Kişmişli suyun inanılmaz faydaları - Araşdırma
Kişmiş üzüm gilələrinin qurudulmuşudur. Zəngin kimyəvi tərkibə malik olmaqla bərabər insan orqanizmi üçün çox faydalıdır. Kişmişli su isə bu çərəzin faydalılıq dərəcəsini daha da artırır. Maye faydalı birləşmələrlə zənginləşir və dadlı içkiyə çevrilir. Üstəlik, içilən anda qana sovrulur və faydalı birləşmələr orqanizm tərəfindən sürətlə mənimsənilir. Kişmişli suyu acqarına içmək lazımdır.
Kişmişli suyu hazırlamaq üçün, ən əvvəl, tünd rəngli, təbii kişmiş seçilməlidir. Çünki üzümün rənginin tündlüyü tərkibindəki faydalı elementlərin çoxluğundan xəbər verir. Kişmişin üzərindən təmiz su axıdın, çöplərini və çiyidlərini təmizləyin. 1 litr soyuq suya 1 xörək qaşığı kişmiş əlavə edin. Qarışımı 1 saat gözlədin. Sonra suyu süzün. Kişmişləri termosa tökün və üstünə 1 litr qaynar su əlavə edin. Termosun ağzını bərk-bərk bağlayın və 1 saat da belə gözlədin. Nəhayət, 1 saatdan sonra kişmişli su içmək üçün hazırdır!
Suyu içəndən sonra kişmişi atmayın; onu da yeyin. Kişmişli suyu yeməkdən 30 dəq əvvəl, yəni, acqarına içmək lazımdır. Prosedur bir neçə gün eyni vaxtda olmaqla təkrarlanmalıdır. Kişmişli suyu müalicə məqsədilə içənlər isə 1-2 həftə ard-arda proseduru davam etdirə bilər. Kişmişli suyun faydaları bunlardır:
-daxili orqanların fəaliyyətini yaxılaşdırır:
-sidikqovucudur;
-immuniteti möhkəmlədir;
-orqanizmi toksinlərdən və zərərli maddələrdən təmizləyir
Kişmişli suyu həm profilaktika, həm də müalicə məqsədilə içmək olar.
Kişmişli suyun qəbul edilməsi
Kişmişli su zəngin vitamin və mineral qaynağıdır. Kişmişin tərkibindəki bioflavonoidlər və antioksidantlar ürəyi qoruyur, qaraciyərin fəaliyyətini dəstəkləyir, sərbəst radikalların hərəkətlərinin qarşısını alır. Kişmişli su qaynağı olan kişmişdən geri qalmır:
-orqanizmə bakteriyalarla mübarizə aparmaqda dəstək olur;
-immun sistemindəki zəiflikləri tapır və aradan qaldırır;
-sidik yollarını təmizləyir;
-böyrəyin filtrləmə gücünü artırır;
Kişmişin tərkibindəki B qrupu vitaminləri sedativ effektə malikdir. Həmçinin, sinir sisteminin fəaliyyətinin normallaşmasına xidmət edir. Stressi, nəinki, yox edir, insanı stressə düşməyə qoymur. Çərəzin tərkibindəki kalium isə qaraciyərin işini yaxşılaşdırır və toksinlərin orqanizmdən xaric olunmasını təmin edir. Qanı təmizləyən, ürək-damar xəstəliklərinin müalicəsində effektiv olan, beyinin funksiyasını artıran kişmiş hemoqlobin artımında da əvəzsizdir. Dırnaqlar, saçlar və dişlər də kişmişim faydalarından öz paylarını götürürlər; çərəz onların da möhkəmliyini qoruyur.
Fitonutrientlər bioloji aktiv maddələrdir. Qocalmanı ləngitmək və ürək-damar sisteminin normal işləməsini təmin etmək kimi qabiliyyətləri olan fitonutrientlər də kişmişin tərkibində bol miqdardadır. Kişmişli su mədə üçün stabilləşdirici rolunu oynayır. Belə ki, tərkibindəki liflər və antioksidantlar sayəsində kişmiş mədə əzələlərinin sağlamlığını qoruyur və mədəni təmizləyir. Bundan əlavə, bağırsaqların düzgün işləməsinə, dərinin təmiz və sağlam olmasına, üz dərisinin təravətlənməsinə xidmət edir.
