Dünyanın 10 ən qəribə yeri - Araşdırma



 21:29 17.11.2022     1838

Bu qədər elmi və coğrafi kəşflərə baxmayaraq, dünyamız hələ də, öz qəribəlikləri ilə bizi təəccübləndirməkdə davam edir. Bu gün Yer kürəsinin fərqli guşələrindən və bu məkanların heyrətamizliyindən danışacağam. 

10. Mayeləşmə. 2011-ci ilin martında “Böyük Yapon zəlzələsi” baş verdi. Yaponiyanın şərqində böyük dağıntılara və nəhəng sunamilərə səbəb olan zəlzələ tarixin “ən dağıdıcı təbii fəlakətləri” siyahısına daxil oldu. Zəlzələnin ardından  həmin coğrafiyada başqa bir qəribə hadisə müşahidə edildi. Şəhərin düz ortasında yollar öz-özünə çatlamağa və dağılmağa başladı. Sanki, yerin altından “divlər” peyda olurmuş kimi, səki daşları sürüşür, qaynayan tünd mayeyə yol açırdılar. Paralel olaraq, kanalizasiya boruları yüksək zərbə dəymişcəsinə qırılır, işıq dirəkləri yolun ortasına yıxılırdılar. Bu qəribə hadisə “mayeləşmə” adlandı. Çünki qəfildən başlayan titrəmənin ardından bərk torpaq, sanki, əriyir, yumşalırdı.  Mayeləşmə baş verən bölgənin XVII əsrdə su altında qaldığı da tarixə məlumdur. Amma mayeləşmə hadisəsində yolların ortasında qaynayan təmiz su deyildi... Hələ də, bərk torpağın mayeləşmə səbəbi tapılmayıb. 

9. “Elastik” torpaq.  Burdakı işçilər yaşadıqlarının reallığına inanmaqda çətinlik çəkirlər. Çünki ayaqlarının altındakı torpaq uşaq oyun parkında qurulan tramplinlər kimidir.  İçi su ilə doldurulmuş şarlara toxunarkən necə şəkildən-şəklə düşürlərsə, burdakı torpaq da həmin qəribəliyi gözlər önünə sərir.  Torpağın özünü “elastik nəsnə” kimi aparmasının izahı ilə bağlı nəzəriyyələrdən biri belədir: dərində köhnə bir hovuz var.  Qrunt sularından fərqli olaraq, onun içindəki suyun axarı yoxdu. Və hovuzun üstündəki torpaq qatı toxunulana qədər öz bərkliyini qoruyur. Amma yuxarıdan yüksək güclə basıldığında torpaq su ilə qarışır, suyun üzərindəki qabarcıqlar torpaqda məsamələr yaradır. Və burda “çimərlik effekti” yaranır. Fərq ondadır ki, su qumda daha rahat hərəkət edir və özünə yol tapır.  Amma bərk torpaqda axarı olmayan su üçün yol tapmaq bir az qəliz məsələdir. Yeganə çarə əraziyə əlavə torpaq tökməkdir ki, axarı olmayan su bütünlüklə torpağa hopsun. 

8. Nəfəs alan meşə. 2018-ci ilin oktyabrında bir  twitter istifadəçisi meşədə gəzərkən video çəkib paylaşdı. Videoda meşənin “nəfəs alıb-verməsi” görünürdü. Bu video dünyanın hər yerindən insanların marağını çəkdi. Milyonlarla istifadəçi hadisənin məntiqi izahını axtarmağa başladı. “Yerin altında yaşayan nəhəng” versiyasını söyləyənlər də vardı.  Kanadalı meteoroloqlar isə insanları sakitləşdirməyə çalışdılar. Onlar torpağın nəfəs almasında qeyri-adi heç nə olmadığını dedilər.  Ekspert Mark van der Vau deyir: “Bu, fotosintez köməyilə torpağın oksigen qəbul etməsi deyil. Təbiətin öz gücünə əsaslanmasıdır. Bu hadisə güclü küləklər zamanı meydana çıxır. Güclü külək ağacları, sanki, yerindən qoparacaq kimi, silkələməyə başlayır. Ağacların kökləri torpağın içində hərəkət etdikcə, qarşıya belə mənzərə çıxır.” 

