Dəniz qızı mövcuddurmu? - Araşdırma



 22:32 11.11.2022     2759

Şifahi xalq ədəbiyyatına nəzər salanda əcdadlarımızın dəniz qızının mövcudluğuna inandıqlarını görə bilirik. Amma bir məsələ var ki, indi fakt olmadan kiməsə nəyisə sübut eləmək mümkün deyil. Bəs, görəsən, dəniz qızı, həqiqətən, mövcuddur? Yoxsa o, bir təxəyyülün məhsuludur? 

Cenni Heniver  (Jenny Haniver).  Bu dəniz qızı orta əsrlərdə Antverpendə  peyda olub. Dənizçilər onu Cenni Heniver   adlandırıb və turistlərə sərgiləyiblər.  Orta əsrlərdə o, dəniz qızının mövcudluğunun sübutu kimi dəyərləndirilib. Amma bu varlığı  paranormal nəsnə kimi görənlər də tapılıb. Onu “şeytan”, “dinin düşməni” sayıblar. 

Tenşou-Kiyuşa məbədi. Dənizçilərin dəniz qızı haqqında hekayələr  danışması onların pis vərdişi kimi də dəyərləndirilir. Hərçənd, hələ heç bir dənizçi onun varlığını sübut edəcək  real faktlara sahib olmayıb. Hətta elə dənizçilər var ki, gördükləri canlının şəklini çəkməyə də cəhd ediblər. Di gəl ki, elm onların  danışdığı dənizçi hekayələrini təsdiqləmir. Ən qədim dəniz qızı mumiyası Yaponiyada saxlanılır. 70 sm uzunluğundakı mumiyanın yaşı 300 il  hesablanır. Bədəni balıq olsa da, başı saçsız insan başıdır. Quyruğunun uzunluğu 20 sm-dir.  Mumiyanı araşdıran alimlər  də müəyyən suallara cavab axtarırlar. Məsələn; Dəniz qızı varmı? Yoxsa onlar dağ rahiblərinin uydurmalarıdırmı?  Aparılan araşdırmalardan sonra elm adamları suallarına dəqiq cavab ala bilməsələr də,  bir şeyi etiraf etməkdən çəkinməyiblər: “Mumiya bütöv bioloji varlığa aiddir...” 

Bu gün elə insanlar var ki, təkcə dəniz qızlarının mövcudluqlarına deyil,  özlərinin də yarı balıq-yarı insan ola biləcəklərinə inanırlar. Bu haqda mühakimə yürütmək sizin haqqınızdır,  amma sonra...  Videomuz davam edir. 

Big Bend elektrik stansiyası.  Floridadakı məşhur çimərliklərdən biri məhz Big Bend elektrik stansiyasının yaxınlığında yerləşir. Burdakı lamantinlərin təsadüfən çəkilən bir şəklində dəniz qızına bənzər canlı da görünür.  Maraqlısı odur ki, indiyədək həmin çimərlikdə “dəniz qızı gördüm” deyənlərin sayı heç də az olmayıb. Lamantinlər bu çimərliyi ona görə sevir ki, insanlar artıq qalan ərzaqlarını onlara atırlar. Üstəlik, çimərlik ABŞ-ın ən çirkli çimərliklərindən biridir. Bu da bir ayrı sual yaradır: “Dəniz qızları niyə bu çirkli sahilə gəlir?”

Holland dəniz qızı. Mənbələrdə qeyd olunur ki, XV əsrdə baş verən dəhşətli fırtınadan sonra sahildə qeyri-adi görünüşlü bir qız  tapılıb. Bu haqda  Siqo de la Fondun “Təbiət möcüzələri” kitabında yazılıb. Palçığa bulaşmış qızın ayaqlarının yerində balıq üzgəcləri vardı. Bu yarı balıq-yarı insan varlığın  sudan kənardakı yaşamları haqqında isə heç bir məlumat yoxdur. Sadəcə, dildən-dilə, ağızdan-ağıza gəzən söyləntilərə görə, dəniz qızı 15 il araşdırmaçıların maraq obyekti olub və həmişə geriyə-dənizə qayıtmağı arzulayıb. 

Fiji dəniz qızı. Əgər siz daşlaşmış bədən görmək istəsəniz, üstəlik də, təsəvvürünüzdə bu bədən dəniz qızı şəklindədirsə, yolunuzu Vermontdan salın. Burda muzeydə sərgilənən nümunə, sanki, 6 ayrı canlının birləşməsindən yaranıb. Onun balıq quyruğundan əlavə, insanabənzər üzü, hətta bığı da var. Bəziləri onu “dəniz kişisi” də adlandırır.  Nümunənin dəniz qızına deyil, meymuna aid olduğunu fikirləşən elm adamları da var. O zaman da bir sual yaranır: Hansı meymunun balıq quyruğu var? Qeyd edim ki, eksponat muzeydə daimi olaraq sərgilənmir. O, qaranlıq zirzəmidə saxlanılır. Yalnız bəzi günlərdə  ziyarətçilərin görməsinə icazə verilir. Səbəb kimi isə uşaqların ondan qorxması göstərilir. 

