Darının faydaları və qəbul etmə üsulları - Araşdırma
Darı qədim mədəniyyətlərin varislərindəndir. Onun vətəninin Şimali Afrika olduğu ehtimal edilir. Burda darının ilk dəfə 10 min əvvəl əkildiyinə dair mənbələr var. Sonra darı qədim monqolların və çinlilərin mətbəxində özünə yer edib.
Çoxdandır ki, vəhşi təbiətdə darıya rast gəlinmir. Əvvələr, darıya “qızıl yarma” deyiblər. Hərçənd, darı təkcə sarı deyil, müxtəlif rənglərdə olur: ağ, boz, hətta qırmızı rəngli darı növləri də var. Darı dənələri dairəvi olsa da, ölçü cəhətdən fərqlənə bilirlər.
Bu gün də darıdan müxtəlif yeməklər hazırlanır; onu yaxşıca bişirib püre halında əzmək də olur, düyü kimi dəmləmək də… Ən məşhuru isə darı sıyığıdır.
Darının faydaları və qəbul etmə üsulları.
Darı asanlıqla həzm olunur. Buna görə də, həzmlə bağlı narahatlıq yaşayanlar, hətta qida həssaslığı olanlar üçün də ideal yemək sayılır. Tərkibi 70% nişastadan, 12-15% zülaldan, həmçinin, amin turşularından, fermentlərdən, yağlardan, lifdən, şəkərdən, B qrupu vitaminlərindən və fosfor, kalium, maqnium kimi mikroelementlərdən ibarətdir. Malik olduğu maqnium və molibden baxımından oxşar qidalar arasında “rekordçu” sayıla bilər.
Tərkibindəki liflər insanda toxluq hissi yaradaraq orqanizmə daha az miqdarda karbohidrat daxil olunmasının qarşısını alır. Bu da həzm orqanlarının sağlamlığının dəstəklənməsi deməkdir. Mütəmadi olaraq, darı sıyığı, yaxud darıdan hazırlanan yeməklər yesəniz, köp, mədə xorası, mədə qıcqırması və bir çox həzm sistemi xəstəlikləri riski aşağı düşər.
Fosfor sinir sisteminin sağlamlığını qoruyur. Buna görə də, darının güclü depressiya zamanı profilaktik vasitə sayılması təəccüblü deyil. Darı saçların, dırnaqların möhkəmlənməsinə, dişlərin zədələnməməsinə də xidmət edir. Ən əsası isə, orqanizmi xəstəliklərdən mühafizə edir və sürətli qocalmanın qarşısını alır. Vitamin və minerallar sayəsində dərini tonuslaşdırır, təravətləndirir, rəngini normallaşdırır, qırışıqlıqların əmələ gəlməsinə mane olur.
Darının tərkibindəki liflər təkcə doyumluluq hiss etdirməklə qalmır, öd kisəsindəki turşuluğu da azaldır. Bu da öd kisəsində daş əmələ gəlməsi riskini aşağı salır. Qan təzyiqinin normallaşması, ürəktutma, diabet və ateroskleroz riskinin aşağı düşməsi də darının insan sağlamlığına faydaları sırasındadır.
Malik olduğu yüksək miqdardakı kalium damarların və qan dövranının dostudur. Liflər isə orqanizmi pis xolesterindən təmizləyir, yaxşı xolesterinin səviyyəsini artırır. Və bütün bunlar kompleks şəkildə ürəyin sağlamlığı üçün vacibdir.
Sidikqovucu xüsusiyyətə malik olan darı bədənə su yığılması zamanı müalicəvi təsir göstərir. Darı, həmçinin, qırılmış və ya zədələnmiş sümüklərin bərpasına, möhkəmlənməsinə də kömək edir. Orqanizmin özünü yeniləmə prosesində aktiv iştirak edən yarma orqanların iş qabiliyyətini yüksəldir. Zərərli maddələrin və sərbəst radikalların orqanizmdə hərəkətinə mane olan, onları neytrallaşdıra bilən darı zəhərlənmə zamanı, antibiotik qəbulundan öncə və güclü təsirə malik dərmanların qəbulu zamanı da istifadə edilir. Mütəxəssislər idmançılara və ya ağır fiziki işlə məşğul olanlara darı yeməyi məsləhət görürlər. Çünki o, orqanizmə güc verir, əzələ sistemini möhkəmlədir.
