Dırnaqlarda göbələk təhlükəsi: Vaxtında qarşısı alınmazsa...



 22:35 17.11.2022     2000

Dırnaqlarda yaranan göbələklər infeksion xəstəliklər kateqoriyasına aiddir. Ölüm təhlükəsi olmasa da, həyat keyfiyyətini aşağı salmağa qadirdir.  

Xəstəliyin ilkin əlaməti dırnaqların rənginin dəyişməsi və dırnaqların qabarmış kimi görünməsidir. Göbələk xəstəliyi, əksərən, yoluxmaqla yaranır. Dərinin hər hansı kiçik bir yerinə düşən göbələk sporu müəyyən müddətdən sonra dırnaqlarda məskən salır və çoxalmağa başlayır. Yoluxma halları xəstə insanla yaxın təmas  halında, ümumi hovuzlardan, saunalardan istifadə zamanı, pedikür alətləri və ya ayaqqabı vasitəsilə baş tutur. Bəzən qadınlar uzun müddət dikdaban ayaqqabıdan istifadə etdikdə də dırnaqlar zədələnir və ardınca nahiyədə göbələk peyda olur. Ayaq travmaları, düz pəncəlik, siqaret çəkmək də dırnaq göbələyinin əmələgəlmə səbəblərindəndir. Orqanizmin istənilən hissəsində yaranan pullu dəmrov (psoriaz) da dırnaqlara çatanda göbələklərin yaranması və inkişafı üçün əlverişli şərait yaradır. 

Dırnaqlardakı göbələk təhlükəsini bəzi əlamətlər sayəsində müəyyən etmək olar: 
-dırnaqların çatlaması və qırılması; 
-barmaqlardan gələn pis qoxu; 
-dırnaq ətrafında və ya dırnaqda yaranan  tünd-yaşıl, qaramtıl, göy ləkələr; 

Göbələk ən sağlam adama da qəfil yoluxa bilər və vaxtında qarşısı alınmazsa dırnağı yerli-dibli məhv edər. Buna görə də, xəstəliyin müalicəsinə gecikmədən başlamaq lazımdır. 

Dırnağın göbələk xəstəliyinə tutulması tibb elmində onixomikoz termini ilə adlandırılır.  Və ondan yaxa qurtarmağın bir neçə üsulu var. Xalq təbabətində də bu üsullara rast gəlmək mümkündür. 

Propolis. Mikrob və bakteriya əleyhinə  vasitə sayılan propolis keyitmə qabiliyyətinə də malikdir. Həmçinin, propolis immuniteti gücləndirir və göbələyin müalicəsində effektivdir. Yüksək nəticə əldə etmək üçün müalicəyə infeksiyanın ilkin mərhələlərində başlamaq lazımdır. Bunun üçün spirtli propolis məhlulu istifadə olunur. Onu hazırlayanlardan ala, yaxud  özünüz də hazırlaya bilərsiniz. Məhlulu cunanın arasına qoyub tampon, yaxud təpitmə hazırlayın. Dırnaqların üstünə qoyun və tənzif-plastr ilə yapışdırın. 1 saatdan sonra sarığı dəyişin. Prosedur uzun çəkə bilər; müddəti dırnaqların sağalmasından asılıdır. Amma arada 1 gün belə, fasilə verməməlisiniz. 

Propolis məhlulu ilə ayaqları vanna eləmək də olar. 1 litr isti suya 1 çay qaşığı məhlul əlavə edin və göbələkli  nahiyəni 10 dəq bu qarışımda saxlayın.  Bundan sonra dırnaqları ilıq suyla təmizləyin, qurulayın.ə Zədələnmiş hissələri kəsin. Sonra dırnaqların üstünə spirtli  propolis məhlulu qoyun. Üstündən kağız corab, yaxud kağız əlcək geyinin və bütün gecəni çıxarmayın.

Qeyd edim ki, müalicə üçün təmiz propolisdən istifadə edilməlidir. Vanna edilmiş və təmizlənmiş xəstə dırnağın üstünə xırdalanmış propolisi səthi tam örtəcək qədər səpin. 30-40 dəq saxlayın. Prosedur gün ərzində 2-3 dəfə təkrarlanmalıdır. Əgər göbələk çox yayılıbsa, dırnaqları məhv etməklə qalmayıb, dırnaqətrafı toxumaları da zədələməyə başlayıbsa yağlı propolis məhlulunu sınamağa dəyər. Bunun üçün hər hansı antiseptik efir yağını istifadə edə bilərsiniz. Yağı 1:1 nisbətində propolislə qarışdırın. Qarışımı gündə 2 dəfə-səhər və axşam xəstə dırnağa çəkin. Yağın sayəsində propolisin komponentləri dəriyə daha yaxşı sovrulur.  

