Həşəratlardan necə qorunmalıyıq? - Araşdırma
Fəsil dəyişməsindən asılı olmayaraq, gəzməyi sevən və təbiətlə iç-içə olmağa can atan insanlar çoxdur.
Amma olduqca kiçik, zəhlətökən canlılar var ki, bütün istirahəti korlaya bilir. Bəli, söhbət həşəratlardan gedir. Dincəlmək məqsədilə getdiyimiz kiçik bir meşə kənarında belə, onların sayı yüzlərlədir. Düzdür, bəziləri insan üçün heç də təhlükə mənbəyi deyil. Bununla belə, həşərat dişləmələrinə qarşı allergiyası olanlara cəhənnəm əzabı yaşada bilirlər.
Bəs, özümüzü təbiətin qoynuna atarkən hansı həşəratlardan ehtiyatlı olmalıyıq?
Hörümçəklər. Planetimizdə 40 mindən çox hörümçək növü var. Praktiki olaraq, hamısı özünəməxsus zəhərə malikdir. Yox, panikaya düşməyin! Əksər hörümçəklərin insan dərisini dişləməyə belə, gücü çatmır. Dişlədikləri yer isə iki kiçik dairə şəklində olur. Təbiətdə vaxt keçirərkən, əsasən, 3 növ hörümçəkdən qorunmaq lazımdır: a) “qara dul”; b) tarantula; c) araneomorf hörümçəklərdən olan qəhvəyi sicariidae; Bu növ hörümçəklərin dişləməsi 1-1,5 saat davam edən kəskin ağrılara səbəb olur. Baş gicəllənməsi və qulaqlarda yaranan küy də simptomlar arasındadır. Bəzi hallarda hörümçək dişləyən insanlarda təngnəfəslik də özünü biruzə verir. Qəhvəyi sicariidae ABŞ-ın mərkəz və cənub regionlarında daha çox yayılıb. Bu ərazilərdə onlara evin divarlarında, qarajlarda, hətta evin içində-mebelin və xalçanın üstündə də rast gəlmək olar.
Qəhvəyi sicariidae hörümçəklərinin baş hissəsində skripka formasında çizgi var. Amma bunun fərqinə varmaq üçün yaxşı görmə qabiliyyətilə yanaşı, dağılmayan diqqət də lazımdır. “Qara dul” deyilən hörümçəyə isə Antarktidadan savayı, dünyanın əksər guşələrində rast gələ bilərsiniz. Adətən, özünü qorumaq məqsədilə gizlənməyə çalışır. Məsələn; daşların çıxıntılarında, yaxud odunların arasında. Gövdəsində qırmızı və ya narıncı xallar var. Bu da onun: “Mən təhlükəliyəm ha!”-xəbərdarlığıdır.
Tarantulalar nadir hallarda dişləyirlər. Xoşbəxtlikdən, onunla rastlaşmaq hər zaman həyat üçün təhdid sayılmır. Amma elə ki, siz onu narahat etməyə başladınız, havaya tüklərini buraxır. Bu da insan dərisinin allergik reaksiya verməsi ilə nəticələnir. Yaxşısı budur ki, tarantulalardan uzaq durasınız. Bəs, hörümçək sizi dişləsə, nələri etmək olmaz? Dişlənən nahiyəni möhkəm sıxıb bağlamayın, yaxud yaranın ətrafını bıçaqla kəsməyə çalışmayın. Bir də, həmin ərəfədə heç nə yeməyin. Hörümçək dişləyən nahiyəni sabunla yaxşı-yaxşı yuyun. Sonra yaranın üstünə buz qoyun, ağrıkəsici için. Bol miqdarda maye qəbul edin. Hörümçək əlinizdən, yaxud ayağınızdan dişləyibsə, uzanın. Bu, zəhərin orqanizmə sürətlə yayılmasının qarşısını almaq üçündür. Allergik reaksiya verdiyinizi anladığınız anda həkiminizin allergiya üçün yazdığı həblərdən qəbul edin. Ağrıya dözə bilmədiyinizdə, halınızın anbaan daha da pisləşdiyini dərk etdiyinizdə ambulans çağırmağa, yaxud həkimə getməyə ərinmək lazım deyil.