Mütəmadi olaraq, darıdan hazırlanmış yemək yeyənlərin orqanizmində maddələr mübadiləsi zamanı heç bir problem yaranmır. Xüsusilə, yağların qəbulu və emalı rahat baş tutur. Bu da qaraciyərin işinə müsbət təsir etməsiylə bərabər, çəkini artmağa qoymur.
Hipertoniya zamanı.
3 xörək qaşığı darını arıtlayın, təmiz suda yuyun, dəsmalın arasında qurulayın. Üyüdün. Təzyiqinizin oynadığı saatlarda, gündə cəmi 1 dəfə darı tozunu qəbul edin. Unutmayın, gün ərzində 3-4 qaşıqdan çox darı tozu qəbul etmək olmaz.
Dabanlarda çat varsa.
Bu zaman darı yarması ilə pilinq tövsiyə edilir. Bunun üçün darını corabınızın içinə doldurun, corabınızı geyinin və evdə müəyyən vaxt ərzində var-gəl edin. Prosedur hər gün təkrarlanmalıdır. Bir neçə gündən sonra vəziyyətin yaxşılığa doğru irəlilədiyini özünüz də görəcəksiniz. Bundan əlavə, darı masaj effektinə də malikdir. Ayaqların altdan darı yarmaları vasitəsilə masaj edilməsi gümrahlığı artırır, əhval-ruhiyyəni yaxşılaşdırır.
Sistit zamanı.
Darını qəşəng yuyun, üstünə çıxanadək qaynar su əlavə edin. Bir az saxlayıb suyu süzün. Həmin suyu gün ərzində 1 dəfə, yeməkdən 15-20 dəq əvvəl için. Proseduru 1 həftə davam etdirin. Bir şeyi də qeyd edim ki, suyu kiçik udumlar şəklində içməyiniz yaxşıdır.
Bərpaedici vasitə.
10 xörək qaşığı darını qaynar suda yuyun. Suyu təmiz süzün və darını blenderdən keçirin. 1 stəkan təmiz suya qatıb qəşəngcə qarışdırın. Cuna ilə süzün. Hər gün yeməkdən 15 dəqiqə əvvəl 1 stəkan bu məhluldan için. Bir şeyi yadda saxlayın ki, hər dəfə içdiyiniz məhlul təzə-təzə hazırlanmalıdır. Bu proses orqanizmin özünü bərpası üçün lazımdır. Damarlar təmizlənir, sidikqovucu effekt yaranır, arterial təzyiq stabilləşir, qan hüceyrələri canlanır, öd kisəsində daş əmələ gəlmə ehtimalı sıfıra enir.
Tonzillit (angina) zamanı.
Yarım stəkan isti darı sıyığına 1 çay qaşığı soda əlavə edin. Boğazı bu qarışımla kompres edin və üstdən sarıyın. Kompres boğazda bir neçə saat qalmalıdır. Adətən, sağalmaq üçün 3 prosedur bəs edir. Sağalmaq əlamətləri isə ilk kompresdən 1 həftə sonra müşahidə edilir.
Konyuktivit zamanı.
Darı gözlərə heç bir mənfi təsir göstərməməklə bərabər, “kəpənək effekti” də yaratmır. 1 xörək qaşığı darını 1 stəkan təmiz suya qatın. Vam odun üzərinə qoyun və 10 dəq bişirin. Sonra 2 saat gözlədin. Qarışımı cuna ilə süzün. Gündə 5-6 dəfə məhlulla gözünüzü yuyun. Məhlulu 1 sutkadan artıq saxlamaq olmaz. Ona görə də, hər gün yenisini hazırlamağınız yaxşıdır.
