Reinkarnasiya ilə bağlı İNANILMAZ FAKTLAR
Oliviya, İngiltərə.
Oliviyanın iki yaşı vardı. Və o, bir gün anasıyla parka çıxmışdı. anası ondan soruşdu:
-Səncə, indi saat neçədir?
Oliviya cavab verdi:
-Axşam yeddi. 1787-ci il.
Başqa bir gün isə qızcığaz sakit səslə dedi:
-Məni əvvəllər Deyzi deyə çağırırdılar.
Bir neçə müddətdən sonra anasına daha bir söz pıçıldadı:
-Robinson.
Anası ondan bu sözü hardan öyrəndiyini soruşanda isə Oliviyanın cavabı belə oldu:
-Məni belə çağırırdılar. Mən Deyzi Robinson idim.
İki yaş yarımından sonra Oliviya dayanmadan keçmişdən danışmağa başladı. Atası ondan: “Başqa atan, anan vardımı?”-deyə soruşanda qızcığaz tərəddüd etmədən cavablamışdı:
-Hə!
Bir neçə gün sonra anasına yaxınlaşıb qaş-qabaqla dedi:
-Bütün hava burdan keçir.
-Hardan?-Anası təəccüblə soruşdu.
Əlini köksünə qoyan uşaq qəmli səslə:
-Burdan...-dedi: -Mən ölmüşəm. Amma bu barədə danışmaq mənim xoşuma gəlmir.
Otaqdan çıxan Oliviyanın arxasınca baxan anası çaşqınlıq içindəydi. Axı Oliviya hələ ölümlə tanış olmamışdı. İndiyədək yalnız bir dəfə ölü qurbağa görmüşdü. Heç onda da valideynləri ona qurbağanın öldüyünü deməmişdilər.
Ertəsi gün günorta yuxusundan oyanan Oliviya yenə 1787-ci ili yadına salmışdı. Anası soruşmuşdu:
-Bəlkə, sən həmin vaxta aid hansısa mahnını öyrənmisən?
Qız cavab vermişdi:
-Mənim sevimli mahnımın adı budur: “London körpüsü dağılır...”
Həqiqətən, 1780-ci illərdə bu mahnı çox populyar idi...
Başqa bir gün Oliviya anasına yaxınlaşdı və ağzını açan kimi:
-30 yaşında...-dedi.
-Kimin 30 yaşı var?-Anası soruşdu.
-Mənim 30 yaşım vardı öləndə. Mən ona görə öldüm ki, daha mənə heç nə lazım deyildi. Mən, sadəcə, getdim.-Qızcığaz rahatlıqla söylədi.
Birdən ana Oliviyanın hamını heyrətləndirən iştahını xatırladı. Bu, onun ölümqabağı aclıq çəkdiyinə işarə ola bilərdi. Bir dəfə Oliviya yaşıl alma yeyərkən anasına demişdi:
-Deyzi Robinson qırmızı alma yeyirdi. Amma Oliviyanın təkcə yaşıl almaları var.
Oliviyanın Deyzi haqqında danışdıqlarından biri də onun anasının adının Kitti olmasıydı. Oliviyanın anası əmin idi ki, onların Kitti adlı heç bir tanışı yoxdur. Və qızı bu obrazı özündən uydura bilməzdi.
Aradan illər keçdi. Oliviya 4 yaşınadək bir daha bu mövzu barədə danışmadı. Ana yavaş-yavaş inanmağa başladı ki, qızının danışdıqları təxəyyül məhsulu imiş.
Amma bir gün ölən itləri haqqında söhbət edərkən qız soruşdu:
-Ölən itimiz başqa bir itin bədənində geri qayıda bilər?
Cavab gözləmədən açıqlamışdı:
-Bu, tez baş verməyəcək. Yeni bir itin bədənində geri dönmək üçün aradan həftələr, aylar keçməlidir.
Anası maraqla soruşdu:
-Səndə belə olub?
-Hə...-Oliviya dedi.
-Bəs, ölümdən sonra harda gözlədin?-Anası uşağı söylətməyi qərara aldı.
-Sadəcə, yaşamaqdan yorulmuşdum.-Qız çiynini çəkərək cavab verdi.
Bundan sonra anası onu az-az danışdırmağa cəhd etdi. Qızcığaz öldükdən sonra lələk kimi yüngül olduğundan, ölümün dəhşətli bir şey olmadığından danışdı. Lələk kimi yüngül olanda digər ölülərlə tanış olmasını da dedi.
-Ölümdən qorxmursan? –Anası soruşdu.
Oliviya qəmgin səslə dedi:
-Yox. Amma ölüm çox kədərlidir. Mən həmişə belə yaşamaq istəyirəm.
Oliviya anasına Deyzinin yaşadığı balaca şəhərdən, adını unutsa da həmin şəhərin İngiltərədə olduğundan danışdı. O, dedi:
-Hamı bir-birini tanıyırdı. Meydanda çörək, pendir, ət satırdılar.
-Həmin şəhərdə McDonalds vardı? –Anası bilərəkdən soruşdu.
Oliviya gülə-gülə dedi:
-Heç onun haqqında düşünən yox idi. Həmin vaxt heç maşınlar yox idi. Yalnız atlar vardı. Qəpiklərin üstündə kralın başı vardı.
Ana internetdə 1787-ci ilə aid dəmir pullar barədə axtarış aparmağa başladı. O, qızının həmin dövrə aid olan pulu tanıyıb-tanımadığını bilmək istəyirdi. Ana ekranda uşağa bir neçə dəmir pulun şəklini göstərdi. Qızcığaz tərəddüd etmədən üstündə kral Corcun şəkli olan dəmir pulu göstərdi.