Ağcaqanad. Adətən, ağcaqanadın dişlədiyi yerdə qırmızı şişkinliklər yaranır. Bir şeyi də xatırladım ki, ağcaqanadlar paltarın üstündən nadir hallarda dişləyir. Yəni, bədənin açıq nahiyələri onların “ovlağı” olmaq üçün daha əlverişlidir desəm, yanılmaram. Ağcaqanadın dişlədiyi yerdə yaranan qızartı və şişkinlik nahiyə sağalanadək olduğu kimi qalır. Səhər yuxudan duranda bədəninizdə belə qırmızı “xallar” peyda olduğunu görsəniz, bilin ki, yatdığınız otaq ağcaqanad istilasına məruz qalıb. Ağcaqanad dişlədiyi yerdən qanı sormazdan əvvəl nahiyəyə qanın laxtalanmasına mane olan maye yeridir. Kəskin qaşınma yaradan da məhz bu mayedir. Əgər təkcə ağcaqanadın dişlədiyi yer deyil, bütün bədən qaşınırsa, bu, allergiyadır. Həmən allergiya əleyhinə həblərdən qəbul etmək lazımdır. Ağcaqanadın dişlədiyi yerdə yaranan qırmızılıq və şişkinlik isə orqanizmin onun dişləməsinə verdiyi reaksiyadır. Ağcaqanad dişləməsinə qarşı allergiya bir neçə simptomla özünü biruzə verir. Qaşınma və qızarıqlıqdan əlavə, göz yaşları, burun axması da müşahidə edilir. Bu həşəratların bir neçə infeksion xəstəliyin daşıyıcısı və yayıcısı olduğunu da bilirik. Əgər ağcaqanad dişləməsindən sonra qızdırma qalxarsa, halsızlıq anbaan artarsa, bunlar ürəkbulanma ilə müşayiət olunarsa, həmən həkimə müraciət edin.
Gənə. Gənənin dişlədiyi yerdə balaca, qırmızı nöqtələr yaranır. Həşərat uzun müddət dəri ilə təmasda qala bilər. Sorduğu qan sayəsində əvvəlki ölçüsünün 3 qatına çatması mümkündür. Meşədə, parkda gəzərkən, hətta həyətdəki gülləri sulayarkən belə, gənə ilə rastlaşa bilərsiniz. Gənələr heyvanlar vasitəsilə də evinizə “qonaq gələ” bilər. Məsələn; itlər ideal gənə daşıyıcılarıdır. Növündən asılı olaraq, gənə dişləməsi oynaqlarda problem yaratmaq, hətta insanı əlil arabasına möhtac qoymaq qabiliyyətinə də malikdir. Amma bu, o demək deyil ki, bütün gənələr insan həyatı üçün təhlükəlidir. Elmə məlum olan gənə növlərinin 80-90%-i heç bir virus və bakteriya daşıyıcısı deyil. Gənə dişləməsi də bəzən allergik reaksiyalara səbəb ola bilir. Məsələn; yaxın zamanda peyvənd olmuş insanlar, eyni anda bir neçə gənənin hücumuna məruz qalmış insanlar, nəhayət, dərisi olduqca həssas və immuniteti zəif olanlar gənə dişləməsi zamanı xəstəhal olurlar.
Gənə dişləməsi ağrı ilə müşayiət olunmur. Xoş səslənməsinə baxmayaraq, bu, heç də yaxşı hal deyil. Çünki ağrısız dişləmə nəticəsində insan gənə hücumuna məruz qaldığını bilmir və onun bu məlumatsızlığı bəzən günlərlə davam edir.
