Böyrəyə zərər vuran 10 QİDA: Faydalı 7 qayda



 20:31 14.11.2022     2355

Böyrəklərimiz qanı filtrləyir və sidik əmələ gəlməsini təmin edir. Orqanizmin maye balansını qoruyur,  D vitaminin sintezində iştirak edir, toksinləri orqanizmdən atır və arterial təzyiqin stabilləşməsini dəstəkləyir.  

Böyrəklərin işindəki hər hansı pozulma insanın həyat keyfiyyətini aşağı salmaqla qalmır, əksər hallarda şikəstlik və ya ölümlə nəticələnir. Böyrəyində problem olanlar rasionlarından bəzi qidaları çıxarmalıdır. Çünki o qidalar böyrəyin işinə mənfi təsir edir.  

Bu siyahıya  fasiləsiz yeyilən kalium və fosforla zəngin qidalar daxildir. Çünki bu 2 element böyrəkdə daş əmələ gəlməsinə səbəb olur, qanı zəhərləyir.  Həmçinin, sidik yollarının divarlarını zədələyirlər ki, sonra həmin zədələnmiş nahiyələrdə iltihablanma yaranır.  Təbii ki, tövsiyələrin yerinə yetirilməsi böyrəyin hazırkı durumundan çox asılıdır. Əgər böyrək normal işləyirsə, heç bir problem yoxdursa hansısa qidadan qəti şəkildə imtina etmək yersizdir. Bəzilərinin miqdarını azaltmaq yetərlidir.  Kalium və fosforla zəngin qidalar o zaman zərərli olur ki, artıq orqanda problem var və getdikcə də sürətlənir. 

İndi sizi böyrək problemi zamanı uzaq durmalı olduğunuz 10 qida ilə tanış edəcəyəm. 

Yağlı qidalar.  Yağlı qidalar böyrəyə yüksək miqdarda oksalat turşusu ötürür. Bu da orqanın iş rejimini pozur, hüceyrələrin aktivliyini azaldır. Donuz salası, yarıbişmiş yağlı donuz və ya dana əti, yağlı ördək ətini misal çəkmək olar.  Heyvan mənşəli yağlar faydalı maddələrin bağırsaqlar tərəfindən sorulmasına mane olur. Xüsusilə, B6, A, D vitaminləri və maqnium bu yağların içində “gizlədilir” və onlarla birgə orqanizmdən xaric olur. Bu faydalı maddələrin yoxluğu isə böyrəkləri və sidik yollarını, sidik kisəsini infeksiyalara qarşı müdafiəsiz edir.  Yağla zəngin yarımfabrikatları da rasiondan çıxarmaq mütləqdir.  Məsələn; hazır şəkildə satılan ciyər konservləri, yağlı kolbasalar və s. 

“Cavan” ət. Yerli mətbəx həmişə gözəldir. Xüsusən, quzu ətindən və çəpiş ətindən duzlu kabab. Amma... Bu ətləri yaxşı bişirmədiyimizin özümüz də fərqindəyik. Böyrək problemi olanlar, yaxşı olar ki, kabab əvəzinə həll bişmiş ət yesinlər. Çünki alaçiy və duzlu, ədvalı kabablar  orqanizmdə sidik turşusunun artmasına səbəb olur. Sidik turşusunun çoxluğu isə toxumalarda və hüceyrələrdə belə, müxtəlif problemlərin yaranma səbəbidir. Bir də bu var ki, cavan heyvanların ətində purin miqdarı yüksəkdir. Xüsusilə, sidiyə getməkdə çətinliklər varsa, sidik çox yandırırsa cavan heyvan ətindən uzaq durun. 

Dəniz məhsulları.  Rusiyalı alimlər müəyyən ediblər ki, orqanizmdə D vitamini çoxluğu kalsiumun bağırsaq divarlarına yapışmasına, sidiklə bədəndən xaric olmamasına səbəb olur. Böyrəyində daş olan insanların orqanizmində həmişə kalsium artıqlığı  müşahidə edilir.  Ona görə də, böyrəyində duz, yaxud daş olanlar D vitamini ilə zəngin qidaları yeməsələr, yaxşı olar. 

