Xərçəng əleyhinə vasitə - Zoğalın möcüzəvi faydası



 20:33 22.11.2022     1356

Zoğal turşməzə dadı ilə yanaşı, insan orqanizminə faydaları ilə də məhşurdur.

Tərkibi o qədər zəngindir ki, əsl mineral və vitamin deposu sayılır. C, A, E, K və B vitamini, həmçinin, kalium, maqnezium, mis, kalsium və dəmir qaynağıdır. Antioksidant mənbəyi olan zoğal immuniteti gücləndirir, qaraciyərin sağlamlığına dəstək olur. Diabet, ürək çatışmazlığı, yüksək təzyiq və xərçəng kimi bir çox xəstəliklərə tutulma riskini aşağı salır.  Sidik yolu iltihabında müalicəvi effektə malikdir. Böyrəyində daş olanlar, qan durulducu dərman içənlər isə zoğal yeməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.  

Zoğal  doyurucudur. Turşməzə dadına görə, ağacdan dərilərək yeyilməsi o qədər də geniş yayılmayıb. Adətən, qurusu, mürəbbəsi, cemi və ya kompotu hazırlanır. Tərkibində yüksək miqdarda su, karbohidrat və lif var. Buna baxmayaraq, kalori və şəkər dəyəri azdır. Məsələn; 1 stəkan zoğal meyvəsinin enerji dəyəri 46 kaloridir. Bu dediklərimi mağazalarda satılan, emal edilmiş zoğal şirəsinə aid etmək olmaz. Çünki həmin şirələr uzun emal prosesindən keçərkən dadlandırıcılar qatılır, şəkər əlavə edilir. 

Vitamin və minerallarla zəngin zoğalda bioaktiv bitki birləşmələri və polifenollar da mövcuddur. Orqanizmə faydaları bunlardır: 

Ağız boşluğunun sağlamlığına xidmət edir; 
İmmuniteti möhkəmlədir; 
İltihabı sonlandırır; 
Üst tənəffüs yollarındakı infeksiyanı müalicə edir; 
Qəbizliyi aradan qaldırır; 
Cinsi aktivliyi artırır; 
Sidik yolu infeksiyalarını müalicə edir; 
Mədə divarının erroziyaya uğramasının qarşısını alır; 
Ürək və damarların sağlamlığını qoruyur; 

Sidik yolu infeksiyaları son illərdə qadınlar arasında daha geniş yayılıb.  Bu zaman zoğal qurusu köməyə çatır. Tərkibindəki A tipli proantosiyanidinlər sayəsində bakteriyaların sidik yolu divarına yapışmasına mane olur.  Zoğaldan hazırlanan məhsullar emal edildikdə isə proantosiyanidinlər yox ola bilər. Ona görə də, faydasını görmək üçün təbii zoğal qurusuna üstünlük verin. 

Bilirik ki, C vitamini çatışmazlığı immunitetin zəifləməsinə gətirib çıxarır. Bu da orqanizmin çeşidli xəstəliklər qarşısında ağ bayraq qaldırmasına səbəb olur. Antioksidant və C vitamini qaynağı olan zoğal immun sistemini zəifləməyə qoymur. Sərbəst radikalların səbəb olduğu oksidativ stressin aradan qaldırılması, zərərli bakteriyaların məhv edilməsi də zoğalın hünərləri sırasındadır. Xüsusilə, qrip, soyuqdəymə kimi üst tənəffüs yollarının infeksiyaları zamanı zoğal əsl “təcili tibbi yardım” rolunu oynayır. 

Antosiyaninlər, proantosiyanidinlər və kversetin (quercetin) kimi ürək sağlamlığı üçün faydalı olan antioksidantlarla zəngin zoğalı mütəmadi olaraq qəbul etdikdə xolesterol səviyyəsi nizama düşür, qan təzyiqi stabilləşir. Bundan əlavə, zoğal damarların sərtliyini yox edir, damar daxilindəki iltihabları aradan qaldırır. 

Zoğala əsrarəngiz rəngi verən polifenol kimi antioksidantlardır. Məhz bu antioksidantlar qaraciyəri xəsarət almaqdan qoruyur, ifrazat səviyyəsini nizamlayır. Bundan əlavə, öd kisəsindəki bərkimənin qarşısını alır, qaraciyərin yağları daha məhsuldar şəkildə emal etməsinə kömək edir. Qaraciyərində yağlanma olan insanlara zoğal kompotu da çox yaxşı təsir edir. 

Tərkibindəki antosiyanin və flavonol birləşmələri sayəsində zoğal xərçəng əleyhinə vasitə də sayılır. Təzə-təzə yeyilən zoğal meyvəsi xərçəngli hüceyrələri öldürür, öldürə bilməyəndə isə böyüməyinə mane olur. Döş xərçəngi, qaraciyər, yumurtalıq, prostat vəzi və bağırsaq xərçəngi  zamanı zoğal qəbul etmək xəstəliyin inkişafını ləngidir. 

Söyləntilərin əksinə, zoğal qanda şəkərin səviyyəsini yüksəltmir. O, diabetin qarşısını alan antioksidant mənbəyidir. II tip diabet riskini  mühüm dərəcədə azaldır. Hüceyrələri xəsarət almaqdan qoruyur.  Xatırladım ki, emal prosesindən keçmiş zoğal və ya zoğal  tərkibli məhsullardan yox, təbii zoğaldan danışıram. 