Ana həyəcanlandı. Amma sonra qərara gəldi ki, 1700-cü illərdə dövriyyəyə buraxılan ingilis pullarını da qızına göstərsin. Qızcığaz yenə əminliklə üstündə kral Corcun şəkli olan pula işarə etdi. Həmçinin, Oliviya III Corc zamanında dövriyyədə olan bir neçə pulu da tanıdı.
5 yaşı hələ olmamış uşağın dəmir pullar haqqında məlumatlı olması ağlasığmaz idi. Çünki 2-5 yaş aralığında olan uşaqlar dünya haqqında çox az məlumatlı olurlar. Ana düşünməyə başladı:
-Əgər Oliviya keçmiş həyatda Deyzi Robinson olmayıbsa, o, bu qədər məlumatı hardan öyrənib?
Sualın cavabı hələ də tapılmayıb.
Anna, Kanada.
Annanın atası xokkeyi sevmirdi. Çünki bu oyun onun atasının-Annanın babasının həyatını məhv eləmişdi. Məhz xokkey ata və oğulun münasibətlərində həmişə əngələ çevrilmişdi. Hətta oğul gələcək həyat yoldaşıyla-Annanın anasıyla tanış olanda belə bir şərt qoymuşdu:
-Əgər xokkeydən danışsan, bizdə heç nə alınmayacaq.
Bəli, Anna Kanada sakinləri üçün qeyri-adi sayılan vərdişə sahib ailədə dünyaya göz açmışdı. Onun ailəsi nə xokkeydən danışmır, nə də televizorun qarşısında oturub xokkey izləmirdilər. Uşaqlığında Annanın dayəsi olmamışdı. Yalnız 9 yaşından sonra ara-sıra nənəsi ilə baş-başa qalırdı. Beləcə, Annanın uşaqlığı xokkey haqqındakı müzakirələrdən uzaq keçmişdi. Valideynləri kimi, o da xokkeylə maraqlanmırdı.
Hadisələr isə Annanın 3 yaşında başlamışdı. Bir gün qızcığaz atasına şikayətlənmişdi:
-Niyə oğlum məni xokkey yarışına aparmır?
-Oğlun bunu nə vaxtsa edib? –Ata heyrət içərisində soruşdu.
-Bilirsən axı, ata. Mən qoca qarı olanda. –Qızcığaz cavab verdi.
Ondan sonra da aylar ərzində Anna atasından oğlunu soruşmuş, onun gəlmədiyinə görə, kədərləndiyini bildirmişdi. Bir gün isə oğlu haqqında danışmışdı:
-Oğlum arıqdı. Kürən saçları var. Dəri gödəkçə geyinir. Ağ rəngli köhnə maşını var.
Hərdən də qız xokkey meydançası, xokkey oyunu haqqında elə şeylər danışırdı ki, ata onun bu şeyləri hardan öyrəndiyi və dəqiqliklə yadda saxladığı barədə heyrətli düşüncələrə qapılırdı.
Bir müddət sonra Anna qəfildən xokkey və oğlu haqqında danışmağı dayandırdı. Atası dəfələrlə ona bu haqda suallar versə də, qızcığaz heç nəyi xatırlamadığını dedi.
Bundan sonra atası mütəxəssislərə üz tutaraq öz ehtimalını irəli sürdü:
-Qızım əvvəlki həyatında oğlu ilə tez-tez xokkey yarışlarına gedən bir qarı ola bilərmi?
Və heç kim onun sualını cavablandıra bilmədi..
Suzan, ABŞ.
Suzan psixoloq idi. Bir gün yuxusunda görür ki, o, 7 yaşlı qaradərili qızcığazdır, zibilli, xaraba yolla irəliləyir. Real həyatda Suzan ağdərili idi və işi də doğulub-böyüdüyü yerdəydi. Yuxusunda isə hər şey tamamilə başqa cür idi. O, istidə, nəmişlikdə çala-çuxur yolla irəliləyirdi. Suzan kiçik bir araşdırmadan sonra yuxusunda gördüyü yerin ABŞ-ın cənub-qərb əyalətlərindən biri olduğu qənaətinə gəldi.
Bir dəfə yuxuda o, qurumuş əllərinin kül olduğunu gördü. Qəfildən yolun ortasında ötən əsrin 40-cı illərində istifadə edilən bir maşın dayandı və onu maşına doğru sürüklədilər. Maşında 20-30 yaşlarında iki ağdərili kişi vardı. Suzan oturacaqları, kişilərin ayaqqabılarını və maşının döşəməsinin tozlu olduğunu aydın görmüşdü. O, maşında təcavüzə məruz qalmış və ölmüşdü...
Bütün bu hadisələr Suzanın şüuraltında onun real uşaqlıq xatirələri qədər gerçək idi. Xüsusilə, ölüm anını o qədər tez-tez yuxuda görürdü ki, bilmirdi nə etsin. Hərdən, sanki, hadisələri yuxarıdan seyr edirmiş kimi bir hissə qapılırdı. Uzun araşdırmalar aparan Suzan yaşadığı şəhərdə heç bir afroamerikalının başına belə bir faciə gəlmədiyindən əmin oldu. Bəs, bu hadisə onun şüuraltına necə yerləşmişdi?
Düzdür, Suzan etiraf edirdi ki, bu yuxu, yaxud xatirə onun həyatına-işinə, ailə qayğılarına mane olmur. Yenə də, hərdən qorxduğunu gizlətmirdi. Bir gün reinkarnasiya ehtimalı ilə rastlaşandan sonra isə daha rahat olduğunu dilə gətirdi.
Bahadur Seyidov / Demedia.az