Niyə öz qorxularımızla üzləşməyə cəsarət etmirik? - Araşdırma



 21:33 15.11.2022     933

Hamımızın bir kabusumuz var. Və bu, təkcə yuxuda deyil, reallıqda da var. Əksər insanlar öz qorxuları ilə üzləşməyə cəsarət etmir. Amma xilas yolu sayılacaq faktlar çoxdur. 

Tornadodan sağ çıxmaq. “Tornado” kəlməsini eşidən hər kəsin ilk ağlına gələn sığınacaqdır. Əgər aynadan baxanda tornadonun  hərəkətsiz olduğu düşüncəsinə qapılırsınızsa, deməli, o, düz sizin üstünüzə gəlir. Əgər evinizdə zirzəmi, yaxud sığınacaq yoxdursa, birbaşa tualetə gedin. Ona görə yox ki, qorxmusunuz və unitaza ehtiyacınız var. Səbəb odur ki, tualetin divarlarında borular var və bu borular sayəsində divar daha dayanıqlıdır. Ekspertlərin rəyinə görə, tornado zamanı tualet və hamam evin ən az zərər çəkən hissəsi olur. Çünki əlüzyuyan da, vanna da, unitaz da döşəməyə bərkidilir. Tornado zamanı tualetə gizlənəndə özünüzlə yastıq götürməyi unutmayın ki, başınız zədələnməsin. 

Girov götürənlərdən qaçmaq. Heç kim qaçırılmağa, girov götürülməyə qarşı hazırlıqlı ola bilməz. Amma bəzi nüanslar var ki,  sizin sağ qalmaq şansınızı yüksəldir. Ən birincisi, özünə diqqət çəkməkdir. Yəni, çığırın, bağırın, gücünüz yetdiyi qədər müqavimət göstərin ki, sizi girov götürmək istəyənlərin işi çətinləşsin. Əgər qaçırılmağınız baş tutarsa, özünüzdən sonra şəxsi əşyalarınızın ipucu kimi qalmasına çalışın. Bircə telefonu üstünüzdə saxlayın ki, sonra GPS ilə yerinizi tapmaq mümkün olsun. Sağ qalmaq şansınızın yarısı qaçırıldığınız maşından asılıdır. Yolda gedərkən belə qaçmaq ümidinizi itirməyin və bütün fürsətləri dəyərləndirin. Maşının aynasını qırmaq, ordan köməyə çağırmaq, hətta qaçmaq da olar. Maşının yük yeri də kömək çağırmaq üçün əlverişlidir. Döşəmədəki örtüyü çəkin kənara, işığa arxadan vurun və yerindən çıxarın. Sonra əlinizi həmin yerdən çıxardaraq arxadan gələn maşınlara işarə verə bilərsiniz. Bunların heç biri alınmasa, girov götürənlə mülayim münasibətdə olun. Bu, sizə vaxt qazandıracaq. 

Qaynar yağdan qorunmaq. Qaynar yağda yemək hazırlamaq heç də həmişə təhlükəli deyil. Amma əgər qaynar yağ alovlansa, nə edəcəyiniz barədə bir fikriniz varmı? Onu su ilə söndürməyə cəhd edə bilərsiniz. Lakin su vəziyyəti daha da ağırlaşdıracaq. Yanğınsöndürənlərin fikrincə, ən yaxşı üsul odu söndürməkdir. Alovlanan yağın üstünə metal qapaq qoyun. Əlinizin altında nəm dəsmal varsa, o da köməyinizə çata bilər. Alovun həcmi kiçikdirsə, üstünə duz, yaxud soda  tökmək də mümkündür. Sadəcə, duz və soda alovu həmən deyil, bir neçə saniyə sonra söndürür. 

Dekompressiya xəstəliyindən qurtulmaq. Bəziləri bunu “dəniz xəstəliyi” də adlandırır. Ürəkbulanma ilə müşayiət olunur. Bəs, əgər suyun altında qusmağınız gəlsə, nə edə bilərsiniz? Dalğıclar tez-tez bu vəziyyətlə üzləşirlər. Səbəbləri isə müxtəlif olur: yüksək təzyiq, başgicəllənmə, qulaq təzyiqi və s. Əgər ürəyiniz bulanırsa və instinktiniz sizə indicə qusacağınızı deyirsə, özünüzü ələ alın. Su altında oksigen balonundan qurtulmaq işinizə yaramaz. Ekspertlərin fikrincə, hava borusunu ağızdan çıxarmaq əvəzinə daha tez-tez və dərindən nəfəs almaq lazımdır. İlk nəfəslər çətin ola bilər, amma sonra vəziyyətin düzəldiyini özünüz də görəcəksiniz. 

