Qaraciyərə zərər verən 10 qida - Araşdırma



 21:33 18.11.2022     1328

Qaraciyər həzm sistemində açar rolunu oynayır. Daxili orqanlardan ən böyüyüdür. Mədə-bağırsaq traktatına daxil olan hər bir qida emal edilmək üçün ilkin mərhələdə qaraciyərə yollanır.

Çeşidlənmə məhz burda baş verir. Qaraciyər qanın zənginləşməsinə xidmət edir, öd suyunu sintezləyir, bütün tip maddələr mübadiləsində  iştirak edir, detoks prosesində önəmli rol oynayır, orqanizmi zərərli maddələrdən təmizləyir. Orqanın sağlamlığını qorumaq üçün balanslı qidalanma vacibdir. 

Qaraciyərə zərər verən qidalar.

Turşular. Duzda və duzla zəngin qidalarda natriumun miqdarı yüksəkdir. Məsələn; 100 qram duzda 3 q natrium var. Yetkin bir insanın gündəlik natrium norması isə 2 q-dır. Artıq miqdardakı natriumun bədəndən atılmaması qaraciyərin işinə mane olur, orqanizmin su balansını dəyişir. Bundan sonra əlac qanı filtrləməyə qalır ki, qaraciyər təkrar normal iş rejiminə dönə bilsin. 

Qızardılmış yeməklər. Yağda qızardılmış yeməklər sağlamlığa mənfi təsir göstərir. Ən çox da qaraciyər zərər çəkir. Kartof qızartması, burqerlər və digər yağda qızardılmış qidalar qaraciyərə yük salır. Həmçinin, yağ turşuları ilə həddən artıq zəngin olan bu qidalar mədə-bağırsaq traktatının fəaliyyətində qüsurlara da yol aça bilir. 

Acı ədviyyatlar. Bu dadlandırıcıların tərkibi toksikdir. Qəbul edilən acı ədviyyatların emal edilməsi həddindən ziyadə öd suyu tələb edir. Qaraciyərin durmadan öd suyu ifraz etməyə məcbur edilməsi isə öd kisəsindəki daşlarla, yaxud orqanın özündə yağlanma ilə nəticələnir. 

Qırmızı ət. Qaraciyərin qayğısına qalmaq üçün bacardıqca az miqdarda qırmızı ət yeyin. Tərkibindəki doymuş yağlarla öd kisəsinə zərər verən qırmızı ətin növbəti sıradan çıxardığı orqan qaraciyər olur. Bundan əlavə, bilmək lazımdır ki, zülal heç də orqanizm üçün  həmişə faydalı olmur. Qədərindən artıq qəbul edilən zülal bütün orqanizmi yükləyir. Ən sağlam qaraciyər belə, artıq zülalları emal etməkdə çətinlik çəkir. Beləcə, qədərində faydalı olan zülal zərərli maddəyə çevrilir. Mütəxəssislər qırmızı ət əvəzinə ağ ət yeməyi məsləhət görür. Quş və balıq əti sağlam seçimdir. 

Şirin qazlı içkilər. Bu cür içkilərin əksəriyyəti rafinə edilmiş şəkər və karbohidratla zəngindir. Bu da o deməkdir ki, qazlı şirin içkilər təkcə qaraciyərə deyil, ümumilikdə, bütün daxili orqanlara mənfi təsir edir. Həmçinin, bu içkilərin tərkibinə qarğıdalı siropu da qatılır. Sözügedən siropun çəkini artırdığı və qaraciyəri sıradan çıxardığı barədə isə dietoloqlar illərdir ki, həyəcan siqnalı çalır. Nadir hallarda şirin qazlı içkilər qaraciyərin yağlanmasına səbəb olmur. Məsələn; dietik sayılan soyuq içkilərdə həddindən artıq kimyəvi əlavələr var. Bu da onun dadını gözəl etməklə bərabər kalori dəyərini aşağı salır. Sevilərək içilən qazlı içkilər dadlandırıcılarla zəngindir. Bu cür kimyəvi tərkiblə qazlı şirin içkilər mitoxondrilərin funksiyasını da zəiflədə bilirlər. Yəni, mitoxondrilər lazımi qədər ATF sintez edə bilmir. Məlumat üçün qeyd edim ki, ATF- Adenozintrifosfat turşusu hüceyrənin enerji mənbəyidir.  

Yağlı yeməklər. Hər öynədə yağlı yemək daxili orqanları zədələyir. Xüsusilə də, bağırsaqlar və qaraciyər yağ qarşısında aciz qalır. Yağlı yeməklər qaraciyər toxumaların; zəiflədir. Bu da onların soyuqdəyməyə asanlıqla məruz qalmasına səbəb olur. Yağlı yeməklər qaraciyərdə sirroz və onkoloji xəstəlik də yarada bilir.  Bu cür qidalar qanda pis xolesterolun səviyyəsini yüksəldir ki, bu da ürək-damar sistemində problemlərin yaranmasına stimul verir. 

Konservləşdirilmiş meyvələr. Baxmayaraq ki, meyvələr orqanizm üçün çox faydalıdır, onları konserv halında yemək olmaz. Çünki konserv halındakı meyvələr orqanizmdə fruktozanın miqdarını artırır. Emalı üçün həddən artıq enerji tələb edən fruktoza get-gedə orqanizmi gücdən salır. Buna görə də, meyvələri yalnız təzə-təzə və xüsusi ölçüdə yemək məsləhətdir.  Qaraciyəri yükləməmək üçün qanda şəkərin miqdarının qalxmamasına,  digər daxili orqanların sağlam fəaliyyətinin normada qalmasına da diqqət etmək lazımdır. 

