Öskürək 8 həftədən uzun sürərsə... - MÜTLƏQ OXUYUN



 20:33 21.11.2022     948

Rumıniyalı yazıçı Kalman Mikçat deyirdi: “Bir öskürək, bir də kasıblıq gizlədilə bilməz”. 

Öskürək ən inadcıl xəstəliklərdən biridir. Bəzən aylarla davam edə bilir.

Mütəxəssislər qeyd edir ki, 8 həftədən uzun sürən öskürək bir çox xəstəliklərin ilkin simptomudur. Əksər hallarda uzun sürən öskürəyin səbəbi üst tənəffüs yollarında olmur. İmmun sisteminə üst tənəffüs yollarındakı iltihabı və soyuqdəyməni yox etmək üçün, ən uzağı, 6 həftə lazım olur. Amma, bu 6 həftə də orqanizmin yetərincə zəifləməsi,  başqa xəstəliklərə “dəvətnamə” göndərməsi üçün bəs edir. Odur ki, öskürəyin sağalması üçün ilk 3 gündə nəsə eləmək lazımdır. 

Bunun üçün apteklərdə öskürək və ya soyuqdəymə əleyhinə dərmanlar “N” qədərdir. Növbəti problem xəstəni elə aptekdə gözləyir: “Hansı dərmanı alım?” 

Sualın cavabını tapmaq üçün ilk növbədə öskürəyə nəyin səbəb olduğunu bilmək lazımdır. Türkiyə Acıbadem Universitetinin mütəxəssisi Dr. Pelin Uysalın fikrincə, xroniki öskürək ən birinci, astmanın xəbərdarlığı kimi meydana çıxır. Öskürəklə yanaşı xırıltılı nəfəs, sinədə sancmalar varsa, üstəlik, öskürək gecələr  daha da artırsa, mütləq həkim yoxlamasından keçmək lazımdır. 

Mədə turşusu da öskürəyin səbəblərindən biridir.  Acılı və yağlı yeməklərin həzmolunma prosesində mədə turşusunun yemək borusuna doğru geri qayıtmasına çox rast gəlinir.  Bu zaman sinədə acışma və quru öskürək baş verə bilir. 

Yüksək qan təzyiqinin qarşısını almaq üçün və ya diabetik məqsədlərlə istifadə edilən   dərmanlar da  quru öskürək yaradır.  

Bahadur Seyidov / Demedia.az