Nar şirəsi içərkən diqqətli olun - Zərərləri...
Mövsümün sevimli meyvələrindən olan nar insan orqanizmi üçün çox faydalıdır. Malik olduğu tərkib sayəsində toksinlərin və digər zərərli maddələrin orqanizmdən xaric edilməsində mühüm rol oynayır. Qocalmanı ləngidir və zehni aydınladır. Amma bu, o demək deyil ki, narın da sağlamlığa heç bir mənfi təsiri yoxdur.
Narın zərərləri və əks təsirləri.
Faydalılıq dərəcəsinin yüksək olmasına baxmayaraq, hərdən nar da orqanizmin “düşməninə” çevrilə bilir. Meyvənin tərkibində konsentrant birləşmələr var. Bir şeyi də unutmaq olmaz ki, nar təzyiqi qaldırmır. Əksinə, arterial təzyiqi kəskin şəkildə aşağı salır.Buna görə də, təzyiqin qeyri-stabil olmasından əziyyət çəkənlər nar yeyərkən ehtiyatlı olmalıdırlar. Əgər təzyiqin aşağı olduğu vaxt nar yesəniz, yaxud nar şirəsi içsəniz, vəziyyət ürəkaçan olmayacaq...
Nar diş minasına zərər verən turşu ilə zəngindir. Ona görə də, nar şirəsini plastik içki borusu ilə içmək məsləhətdir. Ardınca da, ən azından, 3-4 udum təmiz su içmək yaxşı olar. Nar şirəsi bəzi dərmanlarla reaksiyaya girdikdə də orqanizmə mənfi təsir edir. Ona görə də, qəbul etdiyiniz hər hansı dərman varsa, nar şirəsi içməyi, nar yeməyi dayandırın. Menyudan narı çıxarmaq çətindirsə, heç olmasa, qəbul etməzdən qabaq həkimlə məsləhətləşin.
Nar sidikqovucu xassəyə malikdir. Yəni, nar yeyərkən, nar şirəsi içərkən diqqətli olun. Təbii, artıq mayenin bədəndən xaric olması yaxşıdır. Amma orqanizmi susuzluq çəkməyə də vadar etmək olmaz. Mədədə turşuluğu artıran nar qastrit zamanı erroziyanı dərinləşdirir. Ümumiyyətlə, son illərdə aparılan elmi araşdırmalar göstərib ki, qastrit zamanı meyvələrin əksəriyyəti vəziyyəti daha da pisləşdirir. Belə ki, qastritdən əziyyət çəkənlər də rasionlarına nar daxil etməzdən əvvəl həkimlərinə baş çəksələr, yaxşı olar.
Bağırsaq xəstəlikləri və babasil zamanı da nar yeyəndə ehtiyatlı olmaq lazımdır. Həzm sistemində başdan-başa turşuluğu artırmaq qabiliyyətinə malik olan nar Qastroezofageal Reflüks Xəstəliyinə (QERX) də səbəb olur. Qeyd edim ki, reflüks (QERX) mədə və bəzi hallarda mədəaltı vəz şirəsi və öd qarışığından ibarət onikibarmaq bağırsaq möhtəviyyatının qida borusuna geriyə atılması nəticəsində döş sümüyü arxasında hiss edilən yanma (qıcqırma) hissidir.
Narın tərkibində bəzi zəhərli birləşmələr da mövcuddur. Məhz bu səbəbdən də, narın qəbulunda nizamlı, ölçülü olmaq lazımdır. Xüsusilə, nardan hazırlanan məhlulları dərman vasitəsi kimi qəbul edərkən ehtiyatı əldən verməməliyik ki, sağalmaq əvəzinə zəhərlənməyək... Mütəxəssislər deyir ki, yetkin insanlar gün ərzində cəmi 1 ədəd orta ölçülü nar yeyə, yaxud yarım stəkan nar şirəsi içə bilər. Şirənin içilməsində də müəyyən şərtlər var:
Təzə çəkilmiş olsun;
Təmiz, filtrdən keçmiş su ilə qarışdırılsın;
Bir də xatırladıram: gün ərzində yarım stəkan nar şirəsi içə bilərsiniz. Stəkanı doldursanız, normanı keçəcəksiniz. Çünki 1 stəkanı doldurmaq üçün, ən azı, 2-3 orta ölçülü narın şirəsini sıxmaq lazımdır.
Fermentlərin fəaliyyəti.
Narın tərkibindəki fermentlər qaraciyərin rahat işləməsinə dəstək olur. Amma qaraciyərdə xroniki xəstəlik varsa, yaxud orqanla bağlı hər hansı bir dərman qəbul edilirsə, nar yeməzdən əvvəl mütəxəssis rəyi almaq mütləqdir.
Tərkibindəki yüksək miqdarda şəkərə görə, diabet zamanı narın qəbul edilməsi məsləhət görülmür. Diabet xəstələri acqarına nar şirəsi içmək kimi bir riskə girməməlidirlər. Çünki nar şirəsi qanda şəkərin miqdarını qəfildən qaldırır.
Həzm sisteminə təsiri.
Bayaq da qeyd etdim ki, meyvənin normadan artıq yeyilməsi insan səhhətində müəyyən problemlər yarada bilir. Məsələn; ishal, mədə ağrıları, ürəkbulanma və s. Bu hallar əksərən, qısamüddətli olur; cəmi bir neçə saat çəkir. Amma nəticədə mədə-bağırsaq traktatı böyük zərər görür.
