Qədimdə insanlar hər gün niyə ayaqlarının altına baxırdılar? - Araşdırma



 22:34 10.11.2022     1600

Ayaqların vəziyyəti insan sağlamlığı barədə çox şey deyir. Ayaqlarımızın altı damarlarımız, sinir sistemimiz və daxili orqanlarımız haqqında mükəmməl “xəbərlər” verir.

Hələ qədim zamanlarda insanlar inanırdılar ki, ayaqların altı, əsasən də, pəncə hissəsindəki müəyyən nöqtələr müxtəlif xəstəliklərin işarətlərini verə bilir. 

Qədimdə insanlar hər gün ayaqlarının altına baxırdılar. Və onlar bir baxışla öz xəstəlikləri haqqında məlumat ala bilirdilər. Necə? 

Ayaqlar bizim həyat keyfiyyətimizin ən bariz göstəricisidir. Ayağımızın altını diqqətdə saxlamaqla müəyyən xəstəlik işarətlərindən xəbərdar ola bilərik. Beləcə, yüngül profilaktika ilə kəskin xəstəliklərin yaranmasının qarşısını almaq şansımız olar. 

Soyuq ayaqlar… Ən birinci səbəb odur ki, qan dövranı zəifləyib. İlk baxışdan o qədər də təhlükəli hal kimi görünməyə bilər. Amma həyat keyfiyyətini aşağı salmaq qabiliyyəti var. Qan dövranının zəifləməsi bir neçə saat belə, davam edərsə  trombların yaranması ehtimalı artır. Damarların daralması, bədənin müxtəlif nahiyələrində spazmlar, hətta periferik nevropatiyalar da zəifləyən qan dövranının nəticələridir. Əgər ayaqlarınız daimi soyuqdursa həkimə müraciət etməyiniz mütləqdir. Qan dövranının pisləşməsi ayaqlardakı kapillyarların tündləşməsinə, dərinin  bəzi yerlərinin göyərməsinə də səbəb ola bilir. Bu, o deməkdir ki, həmin nahiyəyə, yaxud kapillyarlara lazımi qədər qan çatmır. 

Əgər ayaqda daimi qıcıqlanmalar varsa, bu, hipotireozun əlamətidir. Qalxanabənzər vəzinin funksiyasının zəifləməsi ilə xarakterizə olunan bu xəstəliyin yaranma səbəblərindən biri də passiv həyat tərzidir. Hipotireoz, adətən, yaşla əlaqəli olur və 40 yaşdan sonra meydana çıxır.  Saçların tökülməsi, xroniki yorğunluq, çəkinin qəfildən artıb-azalması və səbəbsiz depressiyalar da  hipotireozun əlamətlərindəndir. 

Ayağın altında qırmızı və ya qəhvəyi rəngli ləkələr varsa, deməli, problem qaraciyərdədir. Əgər ayağın altındakı ləkələr nəzərə alınmasa, sonradan onları bədənin müxtəlif yerlərində də görmək mümkündür. Üstəlik, get-gedə ləkələrin ölçüsü də artır.  Qırmızı ləkələr damarlardakı qanın təmiz olmadığının, başqa sözlə, qanyaranma prosesinin olduqca zəif və qeyri-düzgün getməsinin işarətidir. Bu da o deməkdir ki, qaraciyər öhdəsinə düşən işi  lazımi şəkildə yerinə yetirə bilmir və damarlarda yığıntılar əmələ gəlməkdə davam edir. 

Gicişmə və uyuşma. Pəncə hissəsində, xüsusilə, gecələr baş qaldıran gicişmələr vitamin çatışmazlığından xəbər verir. Məsələn; B12 və fol turşusu ehtiyacı yaranan orqanizm məhz bu cür “üsyan edir”.  Gicişmə, həmçinin, qanda şəkərin miqdarının yüksəlməsinin,  hətta diabetin də əlaməti ola bilər. Gecələr yatmağa qoymayacaq qədər artan gicişmələr və uyuşmalar isə o deməkdir ki, orqanizmdə diqqətə dəyər ölçüdə dəmir əksikliyi var. Bu halda tibbi analizlər vermək vacibdir. 
Ayaqlarda ağrılar. Bəzən onurğanın lap aşağısından-bel nahiyəsindən başlayan ağrı ayaqlara qədər uzanır. Bu, bel-kürək nahiyəsindəki sinirlərin zədələnməsinin əlamətidir. Bağırsaqlardakı sinirlərin zədələnməsi, əzələlərdəki vətərlərin həddən artıq sərtləşməsi də ayaqlardakı izaholunmaz ağrılarla özünü büruzə verə bilir. Tibbdə “S1 sindromu” da adlanan onurğanın radikulyar sindromu zamanı ayağımızın altındakı ağrı mərkəzdə yaranır və getdikcə pəncə, yaxud daban tərəfə yayılır. “S1 sindromu”nun özü də müxtəlif səbəblərdən qaynaqlanır. Disk yırtığı, disklərarası iltihablanma, geniş yayılmış fəqərə sütunu xəstəliyi olan osteoxondroz buna misaldır. 

Damarların hörümçək toruna bənzəməsi. Bəzən dərinin altında hörümçək toruna bənzər qırmızı, göy, bənövşəyi görüntülər peyda olur. Daha çox qaraciyərdəki problemlərin xəbərçisi kimi meydana çıxan bu “hörümçək torları”  venadakı varikozların da əlaməti ola bilir. Qadınlarda isə estrogen hormonlarının miqdarının artması zamanı bu hal müşahidə edilir.  Estrogenlərin artmasının yalnız iki səbəbi ola bilər:

Hamiləlik;

Qaraciyərdə xroniki problemlər; 

Estrogen çoxluğu damar sisteminin işinə mənfi təsir göstərir. Kapillyarlar şişməyə, bəzən partlamağa başlayır. 

