Ən faydalı 3 tərəvəz - Faydalarını saymaqla bitmir
“Tərəvəzlər faydalıdır.” Bu fikir artıq mifə çevrilib. Amma hərdən tərəvəzlər orqanizm üçün zərərli də ola bilir. Demək istəmirəm ki, filan tərəvəz mütləq zərərlidir. Çünki istənilən tərəvəzin faydası da, zərəri də onun istifadə qaydasından asılıdır.
Tərəvəzlərin zərərlərindən, sonrakı hissəsində faydalarından danışacağam.
Kartof. Bunu xüsusi qeyd etmək istəyirəm ki, dadına və doyurucu xüsusiyyətinə baxmayaraq, kartof heç də mütləq faydalı qidalar siyahısına daxil deyil. Əgər siz kartofu normadan artıq yeməsəniz ziyanlı heç nə baş verməyəcək. Məsələn; gün ərzində 1 ədəd orta ölçülü kartof yemək faydalıdır. Hər öynədə kartof yemək, özü də, normadan artıq yemək isə onun mənfi təsirlərinin müsbət təsirlərindən çox olmasına gətirib çıxarır. Kartofun tərkibindəki yüksək miqdarda kalium onu faydalılar siyahısına daxil edir. Artıq bilirik ki, kalium ürək-damar sistemimizin düzgün işləməsi, arterial təzyiqimizin stabilliyi üçün lazımdır. Tərəvəzin zərərləri də tərkibindəki maddələrdən asılıdır. Bunlar solanin və nişastadır. Növündən asılı olaraq, kartofun tərkibi 70-80% nişastadan ibarətdir. Həddən artıq yeyilən kartof qanda şəkərin miqdarını artırır. Xoşbəxtlikdən, kartof kalorili qida sayılmır. 100 qr məhsulda 75 kalori var. “Kartofla kökəlirəm” demək üçün, gərək, gecə-gündüz dayanmadan kartof yeyəsən. Ümumiyyətlə, nişasta orqanizmə o qədər də fayda vermir. O, sadə bir karbohidratdır, qaz yaratma prosesindən başqa heç nədə iştirak etmir. Üstəlik, son illərdə mütəxəssislər bu fikirdədilər ki, nişasta bağırsaqların divarına yapışır və başqa maddələrin bağırsaqlar tərəfindən mənimsənilməsinə mane olur. Kartofu zərərli edən əsas maddə solanindir. Sinir sistemimizin qənimi sayılan bu birləşmənin orqanizmə daxil olmasının qarşısını almaq üçün yaşıl kartofdan uzaq durmağınız məsləhətdir. Orqanizm üçün toksin sayılan solanin və nişastanı dayanmadan qəbul etməyin təsəllisi az miqdardakı kalium ola bilməz. Nəticə etibarilə, kartof yeyin, amma qədərində...
Konservləşdirilmiş yaşıl noxud. Noxudu təzə-təzə yemək yaxşıdır. Amma konservləşdirilmiş noxud haqqında “yaxşı” sözünü ürəklə deyə bilmirəm. Çünki burda da mənfiliklər müsbəti üstələyir. Birincisi, istənilən konservləşdirilmiş məhsul ehtiyatda olan zəhər ordusudur. Şüşə qabdakı, yaxud dəmir qutudakı yaşıl noxudlar şəkər və duzla zəngindir. Uzun müddət vakuum şəraitində qalan şəkər zərərli maddə halına gəlir. Bu fikirləri konservləşdirilmiş məhsullara əlavə edilən duz haqqında da demək olar. Dəfələrlə vuğrulamışam ki, gün ərzində yediyimiz duzun miqdarı 5 qramı keçməməlidir. 6-cı qram orqanizmə zərər vurur. İndi özünüz təsəvvür edin: bir ovuc konservləşdirilmiş yaşıl noxudda, ən azı, 8-10 qr duz varsa, onun orqanizmə faydasından danışmaq olarmı? Mədə-bağırsaq traktatında problem olan insanlar isə, ümumiyyətlə, konservləşdirilmiş yaşıl noxuddan uzaq durmalıdırlar. Bu məhsul qaraciyərin ferment ifrazatına da mane olur.Çünki tərkibində yüksək miqdarda purin var. Bu da orqanizmdə sidik turşusunun miqdarının çoxalmasına xidmət edir. Bir daha vurğulayıram ki, zərərlərindən danışdığım tərəvəzlərin heç biri haqqında qətiyyətlə “yemək olmaz” demək mümkün deyil. Hərdən ağartı məhsullarına qatılmış yaşıl noxud yemək istəsəniz, buyurun. Amma marketdən alış-veriş edərkən konservləşdirilmiş məhsullar rəfinin deyil, təzə məhsullar yığılmış rəfin qarşısında daha çox dayanın.
