Türkiyənin quru əməliyyatları başlaması üçün əsas... - Politoloq açıqladı



 16:04 22.11.2022     694

Türkiyə Suriyanın Tel Rıfat, Ayn əl-Ərəb bölgələrində və İraqın şimalında PKK,PYD, YPG terrorçularına qarşı “Pəncə-Qılınc” kod adlı irimiqyaslı hərbi əməliyyatlara başlayıb. Hərəkat İran ilə sərhəddən Aralıq dənizinədək 1000 kilometr uzunluqda və 200-250 kilometr dərinlikdə silahlı və silahsız PUA-lar, komanda-qərargah təyyarələrinin iştirakı ilə həyata keçirilir. Hərəkatda 50-yə yaxın döyüş təyyarəsinin iştirak etdiyi deyilir.

Demedia.az xəbər verir ki, bunu politoloq Turan Rzayev deyib.

O bildirib ki, Türk Silahlı Qüvvələri bundan öncə Suriya və İraqda keçirdiyi hərbi əməliyyatlarda olduğu kimi BMT Nizamnaməsinin 51-ci maddəsini əsas götürüb:

"Həmin maddəyə görə təkcə Türkiyə deyil, istənilən ölkə öz ərazisinə, sərhədlərinə, suverenliyinə yarana biləcək təhdidlərin qarşısını almaq üçün antiterror əməliyyatı keçirə bilər.

Hazırda keçirilən antiterror əməliyyatları hərbi hava qüvvələrinin istirakı ilə həyata keçirilsə də mümkündür ki, yaxın günlər ərzində quru əməliyyatı ilə genişlənə bilər. Prinsip etibarilə Türkiyənin quru antiterror əməliyyatları başlaması üçün də əsas var.

Belə ki, PKK, YPG, PYD terrorçuları Türkiyənin Kilis şəhərindəki Öncüpınar sərhəd-keçid məntəqəsi və Qaziantep şəhərinin Karkamış rayonuna raket zərbələri endirib. Ankara bunu əsas göstərərək quru əməliyyatlarına başlaya bilər.

Ankaranın məqsədi

Taksimdə baş verən terakt Türkiyəyə şərtləri öz xeyrinə dəyişə bilmə imkanını yaratdı. Ankara başlatdığı “Pəncə-Qılınc” hava hərəkatı və sonrasında başladacağı quru hərəkətı ilə buna nail ola bilər.

Birincisi, Türkiyə 30 ildən artıqdır ki, ölkədə daxilində və xaricində PKK, YPG, YPG terror təşkilatları ilə mübarizə aparır. Bu mübarizə nəticəsində PKK-ya ölkə daxilində ciddi zərbələr endirilib. Lakin adıçəkilən terror təşkilatları bu gün İraqda, xüsusən də Suriyada xarici qüvvələrin dəstəyi ilə yenidən təşkilatlanır, hətta daha da güclənir. Ankara keçirəcəyi bu əməliyyat ilə PKK, YPG, PYD-nin Şimali İraq və Şimali Suriya qanadlarını strateji nöqtələrini və hərbi obyektlərini məhv edə bilər.

İkincisi, rəsmi Ankara cənub sərhədlərində həm təhlükəsizliyi təmin etmək, həm də suriyalıların geri qaytarılmasını həyata keçirmək üçün 30 kilometrlik təhlükəsiz bölgəni yarada bilər.

Vaşinqton və Moskvanın səssizliyi

Türkiyənin keçirdiyi “Pəncə-Qılınc” kod adlı irimiqyaslı hərbi əməliyyatlara ABŞ və Rusiyanın səs çıxarmaması diqqət çəkir. Hətta Rusiyanın nəzarətində olan hava limanlarından biri Türkiyənin hərbi təyyarələri üçün açılıb.

Ankaranın əməliyyatına Rusiya və ABŞ-ın səssiz qalmasının siyasi səbəbləri də var:

Rusiya hazırkı geosiyasi şərtlərdə Türkiyə ilə uzlaşmağa məcburdur. Xüsusilə də Ukrayna-Rusiya müharibəsi fonunda Ankaranın əli olduqca güclüdür. Kreml indiki məqamda Türkiyə ilə münasibətləri pisləşdirmək istəmir. Buna görə də Ankaranın Suriya və Ankarada keçirdiyi əməliyyatlara səssiz qalmaqla kifayətlənir.

ABŞ-a gəldikdə isə Vaşinqton yaxşı başa düşür ki, indiki məqamda Türkiyəyə etiraz etmək Ankaranın əlini daha da gücləndirəcək. Məsələ ondadır ki, Türkiyə tərəfi haqlı olaraq Vaşinqtonu Taksim teraktında günahkar görür. Yəni ABŞ bu teraktı birbaşa törətməsə belə açıqca dəstəklədiyi PKK, YPD törədib.

Vaşinqton Rusiya ilə gərginlik fonunda Ankaranı küsdürmək istəmir. Digər bir vacib məqam isə NATO-nun Finlandiya və İsveç üzərindən genişlənmə planı da Türkiyədən asılı olmasıdır.

Nəticə etibari ilə Türkiyə Suriyada və İraqda PKK, PYD, YPG terror təşkilatlarına zərbə vurmaq və üçün 30 kilometrlik təhlükəsiz bölgənin yaratmaq üçün tarixi fürsət əldə edib. Türkiyə buna nail olsa 30 illik terrola mübarizə çərçivəsində tarixi irəliləyiş əldə edəcək".

Xəyalə Məmmədova / Demedia.az