7. Qeyb olan çimərlik. Avstraliyanın şərqindəki bu məşhur turistik bölgə 2018-ci ildə  onlayn xəbərlərin gündəminə düşdü. Həmin vaxt çimərliyin bir hissəsi qəfildən suyun altında qaldı.  Hadisədən cəmi bir gün əvvəl çimərlikdə adam əlindən tərpənmək mümkün deyildi. İsti sentyabr günəşi altında dincələn insanlar ertəsi  gün çimərliyin yerində böyük bir dəlik gördülər. Qorxunc sürətlə çökən qumluğun yeri həmən su ilə doldu. İnsanlara qalan isə sevimli çimərliyin yox olmasını təəssüflə seyr etmək oldu.  Çimərliyin yerində açılan çuxurun dərinliyinin sabit qalmaması, 198-305 metr arasında dəyişməsi isə bir ayrı qəribəlikdir. Ekspertlər hadisəni “sahilyanı sürüşmə” kimi dəyərləndirdilər.  Qeyd edim ki, bölgədə  2015-ci ildə də oxşar hadisənin baş verməsi haqqında məlumatlar var. Həmin vaxt “sahilyanı sürüşmə” özüylə avtobus, avtomobil, hətta turist çadırlarını da aparmışdı.  Mütəxəssislər sahilyanı bölgələrdə bu cür halların baş verməsinə hər an hazırlıqlı olmağı  məsləhət görür.  Hazırda Avstraliyanın bu bölgəsi turistlər, eləcə də, yerli əhali üçün qadağan edilib. 

6. “Torpaq qıflar”. “Sahilyanı sürüşmələr”dən daha qorxuncu yer səthində qəfil peyda olan “qıflar”dır.  Çünki “qıflar” yarandığı an  yerin üstündəki hər şeyi-avtomobilləri, insanları, hətta həcminə uyğun olaraq bütöv binaları da içinə çəkə bilir. Praktiki olaraq, “qıflar” istənilən yerdə və istənilən ölçüdə peyda ola bilər. Son zamanlar bu təbiət hadisəsinə planetimizin müxtəlif yerlərində rast gəlmək olur. Xüsusilə, karstlı landşaftlarda “qıflar”ın yaranma müddəti daha intensivdir. Çünki həmin ərazilərdə torpaq qatı daha zəif olur və erroziya sürətlə baş verir.  Yeraltı sular çəkildikcə torpağın çökməsi haqqında çox eşitmişik. Amma bunun məhz qıf formasında  baş verməsi heyrət doğurur.  20 metr enə, 30 metr dərinliyə malik bir “qıf”  bir neçə il əvvəl Qvatemalada yaranıb. Üçmərtəbəli zavodu  udan “qıf” 15 insanın ölümünə səbəb oldu. Hadisənin “günahkarları” qrunt suları və torpağın altına axıdılan kanalizasiya suları idi. Mütəxəssislərin fikrincə, son illər “qıflar”ın  sayının artmasının bir səbəbi də insan amilidir. Belə ki, geniş həcmli inşaat işlərində qrunt suları nəzərə alınmır və ya onların gələcəkdə hər hansı bir təhlükə yarada biləcəyi ehtimalına ciddi yanaşılmır. Dünyanın ən böyük “qıf”ı Çində yerləşən Xiaozhai Tiankeng`dir ( Syaoçjay Tyanken). Eni 609 metrdən çoxdur. Dərinliyi isə 670 metr hesablanıb. 

5. Sehirli dairələr.  Namib səhrasının uzunluğu 2500 km-dən çoxdu.  Səhra sayı milyonlara çatan dairələri ilə də  məşhurdu.  “Sehirli dairələr” adlanan hissələrdə heç bir bitki bitmir. Eni 1,8 metrdən 6 metrədək dəyişir.  Yuxarıdan elə görünür ki, sanki, nəhəng güvələr yerin “paltarı”nı yeyiblər. Uzun illər bu dairələrin sirri naməlum qalıb.  Elmi debatlarda ekspertlər müxtəlif nəzəriyyələr irəli sürüblər. Bəziləri belə hesab edir ki, dairələrin yaranma səbəbi termit kaloniyalarıdır. Amma bu ehtimal dairələrin arı  şanı kimi simmetrik olmasını açıqlamır.  Digər bir nəzəriyyə isə “bitkilərarası müharibə”yə əsaslanır.  Bu iddianın sahibləri deyir: “Bitkilər yeraltı suları qonşuları ilə bölüşür. Bir şərtlə ki, öz həyatına təhlükə olmasın. Amma elə ki, qonşuluqda kökü daha dərinə enən bitki yetişməyə başlayır, həmən öz həmcinsləri ilə birlikdə onun önünə sərhəd çəkirlər.”  Prinston Universitetinin əməkdaşlarının apardığı bir araşdırma isə göstərib ki, hər iki nəzəriyyə doğrudur. Yəni, dairələrin əmələgəlmə səbəbi həm termitlər, həm də bitkilərdir.  Böyük dairələr termitlərin, kiçik dairələr isə bitkilərin “əsəridir”. 