Kişmişli su içmək dişlərin zədələnməsinə mane olur. Bu da çərəzin tərkibindəki 3 güclü maddədən asılıdır. Bunlar olein turşusu, olein-aldehid, furfurol`dur. Bu birləşmələr bakteriyalarla mübarizə aparır, dişlərin tökülməsinə və ya diş minasının zədələnməsinə imkan vermir. Səhər yeməyi yeyə bilməyən, yaxud səhərlər süfrəyə oturmağa hövsələsi çatmayan insanlar üçün kişmişli su əla vasitədir. Tərkibindəki liflər sayəsində doyurucu xarakterə malik olan kişmişli su idman etməyi sevənlərin də köməyinə çatır. Belə ki, qarışım əsl enerji mənbəyidir və idman zamanı insanı tez yorulmağa qoymur.
Kişmişli su pəhriz proqramlarının da bir hissəsidir. Həm də, təkcə arıqlamaq üçün tutulan pəhrizlərin deyil, müalicəvi pəhrizlərin də tərkibinə daxildir.
Qaraciyərin təmizlənməsi.
Prosedura başlamazdan 1 həftə əvvəl spirtli içkilərin, qızardılmış yeməklərin, süd məhsullarının və xəmir yeməklərinin qəbulu dayandırılmalıdır. Heyvan mənşəli zülalın qəbulunun da bacardıqca azaldılması tövsiyə edilir. Rasiona ləpəlilərin və quru meyvənin daxil edilməsi, gün ərzində mütləq şəkildə 2 litrdən çox suyun içilməsi növbəti addımdır.
Resept 1:
1 ovuc kişmiş götürün. 15 dəqiqə suda saxlayın. Sonra suyu süzün və kişmişi şüşə qaba qoyun, üzərinə qaynar su əlavə edib ağzını bağlayın. 1 sutka gözlədin. Qarışımı hər gün səhər acqarına, yeməkdən 30 dəqiqə əvvəl için. Su çox soyuqdursa, axşamdan isti şalla şüşə qabı bükün, yaxud isti su torbasının yanına qoyaraq ilıqlanmasını təmin edin ki, rahat içə biləsiniz.
Resept 2:
1 kq kişmiş, 1 kq yerkökü götürün. Kişmişi axşamdan islağa qoyun. Səhər yerköküləri xırda doğrayın və kişmişə qatın. Üzərinə 2,5 litr təmiz su əlavə edin. Qarışımı vam odun üzərinə qoyun. Qaynamağa başlayanda odun daha da zəif olmasını təmin edin. 2,5 saat plov kimi dəmləmədə qalsın. Sonra soyudun, cuna ilə süzün. Kişmişlə yerkökünü ayrıca şüşə qaba qoyun. Kişmişlə yerkökünü də, məhlulu da soyuducuda saxlayın. Məhlulu səhər yeməyindən 30 dəqiqə əvvəl, 100 ml həcmində qəbul edin. Ardınca da kişmiş-yerkökü qarışımından 2 xörək qaşığı yeyin. Qəbul etdiyiniz məhlulun və qarışımın otaq temperaturunda olmasına diqqət edin. Müalicəvi prosedurun müddəti ildə yalnız bir dəfə, o da 2 həftədir. Əgər ürəkbulanma, mədə ağrıları, mədə yanması kimi hallar müşahidə edilərsə, proseduru yarıda dayandırın və həkimə müraciət edin.
Köp zamanı.
Bağırsaqların normal fəaliyyəti sağlamlığın bir göstəricisidir. Kişmişli su bütün həzm prosesinə müsbət yöndə təsir edir. Kişmiş qəbul edilən qidanın problemsiz mədə-bağırsaq traktatına düşməsi üçün əsl sehirli vasitədir. Bağırsaqda, bütün həzm orqanlarında yaranan köpdən yaxa qurtarmaq üçün ənənəvi üsulda hazırlanan kişmişli suyu müntəzəm şəkildə içmək lazımdır.