Badımcan. Bu tərəvəz də solaninlə zəngindir. Nə qədər çox badmcan yesəniz, orqanizmə o qədər çox solanin daxil olacaq.
Həmçinin, badımcan yediyimizdə orqanizmdə oksalik turşu miqdarı da artır. Bu, böyrəklərdə daş yaranmasının əsas səbəblərindən biridir. Düzdür, badımcan yemək faciə ilə nəticələnmir. Amma gündə 3 öynə acı suyu çıxardılmamış badımcan yemək bilə-bilə özünü zəhərləməkdən başqa bir şey deyil. Son illər badımcanı qabıqlı yemək, bir növ, “mətbəx dəbi” halını alıb. Bu, heç də düzgün deyil. Çünki tərəvəzin tərkibindəki solaninin böyük miqdarı qabıqda toplanır. Ona görə də, analarımızın və nənələrimizin ənənəsinə sadiq qalmalı-badımcanın qabığını soyub bişirməliyik. Badımcanın zərərlərinin həcmi onun bişirilmə qaydasından da asılıdır. Adətən, insanlar badımcanı yağda qızartmağı sevir. Qeyd etməliyəm ki, qızartmaq badımcanın ən təhlükəli bişirilmə üsuludur. Yaxşı olar ki, badımcanı sobada, buxarda, lap elə qazanda bişirəsiniz.
İndi isə gəlin, ən faydalı 3 tərəvəzlə tanış olaq.
Brokoli. İllinoys Universitetinin əməkdaşları tərəfindən aparılan geniş miqyaslı araşdırmada məlum olub ki, brokoli diabetin, astmanın və ürək xəstəliklərinin profilaktikasında əvəzsiz rola malikdir. Avropalı mütəxəssislər isə siyahıya onkoloji xəstəlikləri də daxil ediblər. Vitaminlərlə, liflərlə, fol turşusu ilə, kalium, fosfor və dəmirlə, həmçinin, orqanizmə faydalı olan bir çox mikroelementlə zəngin olan tərəvəzin faydaları bunlardır:
-görmə qabiliyyətini yaxşılaşdırır;
-damarları möhkəmlədir;
-sümükləri bərkidir;
-dərini təravətləndirir;
-boy artımına kömək edir;
-immuniteti gücləndirir;
-tənəffüsü yaxşılaşdırır;
2. Balqabaq. “Super qida” sayılan balqabaq da onkoloji xəstəliklərin profilaktikasında faydalıdır. Bundan əlavə, balqabaq qaraciyərimizin də dostudur. Ümumiyyətlə, narıncı rəngli tərəvəzlər qaraciyərə xeyirdir. Balqabaq çox nadir vitaminlərdən olan T vitamininə sahibdir. Arıqlamağa kömək edən, öd suyunun funksiyasını yaxşılaşdıran, həzm sisteminin işini sürətləndirən tərəvəz əsl vitamin deposudur. B, C, E, K, PP vitaminləri buna misaldır. Tərkibindəki antioksidantlar, minerallar, dəmir, maqnium, kalium, fosfor və liflər sayəsində balqabaq payız tərəvəzlərinin şahı hesab olunur. Balqabaq tumunun faydaları haqqında çox danışmışam. Amma təkrarlamağı özümə borc bilirəm ki, bağırsaqların təmizliyində onun alternativi yoxdur.
3. Yerkökü. Məşhurluğu ilə mətbəxlərin çempionu sayılan və həmişə əlçatan olan yerkökü beta-karoten qaynağıdır. Bəli, yerkökünün A vitamini ilə zəngin olmasını deyənlər heç də yanılmırlar. Çünki beta-karoten elə A vitamininin provitaminidir. Liflərlə, B, PP, E, K, C vitaminləri ilə, kaliumla, dəmirlə, fosforla, maqniumla, yodla zəngin yerkökünün faydaları bunlardır:
-görmə qabiliyyətini yaxşılaşdırır;
-qanı təmizləyir;
-ürək-damar sisteminin fəaliyyətini dəstəkləyir;
-saçları, dırnaqları möhkəmlədir;
-dərini cavanlaşdırır;
-bağırsaqların fəaliyyətini yaxşılaşdırır;
Yerkökü gündəlik rasiona daxil edilməlidir. Əsas da, uşaqların menyusu yerköküsüz əksik qalır.
Bahadur Seyidov / Demedia.az