Bu qidalar böyrəklərə zərər verir - Araşdırma
Böyrəklərimiz zərərli maddələrin və toksinlərin bədəndən atılmasına cavabdehdir. Bu vacib orqanımızı qorumaq üçün qidalanmağımıza nəzarət etməliyik. Gərək, böyrəklərimizə ziyan edən qidaları qəbul etməkdən çəkinək.
Yüksək miqdarda natrium. Əgər uzun müddət natriumla zəngin qidalar yesək, bu, böyrəklərimiz üçün faciəyə çevrilər. Hətta böyrəkdə fibroza da səbəb olar. Nəticədə də, böyrək çatışmazlığı ilə üz-üzə qalarıq. Düzdür, biz hər gün natirum qəbul edirik. Onun bədəndən süzülməsi və atılması ilə böyrəklərimiz məşğul olur. Amma qəbul etdiyimiz natrium miqdarı artdıqca müxtəlif problemlər yaşamağımız an məsələsinə çevrilir. Məsələn; arterial təzyiq yüksəlir. Arterial təzyiqin yüksəlməsinin nəticələri sırasında insult, ürək çatışmazlığı ilk sıralardadır.
Siyahının üçüncüsü isə böyrək çatışmazlığıdır. Mütəxəssislər durmadan xəbərdarlıq edir ki: “Böyrəklərinizin sağlamlığı naminə natrium qəbulunu azaldın!” Bəs, hər gün yediyimiz natrium hardadı? Bəli, doğru bildiniz, söhbət duzdan gedir. Duzu rasionumuzdan çıxarmaqla bağlı heç bir tövsiyə yoxdur. Əksinə, mütəxəssislər məsləhət görür ki, gün ərzində 2-5 qram duzun qəbulu mütləqdir. Amma 2 qramdan az duz orqanizmə zərər vurduğu kimi, 5 qramdan artığı da zərərlidir. Yəni, norma 2-5 qram arasıdır. Təəssüflər olsun ki, son illərdə aparılan araşdırmalar başqa söz deyir. Müasir dövrdə bir insanın gün ərzində 10-15 qram natrium qəbul etdiyini deyən araşdırmaçılar həyəcan təbili çalırlar. Bilə-bilə duzmu yeyirik? Təbii ki, yox. Sadəcə olaraq, son dövrlərdə insanlar hazır yeməklərə daha çox üstünlük verirlər. Bununla yanaşı, yeməyi duzlama vərdişindən də əl çəkmirlər. Yəqin ki, həyatınızda heç olmasa, bir dəfə dönərə, yaxud burqerə duz səpmisiniz. Halbuki, bütün fast-foodlarda duz və ədviyyatlar bol olur. Konservlər, dondurulmuş və emaldan keçirilmiş istənilən ət məhsulu natriumla zəngindir. Konservləşdirilmiş lobya alanda fikirləşirik ki, lobya orqanizmə xeyirdir. Amma onunla birgə orqanizmə daxil olan natriumun miqdarını düşünəndə, bədənimizə fayda əvəzinə ziyan verdiyimizdən əmin ola bilərik. Salatlar üçün olan hazır sousların qəbulu da böyrəklərin evini yıxır. Hətta çörəkdə belə, gərək, duzun ölçüsünə diqqət edək. Ümumiyyətlə, duzlamaq vərdişindən əl çəkmək lazımdır. Hər önünə gələn yeməyə duz əlavə eləmək olmaz.
Şirin içkilər. Bu cür içkilərin piylənməyə və şəkərli diabetə səbəb olmaları haqqında, yəqin ki, çox eşitmisiniz. Soyuqdəyməni artıran, xroniki xəstəliklər yaradan, qocalmanı sürətləndirən şirin içkilərin böyrəklərə də zərəri var. Araşdırmalar göstərir ki, gün ərzində ard-arda içilən 2 fincan şirin içki böyrəklərin işləmə qabiliyyətini aşağı salır. Çünki malik olduqları şəkər böyrəkdə filtrləmə prosesinə mane olur. Tam gücü ilə işləyə bilməyən böyrəkdə yığıntılar yaranır ki, bu da zamanla böyrək daşına çevrilə bilir. Şirin içkilərə əksər hallarda fosfor turşusu əlavə edirlər. Bu isə təkcə böyrəklərə deyil, ümumiyyətlə, bütün daxili orqanlara ziyandır.
Həddən artıq zülal. Hər bir adam öz çəkisinə uyğun zülal qəbul etməlidir. Məsələn; 80 kq çəkiyə malik bir insan gün ərzində 80 qramdan artıq zülal qəbul etməməlidir. Əgər idman edirsinizsə, yaxud bütün gün fiziki əməklə məşğulsunuzsa, bir neçə qram da əlavə qəbul etmək olar. Amma çəkinin hər kiloqramına qarşılıq 1 qramdan az qəbul olunan zülal orqanizmə zərər vurduğu kimi, hər kiloqrama qarşılıq 2 qram da ziyanlıdır. Hər iki halda da böyrəklərimiz əziyyət çəkir. Hər gün qırmızı ət yeyən insanların əksəriyyətində xroniki böyrək problemləri var. Buna görə də, dietoloqlar və qidalanma mütəxəssisləri menyuya qırmızı ətdən daha çox ağ ət daxil etməyi tövsiyə edirlər. Qırmızı ətdə zülal daha çoxdur. Bu da böyrəklərin işinin artmasına səbəb olur. Ən asan emal edilən zülal bitki mənşəlidir. Məsələn; paxla, lobya zülalla zəngin bitkilərdir. Ləpələrdə də zülal çoxdur. Hər şeyə faydalı olan zülalı qədərində qəbul etməklə sağlamlığınızı, xüsusilə, böyrəklərinizi qoruya bilərsiniz.
Tərkibində yüksək miqdarda purin olan qidalar. Bunlar, adətən, şorbalar üçün satılan konservləşdirilmiş ət suyu və ədviyyatlardır. Orqanizmə daxil olan purin birbaşa sidik turşusunun xammalı rolunu oynayır. Əgər böyrəkdə filtrləmə prosesi yavaşlasa, purin bədəndən xaric edilməsə orqanizmdə sidik turşusunun miqdarı artır ki, bu da damarlarda tıxanıqlığa, podaqraya, böyrəkdə və sidik kisəsində daşa səbəb olur.
Acı ədviyyatlar. Ağız dadına görə, acı sevənlər qorxmaz, cəsur kimi dəyərləndirilirlər. Amma qeyd etməliyəm ki, böyrəklərimiz acıdan qorxur. Acı yeməyin nəticəsi mədə-bağırsaq traktatında dəqiqələr içində müşahidə edilir. Böyrəyə mənfi təsirləri isə uzun zaman gizli qala bilir. Bir də onda ayılırsan ki, böyrək sıradan çıxıb.
Pis vərdişlər. Siqaret çəkmək, alkoqol asılılığı da böyrəklərə mənfi təsir göstərir. Günümüzün bəlasına çevrilən narkotik isə ölümlə oyundur.
Çalışın, sağlam qalın. Onsuz da, həmişə xəstliyin əlinin altındakı növbəti oyuncağıq. Yaxamızı xəstəliyin əlindən çəkib almağın yeganə yolu öz sağlamlığımızın qeydinə qalmaq cəhdlərimizdir.
Bahadur Seyidov / Demedia.az