Rusiya və İran anti-Qərb siyasətləri ilə fəlakətin kənarında... - Açıqlama



 18:00 15.11.2022     572

Türkiyədə anti-Qərb, anti-ABŞ ritorikası illərdir yüksələn trendlə gedirdi, son günlər yenidən pik nöqtəyə çatıb, qardaş ölkənin TV kanalları anti-Qərb təbliğatını gücləndirib – anlayıram ki, bu AKP-nin seçkilərə hesablanmış taktiki addımlarından biridir, amma məni narahat edən odur ki, ölkə əhalisinin yarıdan çoxu Türkiyə TV-nə, 15-20% arası isə Rusiya TV-nə baxır – hər iki tərəfdən də anti-Qərb təbliğatı axır, bunun üzərinə İrana “azarkeşlik” edən toplumun bir hissəsini, Cənub qonşumuzun da bütün var olma strategiyasının anti-Qərb, anti-ABŞ üzərinə inşa edildiyini düşünsək, vəziyyət lap qəlizləşir.

Demedia.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Qərb, ABŞ təbii ki, süddən çıxmış ağ qaşıq deyil:

"Onillərdir dünyada fəlakətlər törədib, İraq, Liviya, Suriya kimi müsəlman ölkələrində qarışıqlıq salaraq yüzminlərlə insan ölümünə səbəb olub – amma Azərbaycanın strateji maraqları məhz Qərbə bağlıdır, iqtisadi olaraq Qərbə inteqrasiya olub, ölkəyə yatırım kimi gələn hər 10 dollardan 7,5-i, xarici ticarətdən gələn hər 10 dollardan 8-i Qərbdən gəlib, Azərbaycan-Ermənistan münaqişəsinin həllində məhz ABŞ-ın yanaşması ərazi bütövlüyümüzü özündə ehtiva edən yanaşmadır. Cənub qonşumuzun ölkəmizə qarşı son zamanlar aqressiv ritorikasına cavab, məmləkətimizə dəstək mesajı da məhz ABŞ-dan gəldi.

Rusiya və İran anti-Qərb siyasətləri ilə fəlakətin kənarına gəliblər, dünya post-Rusiya sistemi və post-İran rejimi dövrünə hazırlaşır, qardaş Türkiyə bizim üçün önəmli, həyati əhəmiyyətli müttəfiqdir, amma rəsmi Ankaranın indiki situativ anti-Qərb ritorikası bizə maneələr yarada bilər – çünki, illərdir Azərbaycan və Türkiyə xarici siyasətdə bir-birini tamamlayan, birgə addımlarla irəliləyən ölkələrdir, bu müttəfiqlik məmləkət üçün nə qədər önəmli, vacibdirsə, Qərb ilə normal münasibətlərin davam etməsi də bir o qədər əhəmiyyətlidir.

Xülasə, lap sadə desəm bu gün bizə qarşı olan Rusiya və İran Qərbin rəqibi, hətta düşmənidirsə, deməli düşmənimizin düşməni bizim dostumuzdur – yanaşma belə olmalıdır".

Xəyalə Məmmədova / Demedia.az