Hər il milyonlarla ton istehlak edilir - Sarımsağın inanılmaz faydaları
Sarımsağın Vətəni Orta Asiyanın dağlıq bölgələri hesab olunur. Məhz bu regionda sarımsağın müxtəlif növlərinə rast gəlmək olur.
Sarımsaq insanların köç prosesindən sonra dünyaya yayılmağa başlayıb. İndi dünyada hər il milyonlarla ton sarımsaq insanlar tərəfindən istehlak edilir. Çin siyahıda ilk yerdədir; dünyada istifadə olunan sarımsağın 66%-i məhz bu ölkənin payına düşür.
Sarımsaq qanda şəkərin miqdarını tənzimləyir. Bilirik ki, qanda şəkərin miqdarının çoxluğu diabet riskini artırır, arterial təzyiqi yüksəldir, hətta qızdırma verir. Alimlərin apardığı müxtəlif araşdırmalar göstərib ki, çiy sarımsaq qanda şəkərin miqdarını tənzimləyir. Bunun üçün gün ərzində 3-4 diş çiy sarımsaq yemək yetərlidir.
Trombların əmələ gəlməsinin qarşısını alır, varsa, yox olmasına kömək edir. Tromblar beyinə, ağciyərə, böyrəklərə və s. düzgün qan axınına mane olur. Hindistan alimlərinin tədqiqatları nəticəsində məlum olub ki, gün ərzində 10 mq çiy sarımsaq yeməklə trombların əmələ gəlməsi riskini aşağı salmaq mümkündür. Yeməkdən əvvəl yeyilən sarımsaq, bir növ, müalicəvi effektə malik olur; mövcud olan trombları əridir. Qeyd edim ki, prosedur 2 ay davam etməlidir. İki gündən bir səhər acqarına yeyilən 1 diş sarımsaq isə qanı təmizləyir.
Xərçəng riskini aşağı salır. Sarımsağın tərkibində dialildisulfid var. Bu da o deməkdir ki, sarımsaq yeməklə stressin hüceyrələrə xəsarət verməsinin qarşısı alınar. Selen isə əsl xərçəng əleyhinə vasitədir. O, hüceyrədaxili mutasiyalara mane olur, hüceyrələrin səbəbsiz bölünməsinin və çoxalmasının qarşısını alır. Xərçəngdən uzaq qalmaq üçün hər səhər 1 diş sarımsaq yemək faydalıdır.
Okislitel stressi aradan qaldırır. Antioksidantlarla zəngin sarımsaq stressin DNT-yə ziyan vurmağına imkan vermir. Bununla bərabər, damarlardakı və onurğadakı soyuqdəyməni yox edir, okislitel stressi sonlandırır. Sarımsaq ürək-damar sisteminin də dostudur. Hər gün 1 diş çiy sarımsaq yemək orqanizmi sərbəst radikallardan təmizləyir.
Ağır metalların orqanizmi zəhərləməsinin qarşısını alır. Ağır metallar orqanizmi daxildən məhv edir. Mütəxəssislər əmindir ki, sarımsaq ağır metalların orqanizmdən xaric olunmasını sürətləndirir. Bəzi elmi araşdırmalar isə bu istiqamətdə sarımsaq turşusunun çiy sarımsaqdan daha effektiv olduğunu isbatlayıblar.
Diabet zamanı. Diabet xəstəliyinin maddələr mübadiləsini pozduğunu hamı bilir. Hindistanda aparılan bir elmi araşdırmada laboratoriya siçanları üzərində sınaq keçirilib. Alimlər siçanlara sarımsaq yedirərək bu üsulla qanda qlükozanın və triqliseridlərin miqdarının aşağı düşməsini müşahidə ediblər. Siz də, insulin həssaslığınızı nəzarətdə saxlamaq, diabetə tutulmamaq istəyirsinizsə, sarımsağı rasionunuza daxil edin. Gün ərzində 2-3 diş sarımsaq bir çox dərmanın işini görür.
Astma və soyuqdəymənin müalicəsində köməyə çatır. Sarımsaq yağı ilə burun ətrafını, boğazı və ağciyərlərin üstünü yağlamaqla tənəffüs yollarındakı soyuqdəyməni aradan qaldırmaq mümkündür. Son illərdə alimlər sarımsağın astma zamanı həssaslığı azaltdığını da aşkarlayıblar. Çiy halda yeyilən sarımsaq tənəffüs yollarındakı, həmçinin, həzm orqanlarındakı mikrob və zərərli bakteriyaların da axırına çıxır.
Herpesi yüngülləşdirir. Antioksidant, soyuqdəymə əleyhinə, mikrob əleyhinə vasitə olan sarımsaq herpesin müalicəsində də effektivdir. Gün ərzində yeyilən 1-2 diş çiy sarımsaq herpes qabarcıqlarının qısa müddətdə yoxa çıxmasını təmin edir.