Qazlı içkilər.  İlk baxışdan göründüyü kimi, qazlı içkilər heç də məsum deyil. Böyrək problemi olanlar üçünsə onlar əsl düşməndir.  1) qazlı içkilər şəkərlə zəngindir: II tip diabet riskini artırır. Bu xəstəlik də böyrəkləri sıradan çıxarır. 2) bu içkilərə yüksək miqdarda fosfor əlavə edirlər. O da öz növbəsində, qandakı zülala pis təsir edir və uzun müddət sərbəst halda qalır.  Sidik yolları ilə bağlı problemi olanlar qəti şəkildə qazlı içkilərdən imtina etməlidir ki, xəstəlik irəliləməsin. 

Avokado. Hələ də, tam olaraq meyvə, yaxud tərəvəz olduğuna qərar verilməyən avokado o qədər faydalıdır ki, xalq təbabətində xüsusi yeri var.  Ürəyin işini dəstəkləyən yağlarla,  bağırsaqlara lazım olan liflərlə, bütün orqanizmin köməyinə çatan antioksidantlarla zəngin olan avokado ilə yalnız böyrək problemi olanlar ehtiyatlı davranmalıdırlar.  Onun tərkibində yüksək miqdarda kalium var. 100 qr meyvədə 50 mqr kalium tapmaq mümkündür.  Əgər böyrək lazımi səviyyədə işləmirsə  artıq kalium sidiklə xaric olmur; bədəndə qalır.  Kalium çoxluğu isə ürəyin ritmini poza bilər, hətta ürəyin dayanmasına da gətirib çıxarar. 

Süd məhsulları. Süd məhsullarının tərkibindəki maddələrin çoxluğu böyrəklərə ziyan verir. Bu məhsullarda kalium, fosfor və zülal çox olur. Hər üçü də böyrəyin süzmə qabiliyyətini aşağı salır. Fosfor birbaşa böyrək daşının əmələ gəlməsində xammal rolundadır. Zülallar isə böyrəyi gərgin rejimdə işləməyə məcbur edir.  Mütəxəssislər tövsiyə edir ki, böyrək problemi olanlar badam südü, düyü südü kimi bitki mənşəli məhsullara üstünlük versinlər. 

Yarımfabrikatlar. Yaxşı olar ki, bütün insanlar bacardıqca az istifadə etsinlər bunlardan. Çünki onların, demək olar ki, heç bir faydası yoxdur. Söhbət sosiskadan, kolbasadan və onların növlərindən gedir. Bu məhsullar qida əlavələri, dadlandırıcılar, rəngləndiricilərlə, həmçinin, duz, istiot və bir çox ədva ilə zəngindir. Kompleks şəkildə bunlar hamısı orqanizmə toksin kimi daxil olur. Onları süzmək normal böyrək toxumasının bacarığı daxilində deyil. Bu toksinlər həmin toxumalarda qalır, gələcəkdə orqanın işini iflic etməyə qadir olur. Alimlərin fikrincə, süzülməyən toksinlər sonradan ürəyin işinə də mane olur; ürəyə qan daşıyan damarlarda təzyiqin artmasına qədər vəziyyəti gərginləşdirə bilir. ABŞ alimləri isə yarımfabrikatların ürəyin işemik xəstəliyinin əsas səbəblərindən biri olduğunu deyirlər. 

Quru meyvələr. Faydalılıq dərəcəsinə görə, digər qidalardan üstün olan quru meyvələr də böyrək xəstələri üçün “qadağan olunmuşlar” siyahısındadır. Çünki onlar, xüsusilə, ərik qurusu və gavalı qurusu kaliumla zəngindir. Kaliumun çoxluğunun böyrəyə verdiyi ziyan haqqında bayaq məlumat verdim.  C, A vitaminləri, liflərlə zəngin olan quru meyvələrin 100 qramında, təqribən, 80 mq kalium var. Yarım ovuc quru meyvə orqanizmin gündəlik kalium ehtiyacını ödəyir. Ərik qurusunda isə bu elementin miqdarı daha çoxdur. Böyrək problemi yaşayanların quru meyvələrdən uzaq durması yaxşıdır. 

