Qaraciyərin öldüyünü göstərən 14 əlamət - Araşdırma



 22:29 21.11.2022     1553

Bu gün qaraciyərdəki  problemlərdən xəbər verən bir neçə əlamət haqqında danışacağam. İnanıram ki, verdiyim məlumatlar sizə qaraciyərinizi qorumaqda kömək edəcək.  Qaraciyərin ən böyük daxili orqan olduğunu artıq hamı bilir.

Onun vacib funksiyası haqqında da məlumatlıyıq. Yad maddələri orqanizmdən xaric edən, hormonların tənzimlənməsində böyük rolu olan, enerji ehtiyatımızın və vitaminlərin qorunub saxlanılmasını təmin edən, qan  dövranında iştirak edən qaraciyərimizin işi sadaladıqlarımla bitmir. Buna görə də, qaraciyərin xəstələnməsi bütün orqanizmə təsir edir. Orqandakı problemlər ağrı reseptorlarını həmən aktivləşdirmir. İnsan yalnız o zaman ağrı hiss edir ki, qaraciyərdəki xəsarətlərin həcmi böyük olur.  Qaraciyərimizi qorumaq üçün ağrılı mərhələyə çatmamış müəyyən simptomlara diqqət yetirməliyik. Çünki bu orqanın sağlamlığı sağlam yaşamağın açarıdır. Sirr isə problemlər haqqında bəribaşdan bilmək və vaxtında müalicəyə başlamaqdadır. 

