İnsult necə müəyyən olunur? - Çinlilərin inanılmaz metodu



 20:32 10.11.2022     1057

İnsult beyin qan dövranının kəskin zədələnməsidir. O, baş beyin toxumalarının xəsarət almasına, sinir hüceyrələrinin ölməsinə səbəb olur. İnsult, həmçinin, damar patalogiyalarının təməlidir. Məhz insult bütün ürək-damar patalogiyaları arasında ən çox ölümlə nəticələnən xəstəlik hesab olunur. Göstərici 40%-dir. Hər il dünyada, təqribən, 60 milyon insan insult keçirir. Çox az adam insultdan sonra ayağa qalxa bilir. Həyatını itirənlər də olur, ömür boyu əlil arabasına məhkum olanlar da... 

Qadın və kişilərdə bu patogen xəstəliyin yaranma səbəbləri fərqlidir. Kişilərdə, daha çox, zərərli vərdişlərdən, psixoloji yüklənmədən, stressdən qaynaqlanır. Qadınlarda isə klimaksdan və digər hormonoloji səbəblərdən baş verir. 

İnsultun növləri

Patalogiyanın 3 əsas növü mövcuddur. Bunlar, adi insultdan əlavə, işemik insult və hemorragik insultdur.

İşemik insult, yaxud beyin infarktı. Baş beyinin qan dövranındakı zədələnmə  kəskin başlanğıcdır. Bu zaman beyinin müəyyən bölməsinə qan axımı ya tamam dayanır, ya da lazımi qədər çatmır. Bu da həmin nahiyədə toxumaların ölməsi ilə nəticələnir. Məhz buna görə, işemik insult, həm də, “beyin infarktı” adlanır. Beyin damarlarının işemiyasından ölüm halları da son illər geniş yayılıb. 60 yaşdan yuxarı insanlarda infarkt, miokard, amneziya, ürək revmatizması kimi xəstəliklərin təməl səbəbləri sırasında insult da var. Qeyd edim ki,  ürək revmatizması ürəyin ritminin pozulmasına və şəkərli diabetə gətirib çıxara bilir. 

İşemik insultun vurduğu böyük zərərlər arasında əsas arteriyaların zədələnməsi, qanın tərkibinin pisləşməsi də var. Xəstəlik ilkin mərhələdə şüurun bulanıqlaşması, özündən getmə ilə də özünü biruzə verir. 

Hemorragik insult. Bu zaman beyində qanaxma yaranır. Damarların zədələnmə səbəbi, əksərən, yüksək arterial təzyiq olur. Patalogiyanın ilkin mərhələsi baş ağrıları, baş gicəllənməsi  və ürəkbulanma ilə müşahidə edilir. Getdikcə vəziyyət kəskinləşir: qulaqlarda küy yaranır, özündən getmələr olur...Nəhayətində isə, insan komaya düşə bilir, yaxud iflic həyata məhkum olur. 
a)Beyindaxili qanaxma. Hemorragik insultun bir növü sayılan beyindaxili qanaxma daha çox 45-50 yaş arası insanlarda rast gəlinir.  Amneziya, hipertonik xəstəliklər, serebral ateroskleroz, arterial simptomatik hipertenziya və bir çox qan xəstəlikləri ilə nəticələnir. Əlamətləri sırasında qızdırma, güclü baş ağrıları,  görmə qabiliyyətinin pozulması da var. Adətən, fiziki və ya ruhi gərginliyin ardından meydana çıxır.

b) Subaraxnoidal qanaxma. Subaraxnoidal sahədə qanın müşahidə edilməsidir. 30-60 yaş arası insanlarda qəfildən meydana gələ bilir.  Səbəbləri sırasında siqaret çəkmək, alkoqol asılılığı, birdəfəyə yüksək miqdarda alkoqollu içki içmək, arterial hipertenziya, yüksək temperatur var.  