Allergiya
Nar yemək allergik reaksiyaların meydana çıxması ilə də nəticələnə bilir. Dəridə səpkilər və qızarma, qarın ağrısı, ağız ətrafında şişkinliklər, nəfəs tıxanıqlığı kimi əlamətlər orqanizmin nara qarşı həssaslığından xəbər verir. Əgər nar yedikdən həmən sonra bu əlamətlərdən hər hansı biri ilə üzləşsəniz, mütləq həkimə müraciət edin.
Normasında və ehtiyatı əldən verməyərək qəbul edilən nar bir çox xəstəliklər zamanı müalicəvi effektə malikdir.
-ürək-damar sistemini gücləndirir;
-öd kisəsinin funksiyasını yaxşılaşdırır;
-qanın tərkibini zənginləşdirir, xüsusilə, hemoqlobinin miqdarını artırır;
-bakteriyalarla mübarizə aparır;
-soyuqdəymə əleyhinə vasitədir;
-vərəmin profilaktikasında effektivdir;
-yaddaşı gücləndirir;
-damarları təmizləyir;
-beyinin iş qabiliyyətini artırır;
-damarları elastikləşdirir;
Orqanizmi parazitlərdən təmizləmək üçün: 50 qram üyüdülmüş nar qabığı götürün. 400 ml təmiz suya qatın. Qarışımı 6 saat gözlədin. Sonra vam odda mayenin miqdarı yarıya düşənədək qaynadın. Məhlul soyuduqdan sonra cuna ilə süzün. Qarışımı səhər acqarına için. Çalışın, udum-udum, asta-asta içəsiniz ki, parazitlərin orqanizmdən xaric edilməsi təmin olunsun. Məhlulun qəbulundan 1 saat sonra səhər süfrəsinə otura bilərsiniz.
Damaqların soyuqlaması və qanaxması zamanı: 1 xörək qaşığı çobanyastığı çiçəyi, 1 xörək qaşığı adi dəvədabanı, 1 orta ölçülü narın pərdəsinin 1⁄4-ni, yarım litr distillə edilmiş su götürün. İnqridientləri qarışdırın və qaynadın. Sonra ağzını bağlayın və 30 dəq gözlədin. Hər 2 saatdan bir ağzınızı yaxalayın. Məhlul damaqların qanamasını dayandıracaq və soyuqdəyməni azaldacaq.
Tonzillit və ya angina zamanı: 20 qram qurudulmuş nar qabığını 200 ml qaynar suya əlavə edin. Vam odun üzərinə qoyun. 30 dəqiqə qaynatdıqdan sonra cuna ilə süzün. Sonra üzərinə su əlavə edib qarışımı əvvəlki həcminə qaytarın. İlıq halda gün ərzində tez-tez boğazı qarqara edin. Qarqaranın müddəti 1-2 dəqiqə çəkməlidir.
Həzm sistemi xəstəlikləri zamanı:
Resept 1: 50 qram nar dənəsi, 20 qram quru nar qabığı, 200 ml qaynar su götürün. İnqridientləri qarşdırın və 30 dəq vam odda qaynadın. Soyuduqdan sonra cuna ilə süzün. Məhluldan hər gün 2 dəfə, 1 xörək qaşığı olmaqla yeməkdən 20 dəqiqə əvvəl qəbul edin.
Resept 2: bərabər miqdarda nar qabığı, yaşıl çay, zəncəfil və nanə yarpaqları götürün. Hamısını birgə üyüdün. Qarışımdan 1 çay qaşığı götürün və 200 ml təmiz suya qatın. Vam odda qaynadın. Sonra oddan götürün, ağzını bağlayın, 40-50 dəq gözlədin. 1 çay qaşığı bal əlavə edin və için. Məhlulu gün ərzində 3 dəfə hazırlayın və qəbul edin. Həzm sistemində soyuqdəymə yoxa çıxacaq və həzm prosesi normallaşacaq.
Kolit zamanı: 1 çay qaşığı quru nar qabığını 2 stəkan distillə edilmiş suya əlavə edin. Vam odda 30 dəqiqə qaynadın. Sonra məhlulu qalın bir örtüklə sarın. 2 saatdan sonra cuna ilə süzün. Yeməkdən 15 dəqiqə əvvəl məhluldan 1 xörək qaşığı qəbul edin.
Yanıq zamanı: təmiz nar şirəsini 1:5 nisbətində suya qatın. Yanmış nahiyəni ehtiyatlı şəkildə bu qarışımla yuyun. Sonra üyüdülmüş quru nar qabığını yanığın üzərinə səpin. Üstündən tənzif ilə sarıyın.
İshal zamanı: quru nar qabığını üyüdün. 1 xörək qaşığı götürüb yarım litr suya qatın və vam odda qaynadın. Sonra 10 dəq dəmlənməyə qoyun. Qarışımı termosa tökün, 2-3 saat saxlayın. Hər gün qarışımı yeməkdən 15 dəqiqə əvvəl qəbul edin. Böyüklər üçün 50-100 ml miqdarında tövsiyə edilən qarışımı 7 yaşadək uşaqlara 1 çay qaşığı ölçüsündə vermək lazımdır. Yeniyetmələr gündə 3 dəfə, hər dəfə də 1 xörək qaşığı bu qarışımdan qəbul edə bilər.
Bahadur Seyidov / Demedia.az