Alzeymer riskini aşağı salır, demensiyanı gecikdirir. Alzeymer və demensiya müxtəlif yaşlarda, fərqli formalarda meydana çıxır. Amma alimlər sarımsaq yeyənlərin yeməyənlərə nisbətən daha sağlam qocalıq keçirdiyi qənaətindədirlər. Səbəb kimi də, sarımsağın sinir hüceyrələrinin regenerasiyasında mühüm rol oynadığını göstərirlər. Sarımsağın tərkibindəki allicin isə təbii neyroprotektordur. Gündə 3-4 diş sarımsaq yemək sağlam qocalmağın açarıdır.
Qulaq infeksiyalarını sağaldır. Sutkada yeyilən 3-4 diş çiy sarımsaq orqanizmin istənilən nahiyəsində soyuqdəyməni azaldır, iltihablanmanı yox edir.
Qaraciyərin yağlanması zamanı. Ən böyük daxili orqanımızın yağlanması ölümlə nəticələnə bilir. Tərkibindəki amin turşuları ilə sarımsaq əsl toksin əleyhinə vasitədir. Güclü antioksidant olan gultation qaraciyərin təmizlənməsində böyük rol oynayır. Qaraciyər yağlanmasının səbəbi alkoqoldursa, bu zaman sarımsaq yağı da köməyə çatır. Sarımsaq yağını kürəyə və qarına yaxın, olduqca yavaş masaj edin.
Psoriaz zamanı. Bildiyiniz kimi, psoriaz, yaxud pullu dəmrov dərinin avtoimmun xəstəliyidir. Dəri qızarır, qaşınır, bəzən köpür. Müalicəsiz xəstəliklər siyahısında olan psoriaz zamanı sarımsaq simptomların azalmasına kömək edir. Çünki psoriazın yaranma səbəblərindən biri soyuqdəymədir.Və sarımsaq soyuqdəymə əleyhinə vasitə kimi olduqca effektivdir. Gün ərzində 3-4 diş sarımsağı çiy halda, brokoli, kələm, yerkökü kimi tərəvəzlərlə paralel olaraq qəbul edin.
Qocalmanı ləngidir. Tərkibindəki kimyəvi birləşmələr sayəsində sarımsaq dərini ultrabənövşəyi şüalara qarşı qoruyur və qırışmağına mane olur. Antioksidantlar isə sərbəst radikalların aktivləşməsinin qarşısını alır. Stress əleyhinə vasitə kimi, sinir sisteminin müdafiəsində dayanır. Alimlər onu da aşkarlayıblar ki, sarımsaq insan dərisindəki hüceyrələrin sintezinə kömək edir. Səhər acqarına 1 diş sarımsağı balın, ya da limonun müşayiətiylə yesəniz, yaxşı olar. Ya da sarımsağı sürtgəcdən keçirin, 1 stəkan suya qatın və için. Qocalmağa tələsməyin.
Eqzema zamanı. Soyuqdəymə ilə mübarizə aparmaq qabiliyyəti eqzemanın müalicəsində də sarımsağı əvəzsiz edir.
Sarımsağı pəhriz proqramına necə daxil etmək olar?
Sağlamlıqla bağlı bütün problemlərdə çiy şəkildə yeyilən sarımsaq müalicəvidir. Bu, o demək deyil ki, bütün xəstəliklər sehirli şəkildə yoxa çıxacaq. Amma əmin olun ki, sarımsaq orqanizmə kömək edəcək.
Zərərləri və əks təsirləri.
Əksər insanlar üçün sarımsaq zərərsizdir. Amma yenə də “ehtiyatlı igidin anası ağlamaz”. Sarımsağın ziyan vura biləcəyi orqanlardan biri qaraciyərdir. Həddən artıq yeyilən sarımsaq qaraciyərə toksin kimi təsir edə bilər. Pensilvaniya Universitetində aparılan bir araşdırma zamanı alimlər məhz bu təsiri öyrəniblər.
Sarımsaq qanaxmanı sürətləndirmək qabiliyyətinə də malikdir. Ona görə də, sarımsağı qan durulducu preparatlarla paralel qəbul etmək olmaz. Xüsusilə, təzə sarımsaq qanı duruldur. Əgər cərrahi əməliyyat planlaşdırırsınızsa, 2 həftə əvvəldən sarımsağı rasionunuzdan çıxarmalısınız ki, əməliyyat zamanı çox qan itirməyəsiniz.
Görmə qabiliyyətinin azalması da sarımsağın zərərləri sırasındadır. Təbii ki, bu hal sarımsağın həddən artıq yeyilməsi zamanı müşahidə edilir.
Sarımsaq arterial təzyiqin təhlükəli dərəcədə aşağı düşməsinə də səbəb ola bilir. Hipertoniya ilə əlaqəli dərmanlar içirsinizsə, sarımsaq yeməkdə ehtiyatlı və ölçülü davranmalısınız. Çünki sarımsaq da təzyiqi aşağı salır.
Bahadur Seyidov / Demedia.az