ABŞ Çinə qarşı məhz texnoloji sanksiyaları sərtləşdirir - TƏHLİL



 13:05 16.11.2022     600

"Böyük iyirmilərin” İndoneziyadakı zirvə toplantısında ümumi müzakirələrlə yanaşı ikitərəfli görüşlər də keçirilib, fikir mübadilələri aparılıb. ABŞ prezidenti Co Baydenlə Çin lideri Si Sinpin arasında da görüş olub. Liderlər iki ölkə aralarındakı gərginliyin azaldılması yollarını araşdırıblar. İki ölkə arasında fikir ixtilafı yaradan mövzuların başında Tayvan ətrafındakı vəziyyət dayanır. Bu məsələdə hələ ki, irəliləyiş yoxdur.

Demedia.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində qeyd olunub.

Bildirilib ki, ABŞ Çinin texnoloji imkanlarını məhdudlaşdırmağa çalışarkən Pekin yeni qlobal strategiyasını elan edib:

“Bəşəriyyətin müsbət inkişafını təmin etmək məqsədilə ümumi texnoloji məkan formalaşdıracağıq”. Pekin bununla texnoloji sahədə sərt rəqabətin əleyhinə olduğunu nümayiş etdirib. Pekinin məntiqinə görə texnoloji sahədə mübarizə aparılmamalı, nailiyyətlər bölüşülməlidir.

Vaşinqton Pekinin ideallığını bölüşməyəcək. Çünki Vaşinqtonda düşünürlər ki, Rusiya və Çin müasir texnologiyalardan ordularını gücləndirmək və nüfuzlarını artırmaq məqsədilə istifadə edirlər. Belə olan halda ABŞ texnoloji kəşfləriylə Rusiya və Çinlə bölüşərmi? Rusiyanın özü də Pekinin təklifinə qoşulmaz. Çünki Rusiya da texnoloji kəşfrləriylə Qərb ölkələri ilə bölüşmək istəmir.

Pekinin mövqeyi belədir ki, internet əsrində dövlətlərin bir-birindən asılılıqların artıb. Pekin bəşəriyyətin texnologiyaların inkişafı üçün birgə məsuliyyət daşıdığı qənaətindədir. Pekinin səylərinə baxmayaraq, ABŞ Çinə qarşı məhz texnoliji sanksiyaları sərtləşdirir. Bunun iki səbəbi var. Birinci səbəbi odur ki, Pekin ABŞ-dan əldə etdiyi texnologiyaları ordusunun və hərbi sənayesinin modernləşdirilməüi üçün istifadə edir. Bu isə ABŞ-ın və onun Asiyadakı müttəfiqlərinin – Yaponiyanın, Hindistanın və Avstraliyanın maraqlarına ziddir. İkincisi, Çin xəfiyyələri illərdir ki, ABŞ-dan texnologiyaları oğurlayırlar.

Avropa İttifaqı da ABŞ-ın bu siyasəti ilə razıdır. “Reuters” agentliyinin məlumatına görə, rəsmi Berlin Çinin Almaniyada çip istehsalının qarşısını almağı planlaşdırır. Məlumdur ki, Çin Almaniyada bir neçə texnoloji şirkətlərin səhmlərini almaq istəyir. Bu vəziyyət Çinə problemlər yaradır. Çində çip istehsalının həcmi azalır. Bunun də səbəbi Çinin yeni texnoloji naliyyətlərdən istifadə edə bilməməsidir".

Xəyalə Məmmədova / Demedia.az