Mədəaltı vəzinin orqanizmdəki rolu - Araşdırma
Mədəaltı vəzi maddələr mübadiləsinə və qidaların mənimsənilməsinə cavabdeh olan orqandır.
Mədə-bağırsaq traktatının bir hissəsidir. Çoxlu sayda ferment və hormonların ifrazına məsuldur. Mədənin arxasında, sol böyürdə yerləşir. Orqanın ən geniş yayılmış xəstəlikləri sırasında pankreatit və I tip şəkərli diabet ön sıralardadır. Bu xəstəliklər, həmçinin, yüksək ölüm nisbəti ilə seçilirlər. Faciəvi sonluqlardan qaçmaq üçün sağlamlığın qeydinə qalmalısınız.
Hətta orqan sağlamdırsa, heç bir problemi yoxdursa belə, rasionumuza diqqət eləməliyik. Çünki xəstəlik hər an başlaya bilər. Mədəaltı vəzidəki hər hansısa problem zamanla digər ağır xəstəliklərin başlanğıc nöqtəsinə çevrilir. Bu gün mədəaltı vəzinin qayğısına qalmaq üçün bir çox sadə üsullar mövcuddur.
Mədəaltı vəzinin orqanizmdəki rolu:
Orqanın normal fəaliyyəti sağlamlığımız üçün çox vacibdir. O, həzm prosesində mühüm rol oynayır. Mədəaltı vəzisi cərrahi yolla çıxarılan insanlar, bir qayda olaraq, 1 ildən artıq yaşamır. Orqan paralel olaraq, bir neçə funksiyanı yerinə yetirir.
-Hormonları və qida fermentlərini ifraz edir;
-Həm həzm sisteminin bir orqanı kimi, həm də daxili və xarici sekresiya vəziləri kimi fəaliyyət göstərir;
-Orqan yağları parçalayaraq ürək, böyrək və əzələlər üçün lazım olan qidalı maddələrə çevirir;
-Mədəaltı vəzi, həmçinin, şəkərin səviyyəsini nizamlayan insulin və qlükaqon, iştaha nəzarət edən qrelin ifraz edir;
-Yağların, zülalların, karbohidratların maddələr mübadiləsində iştirak edir;
Mədəaltı vəzin insulin ifraz etdiyi artıq heç kimə sirr deyil. Orqanizmdə həddən artıq qlükoza yığıldıqda orqan dayanmadan insulin ifraz edir. İnsulin də, öz növbəsində, qlükozanı hüceyrələrə çatdırır. Bu da qanda şəkərin səviyyəsini azaldır.
Qidalanma üçün lazım olan fermentlərin ifrazı da mədəaltı vəzinə aiddir. Bayaq dediyim kimi, yağların, zülalların və karbohidratların mübadiləsini təmin edir. Orqanın ayrı-ayrı bölmələrinin belə öz xüsusi vəzifələri vardır.
Mədəaltı vəzinə ziyan verənlər nələrdir?
Orqan çox həssasdır; daxili və xarici faktorlardan təsirlənə bilir. Əvəzedilməz orqanlardan sayılan mədəaltı vəzi daha çox insanın iştahından əziyyət çəkir. Amma vərdişləri də yada salmaq vacibdir.
-Siqaret;
-Alkoqollu içkilər;
-Yağlı, qızardılmış, xəmir yeməklərinin daimi yeyilməsi;
-Dadlandırıcı, rəngləndirici kimi kimyəvi maddələrlə zəngin qidalar;
Öd kisəsindəki daş səbəbilə də mədəaltı vəzi zərər görə bilər. Bu zaman öd düzgün süzmür, onun işi birbaşa mədəaltı vəzinə ötürülür. Şəkərli diabet, mədənin aldığı travma, qida zəhərlənməsi, həddən artıq çəki də mədəaltı vəzinin xəstələnməsinə səbəb ola bilər. Eyni zamanda, genetik xəstəliklər, uzun müddət antibiotik qəbul etmək, hormonlar vurdurmaq kimi proseslər də orqana ziyan vurur.
Mədəaltı vəzin ən təhlükəli xəstəliklərindən biri pankreatitdir. Ən pisi isə kəskin və xroniki pankreatitdir. Orqanın soyuqlaması nəticəsində yaranan xəstəlik sol böyürdəki dözülməz ağrılarla özünü büruzə verir. Həzm sistemi korlanır və orqanizmin hormon balansı pozulur.
Mədəaltı vəzinin qorunması və bərpası üçün bir çox üsulların mövcudluğu barədə demişdim. İndi həmin üsullarla tanış olaq:
Mədəaltı vəzinin zədələnməsi ağır fəsadlara və uzunmüddətli müalicələrə gətirib çıxara bilər. Müalicədən daha yaxşı üsul orqanizmi xəstələnməyə qoymamaqdır. Mədəaltı vəzinin sağlam olması üçün qidalanma balanslı olmalı, aktiv həyat tərzinə üstünlük verilməli, profilaktika düzgün aparılmalıdır.