4. Yer qabığında çatlar. Çox nadirən yadımıza düşər ki, 2 milyon il əvvəl yer qabığında çatlar yaranıb və materiklər bir-birindən ayrılıb.  Amma bunu xatırladıqca əmin oluruq ki, dünyamızın indiki halı da əbədi deyil.  2005-ci ildə Efiopiyada yaranan çatın 56 km-ə çatması cəmi, bir neçə gün çəkmişdi. Çatın əmələ gəlməsi elm adamlarını çaş-baş qoymuşdu. Çünki həmin ərazidə zəlzələ baş verməmişdi.  Çatın yaranmasını Dabbahu vulkanı ilə əlaqələndirənlər də vardı. Deyirdilər ki, maqmanın təkanı ilə yerin qabığı çatlaya bilər. Alimlər Ərəbistan yarımadası ilə Afrikanın ayrılma səbəbinin də məhz bu nəzəriyyəyə uyğun olduğunu düşünməyə başladılar.  6 metr eni olan çatı “yeni okeanın müjdəçisi” sayanlar da tapıldı.  2011-ci ilin oktyabrında  110 metr uzunluğa, 1,5 metr dərinliyə malik  bir çat isə ABŞ-ın Miçiqan ştatında peyda oldu.  Bölgə antiseysmik olduğundan onun da yaranma səbəbi naməlum idi. Yerli əhali çat yaranan ərəfədə uğultu eşitdiklərini deyirdilər.  Yerli qəbilənin adıyla adlandırılan “Menomini” ziqzaqı, demək olar ki, meşəni ikiyə ayırmışdı. Köklərindən ayrılan ağaclar belə, vardı.   Ziqzaqın yaranma səbəbləri barədə ehtimalların biri qlobal istiləşmədir.  İddiaçılar deyir ki, buzlaqlar əridikcə qrunt suları çoxalır və torpaq  bərkliyini itirir. 

3. Metan kraterləri.  2017-ci il iyunun 28-də Sibirdəki ovçular  qəribə uğultu eşitdiklərini, ardınca da havaya yüksələn alov və  qatı tüstü gördüklərini dedilər.Əraziyə gələn elm adamları orada nəhəng kraterlə rastlaşdılar.  Elə həmin ay  növbəti krater Tümen əyalətində peyda oldu.  Bu sirli kraterin səbəbləri sırasında ən ağlabatanı sıxılmış qazlar idi.  Çürümüş bitkilərin və ölmüş heyvanların torpağın altında yaratdığı qazlar metana çevrilmiş, sıxılmış və partlamağa hazır hala gəlmişdi.  Bir gün də, metan yerin köksünü dələrək azadlığa çıxmaq qərarına gəlir və beləcə, nəhəng kraterlər yaranır.  Arktik qurşaqda temperaturun qəfil yüksəlib-alçalması da qazların sıxılmasına səbəb olur.  Elmi araşdırmalara görə,  Arktika dənizlərində yüzlərlə bu cür krater var. Hansı ki, bəzilərinin tarixi 11 min il əvvələ dayanır.  Tundrada elmi araşdırmalar aparan ekspedisiyanın üzvləri yaxın gələcəkdə bu cür kraterlərin sayının artacağını deyirlər.  Səbəb kimi də, planetimizin istiləşməsini göstərirlər… 

2. Cəld qumlar… Səhranın ortasında qalsaq, qumların bizi lazım olan yerə aparmağını arzulayarıq, elə deyilmi? Amma təbiət bizim arzularımızı nəzərə almaya bilir.  Cəld hərəkət edən qumlar isə dünyanın istənilən guşəsində yarana bilər. Və siz ayağınızı qoyduğunuz an qumun hərəkət etdiyinin fərqinə vara bilərsiniz. Cəld qumlar, adətən,  bataqlıqların və gölməçələrin ətrafında yaranır.  Qumların, yaxud torpaq çatlarının arasına dolan suyun axarı olmursa, zamanla həmin yerdə səth yumşalması baş verir.  Yumşaq səthlər isə  hansısa yük tərəfindən təzyiqə məruz qaldığı anda çökməyə başlayır.  Düzdür, başıaşağı durmadan həmin səthlərdə bir insanın batması nadir hallarda ola bilər. Lakin bununla belə, risk etməzdən əvvəl iki dəfə düşünməyə dəyər. 

1. Qazon qabarmaları. Bu qabarmalar qazonun altına su yığılanda baş verir. Amma bəzən qazonun deyil, təbii bitki örtüyünün də altında bu qabarcıqlar  əmələ gələ bilir.  Yeraltı su borularının partlaması, su sızdırması nəticəsində yaranan qabarcıqların bir izahı var.  Amma  şimal qütbünə yaxın  olan Sibirdə təbii  çəmənliyin altında yaranan qabarcıqlar bir az qəribə təsir bağışlayır.  Kanadada isə bir qolf sahəsində qəfildən 45 sm  dərinliyində arx yaranıb və həmin arx qabarmaların arasıyla axmağa başlayıb.  Sonradan məlum olub ki, yeraltı su borularından biri partlayıbmış. 

Bahadur Seyidov / Demedia.az