Mədə qıcqırması zamanı.
Həftədə 3 dəfə darı sıyığı qəbul etmək lazımdır. Hazırlamaq üçün darını isti suyla yuyun, üzərinə soyuq su əlavə edin. Sonra vam odda qaynayandək qarışdıra-qarışdıra bişirin. Sıyıq mədə-bağırsaq traktatı üçün çox faydalıdır.
Tromboflebit zamanı.
Öncə, məlumat verim ki, tromboflebit dərialtı və səthi venalarda qanın laxtalanması səbəbilə trombların yaranmasıdır. Təsərrüfat sabunu,darı, donuz salası və sarımsaq götürün. Bütün inqridientləri bir yerdə ətçəkəndən keçirin. Qarışım quru alınsa, az miqdarda qaynar su əlavə edin və qarışdırın. Alınan mazı ağzı bağlı şüşə qabda saxlayın. Vasitəni zədələnmiş nahiyəyə çəkin, üstündən təmiz və yumşaq parça qoyun. Parçanın üstündən plastik, yapışqan bantla bağlayın. Ən üstdən də nahiyəni isti, yun şərf ilə bükün. Bütün gecəni belə yatın. Səhər mazın qalıqlarını dəridən yumaq üçün ilıq sudan istifadə edin. Proseduru 10 gün davam etdirin. Sonra 10 gün fasilə verin və müalicəyə yenidən başlayın. Müsbət nəticə üçün kurs 3 dəfə təkrarlanmalıdır.
Podaqra zamanı.
Yarım stəkan darını üyüdün. 1 xörək qaşığı yaş maya, 1 çay qaşığı duz ilə qarışdırın. Xəstə nahiyəni bu qarışımla kompres edin. Kompres bütün gecəni qalsın.
İshal zamanı.
Darını təmiz suyla yuyun. Sonra üyüdün və az miqdarda qaynar suya qatın. Qarışımdan gündə 2 dəfə, hər dəfə də 3 xörək qaşığı qəbul edin. Vəziyyət normala qayıdanadək proseduru davam etdirin.
Abses zamanı.
Unudanlar üçün xatırladım: abseslər iltihab nəticəsində məhdud boşluqda irin toplanmasına deyilir. Darını təbii inək südünə qatın. Qarışımı isti sobada 1-2 saat saxlayın. Qeyd edim ki, darı və süd nisbəti 1:1 olmalıdır. Darı yarması yumşalanda qarışıma 1 xörək qaşığı bal, 1 çay qaşığı propolis əlavə edin, yaxşıca qarışdırın. İsti qarışımı absesin üzərinə qoyun. Üstündən sellofanla, ən üstdən də tənziflə sarıyın. Proseduru gündə 2 dəfə təkrarlayın.
Zərərləri və əks təsirləri.
Darı insan orqanizmi üçün çox faydalıdır. Amma hamı üçün yox! Bəzi adamlarda darı yemək qaz yaradır. Hamilələr darıdan bir müddət uzaq dursa yaxşıdır. Kişilər isə bilməlidir ki, daim darı yemək cinsi aktivliyi aşağı sala bilir. Həmçinin, yoğun bağırsağında soyuqdəymə olanlar, mədə xəstəliyindən əziyyət çəkənlər, bədənində turşuluq normadan aşağı olanlar darı yeməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər. Hipotireoz müalicəsi alanlar darıdan uzaq durmalıdır.
Bundan əlavə, darı əsaslı yeməklərin hazırlanma qaydasında da diqqətli olmaq lazımdır. Düzgün bişirilməyən darı mədə-bağırsaq traktatında problemlər yarada bilər.
Ağız dadına və zövqə görə, darını müxtəlif tərəvəzlərlə, yaxud ət-süd məhsulları ilə birgə süfrəyə vermək olar. Bu, darının dadını sevməyənlər üçün çıxış yoludur.
Bahadur Seyidov / Demedia.az