Neumıvakin metodu. İvan Pavloviç Neumıvakin SSRİ-nin məşhur tibb alimlərindən olub. O, orqanizmin təbii üsulla bərpası ilə bağlı bir çox elmi işlərin müəllifidir. Şəkərli diabeti araşdırarkən mədəaltı vəzinin qiyməti, daha doğrusu, qiymətsizliyi barədə də öz qənaətlərini yazan həkimin ilk məsləhəti budur: “Liflə zəngin qidalar yeyin!” Mədəaltı vəzi üçün faydalı qidaları isə belə sıralayıb:
-Təbii kəsmik. Ağartı məhsulu orqanın fəaliyyəti üçün lazım olan zülalla zəngindir. Neumıvakin tövsiyə edirdi ki, gündə 1, ya da 2 dəfəyə 100-150 qram kəsmik yeyin. Kəsmiyi olduğu kimi yeyə bilməyənlər onu salatlara, hətta tərəvəzli yeməklərə də qatıb yeyə bilər. Amma bir şeyi unutmaq lazım deyil ki, yağlı süd məhsulu sayılan kəsmik qastrit kimi bəzi mədə xəstəlikləri zamanı zərərdir. Üstəlik, son illərdə süd məhsullarının həzmində bir çox çətinliklər yaranıb. Başqa sözlə, Neumıvakin`in kəsmik tövsiyəsinə əməl etmək üçün öncə özünüzdən əmin olmalısınız.
-Neumıvakin şəkər əvəzinə şəkər qamışından istifadə etməyi məsləhət görürdü. Bu, təbii şəkər əvəzləyicisidir. Şəkər qamışının tərkibindəki maddələr qlükoza qrupuna daxil deyillər. Bu maddələr orqanizmə müsbət təsir edir, mədəaltı vəzinin işini yaxşılaşdırır.
-Fiziki aktivlik. İdman sağlamlıqdır. Neumıvakin müntəzəm fiziki aktivliyin orqanizmə faydalarına diqqət çəkirdi. Daim hərəkətdə olmaq orqanizmin insulin həssaslığını azaldır. Başqa sözlə, qlükoza hüceyrələrə daha sürətlə çatır. Bu da mədəaltı vəzinin işini azaldır və onun yorulmamasına səbəb olur. Mütləq deyil ki, hər gün idman zalına gedəsiniz. Evinizdə etdiyiniz gimnastika da mədəaltı vəzinin sağlamlığına dəstəkdir.
-Qoz. Tərkibindəki maddələr sayəsində qoz mədəaltı vəzini qidalandırır. Neumıvakin tövsiyə edirdi ki, gün ərzində 100 qrama qədər qoz ləpəsi yeyilməsi mütləqdir. Onu bala, salatlara və dadına uyğun xörəyə də qata bilərsiniz. Neumıvakin qoz ləpələri arasındakı pərdənin faydaları haqqında da danışırdı. 15-20 ədəd qoz götürün. İçindəki pərdəni çıxarın. 1 stəkan qaynar suya əlavə edin. Vam odda qaynadın. Hazır məhlulu 3 bərabər hissəyə bölün. Gün ərzində için. Çalışın, məhlulu mümkün olduqca hər gün için. Allergiyası olanlar, dəri xəstəlikləri olanlar, kəskin mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər, qanında qatılaşma olanlar hər gün qoz yeməkdən çəkinməlidirlər.
Neumıvakin`in mədəaltı vəzi üçün təklif etdiyi vasitələr:
Alim mədəaltı vəzinin təmizlənməsi və daha yaxşı işləməsi üçün resept də hazırlayıb.
1 kq cəfəri kökü
3 litr süd
Kökləri blenderdən keçirin. Sonra şirəli qazana tökün. Üzərinə südü əlavə edin və vam odda, təxminən, saat yarım qarışdıra-qarışdıra qaynadın. Nəticədə, faydalı, südlü sıyıq əldə edəcəksiniz. Onu günün istənilən saatında, bütün qidaların əvəzinə yeyə bilərsiniz. Bu sıyıqla üst-üstə başqa qidanın yeyilməsi məsləhət deyil.
Limon xəstəlik risklərini azaldır və həssaslığı aradan qaldırır. 1 orta ölçülü limonu 5 dəq qaynar suda saxlayın. Sonra onun suyunu sıxın. Yumurta sarısı ilə qarışdırın. Qarışımı yeməkdən sonra qəbul edin və ondan sonrakı 3 saatı çalışın ki, ağzınıza heç nə qoymayasınız. Birinci gün 5 dəfə, qalan günlərdə isə qarışımı 6-7 dəfə qəbul edin. 20-24 gün ərzində proseduru davam etdirin. Növbəti müalicə kursunu yarım ildən sonra başlaya bilərsiniz. Böyrək xəstəlikləri olan, sitrus meyvələrinə allergiyası olan, həmçinin, hamilələr və süd verən analar bu üsulu etməməlidir.
Qatıqla qarabaşaq. Qarabaşağı üyüdün. 1 xörək qaşığı qarabaşaq ununu 1 stəkan qatıqla qarışdırın və 1 gecə saxlayın. Səhər həcmi artmış qarışımı acqarına yeyin. Qarışım orqanizmi mikroelementlərlə zənginləşdirir, həmçinin, toksik maddələri bədəndən xaric edərək mədəaltı vəzinin fəaliyyətini yaxşılaşdırır.
Yulaf əzməsi. Mədə-bağırsaq xəstəliklərində südlü, duzlu yulaf əzməsi əvəzedilməz qarışımdır. Yarım kiloqram yulaf əzməsini 1 litr qaynar suya əlavə edin və ağzını bərk-bərk bağlayın. Gündə 3 dəfə yarım stəkan olmaqla qəbul edin.
Yulaf südü. Yulaf əzməsini yarım litr suda qaynadın, qaynayanda odu azaldın. Yarım saat vam odda, taxta qaşıqla qarışdıra-qarışdıra bişirin. Sonra soyudun, çöküntülərin dibə çökməsini gözləyin. Alınan bəyaz məhlul yulaf südü adlanır. Hər dəfə yeməkdən qabaq yarım stəkan qəbul edin.
Bahadur Seyidov / Demedia.az