İnsultu yaradan əsas səbəblər. Bəzən elə adamlar insult keçirir ki, onlar risk qrupunda olduqlarından heç şübhələnmirlər də.  Amma ekspertlər deyir ki, 70-80% insan insultun yaxınlaşdığını əvvəlcədən təyin edə bilərlər.  İnsultun səbəbləri bunlardır:

Düzgün qidalanmamaq. Ayaqüstü yeməklər, yağlı yeməklər, şirin, qazlı içkilər, şirələr...Şəkər və yağın  yüksək miqdarda qəbulu köklük yaradır, arterial təzyiqin stabilliyini pozur, şəkərli diabetlə nəticələnir. Qanda yağ miqdarının çoxalması damar tıxanıqlığına səbəb olur. Mütəxəssislər məsləhət görür ki, gün ərzində meyvə-tərəvəzi daha çox qəbul edin. Sutkalıq duz qəbulu isə 1 çay qaşığından artıq olmasın. Həmçinin, dənli və paxlalı bitkilərin, göyərtilərin, balıq ətinin qəbulu da yağ və şəkəri əvəz etməlidir. 

Az hərəkətli həyat tərzi. Fiziki aktivlik  damarları elastikləşdirir, ürək əzələlərindəki gərginliyi, bərkliyi yox edir. Gündə, ən azı, 1 saat, həftədə bir neçə dəfə bədəni fiziki gərginliyə məruz qoymaq infarktdan və insultdan qaçmağa kömək edir. Məsləhətdir ki, piyada gəzin, asta sürətlə bir az qaçın, üzgüçülüklə məşğul olun. 
Metabolik sindrom. İnsanın qarın hissəsindəki yağlanma qanda şəkərin artmasına və arterial təzyiqin yüksəlməsinə səbəb olur. Nə yesə, necə eləsə də, ən birinci qarından kökələn insanlar şəkərli diabetin, infarktın  və insultun risk qrupundadır. 
Ürək-damar sisteminin xroniki xəstəlikləri. 20% insultun səbəbi aritmiyadır. Aritmiya ürəyin ritminin pozulması nəticəsində yaranan xəstəliklərin ümumi adıdır. Bu zaman  damarlara ya yetəri qədər qan çatmır, ya da həddən artıq qan pompalanır ki, hər iki halda da insult baş verə bilir. 

İnfarkt və insultun “ailə hekayəsi”. Kiminsə ailəsində, xüsusilə, gənc yaşlarda insult keçirən varsa, bu, o deməkdir ki, həmin insan da risk qrupundadır. 