Gənələrin hücuma hazır olduğu zaman may-sentyabr arasıdır. Amma ilin istənilən günündə-hətta yanvarda belə, bədəninizdən gənə tapa bilərsiniz. Adətən, bitkilərdə yaşayan, ordan insanın və ya heyvanın üstünə tullanan gənələrin elə növləri var ki, qışın soyuğunda sığındığı istilik mənbəyi evlərin damı, zirzəmilər və tövlələr olur. Qoxu səbəbilə ovunun yerini müəyyən edən gənələr insanın üstünə tullanan kimi dişləmirlər; başlayırlar özlərinə rahat yer axtarmağa. Bu yerlər qarın, qoltuqaltı, sinə, qulağın dibi və saçların arası ola bilər. Əgər bədəninizdən gənə tapdınızsa, onu ehmalca tutqacla çəkin, sonra da həkimə yollanın. Özünüzü yaxşı hiss eləsəniz belə, bu, sizin gənələrin daşıdığı infeksion xəstəliklərdən sığortalandığınız anlamına gəlmir. Çünki bu tip xəstəliklərin inqubasiya müddəti uzun çəkə bilir. Gənə dişləməsindən sonra sağlamlığınızın təhdid altında olmadığını bilmək üçün qan analizi verməyiniz vacibdir.
Yataq bitləri. Bu həşəratların dişləyi müxtəlif formalarda olur. Bəzən heç fərqində olmuruq, gah da, orqanizm güclü allergik reaksiya verir. Yataq bitləri lazım olan kapillyarı tapanadək dərini dişlək-dişlək edir. Buna görə də, bəzən simmetrik dişlək izləri görmək mümkündür. Həssas dəridə bu diş izlərinin ətrafında qırmızılıq yaranır. Qaşınma yataq bitlərinin yaratdığı daha bir narahatlıqdır. Qaşınma o qədər şiddətli olur ki, ağrıyanadək əlimizi dəridən çəkə bilmirik. Adətən, bitlər dərinin açıq yerlərinə-boğaza, üzə, çiyinlərə və əllərə hücum edir. Gigiyena yataq bitlərinin ən birinci düşmənidir. Ona görə də, yataqdan qalxan kimi, bitin dişlədiyi nahiyəni sabunla yuyun. Əlinizin altında soyuqdəymə əleyhinə, yaxud allergiya əleyhinə dərman varsa, için.
Arı. Arılar sancdıqları yerdə iynələrini də qoyurlar. Və siz iynəni mütləq nahiyədən çıxarmalısınız. Allergiyanız yoxdursa, qorxmayın: arı sancması sizin üçün təhlükə deyil. Arı sancması zamanı peyda olan yaraların müxtəif olması nahiyədən asılıdır. Əgər arı qolunuzdan, ayağınızdan, yaxud belinizdən sancıbsa, yaralar minimal ölçüdə olacaq. Dəriniz qızaracaq, azca köpəcək, bir az acışacaq, vəssəlam. Buna da arının zəhəri-apitoksin səbəb olur. Arı sancmasından 15-20 dəq sonra güclü qaşınma başlayır. Yaranın ətrafındakı dəridə qızarıqlığın həcmi artır. Yaradakı şişkinlik 1 saatdan 20 saatadək davam edə bilər. Əgər arı daha həssas nahiyələrdən-üzdən, göz ətrafından, boğazdan, boyundan sancsa, şiş daha böyük olur. Sancma göz qapağında baş veribsə, şiş 36 saat da çəkə bilər, 8 gün də. Yaxşı olar ki, arının sancdığı nahiyəni ehtiyatlı şəkildə hidrogen-peroksidlə yuyasınız və ardınca da yaranın üstünə buz qoyasınız. Buz şişi yekəlməyə qoymur və acışmanı azaldır. Apitoksinə allergiyası olanlar üçün arı sancması çox təhlükəlidir. İnsan anafilaktik şoka da girə bilər. Bu cür insanlar, gərək, həmişə yanlarında lazımi dərman gəzdirsinlər. Əgər arı sancmasına qarşı allergiyanız varsa və arı sancdığında yanınızda lazımi dərman yoxdursa, gecikmədən ambulans çağırın.
Bahadur Seyidov / Demedia.az