Azərbaycan Fransa ilə bağlı münasibətlərə yenidən baxmalıdır - Ekspert
Fransa Senatında Azərbaycan əleyhinə qətnamə qəbul edilib. Maraqlıdır ki, sənədin qəbulunda 332 senator iştirak edib, lehinə 295, əleyhinə 1 senator səs verib.
Demedia.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O bildirib ki, yəni, uzun illər apardığımız işlər, dostluq münasibətləri, yatırılan investisiyalar nəticəsində Fransada cəmi 1 dost senator qazana bilmişik:
"Senat, ölkəmizə qarşı sanksiyalarla bərabər, hətta qondarma “Artsax Respublikası”nın müstəqilliyini tanımağa çağırıb.
Bu qədər anti-Azərbaycan mövqeyi, bu dərəcədə erməni separatizminə açıq dəstək , bu dərəcədə açıq-aşkar beynəlxalq normalara tüpürmək bir daha onu göstərir ki, Fransa birmənalı olaraq Azərbaycanla əlaqələri tam qırmaq xətti götürüb.
Düşünürəm ki, baxmayaraq Senatın qətnaməsi tövsiyyə xarakterlidir, Azərbaycan Fransa ilə bağlı münasibətlərə yenidən baxmalıdır.
Ümid edirəm qərar qəbul edənlərimiz də artıq Fransa Senatında baş verənlərdən nəticə çıxarıb.
Ən azı bir daha aydın oldu ki, dostluq, təm-təraqlı məclislər və qonaqlıqlar, formal parlamentlərarası əlaqələr komissiyası, muzeylərə və kitabxanalara dəstək və investisiya ilə real nəticələr qazanmaq mümkün olmayacaq".
Xəyalə Məmmədova / Demedia.az