Sunami yaxınlaşdığını bilmək. Sunami fəlakətə səbəb olan təbiət hadisəsidir. Başqa sözlə, bir də görürsünüz ki, üstünüzə sudan ibarət divar çökməyə başlayır. Sunamini görən kimi qaçmaq çıxış yolu deyil. Dəniz dibində vulkanların püskürməsi, yer qabığındakı çatlar və s. səbəblərdən yaranan sunamilərin sürəti və gücü çoxdur.  Buna görə də, sunaminin olacağı barədə təbiətin xəbərdarlığına etinasız yanaşmayın. Artıq sübut olunub ki, sunamidən əvvəl sular sahildən sürətlə çəkilməyə başlayır. 2004-cü ildə Hindistanda böyük dağıntılara səbəb olan sunamidən öncə insanlar yeni çimərlik yarandığına sevinmişdilər. Amma iki nəfər-10 yaşlı ingilis qız Tili Smit  (Tilly Smit) və biologiya müəllimi Con Krostan (John Chroston) çəkilmənin fərqinə varmışdılar və insanları xəbərdar etməyə çalışmışdılar. Onlar minlərlə insanın həyatını xilas etmişdilər. 

Zəhərli kartof. Bəli, kartof da orqanizmi zəhərləyə bilir.  Təbii ki, hamısı deyil. Ölkəmizdə “ikinci çörək” sayılan kartofu sevməyən az adam tapılar. Amma elə ki, kartofun yaşıl rəngdə olduğunu gördünüz, onu istifadə etməyin. Günəş şüalarının təsirilə tərkibində xlorofilin miqdarı artan kartof yaşıl rəngdə olur. Fotosintez üçün əlverişli olan bu maddə insan orqanizmini zəhərləyə bilir.  Belə ki, yaşıl kartof solonin maddəsi ilə zəngindir. Məhz bu maddə kartofu həşəratlardan, bakteriyalardan və digər canlılardan qoruyur. Bu toksin orqanizmə daxil olduqda hüceyrə membranlarına mənfi təsir göstərir və neyromediatorları zədələyir. Baş ağrısı ilə başlayan simptomlar ürəkbulanma, qusma ilə davam edir. Nadir hallarda beyində pozğunluqlar, hətta iflic də yarana bilər. Soyulmuş yaşıl kartofun belə, tərkibində 30% solanin qalır. Yaxşı olar ki, yaşıl kartofu bəribaşdan atasınız. Əgər bişirmisinizsə, dadına baxın. Acılıq çoxdursa, birbaşa zibil yeşiyinə tökün. 

Qısa qapanmanın fərqinə varmaq. Günümüzdə evlərin yanması 3 dəqiqə də çəkə bilir. Elektrik müasir dövrdə ev yanğınlarında ikinci səbəbdir. Buna görə də, diqqətli olmaq, qısa qapanmanın əlamətləri haqqında məlumatlı olmaq lazımdır. Ən birincisi, elektrik yuvasından gələn balıq iyinə bənzər qoxudur. Bəziləri bu qoxunu sidik qoxusuna da bənzədirlər. Adətən, belə halda insanlar soyuducunu yoxlayır, ərzaq rəflərinə baxırlar. Amma 10 qoxudan 9-nun səbəbi elektrik kabellərindəki, yaxud elektrik yuvalarındakı kauçukun əriməsi/yanmasıdır. Qoxunun mənbəyini tapın. Onda özünüz görəcəksiniz ki, kauçuk vasitələr necə yanıb, əriyib.  Elektrik düyməsini keçirin və təcili şəkildə mütəxəssis çağırın. 

Relslərdə təhlükə. Təsəvvür edin ki, dəmir yolu keçidini keçdiyiniz yerdə avtomobiliniz qəfil dayanır. Üstəlik, qatar da yaxınlaşır. Nə edirsiniz? Adətən, soyuq tər içində oyanırsınız. Bəs, əgər bu, yuxu deyilsə? Ən yaxşı halda, avtomobildən düşüb qaçın. Özü də, çalışın ki, relslərdən, ən azı, 1 km uzaqda ola biləsiniz. Ekspertlər məsləhət görür ki, avtomobildən düşəndən sonra qatara nəzərən  450 bucaq istiqamətində qaçasınız. Bu, ilk baxışdan məntiqi görünməyə bilər. Lakin şaquli istiqamətdə qaçarkən əzilmiş maşından saçılan şüşə və metal qırıqları sizi yaxalaya bilər. Əgər maşında qalmısınızsa, qatar görünmürsə, düşün,  relslərdən uzaqlaşın və keçiddəki operatora məlumat verin.  Belə halda operator şlaqbaumu endirəcək və sizinçün evakuator çağıracaq. 