Qaraciyərdə problem olduğunu göstərən əlamətlər

Orqandakı əksər problemlər gözlə görülmür və hiss edilmədən xroniki şəkildə irəliləyir. Yalnız laboratoriyada aparılan analizlər problemin həcmini dəqiq şəkildə bilməyə imkan verir.  Amma mütəmadi olaraq, qaraciyərimizin sağlamlığını yoxlamaq şansımız da var. Bütün digər orqanlarda olduğu kimi, yaxşı olar ki, qaraciyərdəki problemlər böyüməmiş ondan xəbər tutaq. Ən kiçik “xəbərdarlığı” belə, görməzdən gəlməməliyik.  Məhz buna görə, bugünkü videonu həmin xəbərdarlıqlara ayırdım. 
Dəridə qaşınma və soyulma.  Bilirik ki, öd suyunu qaraciyər istehsal edir.  Öd suyunun həzm prosesindəki önəmli yeri barədə başqa bir  videoda daha ətraflı danışacağam. İndi, sadəcə, qeyd etmək istəyirəm ki, öd suyu olmasa, həzm prosesi iflasa uğraya bilir. Öd suyu qaraciyərdə istehsal olunduqdan sonra kanal vasitəsilə öd kisəsinə axır. Qaraciyərin işində hansısa kiçik axsaqlıq olarsa, öd suyunun axması damcı şəklinə keçir, yaxud dayanır. Bu da həzm zamanı öd suyu çatışmazlığına gətirib çıxarır.  Dəridə qaşınma və soyulma öd suyu əksikliyinin ilkin əlamətlərindəndir. Hərdən qaşınan və soyulan nahiyədə ağrı da hiss edilir. Bəs, qaraciyərdə nə baş verir ki, bu hallar meydana çıxır? Əlamətlərin “haqqında danışdığı” problemlərdən biri qaraciyərin həddən artıq yüklənməsidir. İkincisi isə, öd suyunun orqanın toxumalarında yığılmasıdır. Qaraciyər səbəbilə yaranan qaşıntılar ayaqların altında, ovucların içində,  əlin üstündə, hətta kürəkdə də ola bilər. Profilaktik tədbirlərdən ən əlçatanı axşamlar yemək əvəzinə meyvə-tərəvəz yemək və yatmazdan əvvəl qaynar su ilə duş almaqdır. 
Dəridəki dəyişikliklər. Qaraciyərin problemindən xəbər verən digər “dəri siqnalı” isə qəfildən peyda olan ləkələr, səbəbsiz hematomalardır. Bundan əlavə, dəridə köpmələr, kiçik, sarı, yaşıl rəngli qabarmalar yaranması da oxşar əlamətlərdir. Ovuc içində qızarmalar və temperaturun artması da qaraciyərin xəstələnməsi haqqında xəbərdarlıqdır. Qaraciyərinizi müalicə etdirsəniz, bütün bu dəyişikliklərin yoxa çıxdığını görəcəksiniz. 
Dabandakı çatlar. Qaraciyərin istehsal etdiyi öd suyu orqanizmdə yağ turşularının, E, C, A, B3 vitaminlərinin işlənməsini təmin edir. Bu vitaminlər dərinin qan dövranı və tonusu üçün çox vacibdir. Əgər qaraciyər düzgün işləmirsə, yaxud iş qabiliyyəti aşağı düşübsə, öd suyu lazımi keyfiyyətdə olmur. Və bu da yağ turşularının, vitaminlərin düzgün işlənməməsinə  gətirib çıxarır. Orqanizm ehtiyacı olanlardan kəm qalır və quruyur. Zamanla da çatlayır,  soyulur.  Bu zaman düzgün qidalanmaq və orqanizmi susuz qoymamağa çalışmaq lazımdır. Rasiona göyərtilərin, tərəvəzlərin, giləmeyvələrin və dənli bitkilərin daxil edilməsi də mütləqdir. 
Şişkinliklər.  Qaraciyərdə yaranan problemlər bərabərində böyrək çatışmazlığı və ya qan dövranının pozulmasını da gətirə bilir.  Süzülmə prosesinin düzgün getməməsi duzların dərialtı toxumalara yığılmasına səbəb olur. Bu da, xüsusilə, ayaqlarda şişkinliklər yaradır. 
Saç tökülməsi. Qaraciyərdəki problemlərin saç tökülməsini sürətləndirdiyi qeyri-adi hadisə deyil.  Demək olar ki, orqanizmin qidalanması üçün bütün lazımi elementlərin emalına qaraciyər məsuldur. Əgər qaraciyərin işində axsamalar varsa, demək, orqanizm lazımi qədər qidalana bilmir. Bu da yaraların gec sağalması, saçların tökülməsi, dırnaqların qırılması ilə özünü biruzə verir. 
Tərləmələrin intensivliyi. Qaraciyər zərərli maddələrlə yüklənməyə məruz qalarsa, onun iş sürəti artır. Bu da orqanizmin temperaturunun artmasına, nəticədə də, intensiv tərləmələrə səbəb olur. 