Ürək döyüntüsündə problem olarsa.
Bəli, kişmiş ürək döyüntüsünün normallaşmasına da xidmət edir. 5 qram adi cirəgülü toxumu, 3 qram keşniş toxumu, 11-15 ədəd tünd kişmiş götürün. İnqridientləri 1 stəkan qaynar suya əlavə edin. Ağzını bərk-bərk bağlayın və bütün gecəni gözlədin. Səhər suyu son damlasınadək için.
Qrip zamanı.
Bu məqamda qarışımın effektivliyini artırmaq üçün suyu süd ilə əvəzləmək yaxşıdır. Müalicəvi vasitənin hazırlanması üçün 50 qram tünd kişmiş, 1 stəkan inək südü, 1 yumurta sarısı, 1 xörək qaşığı götürün. Kişmişi blenderdə xırdalayın. Südü bişirin və sonra üyüdülmüş kişmişi, yumurta sarısını, balı əlavə edin. Soyuqdəymə, qrip kimi xəstəliklər orqanizmdən yox olanadək proseduru davam etdirin. İçki orqanizmi zərərli maddələrdən təmizləyir, xəstəliyin kəskinləşməsinə imkan vermir.
Tənəffüs yolları xəstəlikləri zamanı.
100 qram tünd kişmişi suda isladın və ətçəkəndən keçirin. 1 stəkan təmiz suyla qarışdırın. Qarışımı 10 dəqiqə vam odda qaynadın. Odu söndürdükdən sonra cuna ilə süzün. Soyumasını gözləyin. Qarışımı gündə bir neçə dəfə için. Qeyd edim ki, bronxit və pnevmaniya kimi xəstəliklər zamanı hər hansı dərman qəbul edirsinizsə belə, bu qarışımı içməyin heç bir zərəri toxunmaz.
Ürəkbulanma zamanı.
Yarım stəkan tünd kişmişi yuyun, çiyidlərini və çöplərini təmizləyin. Stəkan dolanadək qaynar su əlavə edin. Qarışımı 1 sutka gözlədin. Ertəsi gün səhər acqarına stəkandakı suyu için və kimişləri yeyin. Ayda 1 dəfə bunu eləmək yetərlidir.
Piylənməyə qarşı.
1 xörək qaşığı yuyulmuş kişmişi axşamdan 1 stəkan qaynar suya qatın. Ertəsi gün qarışımı səhər yeməyindən əvvəl için. Kişmişdən isə 5-6 dənəsini yeyin.
Zərərləri və əks təsirləri.
Bəzi hallarda kişmiş yemək, yaxud kişmişli su içmək məsləhət görülmür.
-qastrit zamanı;
-mədə xorası zamanı;
-enterokolit zamanı;
Həmçinin, həddən artıq kök olanlar, diabet xəstələri də kişmişli su ilə ehtiyatlı olmalıdırlar. Çünki kişmişin tərkibində yüksək miqdarda şəkər var. Kəskin formalı vərəm xəstəliyindən əziyyət çəkənlər isə kişmişdən, qəti şəkildə, uzaq durmalıdırlar. Səbəb də odur ki, çərəz xəstəliyin inkişafına təkan verir.
Kişmişə qarşı allergiyası olan insanlar da var. Belə olan halda, həkim məsləhətiylə, uzağı, 2-3 dənə kişmiş yemək olar. Kişmişin çiyidləri də bəzən arzuolunmaz nəticələrə səbəb ola bilir. Onlar apendisit üçün əlverişli şərait yaradır. Bundan əlavə, çiyidlər diş emalını da zədələyir.
Ağız turşusu ilə reaksiyaya girən kişmiş çiyidləri qastrit və mədə xorası zamanı narahatlıq yaradır. Kiçik yaşlı uşaqlara kişmiş və ya kişmişli su verərkən ehtiyatlı olun. Uşaqlar kişmişi bütöv şəkildə uda bilər ki, bu da nəfəs borusu tıxanıqlığına gətirib çıxarar.
Bahadur Seyidov / Demedia.az