Ağardıcılar və ammiak. Əgər evinizi “dibdən bəri” təmizləmək eşqinə düşmüsünüzsə, ehtiyatlı olun. Yoxsa gözünüzü xəstəxanada açarsınız. Əksər təmizləyici vasitələrin tərkibində ağardıcı  var. Siz onu ammiakla qatsanız fəlakət olar. Birləşmədən kimyəvi silah sayıla biləcək zəhərli qaz yayılır. İki tərkib birləşərkən yayılan xloramin nəfəs borusuna daxil olduqda nəfəs almağı çətinləşdirir. Hidrozon isə şişkinliklərə səbəb olur. Arxasınca baş ağrıları, ürəkbulanma, özündən getmə kimi hallar da müşahidə oluna bilər. Bəribaşdan yadınızda saxlayın ki, hər vasitənin öz məqsədi var və onları bir-birinə qatmaq özünüzə ziyandır. 

Reanimasiya. Fövqəladə vəziyyətdə reanimasiya tədbirləri görmək hərəkətsiz qalmaqdan yaxşıdır. Çünki bir həyatı xilas etmək bircə anın hökmündən asılıdır. Əlinizin birinin dominant olduğundan əmin olun. Və ikinci ələ dominant əllə güc salın. Sinənin düz mərkəzinə basın. Gücünüzün az olduğunu düşünürsünüzsə, barmaqlarınızı qarmaqlayın.  Hərəkəti 30 dəfə təkrarlayın. Sonra iki dəfə süni nəfəs verin. Tibbi heyət gələnədək bunu təkrarlayın. Tempi nizamlamaq üçün  sevdiyiniz həzin bir mahnının ritmini yada sala bilərsiniz. 

Boşluqda balansı qorumaq. Ekstremal vəziyyətlərdə olduğunuz yeri müəyyənləşdirmək vacibdir. Hərdən istiqaməti təyin etmək qabiliyyətimiz sıfırlanr və hara gedəcəyimizi bilmirik. Su altında bu vəziyyət daha gərgin olur. Bir dalğanın güclü çarpmasından sonra suya qərq olan adam səmanın hansı tərəfdə olmasını anlamır. Bu anlarda beyindəki donuqluq insanın həyatını itirməsinə səbəb ola bilər. Vəziyyəti təyin etməyin ən yaxşı üsulu hava qabarcıqlarını izləməkdir. Çünki onlar suyun üzünə doğru yönəlirlər. Beləcə, siz də yuxarıya çıxa bilərsiniz. Qar uçqununa düşəndə isə metodun əksi işə yarayır. Tüpürün və tüpürcəyinizin istiqamətinə baxın. Yerin cazibə qüvvəsi ilə tüpürcəyiniz aşağı axacaq. Sizsə əks istiqamətə yönəlməklə xilas olacaqsınız. 

Sürətli lift. Bəzən lift bir anlığa sürətlə aşağı düşür və siz iki mərtəbənin arasında sıxışıb qalırsınız. Amma bu halda da xilas yolu var. “Qapıları bağla” işarəsini basılı saxlayın, sonra lazım olan mərtəbəni seçin. Lift hərəkətə gələcək və dayanmadan sizi lazım olan mərtəbəyə çatdıracaq. Sadəcə, soyuqqanlı olmaq, başqa düymələrə basmadan deyilən tövsiyəyə əməl etmək lazımdır. Yoxsa ard-arda basılan düymələr liftin işləmə mexanizmini daha da pozacaq. 

Şişmə jiletlər. Təyyarədə özünüzü rahat hiss edib-etməməyinizdən asılı olmayaraq təhlükəsizlik tədbirləri ilə bağlı məlumatı diqqətlə dinləməyə çalışın. Çünki təyyarə qəzası zamanı həyatınızı xilas edəcək ən vacib əşya şişmə jiletlərdir. Amma bir şərtlə: jileti vaxtında şişirin. 1996-cı ilin noyabrında 961-ci reys okeana düşəndə 175 nəfərdən 125-i ölmüşdü. Çünki jiletləri şişirtməmişdilər. Əgər içində olduğunuz təyyarə suya düşsə qəza çıxışına yönəlməzdən qabaq jileti şişirin. 

Bahadur Seyidov / Demedia.az