Daimi yorğunluq. Qaraciyər toxumalarında zərərli maddələrin miqdarı yüksəkdirsə, orqanizm bütün gücü ilə onun təmizlənməsinə çalışır. Bu da insanda yorğunluq hissi yaradır. Yorğunluq elə bir hal alır ki, yaxşı bir istirahətdən, bərk yuxudan sonra da keçib getmir. Əgər stress keçirməyən və gərgin fiziki işlə məşğul olmayan bir adam daim özünü yorğun hiss edirsə, o, qaraciyərini nəzərə almalıdır.  Orqanda çoxalan zərərli maddələr ordan mədə-bağırsaq traktatına sızır. Bu da həzm prosesində ləngimələrə səbəb olur. Orqanizmdə “işlənməyən”, “yığılıb qalan” qidalar isə insanı elə bir hala salır ki, o, nəinki, hansısa işi görmək, heç yerindən tərpənmək istəmir. Düzgün işləməyən qaraciyər qanı təmizləməkdə də aciz qalır. Nəticədə, orqanizmdə oksigen qıtlığı yaranır. Yüklənmiş və zərərli maddələrlə “dolmuş” qaraciyərin orqanizmdə yaratdığı fəsadlardan biri də kortizol ifrazındakı çətinliklərdir. 
Qızdırma.  Öd kisəsinin, qaraciyərin soyuqlaması, yaxud şişməsi qızdırma verə bilir. Xüsusilə, qarın ətrafında və ya beldə mütəmadi ağrılar hiss edəndən sonra qəfil qalxan qızdırma qaraciyərin xəbərdarlığıdır. Sirroz zamanı temperatur 380C-dək qalxır və bu hal, adətən, axşamlar müşahidə edilir. Gün boyu müşahidə edilən qızdırma hepatit kimi xəstəliklərin mövcudluğu barədə bədənin verdiyi “həyəcan siqnalı”dır.  Müəyyən saatlarda qeyb olub, sonra peyda olan qızdırma isə qaraciyərin xroniki xəstəliklərinin əlamətidir. 
Ağızdan gələn pis qoxular. Qaraciyərin bütün gücü ilə çalışmasına baxmayaraq, orqanizmdən atılmayan zərərli maddələr ağızdakı pis qoxuların səbəblərindəndir. Bu da o deməkdir ki, qaraciyər öz işini artıq lazımi şəkildə yerinə yetirə bilmir. 
Gözdə saralma.  Qaraciyər hüceyrələrinin xəsarət almasının əlamətidir. Sarılıq prosesi o qədər asta və nizamlı şəkildə baş verir ki, insan özü belə, xəstələndiyinin fərqinə varmır. Sarılıq, əvvəlcə, dilin ucunda, barmaqların ucunda, ayaqların altında və ovuclarda qeyri-standart vaxtlarda peyda olur, qısa müddətə yoxa çıxır. Bir gün də, insan bütün dərisinin və gözünün ağının saralmasını görür.  Xəstəliyin dərəcəsinə görə, sarılıq zamanı insan dərisi açıq-sarıdan narıncıyadək müxtəlif rənglərdə olur.  Sarılıq, adətən, öd kisəsindəki daşdan, yaxud qaraciyərdəki şişdən xəbər verir. Əgər dəri sürətlə zeytun rənginə dönərsə, üstəlik, qaşınma  da müşahidə olunarsa, bu, təhlükənin miqyasının böyüməsi anlamındadır. 
Mədənin böyüməsi. Qaraciyərin düzgün işləməməsi mədənin böyüməsinə də səbəb olur. Xüsusilə, qaraciyərdəki problemlə yanaşı, arterial hipertenziya  varsa, bu, mədənin daha da genişlənməsinə gətirib çıxarır. Çünki həzm prosesi ləngiyir, yeyilən qidalar uzun müddət mədədə qalır. Bəzən isə mədəyə su yığılmağa başlayır ki, onun miqdarı 1 litrə də çata bilir. 
Kapillyarların partlaması. Bu, qaraciyərdə problem olması barədə ən ilkin siqnal sayılır. Əsas səbəb hüceyrələrə estrogen sızmasıdır. Estrogen çoxluğu qan dövranına zərbə vurur. Damarlara həcmlərinə nisbətən daha çox qan pompalanır. Bu da nazik damarların şişməsinə, bəzən partlamasına da gətirib çıxarır. Kapillyarların partlaması ayaqlarda, qollarda, oynaqların ətrafında, kürəkdə, boğazda və üzdə daha intensiv şəkildə baş verir. 
Qırmızı nöqtələr. Qaraciyərdəki ciddi problemin xəbərçiləri sayılan qırmızı nöqtələr orqanizmin istənilən nahiyəsində peyda olur. Həcminə görə, iynə ucu boyda, yaxud  yumurta boyda qırmızı nöqtələrə rast gəlmək mümkündür. Qanın təmiz olmamasının və qan dövranının pozulmasının nəticələri kimi meydana çıxırlar. Ayaqlarda sürətlə yaranmaları isə qan əmələgəlmə prosesindəki axsamalardan xəbər verir. 
Qarında  daimi ağrılar-dispepsiya.  Qaraciyər probleminin özünü biruzə vermə şəkillərindən biri də qarında yaranan mütəmadi ağrılardır. Bu ağrıların ürəkbulanma, qusma, qaz, köp, ishal ilə müşaiyət edilməsi halları da geniş yayılıb. 

Bu əlamətlərdən hər hansı biri ilə rastlaşırsınızsa, həkimə müraciət edin. Unutmayın; sağlamlığımızın qeydinə qalmaq borcumuzdur! 

Bahadur Seyidov / Demedia.az