Mədəkiçiltmə əməliyyatı: ziyanları... - Araşdırma



 20:28 18.11.2022     1116

Köklükdən və artıq çəkidən xilas yolu olaraq görülən “mədə kiçiltmə əməliyyatı” tibb tarixinə daxil olanda heç də məqsədi bu deyildi. Əslində, mədə kiçiltmə əməliyyatının hekayəsi bir cərrahi əməliyyat prosedurunun inkişaf etdirilməsindən ibarət deyil, daha çox bir əməliyyat etapının zamanla fərqli bir əməliyyata çevrilməsidir. 

Qastroplastika  əməliyyatlar və qastro-ezofageal reflyuks xəstəliyini aradan qaldırmaq üçün həyata keçirilən əməliyyatlar müşahidə edilmiş, nəticələr çıxarılmış, mədə kiçiltmə əməliyyatının aparılmasına başlanılmışdır. 
İlk mədə kiçiltmə əməliyyatını 1988-ci ilinin mart ayında Doug Hess həyata keçirib. Bundan sonra ard-arda aparılan 20 əməliyyatdan çıxan xəstələr 16 ay boyunca müşahidə altında saxlanıldı. Məlum oldu ki, itirilən artıq çəkilər kimisində 7, kimisində də 25 kq-dır. 

Tibbə daxil olan hər yeni termin, yaxud prosedur kimi, mədə kiçiltmə əməliyyatı da illərlə mütəxəssis müzakirələrinə mövzu oldu. Amma əksər mütəxəssislərin gəldiyi rəy ortaq idi: mədə kiçiltmə əməliyyatı digər bariatrik əməliyyatlara nisbətən daha az riskli idi. Həmçinin, həzm sisteminin fizioloji pozuntusuna səbəb olmurdu. 

Sadə dillə izah eləməyə çalışacağam.  Başqa bariatrik əməliyyatlarda yeyilən yemək qida borusundan birbaşa nazik bağırsağa ötürülür. Amma mədə kiçiltmə əməliyyatından sonra həzm prosesi olduğu kimi davam edir: qida borusundan gələn yemək mədədən keçir. Yəni, təbii üsulla həzm olunur və faydalı elementlər orqanizm tərəfindən rahatlıqla mənimsənilir. 

Müddəti 50-55 dəqiqə çəkən əməliyyatın piylənmənin qarşısını aldığı, II tip diabet xəstəliyinin aradan qaldırılması istiqamətində 90% uğurlu nəticə əldə etməyə imkan verdiyi son illər aparılan araşdırmalar nəticəsində aşkar edilib. Araşdırma Klivlend Klinikasında aparılıb. Əməliyyatdan sonra xəstələrin qanında şəkərin səviyyəsi nizama düşür ki, beləcə, insulin qəbuluna və digər  dərman vasitələri ilə gün keçirməyə ehtiyac qalmır. 

Bütün  cərrahi əməliyyatlar kimi, mədə kiçiltmə əməliyyatına girməzdən öncə xəstələr ehtiyatlı olmalı, müəyyən analizlərdən və müayinələrdən keçməlidir. Bunun üçün mütləq mütəxəssislə məsləhətləşməli, onun nəzarəti altında əməliyyata hazırlaşmalı, nəticələr uyğun olarsa əməliyyata girməlidir. 

Bir də, son illərdə əməliyyatla bağlı yaranan ən böyük problem qiymət məsələsidir.  “Ucuz ətin şorbası olmaz” deyimini unudaraq göz oxşayan reklamların, cəlbedici təkliflərin parıltısına aldananlar isə sonradan peşman olur.