Bəs, zoğal necə qəbul edilməlidir? 

Meyvələri ovuc-ovuc yeməkdən söhbət gedə bilməz; bunu siz də bilirsiniz. Amma onu salatlara, çərəzlərə qataraq rahat-rahat yemək mümkündür. Müxtəlif şirniyyatlara-kəmşirin olmaq şərtilə-qata da bilərsiniz. Kompotunu da kəmşirin eləyib içməyiniz məsləhətdir. Gün ərzində 80 qr təzə zoğal, yaxud 1 stəkan kəmşirin zoğal kompotu içmək norma sayılır. Normadan artıq qəbulu ishala, mədə yanmalarına, hətta allergiyaya da səbəb ola bilər. 

Qədim ənənələrdə zoğal şərbətinə də rast gəlmək olur.  Bu gün unudulan şərbətin reseptini də sizinlə bölüşmək qərarına gəlmişəm. 
    Lazım olanlar: 
    0,5 kq zoğal
    6 stəkan isti su
    1 stəkan şəkər tozu 
    Zövqə görə, 3-4 ədəd mixək 

Hazırlanması: 

Zoğalları təmizləyin, soyuq su ilə yuyun, sonra qazana tökün. İsti suyu əlavə edin, vam odda 15-20 dəqiqə bişirin. Mixəkləri bu ərəfədə əlavə etmək olar. Zoğallar yumşalanda qarışımı cuna ilə süzün. Süzülmüş zoğal suyuna şəkər tozunu əlavə edin və qarışdırın. Təxminən, 1 saat daha vam odda qarışımı qaynadın.  Soyuyanda şüşə qablara doldurub soyuducuya qoyun. İstifadə etməmişdən qabaq duru olması üçün azca qaynar su əlavə edə bilərsiniz. 

Zoğal çayı da sağlamlığımızın keşiyində duran təbii dərman sayılır. Onu hazırlamaq üçün: 
    1 paket zoğal qurusu
    ½ litr su
    2 stəkan şəkər tozu 
    2 portağalın sıxılmış suyu 
    2 limonun sıxılmış suyu 
    2 darçın çubuğu 
    12 ədəd mixək 

Hazırlanması: 

Böyük bir qazana zoğalı və suyu tökün, qaynadın. Qaynara düşəndə vam odda 30 dəqiqə daha bişirin. Şəkər tozunu, portağal suyunu, limon suyunu, mixəkləri və darçın çubuqlarını bu ərəfədə əlavə edin. Qazanın qapağını örtün və 1 saat dəmlənməsini gözləyin. Sonda qarışımı cuna ilə süzün. İsti, ilıq, hətta soyuq halda belə, içə bilərsiniz.

Zoğal çayının faydaları bunlardır: 
-Üst tənəffüs yolları xəstəliklərini sağaldır; 
-Sidikqovucudur; 
-Ürək-damar sisteminin sağlamlığını qoruyur; 
-Təzyiqi nizama salır; 
-İmmunitetin möhkəmlənməsinə və bədənin müqavimətinin artmasına kömək edir; 
-Mədənin sağlamlığını qoruyur; 
-Ağızdakı yaraları müalicə edir; 

Zoğal meyvəsi təkbaşına arıqlatmır. Amma kalorisi və şəkər dəyəri az olduğu üçün arıqlamağa kömək edir. Zoğalın pəhriz proqramlarına girməsinin səbəbi tərkibindəki liflərdir. Liflərin həzmi yaxşılaşdırığını, bağırsaqları, ümumiyyətlə, həzm orqanlarını təmizlədiyini bilirik. Məhz buna görə də, zoğal dietik qida kimi dəyərləndirilə bilər. 

Hamiləlik zamanı qadınların tez-tez yaşadığı problemlərdən biri də sidik  yolu infeksiyasıdır. Bu hallarda zoğal hamilələrin köməyinə çatır; o, sidik yolundakı infeksiyanı yox edir. C vitamini, kalium, dəmir, kalsium və mis kimi maddələrlə zəngin zoğal hamiləlik zamanı körpənin sağlam inkişafına dəstək olur, ananın diş ağrılarını azaldır, tənəffüs sistemini təmizləyir. 

Zərərləri: 

Zoğalda salisil turşusu adlı bir birləşmə var ki, həssas orqanizmdə allergiyaya səbəb olur. Zoğal allergiyasının əlamətləri bunlardır: 

-ağız boşluğunda qaşınma;  
-dildə qaşınma; 
-dayanmadan asqırmaq; 
-kəsməyən burun axıntısı; 

Zoğal yedikdən sonra bu simptomları yaşasanız gecikmədən həkimə müraciət edin. 

Bəzi hallarda zoğal yemək tövsiyə edilmir. Bu da onun tərkibində yüksək miqdarda oksalat turşusunun olmasıyla bağlıdır. Bu turşunun çoxluğu böyrəklərdə daşın yaranmasına səbəb olur. Bundan əlavə, böyrəklə bağlı problemi olanların zoğaldan uzaq durması da mütəxəssislərin tövsiyələri arasındadır. Qan durulducu dərmanlarla eyni vaxtda zoğal və ya zoğaldan hazırlanan məhsullar qəbul edilməməlidir. Çünki meyvənin tərkibindəki K vitamini həmin dərmanlarla reaksiyaya girir. 

Bahadur Seyidov / Demedia.az