Şirniyyatlar. Konfet, dondurma, tort və s... Bütün bunlar karbohidrat mənbəyidir. Əksəriyyətinin tərkibində rafinə edilmiş şəkər, qarğıdalı siropu, dadlandırıcılar və rəngləndiricilər, külli miqdarda qida əlavəsi var. Və siz bütün bunların qaraciyərə verəcəyi zərərlər haqqında düşünməyə vaxt ayırsanız, yaxşı olar. Karbohidratlar orqanizmi o qədər yükləyir ki, insan ac olub-olmadığını kəsdirə bilmir. Başqa sözlə, ac olduğunu hiss etsə də, heç nə yemək istəmir. Bu da orqanizmin lazımi qədər qidalanmamasına səbəb olur. Üstəlik, “elə-belə şeylər” sayılan şirniyyatlar zamanla artıq çəkiyə və qaraciyərin yağlanmasına gətirib çıxarır. Ona görə də, çalışın ki, şirniyyatları, hətta dondurmanı belə evdə  təbii məhsullarla hazırlayasınız. 

Alkoqollu içkilər. Qaraciyər spirtlə mübarizədə orqanizmə kömək edir. Əgər insan qısa zaman ərzində həddən artıq alkoqollu içki qəbul edərsə, orqanizm ikiqat güclə işləməyə başlayar. Alkoqollu içkini qazlı içki ilə qatmaq isə öd kisəsinin “evini yıxmaq”dır.  Mütəmadi olaraq,içilən alkoqollu içkilər qaraciyərin regenerasiyasını zəiflədir, onun toksinləri kənarlaşdırmaq qabiliyyətini azaldır. Bu da orqanın qısa müddətdə xəstələnməsi ilə nəticələnir. 
Konservləşdirilmiş məhsullar. Bu cür məhsulların dadını gözəlləşdirən əsas element natriumdur. Bayaq da qeyd etdiyim kimi, natriumun miqdarının yüksək olması qaraciyər toxumalarını zədələyir, hətta fibroza səbəb olur. 

Qaraciyərə faydalı qidalar isə bunlardır. 

Sarımsaq. Sarımsaq qaraciyərin ferment ifraz etmə qabiliyyətini artırır. Orqanın toksikləri xaric etməyinə kömək edir. Tərkibindəki allicin, kükürd və selen sayəsində sarımsaq qaraciyəri təmizləyir. Allicin`in antioksidant, antibiotik və  göbələk əleyhinə fəaliyyət göstərmək kimi xüsusiyyəti var. Bütün bunları nəzərə alan mütəxəssislər məsləhət görür ki, gün ərzində, ən azı, 2 diş sarımsaq yeyilməlidir. Nəzərə alın ki, həddən artıq sarımsaq yemək faydalı yox, zərərli ola bilər. Qaraciyəri heç vaxt yükləmək olmaz. Mədəsində hər hansı problemi olanlar gün ərzində yarım diş sarımsaq yesə bəsdir. Hepatitdən əziyyət çəkənlərə isə sarımsaq qətiyyən olmaz. 

Kofe. Hamının sevimlisi olan içki qaraciyər xəstəlikləri riskini aşağı salır. Araşdırmaçıların dediyinə görə, gündə 2 fincan kofe içmək sirroza tutulma riskini 40% azaldır. Həmçinin, kofe alkoqol vərdişlərinin qarşısını almaqla qaraciyəri qoruya da bilir. İçkinin orqanizmdəki artıq yağları yandırdığı da mütəxəssis rəyidir. Amma bütün bu dediklərimiz antioksidantlarla zəngin olan təmiz qara kofeyə aiddir. Bol miqdarda şəkər və dadını gözəlləşdirmk üçün qatılan digər əlavələr kofenin faydalılıq dərəcəsini aşağı salır. 

Quru meyvələr. “Şirniyyatlar qaraciyərə ziyandır” deyəndə onu nəzərdə tutmurdum ki,  orqan, ümumiyyətlə, şəkəri sevmir. Əksinə, işini normal görməsi üçün qaraciyərin şəkərə ehtiyacı var. Bəs, ona faydalı olan şəkəri hardan almalıyıq? Əlbəttə ki, ilk növbədə, quru meyvələrdən! Müntəzəm olaraq yeyilən quru meyvələr qaraciyərlə onkoloji xəstəliklər arasında hasar çəkir. Tərkibindəki fenol birləşmələri sayəsində quru meyvələr daxili orqanları soyuqdəyməyə qarşı qoruyur, artıq yağların yığılmasına səbəb olmur. Fenol birləşmələr qanda pis xolesterolun səviyyəsini aşağı salır ki, bu da ürək-damar sisteminin sağlamlığına xidmət edir. 

Balqabaq. Qaraciyər narıncı və qırmızı meyvə-tərəvəzləri sevir. Tərkibindəki T vitamini sayəsində balqabaq qırmızı və ağ ətin yanına yaraşır. T vitamini yağların qaraciyəri yükləməsinin qarşısını alır. Metabolizma zamanı qaraciyərin xəsarət alan hüceyrələrinin bərpasında da T vitamini köməyə çatır. 

Avokado. Müntəzəm şəkildə avokado yemək orqanizmdəki antioksidantların aktivliyini təmin edir. Qidaların çeşidlənməsi və filtrlənməsi zamanı qaraciyərə kömək edən avokado, eyni zamanda, yorğun hüceyrələri canlandırır. Yüksək miqdarda C və E  vitamininə malik olan meyvə sərbəst radikalların orqanizmdəki fəaliyyətini məhdudlaşdırır. Soyuqdəymə əleyhinə vasitə sayılan avokado qaraciyərin sağlamlığına xidmət edir. 

Bahadur Seyidov / Demedia.az