Mən ay yarım bundan əvvəl mədə kiçiltmə əməliyyatı elətdirmişdim. Əməliyyatım çox uğursuz alındı. Ölümlə üz-üzə qalmışdım.  Sonra yenidən başqa həkimə müraciət etdim.  Həkim mədəmə stend yerləşdirdi. 5 həftədir bu stendi gəzdirirəm.  Çox ağırdı, rahat yemək yeyə bilmirəm... Danışmaqda məqsədim odur ki, əməliyyatın uğursuz alınmağının səbəbi həkimin “bayram endirimi” kompaniyası elan etməsi, mənim kimi xəstələrin də qiymətin aşağı olmasına aldanıb müraciət etməsidir. Mən o endirim kompaniyasını görüb müraciət etdim. Qiymət çox aşağı olduğuna görə, razılıq verdim əməliyyata.

İndilərdə tam öyrəndim ki, əməliyyat vaxtı istifadə olunan bütün alətlər və materiallar qiymətə bağlıdır. Qiymət nə qədər  aşağı olarsa əməliyyat zamanı istifadə olunan alətlər, materiallar keyfiyyətsiz olur. Həkim mədəmi kəsmiş, amma tam birləşdirməmişdir. Mədəmdə sızma əmələ gəlmişdir. 1 gün qalmışdı ki, qanıma zəhələnmə keçsin... Bütün xəstələrə müraciət edirəm. Qiymətə aldanmayın. “Kompaniya”ya inanmayın.  Kimsə desə ki, “Kompaniya elan edirəm”, demək, istifadə elədiyi materialları, alətləri ən ucuzundan alır. Mənim kimi xəstələr də elə bilir ki, endirim kompaniyasından yararlandı. Aldandım... Çox peşmanam. Kaş ki, ilk gündən mütəxəssis həkimə müraciət edərdim və tam uğurlu əməliyyat olardı. Bu əziyyəti çəkməzdim, bu çətinliklərlə üzləşməzdim. Ona görə, hamıya-bütün xəstələrə yenə müraciət edirəm ki, qiymətin aşağı olmasına qəti şəkildə inanmayın, aldanmayın. Müraciət edəndə də pulu əsas tutmayın. Əsas olan keyfiyət və həkimin bilikli, güclü olmasıdır.

Gördüyünüz kimi, bu gün ucuz qiymətə mədə kiçiltmə əməliyyatı edən dırnaqarası həkimlər  xəstələrə şəfa vermək əvəzinə, onların sağlamlıqlarına zərbə vurmaqla məşğuldurlar. Odur ki, bir daha təkrarlayıram: canınızı mütəxəssisə etibar edin. Və sonda mədə kiçiltmə əməliyyatına girmək haqqında düşünənlərə bir neçə  ipucu vermək istəyirəm. Bu ipucuları araşdırmalarım zamanı oxuduğum mütəxəssis tövsiyələrindən seçərək sıralamışam. Beləliklə: 

Cərrahınızla yaxın ünsiyyət qurmağa çalışın; 
Siqaret çəkmə vərdişiniz varsa, bu vərdişi tərgidin; 
2-3 həftə əvvəldən alkoqollu içkilərin qəbulunu dayandırın; 
Əməliyyata bir neçə gün qalmış quru və qatı yeməkləri rasiondan çıxarın,  daha çox şorbalara üstünlük verin; 
Əgər əməliyyat sizi qorxudursa, yaxud əməliyyatı həyatınızda dönüş yaradacaq addım kimi görürsünüzsə, psixoloji dəstək almaq yaxşı olar; 

Əməliyyat öncəsi çalışın ki, həyat tərzinizdəki aktivlik səviyyəsi artsın: gündəlik gəzinti, fiziki işlə daha çox məşğul olmaq və s.

Sağlamlığınızla bağlı hər hansı bir problemi cüzi hesab etməyin, hətta mövsümi xəstəlikləri necə keçirdiyiniz barədə də cərrahınızı məlumatlandırın; 

Bütün bunlardan əlavə, bir şeyi də xatırlatmağı özümə borc bilirəm. Kor-koranə əməliyyata girməməyiniz üçün bu gün əlinizin altında kifayət qədər imkan var. İnternetdən də olsa, mədə kiçiltmə əməliyyatı haqqında məlumat alın. Bilgi sizi daha güclü və cəsarətli edəcək. 

Bahadur Seyidov / Demedia.az