Ju-ju dəniz qızları. Bəli, onlar əsl dəniz qızı deyil. Sadəcə, həyatlarının çoxu dənizin dibində keçən Cənubi Koreyalı qadınlardır. Onlar dənizin dibinə dalır, orda yalın əllə balıq tuturlar. İndiki dövrdə Ju-ju dəniz qızları orta yaşlı qadınlardan ibarətdir. Çünki gənc qızlar bu qədim ənənəyə etina etmirlər. 

Banfda dəniz kişisi. Kanadanın Banf şəhərindəki bu nümunə onu deməyə əsas verir ki, yarı balıq-yarı insan canlılar təkcə qadın cinsinə aid deyil. Sifəti çox eybəcər olan dəniz kişisinin  quyruq hissəsindəki pulcuqlar da qəribə naxışla sıralanıb. Nümunəni şübhə altında saxlayan məqamlardan biri də onun muzeydə sərgilənməməsidir. O, bir mağazadakı şüşə vitrindədir. Buna görə də, onun mağaza sahibləri tərəfindən hazırlanması ehtimalı da var. Amma mağaza sahibləri nümunənin həqiqiliyi barədə dəfələrlə çıxış edir, hətta onun hekayəsinin çap olunduğu mətbu orqanları da  göstərməkdən çəkinmirlər. 

Weeki Wachee dəniz qızı. Əgər yolunuz nə vaxtsa burdan düşsə, dəniz qızı görsəniz təəccüblənməyin.  “Dəniz qızları şəhərciyi” adlanan Weeki Wachee`də həmişə dəniz qızı şouları göstərilir. Burda üzgüçü qızlar  xüsusi geyimlə suya dalır və şou göstərirlər. Şounu yaradanların ilham mənbəyi isə  yerli əfsanələrdir. 

Ariel. Hamıya bu ad tanışdır. Çünki “Ariel” cizgi filmi çox məşhurdur. Maraqlıdır ki, bu cizgi filmi ekranlara çıxmamışdan çox illər əvvəl Kopenhagendə Arielə heykəl qoyulub.  Heykəltaraş Hans Xristian Andersenin nağıllarından ilham alıb. Onun nağıllarından birində insanların yaşadığı düyanı sevən balaca Ariel var. Və o, çətin seçim qarşısındadır: dəniz qızı olaraq qalsın, yoxsa öz arzularının arxasınca getsin? Heykəltaraş çalışıb ki, yaratdığı  dəniz qızı gerçəyəoxşar olsun. 

Weeki Smit. Yenidən yolumuz Weeki Wachee tərəfədir. Weeki Smit dəniz qızı şoularında ilk dəfə iştirak edən qadının adıdır. 1957-ci ildə məktəbi bitirən 17 yaşlı Weeki dəniz qızı rolunda çıxış edir və əfsanəyə çevrilir. Hazırda qoca olan Weeki öz xatirələrini danışmaqdan yorulmur və fəxrlə deyir: “Mən çoxdan dəniz qızına çevrilmişəm.”  İlk çıxışında 3 dollar əmək haqqı alan Weeki indi saat başına 10 dollar alan gənc “dəniz qızlarının” məşqçisidir. 

 “Adventure” akvariumu. Camden sahili Nyu-Cersinin ən sakit bölgələrindəndir. Amma buranı məşhurlaşdıran uşaqların sevimli akvariumudur. Xüsusilə də, uşaqlar böyük akvariumda üzən dəniz qızlarına heyranlıqla baxırlar. Burda artıq pul ödəməklə dəniz qızlarının “adi həyat tərzləri”ni də müşahidə etmək olar. Məsələn;  onlar dənizkənarı qayalıqlarda necə günəşlənirlər, saçlarını su altında necə darayırlar və s.

Coney İsland.  Amerikalılar buranı məhz amerikan festivallarına görə sevirlər.  Çünki burda hər il dünyanın müxtəlif yerlərindən gələn “dəniz qızları” toplanır. Festival çərçivəsində “dəniz qızları”nı maksimum əyləncə və dadlı mətbəx gözləyir.  40 ilə yaxındır ki, keçirilən festivalda yaş və cins həddi yoxdur.  Təşkilatçıların fikrincə, “hər kəsin dəniz qızı olmaq haqqı var.” 

Bahadur Seyidov / Demedia.az