Azərbaycan əsgəri Laçın dəhlizinə enə bilər - Əliyevdən mesaj
Əliyevin Şuşadakı çıxışında Qarabağla bağlı üç gözlənti ön plana çıxır.
Demedia.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.
O, bu gözləntiləri belə açıqlayıb:
"Birincisi, Bakı sülhməramlıların qalması üçün müraciət etməyəcək;
“Qarabağ bizim torpağımızdır, rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”.
Əliyev burada iki mesaj verir:
1. Ermənistana sülhməramlıların 5 ildən sonra çıxacağını və buna uyğun davranmağı tövsiyə edir;
2. Sülhməramlılar 5 ildən sonra (2025-ci il) çıxarılacaq: proseslərin inkişafının bu məsələyə təsiri olacağı istisna deyil, lakin Bakı artıq indidən “sülhməramlıların qalma müddətinin uzadılması üçün müraciət etməyəcəyinin” anonsunu verir;
Bunun sülhməramlıların müddətinin uzadılması məsələsinin müzakirə edildiyi Soçi görüşündən sonra dilə gətirilməsi də diqqətçəkən məqamdır. Əliyev Putin və Paşinyanın bu istəyini yaxın buraxmadı və eyni mövqeyi yenidən təkrarlayır.
İkincisi, Qarabağda erməni silahlı dəstələrinə qarşı praktiki addımlar atıla bilər;
Əliyev erməni qoşunların tam çıxarılmasını tələb edir və anti-terror əməliyyatının ola biləcəyinin mesajını verir, “Fərrux”, “Qisas” əməliyyatlarını da buna nümunə olaraq göstərir.
Bu mesajı əvvəlkilərdən fərqləndirən məqam son baş verənlərdir: Xankəndindəki təxribat mitinqi, Laçın dəhlizi ilə silahın daşınması faktının gündəmə gəlməsi, orduya separatçıların hərəkətinin izlənilməsi tapşırığı fonunda Əliyevin dedikləri praktiki addımların atılması gözləntisini artırır;
Üçüncüsü, Azərbaycan əsgəri Laçın dəhlizinə enə bilər.
Bakı Ermənistanın Naxçıvana maneəsiz keçidin verilməsi öhdəliyini yerinə yetirməməsinə qarşı Qarabağdakı emənilərin istifadə etdiyi Laçın yolunun “toxunulmazlığının” pozulacağına işarə edir. Soçi görüşündən sonra dəhlizdən silah-sursatın daşınması faktının ortaya çıxması da bu istiqamətdə əsaslar yaradır.
Əliyevin fikirlərindən çıxan ümumi nəticə: qarşıdakı dövrdə Azərbaycan ordusunun proseslərə müdaxiləsi mümkündür".
Xəyalə Məmmədova / Demedia.az