 “Hörümçək torları” boğazda, kürəkdə, hətta sinədə də peyda ola bilər. 95% göstərici ilə bu torlar qaraciyər problemlərindən “danışır”. Damarların bu vəziyyəti fibroz, sirroz və ya alkoqol səbəbiylə yaranan hepatitin əlamətidir. 

Qıcolmalar və spazmlar. Mütəmadi olaraq baş verən spazmlar zamanı adama elə gəlir ki, ayağı ağırlaşıb. Bu da  əzələlərin lazımi qədər oksigenlə, elektrolitlərlə və qidalandırıcı maddələrlə təmin olunmamasına işarət edir. Bu situasiyada qidalandırıcı maddələr siyahısına natrium, kalsium, kalium və maqnium daxildir.  Daimi spazmlar sidikqovucu vasitələrin qəbulundan sonra meydana çıxan “kəpənək effekti” də ola bilər.  Əgər  hərəkətsiz halda olduğunuz zaman spazmlar başlayırsa, bu, qan dövranının pozulmasının əlamətidir.  Uzunmüddətli fiziki gərginlik və ya fasiləsiz ayaqüstə durmaq da spazmların səbəblərindəndir.  Spazmlarla müşayiət edilən qıcolmalar isə qan dövranındakı istənilən problemin, yaxud tarıma çəkilən sinirlərin işarətidir. 

Göyərmiş ayaq altları. El arasında “soyuqdan donmuş” kimi dəyərləndirilsə də, göyərmə nahiyəyə lazımi qədər qan və oksigen çatmadığını göstərir. Simptom xroniki ürək çatışmazlığına da işarət edə bilər. Yəni, ayaqlar səbəbsizcə  göyərirsə, ürəktutması ilə üzləşmək ehtimalı böyükdür. Göyərən ayaqlara paralel olaraq sinədə sıxılmalar, nəfəsalmada ağırlaşmalar olursa, gecikmədən kardioloqa müraciət edin. 

Ayaqda sağalmayan yaralar. Nahiyədəki hər hansı kiçik yara uzun müddət sağalmırsa, bu, şəkərli diabetin əlamətidir.  Qanda şəkərin miqdarının çox olması ayaqlardakı sinirlərin zədələnməsinə səbəb olur. Bu da kiçik bir qabarın, yaxud cızılmanın  sağalmasına əngəl olur, hətta zədələnmiş nöqtədə iltihablanmaya rəvac verir. Sağalmayan yaralar dəri problemlərindən də qaynaqlana bilir. 

Xoşagəlməz qoxular. Əgər ayaqlarınızda həmişə turş iy olursa, bu, hiperhidrozun, yəni, həddindən artıq tərləmənin əlamətidir. Problemdən yaxa qurtarmaq üçün ayağınızı sabunlu suyla yaxşıca yuduqdan sonra bərk-bərk qurulayın. Su çəkən corab geyinmək, hava buraxan ayaqqabıya üstünlük verməyə çalışmaq da hiperhidrozla mübarizə üsullarındandır. Hərdən ayaqdakı xoşagəlməz qoxular göbələk infeksiyalarından qaynaqlanır. 

Ayaqda şişkinliklər. Pisləşən qan dövranının, böyrək çatışmazlığının, ürək xəstəliklərinin, xroniki qaraciyər xəstəliyinin, venadakı trombozun əlaməti sayılan şişkinlik orqanizmdə həddən artıq maye yığılmasının nəticəsidir.  Yerin cazibə qüvvəsi bütün artıq mayelərin ayaqlarda cəmlənməsinə səbəb olur. Əgər şişkinlik qırmızı rənglə və qızdırma ilə müşayiət edilirsə, bu, infeksiyanın göstəricisidir. 

Ayaqların həssaslığının azalması. Şəkərli diabet həssaslığın azalmasının ən birinci səbəbidir.  Eyni zamanda, sinirlərin zədələnməsi, dəridəki qeyri-normal qalınlaşma da həssaslığın azalmasına gətirib çıxara bilər. Həssaslığın azalması müəyyən “həyəcan siqnalları” ilə başlayır: 
    -kapillyarlar parçalanır; 
    -ayağın dərisi quruyur; 
    -barmaqlarda əyilmələr nəzərə çarpır; 
    -dabanda çatlar yaranır; 

Dabandakı çatlar nahiyəyə qanın lazım olduğu qədər çatmamasının əlamətidir. Qidalana bilməyən dəri sərtləşir, parçalanır və tökülməyə başlayır. İnsanlar tez-tez dabandakı çatın ağrı verdiyindən, onların həyat keyfiyyətini aşağı saldığından şikayət edirlər. Ağrılar  nahiyədəki iltihablanmanın başladığını göstərir. Bu da dəri sərtləşməsinin, göbələk infeksiyasının, varikozun, mədə-bağırsaq traktatındakı hər hansı bir xəstəliyin, şəkərli diabetin, hormonal balansın pozulmasının, vitamin və mineral çatışmazlığının çox yaxında özünü büruzə verəcəyi anlamına gəlir. Bundan əlavə, aşağı ətraflardakı qan çatışmazlığı da dabanda və ayağın altında çatlar yaranmasına səbəb olur. 

Saralmış və deformasiya olmuş ayaq dırnaqları. Bu, anemiyanın və  dəmir çatışmazlığının əlaməti ola bilər. Öz-özünə qırılan və ovxalanan dırnaqlar isə göbələk infeksiyasının nəticəsidir. 

Bahadur Seyidov / Demedia.az