Xroniki stress. Stress beynin qan dövranına digər faktorlardan daha çox təsir göstərir. Tənhalıq hissi, panika, təhlükədə olmaq hissi bütünlükdə orqanizmə mənfi təsir göstərir. Bu halları yaşayanların psixoloq ilə ünsiyyəti vacibdir. 
Siqaret çəkmək. Tütün tüstüsünə məruz qalan beyin oksigen çatışmamazlığından əziyyət çəkir. Nəticədə, insulta gətirib çıxarır. Siqaret çəkənlərin damarlarında yığıntılar əmələ gəlir ki, bu da aterosklerozun səbəblərindəndir. 
Bəs, insult necə baş verir? Necə müəyyən etmək olar ki, bir insan isult keçirəcək, ya yox? 
İnsult baş beyinin oksigen aclığından, beyinə ya həddən artıq qan pompalanmasından, ya da lazımi qədər qanın çatışmamazlığından yaranır. İnsultu müəyyən etmək üçün əlamətlər: 
-Səbəbi bilinməyən kəskin baş ağrıları;
-İşığa və səsə qarşı qəfil yaranan həssaslıq; 
-Bədənin hər hansı nahiyəsində, yaxud bütün orqanizmdə yaranan müvəqqəti və ya daimi iflic; 
-Koordinasiyanın itirilməsi, nitqdə baş verən pozğunluqlar; 
-Yaddaşın itməsi; 
-Səbəbi anlaşılmayan yorğunluq, zəiflik, hətta yeriməkdə belə, çətinlik çəkmək;
-Bir gözdə, yaxud hər iki gözdə görmənin bulanıqlaşması, bəzən tamamən itməsi; 
Hər insanda insult fərqli şəkildə baş verə bilir. Məsələn; bəziləri danışa bilmir, bəzilərinin bədənlərinin müəyyən yerləri iflic olur, kimisi oxumaqda-yazmaqda, kimisi də xatırlamaqda çətinlik çəkir, sidiyini saxlaya bilməyənlər, yediyi yeməyi həmən sonra qusanlar da var. İnsultdan sonra geyinmək, yemək, oturmaq kimi bizə adi görünən hərəkətləri etməkdə aciz qalan  insanlara da rast gəlmək olur. 
İnsult keçirən insana necə ilkin kömək etmək olar? Əgər yanınızdakı insanın insult keçirdiyindən şübhələndinizsə, həmən ambulans çağırın. İlk dəqiqələrdən başlayaraq 1 saata qədər ən qiymətli zamandır. Məhz bu ərəfədə tibbi kömək daha effektli olur. Tibb işçiləri gələnədək: 
-Xəstəni sakitləşdirməyə cəhd edin-gərginlik situasiyanı daha da ağırlaşdıra bilər; 
-Xəstəni uzadın, başını 300 bucaq altında tutun. Huşunu itirməyə başlasa başını daha da dikəldin və yan tərəfə çevirin,  əlinizi ağzına salıb dilini qatlanmağa qoymayın; 
-Geyimlərini azaldın-kəməri, üst jiletini və s. çıxarın ki, bədən sıxılmasın; 
-Təzyiqini ölçün-yuxarıdırsa, aşağı salmaq üçün dərman verin; 
-Ayağını isti suya salın, yaxud ayağının altına isti su torbası qoyun ki, qan dövranı sürətlənsin; 
-Bədəni soyuqdursa, yorğana bükün; 
Xəstəyə qan durulducu dərmanlar vermək qəti qadağandır. Tibb işçiləri gələnədək nəsə içməsi və yeməsi də uyğun deyil. Yaxşı olar ki, insult keçirən adamın yanında bir neçə şəxs olsun. O zaman biri emosional vəziyyətə nəzarət edər, biri  nəbzi və təzyiqi yoxlayar, biri də telefonla həkimlə danışar və onun göstərişlərini ucadan təkrarlayar ki, vəziyyət nəzarətdən çıxmasın. Ən yaxşısı isə odur ki, xəstəni uzanıqlı halda xəstəxanaya çatdıralar. 
İnsultun barmaqla təyin edilməsi. 
Ümumiyyətlə, barmaqlar insan sağlamlığının barometri sayılır. Sağlam bədəndə barmaqlar çəhrayı olur və cəld hərəkət edir. Əgər barmaqlar əyilirsə və yaxşı hərəkət etmirsə, üstəlik, bu simptomlar mütəmadi olaraq qarşınıza çıxırsa, narahat olmağa dəyər. İnsultdan əvvəl barmaqlarda gərilmələr, ovuc içində ağrılar peyda olur ki, bunlar artıq qan dövranının zədələnməsinin əlamətidir. 
Əllərdə damarların qabarması psixi gərginliyə, hətta soyuqdəyməyə belə, yozulur. Hipertoniyadan əziyyət çəkənlərin barmaqlarında damarların şişməsi və göyərməsi çox rast gəlinir. Bəzən bu işarətlərə biganə yanaşırlar. Amma unutmayın, bu, o deməkdir ki, damarlar zədələnib və qan dövranında problemlərin sayı günbəgün artmaqdadır. 
Barmaqlardakı uyuşuqluq da insultdan “danışır”. Barmaqlarınız soyuqdan uyuşursa, bu, orqanizmin verdiyi təbii reaksiyadır. Amma durduq yerə uyuşma yaranırsa və uzun müddət keçmirsə,  demək, işemik insult lap yaxındadır. 
Çinlilərdən bütün dünyaya miras qalan “barmaqla insultu təyin etmə” üsulunu sınaqdan çıxardınız və hansısa əlamətlə rastlaşdınızsa, həkimə müraciət etməyə tələsin. 

Bahadur Seyidov / Demedia.az