təsirləri. 

Bütün qida məhsulları kimi, danılmaz faydalarına baxmayaraq, balqabaq da əks təsir göstərə bilir. Mədə-bağırsaq problemi olan insanlara balqabağı çiy halda yemək, yaxud şirəsini çəkib içmək olmaz. Ödündə daş olanlar  üçün də balqabaq təhlükə yarada bilər. Ödqovucu xüsusiyyətə malik olduğuna görə, balqabaq daşların tərpənməsinə səbəb olur. Bu da dözülməz ağrılar deməkdir. Ümumiyyətlə, yaşından asılı olmayaraq, heç kəsə balqabağın çiy halda yeyilməsi tövsiyə edilmir.  Şəkərli diabetdən əziyyət çəkən insanlar balqabağı müəyyən normalara riayət edərək yeməlidirlər. Çünki tərkibində şəkər olan möcüzəvi tərəvəz ishala səbəb ola bilər.  Həddən artıq balqabaq yemək dərinin sarımtıl görünməsinə gətirib çıxarar. Bu, tərəvəzə sarı rəngi verən luteinə görədir.  Balqabağa allergiyası olan insanlar onu yeməməlidir.  Tərəvəzin tumu özünə nisbətən daha kalorilidir. Ona görə də, arıqlamaq istəyənlər balqabaq tumunu mümkün qədər az yeməlidir. 

Tez-tez verilən suallara cavab.

Tərəvəzlə bağlı verilən suallardan ən çox təkrarlananı budur: “Balqabağı çiy halda yemək olar?”  Əgər sadaladığım şərtlər yoxdursa, çiy halda yeyə bilərsiniz. Tərəvəz çiy halda  salatlara çox yaraşır. Şirəsini  içmək də  faydalıdır. 

İkinci sual budur: “Hansı formada bişirmək yaxşıdır?”   İstənilən formada bişirərkən tərəvəzin tərkibindəki mineralların bir qismi itir.  Yaxşı olar ki, balqabağı ya sobada, ya da qazanda bişirəsiniz. Bu halda  tərkibindəki minerallardan çox şey itirməyəcək. 

Üçüncü sualımız da maraqlıdır: “Özünü yeməsəm, təkcə şirəsini içsəm balqabağın faydalarını görə bilərəm?” Bəli!  Çünki tərəvəz şirə halda tərkibindən heç nə itirmir. 

 Dördüncü sual: “Balqabaq tumu nəyə faydalıdır?”  Mikroelementlərlə zəngin olan balqabaq tumları haqqında çox danışmaq olar. Qısaca deyim ki, tərkibində dırnaqların, saçın sağlamlığına xidmət edən sink var.  Balqabaq tumları sümükləri möhkəmləndirir,  mədə-bağırsaq sistemini parazitlərdən təmizləyir, həzm sistemindəki soyuqdəyməni azaldır.

Bahadur Seyidov / Demedia.az