Tez hazırlanan yeməklər. Qaynar suya salmaqla, yaxud mikrodalğalı sobaya qoymaqla hazır olan yeməklərdən söhbət gedir. Bunlar çox zərərli yeməklərdir.  Tərkibində o qədər çox duz olur ki, anında arterial təzyiqi qaldıra bilir. Dadlandırıcıların iştah açıcılıq qabiliyyəti isə yedikcə yeməyi tələb edir. Nəticələr arasında artıq çəki və böyrək yağlanması da var. Hər şey bir yana, bu cür tez hazırlanan yeməklərin tərkibində faydalı heç nə yoxdur. Sadəcə, yavan kaloridir, vəssəlam! Cəmi, 40-50 dəqiqə sonra isə aclıq hissi yenə baş qaldırır. 

Kartof. Kaliumla zəngin olması səbəbilə “ikinci çörəyimiz” də böyrəyə ziyandır. 100 qr kartofda 50 qr kalium var. Nişasta isə kartofun dietik qidalar siyahısına salınmasının səbəbidir.  Böyrəyində, sidik yollarında patalogiya olan insanlar  sırf kaliumdan qaçmaq üçün kartof yeməyi azaltmalıdırlar.

Böyrək dietinin 7 əsas qaydası:

Yetəri qədər maye qəbul edin. Orqanizmin maye balansı düzgün olduqda fosfor və kaliumun orqanizmdən sidiklə atılması rahat baş tutur, böyrəkdə daş əmələ gəlmə riski azalır, böyrək “saat kimi işləyir”. Yetkin insan üçün gündəlik su norması 1,5-2 litrdir. Təbii ki, burda orqanizmin yeganəliyi, həmçinin, həyat tərzi də əsas şərtlərdəndir. 

Qida müxtəlifliyinə diqqət edin. Mütəmadi olaraq, eyni qidanı qəbul etmək yolverilməzdir. Rasionunuz vitaminlərlə, mikroelementlərlə və liflərlə zəngin olmalıdır. Karbohidratlarla və yağla zəngin qidalar tərəvəzlərlə, meyvələrlə növbəli şəkildə qəbul edilməlidir. Eyni qidanın təkrarı böyrək çatışmazlığı ilə bərabər, böyrək daşı, sidik yolu iltihablanması da yaranmasına gətirib çıxarır. 

Qızardılmlış, yağlı qidaları azaldın.  Heyvan mənşəli yağlar oksalat turşusunun miqdarını artırır ki, orqanizmdə bu turşunun çoxluğundan ən çox böyrəklər  ziyan çəkir. 

Zərərli vərdişləri tərgidin.  Alkoqol böyrək kanallarının tıxanmasına, yaxud  kanal divarlarının xəsarət almasına səbəb olur. Siqaret isə avtoimmun reaksiya yaradır. Bu da böyrəkdəki hər hansı xəstəliyin inkişafına təkan verir. 

Aktiv həyat tərzi. Gündəlik aerobika hərəkətləri tövsiyələr sırasındadır. Küçədə təmiz havada gəzmək, üzgüçülük də  bədən aktivliyi üçün faydalıdır; maddələr mübadiləsi yaxşılaşır, kökəlmə riski azalır, immunitet möhkəmlənir. 

Az-az, tez-tez yemək. Bu  cür qidalanma təkcə böyrək üçün deyil, ümumiyyətlə, bütün mədə -bağrsaq traktatı üçün də faydalıdır. Az-az, amma gündə 4-5 dəfə yemək  böyrəyi gücə salmır. 

Böyrəyinizlə bağlı nəsə narahatlıq varsa, vaxtında həkimə müraciət edin. Əlamətlər sırasında sidikdə yanma, sidiyə çətin getmə, ürəkbulanma, sidiyin rənginin və qoxusunun dəyişməsi də  var.

Sadaladığım 7 qayda böyrək problemlərinin profilaktikasında olduqca effektivdir. Bir daha xatırladıram; böyrəyinizi qorumaq üçün rasionunuza fikir verin. 

Bahadur Seyidov / Demedia.az