Dovşankələmi. Öncə, xəstə dırnaqları sabun və ya soda qatılmış qaynar suda 10-15 dəqiqə saxlayın. Beləcə, dırnaqlar yumşalır.  Sonra qayçının köməyilə zədələnmiş və ölmüş toxumaları kəsin. Çalışın ki, sağlam toxumaları zədələməyəsiniz. Bir neçə dovşankələmi yarpağı götürün, dərisini soyun və xəstə nahiyəyə qoyun. Üstündən tənziflə bağlayın, ya da plastr yapışdırın. Bir neçə saatdan sonra açın. 

Sarımsaq. Axşam yatmazdan əvvəl orta ölçülü sarımsağın  5-6 dişini soyun, xırda-xırda doğrayın və zədələnmiş hissəyə qoyun. Tənziflə bərk-bərk bağlayın. Sarığı bir də səhər açın. Prosedur dırnaqlar tam sağalanadək davam etməlidir. 

Kofe. Soyuq kofe göbələk hüceyrələrinin bölünməsinin qarşısını alır və onların hüceyrə divarlarını dağıdır. Bu isə infeksiyaya məruz qalmış nahiyənin kiçilməsinə səbəb olur. Bundan əlavə, gündə 1 dəfə göbələkli dırnaqları kofe ilə yuya bilərsiniz. İçdiyiniz kofenin fincanın dibindəki çöküntüsündən də müalicəvi məhlul hazırlamaq olar. Nəmləndirici əl və ya üz kreminə qatılan kofe çöküntüsünü göbələkli dırnağın üstünə yaxın. Tənziflə bərk-bərk bağlayın. Məlhəm göbələk sporlarının yayılmasının qarşısını alır. 

Təsərrüfat sabunu. Əvvəlcə, sabun qatılmış suyla ayağınızı vanna edin. Bunun üçün sabunu sürtgəcdən keçirin və  isti suya qatın. Ayağınızı vannaya qoyanda çalışın ki, qarışım topuğunuzdan yuxarı qalxsın. 15 -20 dəqiqə sonra ayağınızı qurulaya bilərsiniz.  Pis qoxudan yaxa qurtarmaq üçün hər gün soyuq su və təsərrüfat sabunu ilə göbələkli nahiyəni yuyun.  Ardınca da dırnaqlarınıza yod çəkin. Müalicəvi prosedur həftələrlə davam edə bilər. Səbirli olun və dırnaqlarınızın sağalması naminə prosesi təkrarlamaqdan yorulmayın. Ümumi hovuzlara, pedikürə gedərkən də sabunlu sudan profilaktika kimi istifadə edə bilərsiniz. 

Sirkə mazı. Zədələnmiş nahiyənin bərpasına kömək edən bu müalicəvi vasitəni hazırlamaq üçün sirkə və yumurta lazımdır. İnqridientləri qarışdırın, şüşə qaba tökün və ağzını elə bağlayın ki, hava keçməsin. Elə ki, yumurta sirkədə tam həll oldu, ağzını açın və yenə qarışdırın. Ayağınızı sabunlu suyla vanna edin, qurulayın və mazı çəkib üstündən sellofanla sarıyın. Bir neçə saat belə qalsın. Sonra açın və yumşalmış zədəli toxumaları kəsin. İnfeksiya sona çatana qədər proseduru gündə bir dəfə təkrarlayın. 

Qarayağlı  sabun. Göbələkli dırnaqları gün ərzində bir neçə dəfə qarayağlı sabunla yumaq faydalıdır. Həmçinin, sabundan hazırlanmış məhlul da göbələk əleyhinə güclü vasitə sayılır. Sabunu sürtgəcdən keçirin və evkalipt yağı ilə qarışdırın. Qarışımı xəstə dırnaqlara yaxın, yarım saatadək gözləyin. Sonra ilıq suyla yuyun, kağız dəsmalla qurulayın. Proseduru 2 ay ərzində, həftədə bir neçə dəfə təkrarlayın. 

Kombuça -çay göbələyi. Kombuçanın dərisini soyun, sürtgəcdən keçirin. Zədəli nahiyəyə sürtün. Gün ərzində 3 dəfə təkrarlanması vacib olan prosedurun müddəti 1-3 ay arası çəkir. Bir şərtlə ki, gün ərzində hər dəfə kombuçanı təzə-təzə istifadə etməlisiniz. 

Bataqlıq kəcəvəri.  Adətən, xəstəliyin xroniki halında bataqlıq kəcəvəri köməyə çatır. Yarım çay qaşığı üyüdülmüş bataqlıq kəcəvərini qaynar suya qatıb 2-3 dəqiqə qaynadın. Qarışımı cuna ilə süzün. Gündə 2-3 dəfə 1:2 nisbətində suyla qatıb için. Bununla yanaşı, qarışımın miqdarını artıraraq ayaqlarınızı vanna da edə bilərsiniz. 

Dəniz duzu. Dəniz duzu ilə vanna eləmək göbələkli dırnaqların sağalmasına kömək edir. Belə ki, dəniz duzu göbələk hüceyrələrinin membranlarını dağıdır. Beləcə, göbələklər məhvə məhkum olur. Üstəlik, dəniz duzu dırnaqları möhkəmlədir. 

Bahadur Seyidov / Demedia.az